Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2958/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(006)-1499/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilərək, barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2023cü il tarixli hökmü ilə cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablanmaqla 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli hökmü ləğv edilərək, təqsirliliyi sübuta yetirilmədiyinə görə iddiaçıya bəraət verilmiş, iddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, sonda Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)- 2160/2024 saylı Qərarına əsasən isə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının bəraət hökmü dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ona vurulmuş maddi və mənəvi zərərin, həmçinin vəkil xərcinin ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının başlanğıcı 24 fevral 2023-cü il tarixdən hesablanmaqla 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 24 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 25 fevral 2023-cü il tarixli, 4(049)- 71/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Faktiki olaraq məhkəmə hökmü ilə də təsdiq edilmiş fakta əsasən 23 fevral 2023-cü il tarixindən etibarən azadlıq hüququ pozulmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin əsassız hökmündən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsi, iddiaçıya bəraət verilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsində icraat zamanı aparılan araşdırma nəticəsində iddiaçının təqsirsiz olması müəyyən edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ittihamedici hökmü ləğv edilmiş və iddiaçı barəsində bəraətverici hökm çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-226/2024 saylı hökmündən dövlət ittihamının müdafiəsi üzrə idarənin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Elmar Hüseynov tərəfindən kassasiya protesti verilmişdir. Ali Məhkəmədə kassasiya prostetinə baxılması nəticəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 1(102) 2160/2024 saylı X4 Məhkəməsinin bəraətverici hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azadlıq hüququ pozulduğu dövrdən İddiaçı əldə etdiyi maddi gəlirdən məhrum olunmuş həmçinin o, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. İddiaçı qanunsuz və əsassız olaraq 23 fevral 2023-cü ildən 17 aprel 2024-cü il taixinədək (14 ay müddətində) həbsdə və cəzaçəkmə müəssisəsində qalmışdır, onun ibtidai istintaq zamanı fiziki təzyiqlərə məruz qaldığı məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Barəsində qanunsuz cinayət işinin aparılması və həbsi, azadlıqdan məhrumetmə növündə cəzaya məruz qalması ona, ailə üzvlərinə həm maddi, həm mənəvi cəhətdən böyük zərbə vurmuşdur. Anası hər ay 1500 manat yaxın məbləğ xərcləməklə, onun yanına gedib-gəlmiş, ərzaq gətirmiş, vəkillə görüş həyata keçirmişdir. Ümumilikdə, 21.000 manat azadlıq hüququnun pozulması ilə əlaqədar xərc çəkilmişdir. Həmçinin, İddiaçı həbs edilməmişdən öncə fərdi işlə məşğul olmaqla hər ay 1.000 manat pul qazanmışdır. Həbsdə olduğu dövrdə 14.000 manat fayda onun əlindən çıxmışdır. Nəticə etibarı ilə ona 35.000 manat məbləğində maddi ziyan dəymişdir. Həbsdə və cəzaçəkmə müəssisəsində olması və barəsində aparılan cinayət işi ilə bağlı onun şərəf və ləyaqətinə sağalmaz zərbə vurulmuşdur. Buna görə də mənəvi ziyan olaraq 100.000 manat pulun ödənilməsi zəruridir. Qeyri-qanuni olaraq azadlıqdan məhrum edilməklə həbsdə və azadlıqdan mərhum etmə yerində saxlanılması ilə əlaqədar onun səhhəti pisləşmiş, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı qanunsuz həbs və azadlıqdan məhrumetmə növündə cəzaya məruz qalaraq faktiki olaraq 23 fevral 2023-cü il tarixindən 17 aprel 2024-cü il tarixədək azadlıq hüququnun pozulması nəticəsində ona dəymiş 35.000 manat məbləğində maddi, 100.000 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, onun qanunsuz həbs və azadlıqdan məhrumetmə növündə cəzaya məruz qalaraq faktiki olaraq 23 fevral 2023-cü il tarixindən 17 aprel 2024-cü il tarixədək azadlıq hüququnun pozulması nəticəsində ona dəymiş 35.000 manat məbləğində maddi, 100.000 manat məbləğində mənəvi zərərin, hüquqi yardım haqqında müqavilə üzrə ümumi məbləğ olan 780 manat pulun ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində, Şirvan Apellyasiya Məhkəməsində, Ali Məhkəmədə İddiaçı hüquqlarının müdafiəsi üçün vəkillə hüquqi yardım müqaviləsi bağlanmışdır. O cümlədən, hal-hazırda icraatda olan 2(006)-1499/2025 saylı iş üzrə də hüquqlarının müdafiəsi üçün İddiaçı vəkillə müqavilə bağlamışdır. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində İddiaçı hüquqlarının müdafiəsi üçün bağlanılan hüquqi yardım haqqında 160 №-li, xx.xx.2023-cü il tarixli müqavilə üzrə hüquqi yardım haqqı 100 AZN (yüz manat), Şirvan Apellyasiya Məhkəməsində İddiaçı hüquqlarının müdafiəsi üçün bağlanılan hüquqi yardım haqqında 1№-li xx.xx.2024-cü il tarixli müqavilə üzrə hüquqi yardım haqqı 30 AZN ( otuz manat), Ali Məhkəmədə İddiaçı hüquqlarının müdafəsi üçün bağlanılan 320 №-li xx.xx.2024-cü il tarixli hüquqi yardım haqqında müqavilə üzrə hüquqi yardım haqqı 300 AZN ( üç yaz manat), o cümlədən Nəsimi Rayon Məhkəməsində İddiaçı hüquqlarının müdafiəsi üçün bağlanılan EM-İ/K-8561/25 nömrəli xx.xx.2025-ci il tarixli hüquqi yardım haqqında müqavilə üzrə hüquqi xidmət haqqı 350 AZN (üç yüz əlli manat) təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(006)- 1499/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 14.000 (on dörd min) manat məbləğində mənəvi zərərin əvəzi, ödənilən 500 (beş yüz) manat məbləğində vəkil xərcinin əvəzinin ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməmsi iddia tələbinin qismən təmin edilməsi nəticəyə gələrkən ilk növbədə iddia tələbinin “35.000 manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ona maddi ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq yetəri qədər sübutları (həbs edilməmişdən əvvəl rəsmi iş yerinin olması, aylıq qazancının məbləği barədə və s.) məhkəməyə təqdim edə bilməmiş, məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçının barəsində qanunsuz cinayət-prosessual hərəkətlərinin həyata keçirilməsi nəticəsində iddiaçıya mənəvi zərər vurulması işin mübahisəsiz halıdır. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərlə bağlı qeyd etmişdir ki, iddiaçı qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə, barəsində “həbs” qətimkan tədbiri seçilməklə əsassız məhrumiyyətlərə məruz qalmışdır. Belə ki, onun barəsində 23 fevral 2023-cü il tarixdə seçilmiş həbs qətimkan tədbiri məhkəmənin xx.xx.2024-cü il tarixli bəraət hökmü ilə ləğv edilmişdir. O, həmin müddət ərzində müəyyən məhrumiyyətlərə məruz qalmış, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Odur ki, iddiaçıya barəsində qanunsuz aparılan cinayət işi üzrə və prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi ilə bağlı mənəvi zərər dəyməsi aşkardır. Bununla bağlı məhkəmə hesab etmişdir ki, iddiaçıya vurulmuş mənəvi zərərə görə kompensasiya ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. İddiaçıya dəymiş mənəvi zərərə görə tələb olunan məbləğdə deyil, 14.000 (on dörd min) manat həcmində kompensasiya ödənilməsini məhkəmə ağlabatan və ədalətli hesab etmişdir. Daha sonra məhkəmə tələbin 780 manat məbləğində vəkil xərcinin tutulması hissəsinə münasibətdə isə qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən, məhkəmə tələbin həmin hissədə 500 (beş yüz) manat həcmində təmin edilməsini ağlabatan hesab etmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə istinad edərək iddiaçıya dəymiş zərərin dövlət büdcəsi hesabına ödənilməsi qərarına gəlmişdir. Həmin maddənin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Hazırkı iddianın hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Hüquqi məsuliyyətin əsas ünsürlərindən biri olan hüquqpozan şəxsin təqsiri təəssüflər olsun ki, məhkəmə tərəfindən müəyyən edilməmiş, səthi şəkildə aparılmış araşdırma nəticəsində iddiaçının iddia tələbi qismən təmin edilmişdir. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya maddi və mənəvi zərərə görə 14.500 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il 10 iyul tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qərarında ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Avropa məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Bu baxımından mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyyət təşkil edir. Eyni zamanda iddiaçı sözügedən məhkəmə işi üzrə öz hüquqlarını vəkilin yardımı olmadan müdafiə edə bilməsi mümkün olduğu halda, birinci instansiya məhkəməsində işə baxılarkən şəxsi vəsaitindən istifadə edərək vəkillə hüquqi yardım göstərilməsi barədə müqavilənin bağlanılması şəxsin öz seçimidir və bu barədə prosessual qanunvericilikdə imperativ norma mövcud deyildir. İddiaçı tərəfindən vəkil xərci kimi ödənilmiş pul vəsaitinin əvəzinin ona ödənilməsi tam əsassızdır. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı az ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği yüz altmış beş manatdır. Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya maddi və mənəvi zərərə görə 14.500 manat məbləğində kompensasiya hesablanması qanuni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir. Digər tərəfdən iddiaçı ona dəymiş mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Bu baxımdan mənəvi ziyanın miqdarı ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edirlər ki, mənəvi zərərə görə kompensasiya müəyyən edilərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirakı təmin etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının həddi: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş etsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə - iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilmişdir. Həmçinin qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin - iddia tələbinin təmin edilən hissəsinin yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Cinayət Prosessual Məcəllə: 56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 56.0.1. bəraət almış təqsirləndirilən şəxs; 56.0.2. bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs; 56.0.3. Bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs; 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.2. müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 58.3.3. ödənilmiş məhkəmə xərcləri; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği; 58.3.5. hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə. 58.3.5. hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə. 60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.
63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz.
Mülki Məcəllə:
21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı.
“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı.
Mülki Prosessual Məcəllə:
4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İşin faktiki hallarından görünür ki, iddiaçı Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 1(106)-226/24 saylı hökmünə əsasən barəsində bəraət hökmü çıxarıldığından qanunsuz olaraq həbsdə saxlanıldığı 14 ay müddətində mənəvi sarsıntı keçirməsinə istinad etməklə ona vurulmuş mənəvi ziyana görə 100.000 manat məbləğində pul kompensasiyası tələb etmiş, birinci instansiya məhkəməsi isə iddianı həmin hissədə yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası isə cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 14.000 manat məbləğində pul iddiaçının xeyrinə ödənilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, qanunvericiliyə əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə, mənəvi zərərin ödənilməsi tələbi iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması (həbsdə qalması, məhkəmə çəkişmələrinə cəlb edilməsi) faktının özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əsasən istintaq orqanının qanunsuz hərəkətləri ilə mənəvi ziyanın vurulması arasında səbəbli əlaqə mövcud olsa da, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan tələb olunan məhz 100.000 manat məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq azadlıqdan məhrum olunmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Buna görə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla həmin məbləğin hər ay üçun 1.000 manat olmaqla 14 ay əsassız yerə həbsdə saxlanıldığı üçün 14.000 manat məbləğində müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. Bu baxımdan, məhkəmə kollegiyası mənəvi zərərin həddi ilə bağlı birinci instansiya məhkəməsinin qiymətləndirməsini əsaslı, cavabdehin bu hissədə apellyasiya şikayətinin dəlillərini isə əsassız sayır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mövqeyi ilə razılaşdığı birinci instansiya məhkəməsinin bu qənaəti, yəni mənəvi ziyanın dəyərinin aylara bölünməsi və mənəvi ziyanın hər ay üçün 1.000 manat dəyərində müəyyən edilməsi hazırda formalaşmış məhkəmə təcrübəsinə əsasən düzgün yanaşmadır. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Mülki Məcəlləsinin 1101-ci maddəsini tətbiqi ilə bağlı mövqeyi ilə razılaşır. Belə ki, həmin maddənin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normanı tətbiq edərkən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirinin müəyyən edilməsinə zərurət yoxdur. Belə ki, iddiaçının cinayət məsuliyyətinə əsassız və qanunsuz olaraq cəlb olunması ilə məhkum olunması təqsirin sübuta yetməməsinin əsası-İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli hökmü ilə təsdiqlənmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101-ci maddəsində konkret dövlət büdcəsi nəzərdə tutulmasa da, dövlətin səlahiyyətlərini Maliyyə Nazirliyinin həyata keçirilməsi qanunvericiliklə tənzimlənir. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Cavabdehin apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə kollegiyası hesab edir ki, zərərin ödənilmə mənbəyi "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyekt isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı sözügedən məhkəmə işi üzrə öz hüquqlarını vəkilin yardımı olmadan müdafiə edə bilməsi mümkün olduğu halda, birinci instansiya məhkəməsində işə baxılarkən şəxsi vəsaitindən istifadə edərək vəkillə hüquqi yardım göstərilməsi barədə müqavilənin bağlanılması şəxsin öz seçimidir və bu barədə prosessual qanunvericilikdə imperativ norma mövcud deyildir. İddiaçı tərəfindən vəkil xərci kimi ödənilmiş pul vəsaitinin əvəzinin ona ödənilməsi tam əsassızdır. Halbuki Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, birinci instansiya məhkəməsi tələbin həmin hissədə 500 (beş yüz) manat həcmində təmin edilməsini ağlabatan hesab edir. Bu baxımdan Məhkəmə kollegiyası iddia tələbinin mübahisələndirilən hissədə mahiyyət etibarı ilə əsaslı olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(006)- 1499/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə