Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2942/2024 03.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Nureddin oğlunun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Ülviyyə Hadi qızı Məmmədlinin katibliyi, İddiaçı Nureddin oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(006)- 2733/2023 nömrəli qətnaməsindən İddiaçı Nureddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Türkiyə Respublikasının vətəndaşı olan Dokak X3 Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən 19 sentyabr 2022ci il tarixdə cinayət törətməsinə şübhəli şəxs qismində tutulmuş, barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 21 sentyabr 2022-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilmiş, sonradan isə Naxçıvan Baş Gömrük İdarəsi Əməliyyat və İstintaq İdarəsinin İstintaq şöbəsinin 14 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə olan cinayət təqibinə əməlində cinayət tərkibi olmaması əsası ilə xitam verilməklə, həbs qətimkan tədbiri ləğv edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Nureddin oğlu cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərə görə 32000 ABŞ dolları, 198000 Türk lirəsi məbləğində pulun və mənəvi zərərin əvəzi olaraq kompensasiya edilməsi üçün 500000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanının elan edilmiş əsassız ittihamına və məhkəmənin qanunsuz qərarına əsasən iddiaçı haqsız olaraq 19 sentyabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək 86 gün müddətində təqsirləndirilən şəxslər üçün müəyyən olunmuş müvəqqəti-saxlama yerində - istintaq təcridxanasında saxlanılmışdır. İddiaçı özünün və ailəsinin normal həyat tərzi keçirməsi üçün çalışan, heç bir cinayət əməli törətməyən sadə Türkiyə Respublikası vətəndaşıdır. 20 ildən artıqdır ki, sürücülük fəaliyyəti ilə məşğuldur və heç bir zaman həbs olunmamış, barəsində qaçaqmalçılığa, narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəsinə və ya daşınmasına və satışına dair hər hansı iş aparılmamışdır. İddiaçı bütün gömrük işçiləri tərəfindən tanınan, sürücülər arasında kifayət qədər nüfuz sahibi olan bir şəxsdir. Şəxsin əlil atası və xəstəlikdən əziyyət çəkən anası olduğu üçün onların tibbi müayinələrdən keçməsi, dərmanlarının alınması, bir sözlə maddi və mənəvi dəstəyin, qayğının göstərilməsi iddiaçının öhdəliyində olmuşdur. Eyni zamanda, şəxsin qayğısına qalmaq məsuliyyətində olduğu biri azyaşlı olmaqla, 3 övladı və “irsi asma” xəstəliyindən əziyyət çəkən həyat yoldaşı vardır. İddiaçının özü və ailəsi o, həbsdə olduğu müddətdə olduqca çətin həyat tərzi keçirmişdir. İddiaçının özü və ailəsi Türkiyə Respublikasının İğdır , şəhərində yaşayır. Həbs olunduğu müddətdə o ailəsindən uzaq qalmış, saxlanc yerində böyük təhqirlərə, təzyiqlərə məruz qalmış hətta döyülərək şəxsiyyəti belə alçaldılmışdır. İddiaçının istifadəsində olan yük nəqliyyat vasitəsi qanunsuz və əsassız yerə istintaq müddətində saxlanılmış, ona və yük avtomobilinin sahibinə böyük həcmdə maddi ziyan dəymişdir. Nəqliyyat vasitəsi uzun müddət istifadədən kənar qaldığı üçün onun təyinatına uyğun istifadə olunması imkanı aradan qalxmış, ondan əldə ediləcək gəlir əldən çıxmış və nəqliyyat vasitəsi müəyyən hissədə yararsız hala düşmüşdür. Barəsində cinayət işinə xitam verildikdən sonra yük nəqliyyat vasitəsi müddətdən artıq Azərbaycan Respublikası ərazisində qaldığı üçün 1200 ABŞ dolları miqdarında vergi ödəməklə ölkədən çıxarılmış və sahibinə çatdırmışdır. Məhkəməyə təqdim edilən sənədlərlə, adət-ənənələr ilə sübut edilən yük nəqliyyat vasitələrinin sahibkarı ilə sürücü arasında formalaşmış iş adətlərindən və ailəsinin onun üçün sərf etdiyi xərclərindən görünür ki, 3 ay müddətində işsiz qalmış iddiaçıya ümumilikdə 32000 ABŞ dolları, 198000 Türk lirəsi məbləğində maddi ziyan dəymişdir. Belə ki, şəxsin adətən eyni olan hərəkət marşrutu üzrə istifadəsində olan yük nəqliyyat vasitəsi Türkiyə Respublikasından tək istiqamət üçün 2700 ABŞ dolları gəlir əldə etməklə geri qayıdarkən isə 1200 ABŞ dolları həcmində fayda əldə edilir. Ay ərzində İran İslam Respublikası ilə Türkiyə Respublikası arasında minimum 2 dəfə tamamlanmış səfər (2 gediş, 2 dönüş) həyata keçirilir. Hər tamamlanmış səfər üçün iddiaçının maaş qismində əldə etdiyi gəlir 600 ABŞ dolları həcmindədir. Eyni zamanda, qanunsuz yerə həbs edilmiş iddiaçı istifadəsində olan yük nəqliyyat vasitəsinin də istifadəsi məhdudlaşdırıldığından onun yenidən yararlı hala gətirilməsi üçün İğdıra geri qayıtdıqdan sonra 198000 TL həcmində pul sərf etmişdir. Ailəsinin hər dəfə iddiaçının yanına gəlib getməsinə, onun sonradan dişlərinin bərpa olunmasına sərf edilmiş 5000 ABŞ dollarına yaxın pul məbləği də ona dəymiş maddi zərər olaraq qiymətləndirilir. İddiaçı barəsində əsassız, qanunsuz çıxarılmış həbs qətimkan tədbiri nəticəsində el arasında nüfuzdan düşmüş, hər kəsin gözündə zəhmətkeş olan şəxs artıq bir narkotik taciri kimi hörmətsizləşdirilmiş, 3 aya yaxın bir müddətdə təcridxanada saxlandığı müddətdə dəfələrlə vəzifəli şəxslər tərəfindən döyülmüş və təhqir olunmuşdur. Bu müddətdə nəinki ailəsindən uzaq qalmış eyni zamanda fiziki, mənəvi, psixoloji şiddət də görmüşdür. Bu müddətdə iddiaçının düşdüyü vəziyyətdən səbəb hər kəs onun ailəsindən üz döndərmiş, nəinki iddiaçı, həm də onun ailəsi qınaq obyektinə çevrilmişdir. İbtidai istintaq orqanın elan edilmiş əsassız ittihamı və məhkəmənin qanunsuz qərarı ilə təkcə iddiaçının özü deyil, eyni zamanda ailəsi də mənəvi iztirab, sarsıntı keçirmişdir. İddiaçıya dəymiş mənəvi zərər pulla dəyərləndirə bilməyəcək dərəcədə ağır və sarsıdıcıdır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(006)- 2733/2023 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 3000 manat məbləğində pulun alınaraq İddiaçı Nureddin oğluna ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1101.1-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5, 6, 7-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
6. Qətnamədən İddiaçı Nureddin oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(006)-2733/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Həmçinin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(006)- 2733/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)-6013/2023 nömrəli qətnaməsi ilə (hakim V.N.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və M.Ə.Rüstəmlidən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(006)-2733/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
9. Qətnamədən İddiaçı Nureddin oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)- 6013/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 25, 60, 125-ci, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyanın 41-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5, 7, 12-ci, Mülki Məcəllənin 1101-ci, Mülki Prosessual Məcəllənin 1.3, 9, 77.3, 82, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçıya mənəvi zərərin ödənilməsi ilə bağlı qət edilən 3000 manat həcmində pul məbləği nə iddiaçının haqsız yerə təqsirləndirildiyi, cəza çəkdiyi müddəti, nə də bu müddətdə onun ailəsinin çəkdiyi sinir və stress, mənəvi sarsıntı, iztirabı və narahatlığı ifadə edir. Məhkəmə işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, işə laqeyd yanaşmışdır. Şəxsə dəymiş maddi ziyanın sübuta yetirilməməsi məsələsində isə məhkəmə sübutları araşdırmamış və onlara əvvəlcədən qiymət vermiş, əlavə sübut tələb etməmiş və özü də bu məsələ ilə bağlı heç bir tədbir görməmiş, işə məntiqli və dolğun yanaşma sərgiləməmişdir. Nəqliyyat vasitəsinin təmirinə çəkilmiş xərclər, şəxsin aylıq gəlirini göstərən sənədlər və digər məntiqi yanaşma ilə müəyyən edilən mübahisəsiz hallar məhkəmə tərəfindən nəzərə alınmayaraq, qiymət verilməmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 635/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)-6013/2023 nömrəli qətnaməsi iddianın maddi ziyan tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iş qətnamənin ləğv olunmuş hissəsində yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
12. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı iddia ərizəsinə qoşma olaraq bir sıra sənədlər əlavə etmişdir. Bunlar Türkiyə Respublikasında verilmiş arayışlardan, elektron imza ilə imzalanmış cədvəllərdən və s. ibarət olmuşdur. Məhkəmələr həmin sənədlərin nəticəyə gəlməyə əsas verməməsini qətnamələrdə qeyd etsələr də, iş materiallarından onların məhkəmələr tərəfindən tədqiq edilməsi, ümumiyyətlə məzmunlarının nədən ibarət olması, işə aid olubolmamasının araşdırılması müəyyən edilmir. Halbuki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən edərkən məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi məhkəmənin vəzifəsidir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir (Mülki Prosessual Məcəllənin 76.1, 88, 218.1-ci maddələri).
Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Nureddin oğlunun nümayəndəsi və vəkili Vəkil tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəfin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının:
15. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
16. 68-cı maddəsinin İİ hissəsinə görə hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
17. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4-cü maddəsinə müvafiq olaraq qanunda nəzərdə tutulanlara zidd olaraq tutulmuş və ya həbs olunmuş hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya almaq hüququ vardır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
18. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
20. 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.
21. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
23. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
24. 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun:
25. 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.
26. 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
27. 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
28. 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.
29. 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
31. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Hazırki halda, qətnaməsinin kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi yalnız maddi ziyan tələbinin təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(006)-2733/2023 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Kollegiya qeyd edir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı 19 sentyabr 2022-ci tarixdən 16 dekabr 2022-ci il tarixədək (86 gün) həbsdə qanunsuz olaraq saxlanılmışdır. O, bu müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Hazırda işin yoxlanılmalı hissəsi iddiaçıya maddi ziyanın dəyməsinin müəyyən edilməsi, maddi ziyanın dəyməsi təsdiqini tapdığı təqdirdə onun məbləğinin dəqiqləşdirilməsi ilə bağlıdır.
44. Kollegiya maddi zərərə aid hissədə hesab edir ki, iddiaçı ona dəymiş maddi zərəri mötəbər sübutlarla təsdiq etməlidir. Lakin iddiaçının təqdim etdiyi sənədlər bu barədə hər hansı nəticəyə gəlməyə əsas vermir. Bu isə iddianın həmin hissədə sübuta yetirilməməsi kimi qiymətləndirilir.
45. Belə ki, kollegiya kassasiya instansiyası məhkəməsinin göstərişləri əsasında iddiaçının maddi zərərə dair dəlillərini araşdırmaq məqsədi ilə təqdim olunmuş sənədlərin əslinin və yaxud onları təsdiq edəcək mötəbər sübutların təqdim olunması üçün iddiaçı tərəfə şərait yaratmışdır. Apellyasiya icraatı zamanı məhz, iddiaçıya dəymiş maddi ziyanı təsdiq edən mötəbər sübutlar təqdim olunmamışdır.
46. Kollegiya bildirir ki, iş materiallarından görünür ki, təqdim olunan sənədlərin bir hissəsi, ümumiyyətlə, iddiaçıya deyil, onun ailə üzvlərinə aiddir və onların sağlamlıq vəziyyəti ilə bağlı xəstəxanalardan əldə edilmiş xəstəlik vərəqələri və dərmanların adları əks olunan reseptlərdir.
47. Həmçinin nəqliyyat vasitəsinə dəyən ziyanla bağlı iddiaçının təqdim etdiyi “Oto 65” adlı avtoservis tərəfindən təqdim olunmuş qəbzə dair kollegiya qeyd edir ki, təqdim olunmuş qəbzdən məhz iddiaçının istifadəsində olan nəqliyyat vasitəsinə bərpatəmir xidmətlərinin göstərilməsi sübut olunmur. Həmin sənəd iddiaçının istifadəsində olan nəqliyyat vasitəsinə göstərilmiş təmir-bərpa xidməti kimi qəbul olunmuş olsa belə, nəqliyyat vasitəsinin saxlanılması ilə maddi ziyanın dəyməsi arasında səbəbli əlaqə müəyyən olunmur.
48. Kollegiya bildirir ki, iddiaçının təqdim etdiyi Ayça Karasu adlı şəxsin imzası ilə təsdiqlənən “İddiaçı adlı xəstənin saxlanılma müddəti ərzində diş müalicəsi onun maddi və mənəvi ziyana düçar etmişdir” əlyazması mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, təqdim olunmuş sənəd iddiaçıya hər hansı tibbi xidmətin göstərilməsini əks etdirmir.
49. Kollegiya iddia tələbinin və apellyasiya şikayətinin əsas dəlili olan iddiaçının qeyd olunan müddət ərzində aylıq qazancından məhrum olması ilə bağlı bildirir ki, iddiaçı tərəf iddiaçının aylıq gəlirini təsdiq edən heç bir rəsmi sənəd təqdim edə bilməmişdir.
50. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı maddi zərər kimi istifadə etdiyi nəqliyyat vasitəsinin uzun müddət qanunsuz olaraq saxlandığını və bunun nəticəsində ona ziyan dəydiyini, aylıq aldığı məvacibdən məhrum olduğunu, ailəsinin hər dəfə onun yanına gəlib getməsini, onun sonradan dişlərinin bərpa olunmasına görə pul vəsaiti xərclədiyini iddia edərək ona ümumilikdə 32.000 ABŞ dolları və 198.000 TL məbləğində maddi ziyan vurulduğunu iddia etsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçının sübut olaraq məhkəməyə təqdim etdiyi sənədlər məhkəmə tərəfindən mötəbər sübut olaraq qiymətləndirilə bilməz. Belə ki, həmin sənədlər konkret olaraq iddiaçının qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ona maddi ziyan vurulmasını təsdiq etmir.
51. Beləliklə kollegiya bildirir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(006)- 2733/2023 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
53. İddiaçı Nureddin oğlunun apelyasiya şikayəti qismən təmin edilsin.
54. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(006)- 2733/2023 nömrəli qətnaməsi yoxlanılan “maddi ziyan tələbinin təmin edilməyən” hissəsində dəyişdirilmədən saxlanılsın.
55. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.