Məhkəmə qərarları › İş №2(103)-2947/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2947/2023

04.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2947/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh (Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş (Açar sözlər: «əmlak tələbi, olmadıqda isə dəyərinin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1837/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Nəsimi rayonu, Vaqif prospekti 11 ünvanında yerləşən fərdi avtomobil qarajı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 187 saylı Sərəncamına əsasən X8 (bundan sonra iddiaçı) məxsus olmuşdur.

2. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil-Kommunal İstismarı Sahəsi xx.xx.2016-cı il tarixdə 34 nömrəli xəbərdarlıq məktubu ilə iddiaçıya müraciət edərək, Vaqif prospekti, 987-ci məhəllədə yaşayış binasının tikintisi məqsədilə “İrşad” X6 Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 02 saylı, xx.xx.2015-ci il tarixli 201 saylı, xx.xx.2016-cı il tarixli 135 saylı və xx.xx.2016-cı il tarixli 167 saylı sərəncamlarına əsasən icazə verildiyi barədə məlumat vermiş, müvafiq qanunvericiliyə uyğun olaraq, hazırda həmin ərazidə mövcud qarajların söküntüsünə başlanılması və qeyd olunan ərazidə X4 istifadəsində olan qarajın mövcud olması bildirilmiş, ona məxsus qarajın köçürülməsi ilə əlaqədar olaraq sənədlərini 13 saylı MKİS-ə təqdim etməsi xahiş olunmuş, əks təqdirdə sərəncamın müvafiq bəndinə uyğun olaraq qarajın söküləcəyi qeyd edilmişdir.

3. Sonradan xx.xx.2016-cı il tarixdə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürən 3-cü şəxs qismində “İrşad” X10 cəlb edilməklə cavabdeh X8 qarşı “kompensasiya ödənilməklə qarajın sökülməsi barədə” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “İrşad” İAM tərəfindən müvafiq kompensasiya ödənilmək şərti ilə Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllədə yerləşən, cavabdeh A.Muğanlinskinin adına olan avtomobil qarajının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İş məhkəmənin icraatında olduğu dövrdə Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 158 saylı sərəncamı ilə vətəndaş Cavabdeh razılıq ərizəsi, “İrşad” X7 1992 saylı xx.xx.2016-cı il tarixli məktubu və 13 saylı MKİS-in xx.xx.2016-cı il tarixli aktları əsas götürərək, Nəsimi RİH Başçısının xx.xx.1998-ci il tarixli 187 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab olunmaqla ləğv edilmiş, qarajın Nəsimi rayonu, Vaqif prospekti, 11 saylı binanın yaxınlığında yerləşən H.Ələsgərov küçəsi, 20 saylı evin həyətinə köçürülərək vətəndaş X4 adına sənədləşdirilməsi qərara alınmışdır.

5. Bundan sonra xx.xx.2016-cı il tarixdə iddiaçı ailəsi ilə birlikdə şəhər kənarında istirahətdə olduğu müddətdə həmin qarajın qapısı onun icazəsi olmadan açılmış, qarajda olan minik avtomobili qarajdan çıxarılıb həyətə qoyulmuş, digər əşyalar isə it-bata düşmüşdür. İddiaçı hadisə ilə əlaqədar Nəsimi RPİ-nin 20-ci PB-nə müraciət etmiş, lakin Nəsimi RPİ-nin 20-ci PB-nin xx.xx.2016-cı il tarixli qərarı cinayət işinin başlanması rədd olunmuş, təhqiqat orqanı hesab etmişdir ki, qaraja ziyan yetirilməsinin, qarajdakı əşyaların itirilməsinin, toplanmış material əsasına cinayət hadisəsinin olmamasının öz təsdiqini tapmaması və məsələ ilə əlaqədar hazırda məhkəmədə mülki işə baxılması nəzərə alınmalıdır. Həmin qərardan iddiaçı şikayət verməmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə 2(006)-7353/2016 saylı mülki iş üzrə iddiaçının nümayəndəsi, cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakları təmin edilməklə yerli baxış keçirilmiş və baxış zaman müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllədə yerləşən qaraj yerindən götürülmüş, yerində tikinti işləri aparılmış, qaraj Bakı şəhəri Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllənin ərazisində yerləşdirilmiş, qapısına plom vurulmuşdur. Baxış aparılmasında iştirak edən iddiaçı və üçüncü şəxsin nümayəndələri qarajın yeri dəyişdirilərkən içində olan əşyalara toxunulmadığını və həmin əşyaların qarajın içində olduqlarını bildirmişlər.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin növbəti iclasında isə məhkəmənin xx.xx.2016-cı il tarixli 2(006)-7353/2016 saylı qərardadı ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdeh X8 qarşı “kompensasiya ödənilməklə qarajın sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.

8. Bundan əlavə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş digər mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, iddiaçı X11 cavabdeh Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “mübahisələndirmə haqqında” iddia ərizəsi ilə xx.xx.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 158 saylı sərəncamının ləğv edilməsi, iddiaçıya məxsus fərdi avtomobil qarajının əvvəlki yerində, əvvəlki vəziyyətə bərpa edilməsi və iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə 2-1(81)- 4025/2016 saylı iş üzrə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları təmin edilməklə ünvan 3 ünvanında yerləşən əraziyə yerli baxış keçirilmiş və bu zaman məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həyətə daxil olarkən Vaqif prospektindən Mirəli Qaşqay küçəsindən yolun kəsişməsindən yeni tikilmiş binanın altına düşmüş qaraj sökülüb. Protokolda, həmçinin, qeyd edilmişdir ki, iddiaçının dediyinə görə, qaraj qanunsuz olaraq sökülüb və iddiaçının qarajı evin qarşısına qoyulub. Eyni zamanda, cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçıya mübahisəli qaraj əvəzinə yeni qaraj təklif olunub və həmin təklif olunan qaraja baxış keçirilərkən cavabdehin nümayəndəsi qeyd etmişdir ki, iddiaçıya məxsus olan qarajda olan əşyalar icra nümayəndəliyi əməkdaşları tərəfindən akt tərtib edilərək təklif olunan qaraja köçürülmüşdür.

9. İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edilərək, cavabdehdən 20000 (iyirmi min) manat ədalətli kompensasiya və ya pul kompensasiyası əvəzinə alternativ kimi ikinci qarajın verilməsinə də razı olduğu qeyd edilmişdir.

10. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(81)277/2017 saylı qərarı ilə iddiaçı X4 cavabdeh Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və “İrşad” X9 işə cəlb edilməklə, cavabdeh Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti başçısının 03 avqust 2016-cı il tarixli 158 nömrəli Sərəncamının ləğv edilməsi, ona məxsus fərdi avtomobil qarajının əvvəlki yerində, əvvəlki vəziyyətdə bərpa edilməsi və ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir.

11. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, xx.xx.2018-ci il tarixdə isə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edilmiş və cavabdeh tərəfindən verilmiş 03 avqust 2016-cı il tarixli 158 nömrəli sərəncamın qanunsuz hesab edilməklə ləğv edilməsi, həmin ərazidə yerləşmiş qarajlara görə 30000 (otuz min) manat ödənildiyini nəzərə alaraq, iddiaçıya da 30000 (otuz min) manat maddi ziyan ödənilməsi barədə və 2 ildən artıq qarajsız qaldığına görə, o cümlədən qarajda olan əşyaları bu günədək iddiaçıya qaytarmadığına görə 20000 (iyirmi min) manat mənəvi ziyanın cavabdeh Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən ödənilməsinin onun üzərinə həvalə edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-77/2018 saylı qərarı ilə iddiaçı X4 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)277/2017 saylı qərarı ləğv olunmuş, yeni qərar çıxarılmış, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin 03 avqust 2016-cı il tarixli 158 nömrəli sərəncamı ləğv edilmiş, iddiaçı X2 vurulan maddi ziyanın əvəzi olaraq 30000 (otuz min) manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pulun ödənilməsi öhdəliyi Nəsimi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat:

13. İddiaçı Cavabdeh qarşı “maddi, mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən məhkəmə qərarı olmadan iddiaçıya məxsus qarajın qapısının dağıdılmasını təşkil edilməsi, iddiaçının icazəsi olmadan ona məxsus mülkiyyətin öz qarajında yığılması, mülkiyyətindən istifadə hüququndan iddiaçını məhrum etdiyinə görə onun hərəkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi; Cavabdeh tərəfindən iddiaçıya məxsus qarajda saxlanılmış əşyaların yararlı vəziyyətdə ona qaytarılması, həmin əşyalar yararsız vəziyyətdə olduğu təqdirdə isə iddiaçıya dəymiş 10 000 (on min) manat dəyərində maddi zərərin cavabdehdən tələb olunması; Cavabdeh iddiaçının qarajında saxladığı mülkiyyətini ona bu günə kimi qaytarmadığına, onun şərəf və ləyaqətinə toxunduğuna, ona mənəvi və fiziki iztirablar verdiyinə görə cavabdehdən iddiaçının xeyrinə 10 000 (on min) manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Tələbdə göstərilir ki, iddiaçının ailəsi şəhərkənarı bağda olarkən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 187 saylı Sərəncamına əsasən onun adında olan Nəsimi rayonu, Vaqif prospekti 11 ünvanında yerləşən fərdi avtomobil qarajı xx.xx.2016-cı il tarixində dağıdılmış, qarajda olan minik avtomobili kobud şəkildə qarajdan çıxarılaraq həyətə atılmış və qarajda olan mülkiyyəti yoxa çıxmışdır. İddiaçı hadisə ilə əlaqədar Nəsimi Rayon Prokurorluğuna və Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Nəsimi rayon Polis İdarəsinin 20-ci PB-nin xx.xx.2016-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qarajın dağıdılması Cavabdeh rəhbərliyi altında olan “İrşad” X3 əməkdaşları və Cavabdeh məxsus tikintidə işləyən fəhlələrin iştirakı ilə həyata keçirilmiş, həmin proses “İrşad” X3 əməkdaşı tərəfindən video-kameraya çəkilmiş və qarajda olan mülkiyyət Cavabdeh məxsus qarajda yığılmışdır. Minik avtomobili istisna olmaqla, digər mülkiyyətdən məhkəməyə müraciət etdiyi günədək iddiaçının məlumatı olmamışdır. Qarajda qədimi tikiş maşını, kompüter, yeni il şənliyi üçün hündür yolka və onu bəzəmək üçün xaricdən gətirilmiş müxtəlif bəzək əşyaları və evə lazım olan bir çox dəyərli əşyalar var idi. İddiaçı “İrşad” X3 direktoru Cavabdeh qarajda olan mülkiyyəti qaytarmasını tələb etsə də, o, əşyaları qaytarmamışdır. Onun özbaşına, qanunsuz hərəkətlərinə hal-hazıradək hüquqi qiymət verilməmişdir. Cavabdeh tərəfindən qarajda saxlanan əşyalar bu günədək yararsız vəziyyətə düşmüş ola bilər. Cavabdeh qəsdən həmin əşyaları iddiaçıya qaytarmaqdan yayınaraq iddiaçının Konstitusiyada təsbit olunmuş mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Həmçinin, “İrşad” X3 direktoru Cavabdeh iddiaçının əmlak üzərindəki sahiblik hüququnu kobud şəkildə pozmuş və bu hal davam etməkdədir. Bu səbəbdən iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh tərəfindən dəymiş ziyana görə kompensasiya ödənilməlidir. Cavabdeh iddiaçıya məlumat vermədən, onu saymadan qarajının qapısını sındıraraq avtomobilini və digər əşyaları çölə tullamaqla onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu təhqir etməklə ona mənəvi zərər də vurmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(006)- 1837/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, İddiaçı Nəsimi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “maddi, mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə zərərin cavabdehin qanunsuz hərəkətləri və yaxud hərəkətsizliyi nəticəsində vurulmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən digər hüquqi əsaslar da məhkəmə tərəfindən müəyyənləşdirilə bilməmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(103)-6790/22 nömrəli qətnaməsi ilə (hakim Xumar Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər Vahid Sadıqovdan və Elnur Həsənovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat:

19. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(103)-6790/22 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2023cü il tarixli, 2(102)-255/2023 nömrəli qərarı ilə (hakim Əhməd Nurməmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Abiddin Hüseynovdan və Zaur Əliyevdən ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6790/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən, Cavabdeh tərəfindən iddiaçıya məxsus qarajda saxlanılmış əşyaların yararlı vəziyyətdə ona qaytarılması, həmin əşyalar yararlı vəziyyətdə olmadığı təqdirdə isə iddiaçıya dəymiş 10000 (on min) manat dəyərində maddi zərərin cavabdehdən tələb olunmasının rədd edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

21. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbnin məhkəmə qərarı olmadan iddiaçıya məxsus qarajın qapısının dağıdılmasının təşkil edilməsi, icazəsi olmadan ona məxsus əmlakı öz qarajında yığması, mülkiyyətindən istifadə hüququndan məhrum etdiyinə görə cavabdehin hərəkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi və Cavabdeh iddiaçının qarajında saxladığı əmlakını ona bu günə kimi qaytarmadığına, onun şərəf və ləyaqətinə toxunduğuna, ona mənəvi və fiziki iztirablar verdiyinə görə cavabdehdən iddiaçının xeyrinə 10000 (on min) manatın ödənilməsi barədə tələbləri təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, apellyasiya məhkəməsi isə həmin hissədə rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqda düzgün nəticəyə gəlmişdir. Həmin məsələlərin həllində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Məhkəmələr haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən birinci tələb kimi irəli sürülmüş hal, yəni cavabdehin hərəkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi öz mahiyyətinə görə cavabdeh barəsində cinayət təqibinin həyata keçirilməsi barədə xüsusi qərardad çıxarılmasına dair vəsatətdir. Xüsusi qərardadın çıxarılması bu barədə vəsatət verilib-verilməməsindən asılı deyildir, məhkəmənin xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədardır, məhkəmə öz təşəbbüsü ilə xüsusi qərardad çıxara bilər. Cavabdehdən 10000 (on min) manat mənəvi ziyan tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi düzgün olaraq Cavabdehnın hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının mənəvi və fiziki iztirablar keçirməsinin sübuta yetirilməməsi qənaətinə gəlmişdir. İddia tələbinin qarajda saxlanılmış əşyaların yararlı vəziyyətdə Cavabdeh tərəfindən ona qaytarılması, həmin əşyalar olmadığı təqdirdə isə 10000 (on min) manat dəyərində maddi zərərin cavabdehdən tələb olunmasının rədd edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələnin həlli zamanı apellyasiya məhkəməsi işdə olan sübutlara tam, hərtərəfli və obyektiv baxmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir ki, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. İddia tələbini həmin hissədə rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiçıya məxsus əmlakın ona məxsus olan qarajdan götürülməsi və itirilməsində cavabdehin aidiyyətinin olması öz təsdiqini tapmır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır. Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 158 saylı sərəncamı ilə vətəndaş Cavabdeh razılıq ərizəsi, “İrşad” X7 1992 saylı xx.xx.2016-cı il tarixli məktubu və 13 saylı MKİS-in xx.xx.2016-cı il tarixli aktları əsas götürərək, iddiaçıya qaraj sahəsi ayrılması barədə Nəsimi RİH Başçısının xx.xx.1998-ci il tarixli 187 saylı sərəncamı ləğv edilmiş, qarajın Nəsimi rayonu, Vaqif prospekti, 11 saylı binanın yaxınlığında yerləşən H.Ələsgərov küçəsi, 20 saylı evin həyətinə köçürülərək vətəndaş X4 adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin sərəncamın icrası ilə əlaqədar iddiaçıya məxsus qaraj köçürülmüş, bu zaman qarajın içərisində olan və iddiçıya məxsus olan əmlak yaxınlıqda olan 18 nömrəli qaraja yığılmış, həmin işlər rayon icra hakimiyyətinin, 13 nömrəli MKİS-nin əməkdaşları, habelə “İrşad” İAM-nin işçiləri tərəfindən həyata keçirilmiş, bu barədə akt tərtib olunmuşdur. İddiaçı həm 18 nömrəli qarajdan, həm də özünə məxsus qarajın 18 nömrəli qarajın yerinə quraşdırılmasından imtina etmişdir. İşə baxan məhkəmələr iddiaçıya məxsus əmlakın itməsində cavabdehin aidiyyətinin olmaması qənaətinə gələrkən əmlakın yığıldığı 18 nömrəli qarajın kimə məxsus olmasını müəyyən etməmiş, qarajın köçürülməsi və əmlakın 18 nömrəli qaraja yığılması barədə tərtib edilmiş akt əldə edilməklə bu məsələyə hüquqi qiymət verilməsini təmin etməmişdir. Cavabdeh adına olan qarajın texniki sənədlərinin mövcud olmasını, qeyd olunan aktın isə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4025/2016 saylı iş materiallarında saxlanması barədə Nəsimi rayon İcra hakimiyyətinin 03 iyun 2022-ci il tarixli məktubu nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddia tələbinin əmlak, yaxud həmin əmlakın dəyəri olan 10000 manat pul tələbinə dair iddianı rədd edərkən iş materiallarında Nəsimi RPİ 20-ci Polis bölməsinin Cinayət işinin başlanmasının rədd olunmasına dair 20 avqust 2016-cı il tarixli qərarına, İddiaçı iddiası üzrə 1 saylı Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli 2-1(81)-277/2017 saylı qərarına və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 24 yanvar 2018-ci il tarixli 2-1(103)-77/2018 saylı qərarına, 12 oktyabr 2016-cı il tarixli Baxış protokoluna (i.v.103), Ədliyyə Nazirliyi İcra Baş idarəsinin 16 noyabr 2018-ci il tarixli məktublarına (i.v. 122 və 13-124), Nəsimi rayon İcra hakimiyyəti başçısının sərəncamına, “İrşad” İAM-nin rəhbəri Cavabdeh tərəfindən Nəsimi rayon İcra hakimiyyətinə ünvanlanmış 28 iyul 2016-cı il tarixli məktubuna(i.v.126), “İrşad” İAM-nin rəhbəri Cavabdeh Nəsimi rayonu, H.Ələsgərov küçəsi, 20 saylı evin həyətində yerləşən və DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsi 11 fevral 2016-cı il tarixli 11/2136 inventar nömrəsi ilə tərtib edilmiş Texniki pasporta əsasən ona məxsus olan 20 kv metr ölçüdə qarajın iddiaçının adına sənədləşdirilməsinə dair notarial qaydada təsdiqlənmiş ərizəsinə (i.v.127) hüquqi qiymət verməmiş, həmin sənədlərdə iddia tələbi üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən məlumatların olmasına əhəmiyyət verməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

22. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara tam, hərtərəfli və obyektiv baxılmamış, sübutlara düzgün qiymət verilməmişdir. İddianın təmin olunması üçün kifayət qədər sübutlar təqdim olunmuşdur. Qarajda saxlanılan əmlaklarının cavabdeh tərəfindan götürülməsi barədə akt vardır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

23. Məhkəmə iclasında İddiaçı nümyəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi.

24. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə oğlu sədrlik edən hakimə etiraz etsə də, məhkəmə tərkibində olan digər hakimlərin edilmiş etiraza dair qəbul ediləcək qərardadı gözləmədən məhkəmə iclas zalını tərk etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

27. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər hazırki apellyasiya icraatının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və iddianın həmin hissədə qismən təmin edilməsi üçün əsasdır.

28. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

30. Apellyasiya şikayətinin obyektini hazırki apellyasiya icraatının predmeti olan, Cavabdeh tərəfindən iddiaçıya məxsus qarajda saxlanılmış əşyaların yararlı vəziyyətdə ona qaytarılması, həmin əşyalar yararlı vəziyyətdə olmadığı təqdirdə isə iddiaçıya dəymiş 10000 (on min) manat dəyərində maddi zərərin cavabdehdən tələb olunmasının rədd edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya icraatının predmeti olan hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

31. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

32. Mübahisələndirilən hazırki apellyasiya icraatının predmeti olan, yəni, Cavabdeh tərəfindən iddiaçıya məxsus qarajda saxlanılmış əşyaların yararlı vəziyyətdə ona qaytarılması, həmin əşyalar yararlı vəziyyətdə olmadığı təqdirdə isə iddiaçıya dəymiş 10000 (on min) manat dəyərində maddi zərərin cavabdehdən tələb olunmasının rədd edilməsi hissəsində iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

33. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan normaları nəzərdən keçirilə bilər. Belə ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus qarajda saxlanılmış əşyaların yararlı vəziyyətdə ona qaytarılması, həmin əşyalar yararlı vəziyyətdə olmadığı təqdirdə isə iddiaçıya dəymiş 10000 (on min) manat dəyərində maddi zərərin cavabdehdən tələb olunmasının rədd edilməsi hissəsi ilə bağlı işin faktiki halları yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə qismən uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından qismən haqlı sayılır.

34. Belə ki, hazırki apellyasiya icraatının predmeti kassasiya instansiyası məhkəməsinin göstərişinə əsasən, iddianın Cavabdeh tərəfindən iddiaçıya məxsus qarajda saxlanılmış əşyaların yararlı vəziyyətdə ona qaytarılması, həmin əşyalar yararlı vəziyyətdə olmadığı təqdirdə isə iddiaçıya dəymiş 10000 (on min) manat dəyərində maddi zərərin cavabdehdən tələb olunmasının rədd edildiyi hissəsidir və qətnamə yalnız həmin hissədə yoxlanılır. 35.Çünki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Odur ki, hazırda iddianın əsaslılığı, təmin olunub-olunmaması məsələsi yalnız həmin hissədə yoxlanılır.

36. Ali Məhkəmənin 23 yanvar 2023-cü il tarixli, 2(102)-255/2023 nömrəli qərarında qeyd edilənlərə əsasən, iş hazırki apellyasiya baxışında olarkən 2009-cu il tarixdə (Dubay şəhərindən alındığı iddia olunan) alınmış təzə HP markalı "noutbuk"un, əntiq "Zinker" markalı (1900-cü il) ayaqla işlədilən tikiş maşınının, 2014-cü ildə (Roma şəhərindən alındığı iddia olunan) milad oyuncaqlarının, 2014-cü ildə alınmış yeni il rəmzi olan (bəzək əşyaları ilə birlikə) şam ağacının (yolkanın), “QAZ 31105 Volqa” markalı avtomobil üçün alınmış ehtiyat hissələrinin 05 avqust 2016cı il tarixə və hazırki tarixə (yəni rəy veriləcəyi tarixə) olan bazar dəyərinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 22 iyun 2023-cü il tarixli rəyində göstərilib ki, iddia ərizəsində adları sadalanan əşyaların nəzəri qaydada 2016-cı il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 610,0 manat, hazırki dövrə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 530,0 manat müəyyən edilir. Əntiq əşyaların qiymətləndirilməsi əmtəəşünaslıq ekspertizasının səlahiyyətlərinə aid olmadığından tədqiqat aparılmamışdır (Mədəniyyət Nazirliyinin nəzdində olan incəsənət muzeyinin ekspertləri tərəfindən qiymətləndirilir).

37. Bundan sonra, məhkəmə əntiq “Zinker” markalı (1900-cü il) ayaqla işlədilən tikiş maşınının 05 avqust 2016-cı il tarixə və hazırki tarixə (yəni rəy veriləcəyi tarixə) olan bazar dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Azərbycan Milli İncəsənət Muzeyinə, eləcə də "xxxx" MMC Qiymətləndirmə Şirkətinə ayrı-ayrılıqda müraciət etmişdir. "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş MB 16/1009 saylı, 01 avqust 2023cü il tarixli rəyində qeyd edilmişdir ki, əntiq “Zinker” markalı (1900-cü il) ayaqla işlədilən tikiş maşınının 2016-cı il tarixə olan dəyəri 1250 manat, hazırki (yəni rəy verilən) dövrə olan qiyməti isə 1000 manat; qiymətləndirilən 2014-cü ildə (Roma şəhərindən alındığı iddia olunan) milad oyuncaqlarının 1 ədədinin hazırki tarixə dəyəri 40 manat, 2016-cı ilin avqust ayının 5-nə olan dəyəri isə 58 manat müəyyən olunmuşdur.

38. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 3-24/2-2811/xx-xx/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli müşayiət məktubu ilə göndərilmiş Azərbaycan Milli İncəsənət Muzeyinin 27 sentyabr 2023-cü il tarixli 702 nömrəli rəyində qeyd edilir ki, 1 avqust 2016-cı il və 2023-cü ildə ayaqla işləyən X13 və digər şəhərlərində (Podolsk) "Zinqer" fırması tərəfindən kütləvi, bir neçə modifikasiyalarda istehsal edilən tikiş maşını 2500 manat qiymətləndirilir.Saxlanma vəziyyəti qənaətbəxşdir. Bədii əhəmiyyət kəsb edir. X16 Komissiyasının yekdil rəyi əsasında verilmişdir.

39. Beləliklə, kassasiya instansiyası məhkəməsinin məcburi göstərişi ilə əlaqədar alınmış ekspert və digər rəylərlə tələb olunan əşyaların 2016-cı il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 610,0 manat, 2014-cü ildə (Roma şəhərindən alındığı iddia olunan) milad oyuncaqlarının 2016-cı ilin avqust ayının 5-nə olan dəyəri isə 58 manat, "Zinqer" fırması tərəfindən kütləvi, bir neçə modifikasiyalarda istehsal edilən tikiş maşının dəyəri isə 2500 manat, cəmi 3168 manat müəyyən olunmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, qeyd olunan əşyalar mövcud olmadıqda onların 2016-cı il üçün olan dəyəri əsas götürülməlidir. Çünki, iddiaçı həmin tarixdən əşyasından yaxud onun dəyərindən məhrum olmuşdur. Əntiq "Zinker" markalı (1900-cü il) ayaqla işlədilən tikiş maşınının isə, 2016-cı ildə və hazırda olan dəyəri Azərbaycan Milli İncəsənət Muzeyinin 27 sentyabr 2023-cü il tarixli 702 nömrəli rəyi ilə eyni miqdarda müəyyən edilmişdir. Düzdü, "xxxx" MMC-nin rəyində əntiq “Zinker” markalı (1900-cü il) ayaqla işlədilən tikiş maşınının 2016-cı il tarixə olan dəyəri 1250 manat, hazırki (yəni rəy verilən) dövrə olan qiyməti isə 1000 manat olduğu göstərilmişdir. Ancaq məhkəmə tərkibi Azərbaycan Milli İncəsənət Muzeyinin 27 sentyabr 2023-cü il tarixli 702 nömrəli rəyini bu əşya ilə bağlı daha mötəbər hesab edir. Çünki, Azərbaycan Milli İncəsənət Muzeyi bu cür əşyanın qiymətləndirilməsi üzrə ixtisaslaşdırılmış dövlət qurumu sayılır.

40. O ki qaldı qeyd olunan əşyaların iddiaçıya məxsus qarajdan götürülməsi və itirilməsində cavabdehin aidiyyətinin olmasının öz təsdiqini tapmamasına, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmır. Belə ki, Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 158 saylı sərəncamı ilə vətəndaş Cavabdeh razılıq ərizəsi, “İrşad” X7 1992 saylı xx.xx.2016-cı il tarixli məktubu və 13 saylı MKİS-in xx.xx.2016-cı il tarixli aktları əsas götürərək, iddiaçıya qaraj sahəsi ayrılması barədə Nəsimi RİH Başçısının xx.xx.1998-ci il tarixli 187 saylı sərəncamı ləğv edilmiş, qarajın Nəsimi rayonu, Vaqif prospekti, 11 saylı binanın yaxınlığında yerləşən H.Ələsgərov küçəsi, 20 saylı evin həyətinə köçürülərək X4 adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin sərəncamın icrası ilə əlaqədar iddiaçıya məxsus qaraj köçürülmüş, bu zaman qarajın içərisində olan və iddiaçıya məxsus olan əmlak yaxınlıqda olan 18 nömrəli qaraja yığılmış, həmin işlər rayon icra hakimiyyətinin, 13 nömrəli MKİS-nin əməkdaşları, habelə “İrşad” İAM-nin işçiləri tərəfindən həyata keçirilmiş, bu barədə akt tərtib olunmuşdur. İddiaçı isə həm 18 nömrəli qarajdan, həm də özünə məxsus qarajın 18 nömrəli qarajın yerinə quraşdırılmasından imtina etmişdir.

41. Ancaq birinci instansiya məhkəməsi iddiaçıya məxsus əmlakın itməsində cavabdehin aidiyyətinin olmaması qənaətinə gələrkən əmlakın yığıldığı 18 nömrəli qarajın sonuncuya məxsus olmasını müəyyən etməmişdir. Çünki, qarajın köçürülməsi və əmlakın 18 nömrəli qaraja yığılması təsdiq olunur və bu barədə akt tərtib edilmişdir. Həmin qarajın texniki sənədlərinin mövcud və Cavabdeh adına olması Nəsimi rayon İcra hakimiyyətinin 03 iyun 2022-ci il tarixli məktubu ilə təsdiq olunur.

42. Göstərilənlərlə yanaşı, hazırki apellyasiya icraatının predmeti olan hissədə iddianın əsaslı olması Nəsimi RPİ 20-ci Polis bölməsinin Cinayət işinin başlanmasının rədd olunmasına dair 20 avqust 2016-cı il tarixli qərarı, İddiaçı iddiası üzrə 1 saylı Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli 2-1(81)-277/2017 saylı qərarı və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 24 yanvar 2018-ci il tarixli 2- 1(103)-77/2018 saylı qərarı(i.v.52-56), 12 oktyabr 2016-cı il tarixli Baxış protokolu (i.v.103), Ədliyyə Nazirliyi İcra Baş idarəsinin 16 noyabr 2018-ci il tarixli məktubları (i.v. 122 və 123- 124), Nəsimi rayon İcra hakimiyyəti başçısının sərəncamı, “İrşad” İAM-nin rəhbəri Cavabdeh tərəfindən Nəsimi rayon İcra hakimiyyətinə ünvanlanmış 28 iyul 2016-cı il tarixli məktubu(i.v.126), “İrşad” İAM-nin rəhbəri Cavabdeh Nəsimi rayonu, H.Ələsgərov küçəsi, 20 saylı evin həyətində yerləşən və DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsi 11 fevral 2016-cı il tarixli 11/2136 inventar nömrəsi ilə tərtib edilmiş Texniki pasporta əsasən ona məxsus olan 20 kv metr ölçüdə qarajın iddiaçının adına sənədləşdirilməsinə dair notarial qaydada təsdiqlənmiş ərizəsi (i.v.127) ilə açıq-aşkar təsdiq olunur və birinci instansiya məhkəməsi qeyd olunan sübutların mötəbərliliyinə əhəmiyyət verməmişdir. Çünki, qeyd olunan sənədlər hazırki apellyasiya icraatının predmeti olan hissədə iddianın əsaslı olmasını mübahisəsiz qaydada təsdiq edir.

43. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1837/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsi qismən, yəni, Cavabdeh tərəfindən iddiaçıya məxsus qarajda saxlanılmış əşyaların yararlı vəziyyətdə ona qaytarılması, həmin əşyalar yararlı vəziyyətdə olmadığı təqdirdə isə iddiaçıya dəymiş 10000 (on min) manat dəyərində maddi zərərin cavabdehdən tələb olunmasının rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli; Cavabdeh tələb olunan əşyalar(2009-cu il tarixdə (Dubay şəhərindən alındığı iddia olunan) alınmış təzə HP markalı "noutbuk", əntiq "Zinker" markalı (1900-cü il) ayaqla işlədilən tikiş maşını, 2014-cü ildə (Roma şəhərindən alındığı iddia olunan) milad oyuncaqları, 2014-cü ildə alınmış yeni il rəmzi olan (bəzək əşyaları ilə birlikə) şam ağacı (yolka), “QAZ 31105 Volqa” markalı avtomobil üçün alınmış ehtiyat hissələri), bu mümkün olmadıqda isə onların dəyəri olan 3168 (üç min yüz altmış səkkiz) manat alınaraq İddiaçı verilməli;

44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1837/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsi qismən, yəni, Cavabdeh tərəfindən iddiaçıya məxsus qarajda saxlanılmış əşyaların yararlı vəziyyətdə ona qaytarılması, həmin əşyalar yararlı vəziyyətdə olmadığı təqdirdə isə iddiaçıya dəymiş 10000 (on min) manat dəyərində maddi zərərin cavabdehdən tələb olunmasının rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh tələb olunan əşyalar(2009-cu il tarixdə (Dubay şəhərindən alındığı iddia olunan) alınmış təzə HP markalı "noutbuk", əntiq "Zinker" markalı (1900-cü il) ayaqla işlədilən tikiş maşını, 2014-cü ildə (Roma şəhərindən alındığı iddia olunan) milad oyuncaqları, 2014-cü ildə alınmış yeni il rəmzi olan (bəzək əşyaları ilə birlikdə) şam ağacı (yolka), “QAZ 31105 Volqa” markalı avtomobil üçün alınmış ehtiyat hissələri), bu mümkün olmadıqda isə onların dəyəri olan 3168 (üç min yüz altmış səkkiz) manat alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qiymətləndiricinin xidmət haqqı 400 (dörd yüz) manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ013501**********2944 S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, İddiaçı tərəfindən ona rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, Cavabdeh tərəfindən isə kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar