Məhkəmə qərarları › İş №2(103)-2965/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2965/2023

02.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2965/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının hüquq varisi İddiaçı, onun vəkili Vəkil2, cavabdeh Maraqlı şəxs, onun vəkili və nümayəndəsi Vəkil1, üçüncü şəxslər X2 və X1 iştirakı ilə, iddiaçı X3 cavabdeh Maraqlı şəxs qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsindən cavabdeh Maraqlı şəxs apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kooperativ küçəsində yerləşən 20 №-li fərdi yaşayış evi ilə bağlıdır (bundan sonra – ev). Ev qeydiyyatsız tikilidir, hüquq müəyyənedici sənədi yoxdur. Əvvəllər evdə iddiaçı X5 ailəsi – arvadı və övladları ilə birlikdə yaşayıb. O, məhkəməyə iddia verib, iddia üzrə qətnamə qəbul olunub, bundan sonra - xx.xx.2008-ci ildə iddiaçı ölüb. Hazırkı mübahisədə iddiaçının 4 övladı iştirak edir: 1) iddiaçının hüquq varisi İddiaçı (xx.xx.1973-cü il təvəllüdlü); 2) cavabdeh Maraqlı şəxs (xx.xx.1968-ci il təvəllüdlü); 3) üçüncü şəxs X4 (xx.xx.1964-cü il təvəllüdlü); 4) üçüncü şəxs X2 (xx.xx.1966-cı il təvəllüdülü). Onların hamısı valideynlərinin sağlığında həmin evi tərk ediblər. Belə ki, cavabdeh Maraqlı şəxs 1995-ci ildə ailə qurmuş, 2003-cü ildə həmin evi (valideynlərinin yaşadığı evi) tərk edərək öz ailəsi ilə Hövsan qəsəbəsi, Maqazin küçəsində yerləşən qeydiyyatsız evə köçmüşdür. Cavabdeh evi tərk etməsinin səbəbini belə izah edir ki, arvadı ilə valideynləri yola getmirdi. Cavabdeh bildirir ki, Maqazin küçəsindəki ev babasından qalıb, ondan əvvəl həmin evdə babası yaşayıb, babası 1993cü ildə, nənəsi isə 1995-ci ildə ölüb, sonra həmin evdə Zəngilan rayonundan məcburi köçkünlər yaşayıb, sonra – 2003-cü ildə özü həmin evə köçüb. Hazırda arvadı və oğlu ilə birlikdə həmin evdə yaşayır. Üçüncü şəxs X4 1983-cü ildə, üçüncü şəxs X2 1988-ci ildə, iddiaçının hüquq varisi İddiaçı 1993-cü ildə ailə qurmuş və onların hər biri ailə qurduğu zaman həmin evi (valideynlərinin yaşadığı evi) tərk edərək ər evinə köçmüşlər. İddiaçı X5 ölən günə qədər (xx.xx.2008-ci ilədək) həmin evdə yaşamışdır. Bundan sonra evdə iddiaçının arvadı tək yaşamışdır. İddiaçının arvadı xx.xx.2020-ci ildə ölmüşdür. Bundan sonra evdə iddiaçının hüquq varisi İddiaçı yaşamağa başlamışdır, hazırda da evdə o, yaşayır. Evin inşa edildiyi tarixi müəyyən etmək mümkün olmadı. İşdə iştirak edən şəxslər bildiriblər ki, ev babalarından qalıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, cavabdehin evdən istifadə hüququ itirilmiş hesab edilsin və evdən qeydiyyatdan çıxarılsın. Suraxanı RM-nin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, cavabdehin evdən istifadə hüququ itirilmiş hesab edilsin və evdən qeydiyyatdan çıxarılsın. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh Maraqlı şəxs, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının hüquq varisi İddiaçı, onun vəkili Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Apellyasiya icraatı zamanı X2 və X4 cavabdehin tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi tanınmışlar. Onlar məhkəmə iclasında iştirak etmiş və bildirmişlər ki, mübahisə ilə bağlı mövqeləri belədir ki, valideynlərinin ölümündən sonra ev yalnız bacıları İddiaçı qala bilməz, atalarının 4 övladı olduğuna görə ev satılmalı və pulu 4 yerə bölünməlidir. Qətnamənin yoxlanılması: Müəyyən olunur ki, evə heç kəsin istifadə hüququ və ya digər əşya hüququ yoxdur, çünki ev qeydiyyatsız tikilidir. O cümlədən evin yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd yoxdur. Cavabdeh evdə yaşayış üzrə qeydiyyatdadır. Lakin qeydiyyat evə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri üzrə qeydiyyatın yaşayış sahəsinə istifadə hüququ və ya digər hüquq yaratması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayıb. İddiaçının 4 övladının hər biri iddiaçının sağlığında həmin evi tərk edib. Onlardan biri - İddiaçı valideynlərinin ölümündən sonra həmin evə (boş qalmış evə) qayıdıb. Onun mövqeyi belədir ki, ev yalnız özünün sahibliyində qalmalıdır. Cavabdeh və üçüncü şəxslər isə buna etiraz edirlər. Mövcud vəziyyətdə vərəsəliyə aid qaydaların tətbiqi mümkün deyil, çünki ev qeydiyyatdan keçməyib. Belə vəziyyət isə ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmır. Çünki faktlar nöqteyi-nəzərindən İddiaçı vəziyyəti cavabdeh və üçüncü şəxlərin vəziyyətindən fərqlənmir: o da cavabdeh və üçüncü şəxslər kimi valideynlərinin sağlığında evi tərk edərək başqa ünvana köçmüşdür. İddianın təmin edilməsi üçün iddiaçı X3 özünün evə hüququnun olub-olmadığı müəyyən edilməlidir. Çünki iddia - pozulmuş və ya mübahisəli hüququn müdafiə vasitəsidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən əvvəlki Mənzil Məcəlləsinin 60 və 123-cü maddələrinin göstərişlərinə istinad edib. Belə ki, qətnamə qəbul edilərkən (2007-ci ildə) həmin Məcəllə qüvvədə olub. Bu maddələrə əsasən başqa şəxsə qarşı belə iddianı qaldırmaq hüququ mülkiyyətçiyə, icarədara və ya yaşayış sahəsinə istifadə hüququ olan şəxsə məxsus olub. X5 isə evin mülkiyyətçisi və ya icarədarı olmayıb, o cümlədən evə istifadə hüququ olmayıb. Odur ki, həmin maddələrin tələbləri baxımından iddia əsassızdır, qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Qeydiyyatdan çıxarılma barədə tələbə aid hissədə iş üzrə icraata xitam verilməsinə zərurət yoxdur, çünki o, müstəqil tələb kimi irəli sürülməyib, istifadə hüququnun itirilməsinin nəticəsi kimi iddia ərizəsində qeyd olunub. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X3 cavabdeh Maraqlı şəxs qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar