Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2960/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: «sahiblik hüququnun müəyyən olunması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-241/2023 saylı, 16 yanvar 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmisidir.
2. X13 xx.xx.1950-ci il tarixdə doğulmuşdur, valideynləri X11 və X1. X13 xx.xx.2017-ci il tarixdə digər dəqiqləşdirilmiş tüstü, od və alov mənbələrinin təsiri səbəbindən Bakıda ölmüşdür.
3. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 yanvar 2019-cu il tarixdə verilmiş, 141- 05/70 nömrəli nikah haqqında arayışda X11 və X2 nikahı haqqında 14 oktyabr 1946-cı ildə 92 №-li akt qeydi tərtib olunmuşdur. 13 noyabr 1984-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən, X11 22 oktyabr 1984-cü il tarixdə Bakıda ölmüşdür. 10 mart 1992-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.1992-ci il tarixdə Bakıda ölmüşdür.
4. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-955/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş və ərizəçi İddiaçı mərhum X7rdaşı olması faktı müəyyən edilmişdir. Həmin qətnamənin təsviri hissəsində şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı 34 ildir ki, tanıyır. Belə ki, Denislyamın arvadı onun baldızıdır və onlar evlənəndən ərizəçini tanıyır. Özü isə 1946-cı ildən bəri Azərbaycanda yaşayır. Əvvəllər Yevlax və Gəncə şəhərində də yaşamışdır. Asadulin Syadan isə ərizəçinin yaşadığı evlə üzbəüz yaşamış, 2017-ci ilin aprel ayında vəfat etmişdir. Baldızının dediyinə görə Syadanın arvadı Rusiyada yaşayır və üç uşağı var. Lakin onlar Bakıya gəlmirlər. Ərizəçi Syadanı özü dəfn etmiş, dəfndə o, da iştirak etmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********04 saylı məktubu ilə X6 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciəti rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əvvəlcə tikintiyə istifadə hüququnun müəyyən olunmasına dair iddia ərizəsi, sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və tikiliyə sahiblik hüququnun müəyyən edilməsini xahiş etmişdir.
7. Tələbdə göstərilir ki, atası X11 1936-cı il tarixdən ünvan 3 ünvanında yaşamışdır. 1946-cı il tarixdə anası X4 ilə evlənmişdir. Göstərilən ünvanda atası ilə anasının birgə nikahından 1950-ci il tarixdə qardaşı X13 və 1951-ci il tarixdə iddiaçı X10 anadan olmuşlar. Atası 1984-cü il tarixdə, anası isə 1992-ci il tarixdə rəhmətə getmişlər. Anası Aliyə rəhmətə getdikdən sonra ev kitabçası iddiaçının razılığı əsasında qardaşı X12 adına sənədləşdirilmişdir. Qardaşı 1973-cü il tarixdə Qaliyə adlı qadınla evlənmiş və birgə nikahdan 3 övladı olmuşdur. 1986-cı il tarixdə qardaşı öz ailəsi ilə birlikdə Rusiya Federasiyasının Saransk şəhərinə köçmüş və orada daimi yaşamağa başlamışlar. X14 bir il sonra xəstə vəziyyətdə Bakıya qayıtmış və iddiaçıdan ona köməklik etməsini xahiş etmişdir. Onun ailə üzvləri isə Rusiya Federasiyasına köçdükdən sonra Rusiya dövlətinin vətəndaşlığını qəbul etmişlər. Qardaşı X13lə iddiaçı A.Şadlinski ev 1 “A”da yaşamışlar. Xəstə olduğu müddətdə iddiaçının qızı Elvira və həyat yoldaşı Rauza ona qulluq etmişlər. Çünki, o, yataq xəstəsi olmuşdur. Qardaşı xx.xx.2017-ci il tarixdə rəhmətə getmişdir. İddiaçı qardaşını dəfn edib hüzn mərasimlərini keçirmişdir. Qardaşı rəhmətə getdikdən sonra evdə iddiaçı yaşayır. Evə və torpaq sahəsinə iddiaçı sahiblik edir. Onun ailə üzvləri, iki oğlu və bir qızı Rusiya Federasiyasına köçdükdən sonra ataları ilə maraqlanmamışlar və iddiaçının dəvətinə baxmayaraq dəfn mərasiminə gəlməmişlər. Onu iddiaçı dəfn edib və mərasim xərclərini ödəmişdir. İddiaçının Qara-Çuxur qəsəbəsi A.Şadlinski ev 1 “A”-da yaşadığını şahidlər də təsdiq edə bilərlər. İddiaçı hesab edir ki, Qara-Çuxur qəsəbəsi A.Şadlinski ev 1 “A” saylı ünvana həm istifadə, həm də sahiblik hüququ əldə etmişdir. İddiaçının atası Asadulin Alim 1936-cı il tarixdən bu ünvanda yaşamış, ev tikmiş, torpaq sahəsini çəpərə almış və həyətyanı sahədə əkilən ağac və bitkilərə qulluq etmişdir. Halhazırda Qara-Çuxur qəsəbəsi A.Şadlinski ev 1 “A”ya iddiaçı sahiblik edir. Həyətyanı sahədə inşa edilmiş tikililərdə təmir və yenidən qurma işləri aparır. Həyətyanı sahədə əkilmiş ağac və bitkilərdən əlavə iddiaçı yeni ağaclar əkmiş və onlara qulluq edir. Onun atasından miras qalmış tikili və 7 sot torpaq sahəsinə sahiblik hüququ 86 ildən artıqdır.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-241/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qətnaməsi (hakim Rübabə Qafarova) ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı Qara- Çuxur qəsəbəsi, A.Şadlinski küçəsi ev 1 “A”da inşa edilmiş tikiliyə və torpaq sahəsinə özünün sahiblik hüququnun tanınmasını istəyir. Məhkəmə müəyyən edir ki, iddiaçı hüquqlarının dövlət qeydiyyatı üçün müvafiq quruma müraciət etmiş, lakin bundan imtina edilmişdir. Bundan irəli gələrək, iddiaçı hüququnun məhkəmə qaydasında tanınması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəf iddiasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 179.1-ci maddəsinə istinad etsə də, məhkəmə qeyd edir ki, 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 179.1-ci maddə çıxarılmışdır. Bununla belə məhkəmə iddiaçı tərəfin irəli sürdüyü mülahizələrdən belə qənaətə gəlmişdir ki, tərəf öz fikirlərində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsini əsas götürür. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinə istinad edərək müvafiq torpaq sahəsinə 30 ildən çoxdur ki, faktiki sahiblik etdiyini bildirsə də, nəzərə almamışdır ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və qüvvədə olan MM-in təhlilindən görünür ki, həmin Məcəllənin 178.6, 335.2 və 567-ci maddələrinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməmişdir. (“S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun xx.xx.2006-cı il Qərarı). Həmçinin həmin maddə hazırkı mübahisəyə şamil edilə bildiyi halda belə məhkəmə işin hallarını araşdıraraq belə hesab edir ki, iddiaçı tərəf mübahisəli yaşayış yerində 30 ildən artıq yaşadığını iddia etsə də, buna dair heç bir əsaslı sübut məhkəməyə təqdim etməmiş və məhkəmə iclası zamanı verdiyi izahatlarında və ərizələrində irəli sürdüyü formal fikirlərlə kifayətlənmişdir. Əksinə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş və artıq preyudisial xarakter daşıyan 2(010)-955/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsinin təsvir hissəsində şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi ifadəsindən aydın olur ki, İddiaçılə Asadulin Syadan bir evdə deyil, “üzbəüz” evlərdə yaşamışlar. Həmçinin iş materiallarında olan ev kitabında da sözügedən evə 1985-ci ildən yalnız Asadulin Syadan və onun ailə üzvlərinin köçürülməsinin qeyd olunması 1936-cı il tarixdən iddiaçının atası X9, ailə həyatı qurduqdan sonra iddiaçının anasının, eləcə də iddiaçı və qardaşının özlərinin doğulduqdan həmin evdə yaşamamasına dair məhkəmənin mülahizəsini qətiləşdirir. Məhkəmə həmçinin vurğulayır ki, sözügedən ev kitabçasında cavabdehlərdən Cavabdeh1 pasport məlumatlarına dair qeydlərin 1992-ci ilə aid olması iddiaçının cavabdehlərin 1986-cı ildən daimi əsaslarla başqa ölkəyə köçməsinə dair fikrini də təkzib edir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Lakin məhkəmə onun sübutlarını mötəbər saymamışdır. Evə sahiblik etməyinin sübut olunmadığı qənaətinə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. İş üzrə tərəflər məhkəmə iclasında iştirak etmir. İddiaçı məhkəməyə ünvanladığı teleqramda xəstəliyi ilə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasının iyun ayına təxirə salınmasını xahiş etsə də bu barədə müraciənə hər hansı bir sübut əlavə etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 178.6. Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Maddə 179.2. Daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. Maddə 179.3. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququ əldə edənə qədər öz sahibliyini əmlakı mülkiyyətçisi olmayan və bu Məcəllədə və müqavilədə nəzərdə tutulmuş digər əsas görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə hissədə düzgün olmuşdur.
22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları Mülki Məcəllənin yuxarıda qeyd olunan yaxud hansısa normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia haqlı sayılmır.
23. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. İddiaçı bu nəticə ilə razılaşmır və şikayət verib. İddia ərizəsində göstərdiklərini şikayətindədə təkrar qeyd edir. Ancaq məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşmamasının səbəblərini və istinad etdiyi maddi və prosessual hüquq normalarının tətbiqində hansı səhvə yol verildiyini şikayətində göstərmir yaxud göstərə bilmir. Əlbətdə ki, peşəkar vəkil tərəfindən tərtib edilmiş bu şikayətdə ilk növbədə iddiaçının razılaşmamasının səbəbləri ciddi arqumentlərlə, o cümlədən maddi və prosessual hüquq normalarına istinad etməklə ətraflı göstərilə bilərdi.
24. İddiaçı şikayətində maddi hüquq norması kimi Mülki Məcəllənin 178.6-cı maddəsinin pozulduğunu qeyd edir. Lakin mübahisəli ünvanda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikiliyə və torpaq sahəsinə faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etməsinə dair birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi hansısa mötəbər sübut təqdim etməmişdir. Əksinə təqdim etdiyi və tədqiq olunan sübutlar onun mübahisəli tikiliyə və torpaq sahəsinə sahiblik etmədiyini təsdiq edir. Hətta özünün təqdim etdiyi vəsatətdə(bax.i.v.61-62) cavabdeh kimi qeyd etdiyi Cavabdeh1 torpaq sahəsini və evi Elvin Süleymanov adlı şəxsə satması barədə sonuncunun ona məlumat verdiyini və bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etdiyini də göstərir. Demək ki, əslində iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməsinin səbəbi qeyd olunanlar olmuş, üstəlik bu müddətin 01 sentyabr 2000-ci ildən hesablanmalı olduğunu da nəzərə almamışdır. Həmçinin iddiaçı hüququnun tanınmasını tələb etdiyi torpaq sahəsi və evin cavabdehlərə məxsus olduğunu da qəbul edir, əks halda onlara qarşı bu iddianı irəli sürməzdi. Göründüyü kimi, iddiaçı nail olmaq istədiyi məqsədə çatmaq üçün düzgün vasitə(yol) seçməmişdir. 25.İddiaçı şikayətində Mülki Prosessual Məcəllənin 9.1, 88 və 217-ci maddələrinin tələblərinin pozulduğunu göstərsə də həmin normaların tələblərini də məhkəmə pozmamışdır. Əksinə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli 2(010)-955/2020 saylı qətnaməsinə, o cümlədən həmin işdə olan şahidin ifadəsinə istinad etməsi də əsassız olmamışdır. Çünki, həmin şahidin ifadəsində iddiaçının sahibliyinin tanınmasını tələb etdiyi evdə yaşamadığı bəlli olur. Bu faktla iddiaçı razılaşmasa da artıq həmin qətnamədə əks olunmuşdur. Ona görə də iddiaçı məhkəmənin onun hansı sübutlarını mötəbər saymalı olduğunu da göstərməli idi.
26. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunmaması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq məqsədilə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
27. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 241/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-241/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.