Məhkəmə qərarları › İş №2(103)-2965/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2965/2025

05.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2965/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızı və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən adına xəbəri olmadan və qanunsuz olaraq rəsmiləşdirilmiş 1470 manat kreditin və onunla əlaqədar olan ödənilmiş faizlərin ləğv edilməsi, cavabdeh tərəfindən vurulmuş 700 manat maddi, 5000 manat məbləğində mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-1328/2025 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı qərardaddan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən işdə tərəflər eyni olsa da, hüquq münasibəti və predmet eyni deyil. Nərimanov Rayon Məhkəməsininin xx.xx.2024-cü il tarixli, e-2(005)-4507/2024 saylı qətnaməsində cavabdehə artıq ödədiyi puldan, Nəsimi Məhkəməsində araşdırılan işdə isə Cavabdeh ASC-nin xəbəri olmadan adına 1470 manat kredit rəsmiləşdirilərək həmin kreditin +7***-***-**-** nömrəli telefon sahibinin kartına keçirilməsindən söhbət gedir. Qeyd etdiyi kimi, Nərimanov Rayon Məhkəməsininin xx.xx.2024-cü il tarixli e-2(005)-4507/2024 saylı qətnaməsi cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə, yəni məhkəmə zalında təqdim olunmuşdur. Həmin qətnamədən həmin məhkəmə prosesində xəbəri olmuşdur. Həmin qətnamənin Nəsimi Məhkəməsində baxılan işə heç bir aidiyyəti olmamışdır. Belə ki, həmin qətnamədə Cavabdeh ASC-nin ona verdiyi Birbank kartında olan 1500 manat puldan bəhs olunur ki, həmin pulu yuxarıda qeyd etdiyi kimi hadisədən 6 ay əvvəl Nərimanov filialında aparata ödəyərək bağlamış və qəbzləri bankın işçisinə təqdim etmişdir. Bu barədə videogörüntülər də vardır. Nəsimi Məhkəməsində araşdırılan işdə isə Cavabdeh ASC-nin xəbəri olmadan adına 1470 manat kredit rəsmiləşdirilərək həmin kreditin +7***-***-**-** nömrəli telefonun sahibi X2 adına olan karta keçirilməsindən söhbət gedir. Nəsimi Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli qərardadı ilə (hakim C.Tağıyev) şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi ilə bağlı mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Belə ki, hazırda iddiaçının mübahisələndirdiyi kredit müqaviləsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-4507/2024 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almış və həmin qətnamə əsasında icra sənədi tərtib edilib icra olunması məqsədilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə yönəldilmişdir. Kollegiya qeyd edir ki, tərəflər arasındakı öncəki mübahisənin predmetini borcun ödənilməsi təşkil etsə də, bu növ iddia tələbi məhz bağlanmış olan müqavilədən qaynaqlanmışdır. Məhkəmə tərəfindən sözügedən müqavilənin qanunauyğunluğunu müəyyən edildiyi üçün cavabdehin üzərinə borcun ödənilməsi barədə öhdəlik qoyulmuşdur. Hazırda iddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcunun ləğv edilməsini tələb etməsi mahiyyət etibarı ilə eyni müqavilənin də ləğvinin tələb edilməsinə baxmayaraq, müqavilənin qanunauyğunluğunun qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadında ifadə edilmiş mövqeyə müvafiq olaraq MPM-nin 261.0.2-ci maddəsinin tətbiqini zəruri edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadına əsasən əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir Məhkəmə kollegiyası qeyd edir ki, hazırda ləğvi tələb edilən müqavilənin etibarlı olub-olmaması məsələsinə qanuni qüvvəsini almış qətnamə ilə hüquqi qiymət verilməsi eyni müqavilədən törəyən digər bir tələbə baxılıb yenidən qiymət verilməsini istisna etdiyi üçün birinci instansiya məhkəməsi həmin tələbə aid hissədə iş üzrə icraata xitam verməklə qanuni və əsaslı nəticəyə gəlmiş, prosessual hüquq normasını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ondan tutulan və eləcə də kart hesabından başqa hesaba köçürülən vəsaitlərin ayrı-ayrı kredit müqavilələri ilə bağlı olduğunu bildirsə də, iş materiallarından tərəflər arasında yalnız bir kredit müqaviləsinin bağlanması və həmin kredit müqaviləsinin etibarlılığının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yoxlanıldığı müəyyən edilir. İddiaçı ilə Bank arasında ikinci kredit müqaviləsinin mövcudluğu müəyyən edilməmişdir. Cavabdeh ASC-nin müvafiq sorğuya cavabından da aydın olur ki, xx.xx.2024-cü il tarixdə iddiaçı ilə yeni müqavilə bağlanmamışdır. Tərəflər arasında müqavilə xx.xx.2023cü il tarixdə bağlanıb və iddiaçının verdiyi təsdiqedici kod vasitəsilə kartda olan pul vəsaiti başqasının kart hesabına köçürülüb və 20 manat komissiya tutulub. İddiaçının həmin müqavilə üzrə borcu da qüvvədə olan məhkəmə qətnaməsi ilə ondan tutulmuşdur. Göründüyü kimi, şikayətin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsassızdır və ona görə də rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar