Məhkəmə qərarları › İş №2(103)-2960/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2960/2022

26.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2960/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3339/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən tikinti materiallarının satışı mağazasında satışı həyata keçirilən tikinti mallarının ½ hissəsinin (yarısının) Cavabdehn oğlundan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-ci ildən 16 avqust 2019-cu il tarixədək ünvan 1 ünvanda yerləşən mağazanı icarəyə götürmüş və tikinti materiallarının satışı ilə məşğul olurmuşdur. Mağaza işləməyə başlayandan üç aydan sonra cavabdeh qardaşı Cavabdeh onunla şərikli işləməyə başlamışdır. Uzun müddət birgə işləyəndən sonra Cavabdeh onu həmin mağazadan uzaqlaşdırmaq və tək işləmək istəyinə düşmüş və demək olar ki, niyyətinə çatmışdır. Belə ki, cavabdehin ona dediyinə görə guya mağazada pul çatışmazlığı var. Bundan sonra cavabdeh tərəfindən audit yoxlaması təşkil olunaraq həyata keçirilmiş və iradların əsassız olması müəyyən olunsa da, cavabdeh buna məhəl qoymamış və öz məkirli niyyətlərini davam etdirmişdir. Nəticədə, 2019-cu ilin avqust ayında mağazanın giriş qapılarının açarlarını dəyişib onu mağazaya buraxmamış və “Mağazaya yaxınlaşsan, səni öldürərəm” deyərək onu hədələmişdir. Bundan sonra Cavabdehla dəfələrlə məsələnin barışıq yolla həll etməyə çalışsa da, hər hansı müsbət nəticə əldə edə bilməmişdir. Halbuki, mağazada satılan tikinti mallarının yarısı ona məxsusdur. Cavabdeh isə həmin əmlaka təkbaşına yiyələnərək bütün gəlirləri özünə mənimsəmiş və heç bir razılığa gəlmək istəmir. Bu səbəbdən də o, gəlirlərindən məhrum olunmuş, nəticədə maddi vəziyyəti kəskin şəkildə pisləşmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılarkən İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh özü də etiraf etmişdir ki, onlar mübahisəli mağazanı bərabər paylarla şərikli işlətmişlər. Həmin hal preyudisial xarakter daşıyan Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə də müəyyən olunmuşdur. Lakin cavabdeh bu hallara baxmayaraq oğlunun və onun barəsində böhtan xarakterli ittihamları səsləndirərək onu qərəzli şəkildə mağazaya buraxmaq istəmir. Ona görə də hazırkı məqamda iddia tələblərinin artırılmasına zərurət yaranmışdır. Şərh edilənlərə əsasən ünvan 2 ünvanda yerləşən tikinti materialları satışı mağazasında satışı həyata keçirilən tikinti mallarının ½ hissənin (yarısının) Cavabdeh alınıb ona verilməsi, ünvan 1 ünvanda yerləşən tikinti materialları satışı mağazasına giriş-çıxışına və sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına, bununla bağlı müstəqil şəkildə müvafiq icarə və sair zəruri müqavilələrin bağlanmasına Cavabdeh tərəfindən maneələrin törədilməsinə qadağa qoyulmasına barədə qətnaməni qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılarkən İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək qeyd etmişdir ki, cavabdeh mağazada daxil olan və satılan malları ilə bağlı dövriyyəni əks etdirən qeydiyyat jurnalları (kitabları) gizlətdiyindən, habelə məhkəmə tərəfindən mağazaya baxış keçirilməsindən və iş üzrə məhkəmə qiymətləndiricimühasibatlıq ekspertizasının keçirilməsindən imtina edildiyindən o, hazırkı məqamda iddia tələblərinin azaldılması barədə ərizəni məhkəməyə təqdim etmək məcburiyyətində qalmışdır. Çünki o, əvvəlcə mağazaya sərbəst və maneəsiz şəkildə daxil olmalıdır ki, mağazada olan malların dəyərini müəyyən edib bu barədə sonradan məhkəməyə müraciət etsin. Məhkəmə araşdırması zamanı cavabdeh özü etiraf etmişdir ki, onlar mübahisəli mağazanı bərabər paylarla şərikli işlətmişlər. Həmin hal preyudisial xarakter daşıyan Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə də müəyyən olunmuşdur. Lakin cavabdeh bu hallara baxmayaraq oğlunun və onun barəsində böhtan xarakterli ittihamları səsləndirərək onu qərəzli şəkildə mağazaya buraxmaq istəmir. Şərh edilənlərə əsasən ünvan 1 ünvanda yerləşən mübahisəli mağazasına sərbəst şəkildə giriş-çıxışına və sahibkarlıq fəaliyyətlə məşğul olmağına, bununla bağlı müstəqil şəkildə müvafiq icarə və sair zəruri müqavilələrin bağlanmasına Cavabdeh tərəfindən maneələrin törədilməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3339/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanda yerləşən mübahisəli mağazasına sərbəst şəkildə giriş-çıxışına və sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına, bununla bağlı müstəqil şəkildə müvafiq icarə və sair zəruri müqavilələrin bağlanmasına Cavabdeh tərəfindən maneələrin törədilməsinə qadağa qoyulması” barədə iddiasının rədd edilməsi, məhkəmə xərclərinin İddiaçı aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3339/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, 25 yanvar 2021-ci il tarixdə o, həmin mağazada olmuş və orada videoçəkiliş aparmışdır. Məhkəməyə təqdim olunan videodaşıyıcılardan göründüyü kimi, mübahisəli mağazanın piştaxtaları satış üçün nəzərdə tutulan tikinti təyinatlı və çoxçeşidli malları ilə doludur, Cavabdeh isə iddiaçını açıq şəkildə mağazadan qovur və mağazaya baxış keçirilməsinə maneə yaradaraq buna imkan vermir. Məhkəmə araşdırılması zamanı Cavabdeh etiraf etmişdir ki, onlar mübahisəli mağazanı bərabər paylarla şərikli işlətmişlər. Hazırda da mağazada al-veri yaxşı gedir və o, stabil olaraq gəlir əldə edir. Eyni zamanda cavabdeh məhkəmə iclasında bildirmişdir ki, o, iddiaçını bir böyük qardaşı kimi hörmət etdiyindən ona tam etibar etmiş, mağazanın idarə edilməsi üslubunu qəbul etmiş və gəlirlər bölgüsünə etiraz etməmişdir. Artıq qanuni qüvvəyə minmiş Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1527\2021 nömrəli 30 aprel 2021-ci il tarixli qətnaməsindən də göründüyü kimi, X4 izahatında mübahisəli mağazanı iddiaçı ilə bərabər paylarla şərikli işlətdiklərini etiraf etmişdir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində Mülki Prosessual Məcəlləsinin 82.3 və 106.3-cü maddələrinin müddəalarını nəzərə alınmadan qeyd olunmuşdur ki, “Hazırda iddiaçı mağazada şərikli fəaliyyətlə məşğul olmasına, mağazanı sahibkar kimi idarə etməsinə, mağazadakı malların bir hissəsinin ona məxsus olmasına, həmçinin mağazada hazırda olan məhsulların dəyəri ilə, dediyinə görə mağazanı tərk edərkən orada olan malların dəyəri ilə oxşar olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir”. Birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində də yanlışlığa yol vermişdir. İddiaçı mübahisəli mağazada saxlanılan və cavabdeh tərəfindən miqdarı artırılan malların ən azı yarısına sahiblik və sərəncam vermək subyektiv hüquqa malikdir. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3339/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3339/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3339/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflətin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1527/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilmişdir.(İ.vər. 30 - 35) İş materiallarına olan, Yekun hesablama vərəqindən görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş əlavə məlumatların və düzəlişləri nəzərə alınmasından sonra mağazanın 01 iyun 2017-ci il tarixdən 16 avqust 2019-cu il dövrü üçün maliyyə nəticələri aşağıdakı kimi müəyyən edilir: satışdan gəlir 1382405, qeyri-material xərci 119087, əlavə xərclər, kassa qalığı və mağazanın alacağı42498, hədiyyə 5375, material xərci 1109214, ödənilən gəlir 124400, marja 0,252981. 1382405+5375=1387780; 1387780-119087-42***-*******- 124400=7419 azn (artıq qalıq). Əlavə məlumat və düzəlişlərə əsasən bir sıra rəqəmlər yenidən təsnifləşdirilmişdir.(İ.vər. 42) Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, hazırda tərəflər arasında yaranmış mübahisə ünvan 1 ünvanında yerləşən mağaza ilə bağlıdır. Belə ki, iddiaçı tərəf iddia tələbində qeyd etmişdir ki, mağazanı özü işlətməyə başlamış, daha sonra cavabdeh onunla şərik olmuş və hazırda onun mağazada fəaliyyət göstərməsinə cavabdeh tərəfindən maneələr yaradılır. Cavabdeh isə qeyd edilənləri inkar edərək iddiaçının mağazada işçi olduğunu və mağaza ilə bağlı müqavilələrin iddiaçının deyil, onun adından bağlandığını bildirmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə belə qənaətə gəlmişdir ki, iddiaçı mübahisəli mağazaya sərbəst şəkildə giriş-çıxışına və sahibkarlıq fəaliyyətlə məşğul olmağına cavabdeh tərəfindən maneələrin törədilməsinə qadağa qoyulmasını xahiş etsə də, məhkəmə tərəfindən cavabdehin iddiaçının göstərilən fəaliyyətlərinə qadağa qoyması halı öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçı adıçəkilən mağaza ilə bağlı müstəqil şəkildə müvafiq icarə və sair zəruri müqavilələrin bağlanmasına cavabdeh tərəfindən maneələrin törədilməsinə qadağa qoyulmasını xahiş edir. Qeyd etmək lazımdır ki, hazırda hər iki tərəf də qəbul edir ki, ünvan 1 ünvanında yerləşən mağaza tərəflərin mülkiyyətində deyil və cavabdeh həmin əmlakla bağlı icarə müqaviləsi bağlamışdır. Nəticədə, cavabdehin mübahisələndirilən əmlakla bağlı əmlakın mülkiyyətçisindən fərqli olaraq iddiaçıya münasibətdə hər hansı maneə yaratmaq səlahiyyəti yoxdur. Nəticədə, iddiaçının hazırkı tələblə məhz Cavabdeh qarşı iddia qaldırmaq hüququnun olmadığı müəyyən edilmiş və iddia tələbi hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İddiaçının mübahisəli mağazasına sərbəst şəkildə giriş-çıxışına və sahibkarlıq fəaliyyətlə məşğul olmağına, bununla bağlı müstəqil şəkildə müvafiq icarə və sair zəruri müqavilələrin bağlanmasına cavabdeh tərəfindən maneələrin törədilməsinə qadağa qoyulması tələbini irəli sürsə də, mağaza onun mülkiyyətində deyil və ya həmin əmlakla bağlı hər hansı bir şəxslə icarə müqaviləsi bağlanmamışdır. Nəticə etibarı ilə onun mübahisə pretmeti ilə bağlı hər hansı tələb hüququ yoxdur və o göstərilən iddia tələbi ilə bağlı tərəf kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşır və məhkəmənin bu movqeyini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində sadaladığı dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçı qeyd etmişdir ki, uzun illərdi ünvan 1 ünvanında yerləşən mağazanın icarəçisi olmuş və qardaşı olan hazırkı iş üzrə Cavabdehla birlikdə mağazada şərikli fəaliyyət göstərmişlər. Lakin qeyd edilən hal cavabdeh tərəfindən inkar edildiyinindən sübutetmə yükü iddiaçının üzərinə düşür. Qeyd edilən hallarla bağlı sübutların məhkəməyə təqdim edilməsi ilə bağlı iddiaçıya təklif edilsə də, iddiaçı tərəfindən mağazanın onun tərəfindən açılmasına, mağaza ilə bağlı icarə müqaviləsinin və ya mağaza fəaliyyət göstəridiyi zaman ayrı-ayrı şirkətlərlə müqavilə bağlanmasına dair nə birinci instansiya məhkəməsinə, nədə ki, apelyasiya instansiya məhkəməsinə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin, iddiaçı mağazada şərikli fəaliyyətlə məşğul olmasına, mağazanı sahibkar kimi idarə etməsinə, mağazadakı malların bir hissəsinin ona məxsus olmasına, həmçinin mağazada hazırda olan məhsulların dəyəri ilə, dediyinə görə mağazanı tərk edərkən orada olan malların dəyəri ilə oxşar olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda isə iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Göründüyü kimi İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3339/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3339/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar