Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2959/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Aydəmir Hüseynovun, iddiaçının nümayəndəsi və vəkili Kamran Tağıyevin, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair 2(003)-3139/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 2080 manat vurulmuş maddi zərərin əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 82 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzil binanın 4-cü mərtəbəsində, Cavabdeh məxsus mənzil isə bir mərtəbə yuxarıda, yəni 5-ci mərtəbədə yerləşir. Cavabdeh onun mənzilinə artıq beş ildir ki su axıdır. 5-ci mərtəbədə yerləşən 84 saylı mənzilin sanitar qovşağından 4-cü mərtəbədə yerləşən 82 saylı mənzilə su axması nəticəsində dəhlizin tavanında çat əmələ gəlmiş, bəzi yerlərdən üzlük qatı qopmuş və divarın üzlük kağızı qabarmış, mətbəxin tavanında ləkə əmələ gəlmiş, divarın üzlük qatı müəyyən hissədən qopmuş, tualetin tavanı bərbad vəziyyətə düşmüş, qonaq otağının divarının üzlük qatı qopmuş və beləliklə mənzilin təmirinə ziyan dəymişdir. Nəticədə cavabdeh ona maddi və mənəvi zərər vurmaqda davam edir. Cavabdehin qanunsuz əməli nəticəsində onun mənzilinin su axan hissədə ciddi zərər dəymişdir ki, bu da onun mülkiyyətçi kimi hüquqlarının kobud pozulmasıdır. Dəfələrlə müraciət etsə də, cavabdeh onun qanuni tələblərinə məhəl qoymamış, su axıntısının qarşısını almamışdır. Çıxarışa əsasən mənzil onun adına RX seriyalı ******* saylı qeydiyyat vəsiqəsi ilə 20.06.2014-cü ildə dövlət qeydiyyatına alınmışdır. 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 131 saylı MKİS-in 06.09.2017-ci il tarixli, həmçinin 01 mart 2018-ci il tarixli aktında qeyd olunmuşdur ki, Binə qəsəbəsi 2146-cı məhəllə ev 25 mənzil 82 ünvana X1 yazılı müraciəti əsasında baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh Vadif qızına məxsus 5-ci mərtəbədə yerləşən 84 saylı mənzilin sanitar qovşağından 4-cü mərtəbədə yerləşən 82 saylı mənzilə su axması nəticəsində dəhlizin tavanında çat əmələ gəlmiş, bəzi yerlərdən üzlük qatı qopmuş və divarın üzlük kağızı qabarmış: mətbəxin tavanında ləkə əmələ gəlmiş, divarın üzlük qatı müəyyən hissədən qopmuş, tualetin tavan bərbad vəziyyətə düşmüş: qonaq otağının divarının üzlük qatı qopmuş və beləliklə mənzilin təmirinə ziyan dəymişdir. Bununla əlaqədar 84 şaylı mənzilin sahibi Cavabdeh dəfələrlə bildirilərək mənzilin sanitar qovşağının təmir olunması barədə müraciət olunsa da heç bir tədbir görülməmişdir. 03 iyun 2021-ci il tarixli akta əsasən cavabdehə məxsus mənzildən onun mənzilinə su axıntısının olması təsdiq olunmuşdur. 29 iyun 2021-ci il tarixli 145 saylı arayışa əsasən Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. Göründüyü kimi, cavabdeh uzun müddət, beş ilə yaxın onun mənzilinə su axıdaraq onun müraciətlərinə məhəl qoymamışdır. Hətta o, özü mənzilini dəfələrlə təmir etmişdir. Cavabdeh ona təmirin xərcini ödəyəcəyini bildirsə də, bundan yayınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərə görə 2080 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, cəmi 2.110 manatın tutularaq İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manatın Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi nəticəsində iddiaçıya məxsus mənzilə onun bilavasitə təqsiri ilə mənzilində hər hansı avadanlıqlarda olan nasazlıq səbəbi ilə zərər dəyməsi tam əksini taparsa belə qarşılıqlı razılıq əsasında həmin (iddiaçıya məxsus) mənzilin cavabdeh tərəfindən təmir etdirilərək zərər dəyməmişdən əvvəlki vəziyyətinə qaytarılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçların irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Birinci instansiya məhkəməsi hazırki iş üzrə cavabdehin təqsirinin, onun məhkəmə iclaslarında üzürlü səbəblə iştirak edə bilmədiyindən dəlillərinin gətirə bilməməsini və onun səbəblərini araşdırmamışdır. Məhkəmə iddia tələbini «dəymiş ziyanın Cavabdeh tutulmasını» qət etməkdə səhv qənaətə və nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyi ilə yanaşı sadalanan sənədləri sübut kimi qiymətləndirərək, Cavabdeh ziyanına şərh etməkdə düzgün olmayan qənaətə gəlmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 29.11.2021-ci il tarixli, 10/4875 nömrəli rəyində ekspertin məhkəmənin 3-cü sualı üzrə gəldiyi nəticəsi qeyri-obyektivdir. Belə ki, ekspert rəyində qeyd edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi 2146 saylı məhəllədə yerləşən, 25 saylı binanın 82 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmirtikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2080,0 manat məbləğində müəyyən olunur. Cavabdeh keçirilmiş məhkəmə iclaslarından məlumatsız olmuşdur. iddiaçı tərəfindən hazırki mülki iş üzrə üçüncü şəxs qismində iddia ərizəsində adıçəkilən Mənzil Kommunal İstehsalat Birliyinin aktlarına istinad edilərək, iddiaçıya məxsus mənzilə məhz cavabdehin təqsiri üzündən zərər dəyməsi ağlabatan deyildir. Belə ki, üçüncü şəxs mülki icraat üzrə maraqlı orqandır. Çünki, hesab edirik ki, iddiaçıya məxsus mənzilə zərər dəyməsi məhz üçüncü şəxs MKTB-nin öz üzərinə düşən səlahiyyətləri vaxtı-vaxtında kommunal xidmətlə bağlı haqqını almasına baxmayaraq layiqincə yerinə yetirməməsi üzündən baş vermişdir. Apellyasiya baxışı zamanı cavabdehin təmsilçisi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçiləri hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər rayon MKTB-nin 31 saylı MİKS-in nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi məhəllə 2146, 25 saylı evin 82 saylı mənzili 20.06.2014-cü il tarixdən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri Xəzər rayon MKTB-nin 131 saylı MKİS-in 06.09.2017-ci il tarixli və 01 mart 2018-ci il tarixli aktlarında qeyd olunmuşdur ki, Binə qəsəbəsi 2146-cı məhəllə ev 25 mənzil 82 ünvana X1 yazılı müraciəti əsasında baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh Vadif qızına məxsus 5-ci mərtəbədə yerləşən 84 saylı mənzilin sanitar qovşağından 4-cü mərtəbədə yerləşən 82 saylı mənzilə su axması nəticəsində dəhlizin tavanında çat əmələ gəlmiş, bəzi yerlərdən üzlük qatı qopmuş və divarın üzlük kağızı qabarmış: mətbəxin tavanında ləkə əmələ gəlmiş, divarın üzlük qatı müəyyən hissədən qopmuş, tualetin tavan bərbad vəziyyətə düşmüş: qonaq otağının divarının üzlük qatı qopmuş və beləliklə mənzilin təmirinə ziyan dəymişdir. Bununla əlaqədar 84 şaylı mənzilin sahibi Cavabdeh dəfələrlə bildirilərək mənzilin sanitar qovşağının təmir olunması barədə müraciət olunsa da heç bir tədbir görülməmişdir. Bakı şəhəri Xəzər rayon MKTB-nin 131 saylı MKİS-in 03 iyun 2021-ci il tarixli aktına əsasən cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axıntısının olması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.11.2021-ci il tarixli 10/4875 saylı tikinti-texniki ekspertizasının rəyindən görünür ki, tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 82 saylı mənzilin binanın 4-cü mərtəbəsində cavabdehə məxsus 84 saylı mənzilin isə binanın 5-ci mərtəbəsində yerləşdiyini, 82 saylı mənzilin dəhliz, mətbəx və yaşayış otağı tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 2146 saylı məhəllədə yerləşən 25 saylı binanın 82 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 84 saylı mənzildən su axıdıldığı və nəticədə 82 saylı mənzilin dəhliz, mətbəx və yaşayış otağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 2146 saylı məhəllədə yerləşən 25 saylı binanın 82 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2080 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Göründüü kimi, ünvan 2 ünvanda yerləşən 84 saylı mənzildən su sızması nəticəsində iddiaçıya 2080 manat maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək, həmin rəyin real vəziyyəti özündə əks etdirdiyi və sübut kimi qəbul edilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21.12.2021-ci il, tarixli 2(003)-3139/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2959/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2959/2022
26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver