Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2969/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1539/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilə dəymiş maddi ziyana görə 800 manatın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1539/2020 saylı, 26 noyabr 2020ci il tarixli qətnaməsi ilə Cavabdeh vurulmuş maddi zərərə görə 700 (yeddi yüz) manat və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manatın bərabər olmaqla, 50 manat məbləğində İddiaçı və 50 manat məbləğində Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edib iddia tələbinin təmin edilməməsi, həmçinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ekspertiza xərcinin iddiaçıya aid edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 6 saylı mənzilin binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 12 saylı mənzilin isə binanın 7-ci mərtəbəsində yerləşdiyini, 6 saylı mənzilin dəhliz tikilisinin tavan və divarlarında qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 187 saylı evin 6 saylı mənzilinə yuxarı mərtəbədən su axıdıldığı və nəticədə 6 saylı mənzilin dəhliz tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. 12 saylı mənzildə yerləşən sanitar avadanlıqların və gözlə görünən su kanalizasiya xətlərinin üzərində hər hansı qusurlar olmadığını, eləcə də baxış zamanı su sızmasının davam etmədiyini nəzərə alaraq, 6 saylı mənzilə su sızmasının konkret olaraq hansı mənzildən baş verməsini və səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq 6 saylı mənzilə su sızması binanın ümumi su, kanalizasiya və ya istilik boru xətlərində qəza yaranması səbəbindən baş verə bilər. Su sızmasının nə vaxt baş verdiyinin müəyyən olunmasına dair metodika olmadığından, qərardadın 2-ci sualı üzrə tədqiqat aparılmadı. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 187 saylı evin 6 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətinə uyğun ümumi dəyəri təqribən 700 manat məbləğində müəyyən olunmuşdur. Ekspert rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 saylı evin 6 saylı mənzilinə su axıdılması nəticəsində 700 manat məbləğində ziyan dəymiş, lakin suyun axıdılmasının məhz hansı mənzildən baş verdiyini müəyyən etmək mümkün olmamışdır. Ekspert su sızmasının binanın ümumi su, kanalizasiya və ya istilik boru xətlərində qəza yaranması səbəbindən baş verə biləcəyi nəticəsinə gəlmişdir. Buna baxmayaraq məhkəmə, ekspert rəyinin yalnız iddiaçıya 700 manat maddi ziyanın dəyməsini əsas götürərək, yaranmış delikt üzrə delikt törətmiş şəxs qismində onu qəbul etmişdir. Halbuki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 saylı evin 6 saylı mənzilinə suyun məhz onun mülkiyyətində olan 12 saylı mənzildən baş verməsi müəyyən olunmamışdır. Hətta, ekspertiza tədqiqatı həyata keçirilən zaman, ekspert tərəfindən 12 saylı mənzilə baxış keçirilmiş, sanitar avadanlıqların və gözlə görünən su kanalizasiya xətlərinin üzərində hər hansı qüsurların olmadığı, eləcə də su sızmasının davam etmədiyi məlum olmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman ekspert tərəfindən verilmiş rəydə göstərilənləri düzgün təsvir etməməklə yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcud olmadığı, yəni, iddiaçıya dəymiş ziyanın, mülkiyyətində olan mənzilin su sızıntısı nəticəsində baş verməsi sübuta yetirilmədiyi halda, deliktə əsaslanan tələbi əsaslı sayaraq, delikt törətmiş şəxs qismində onu qəbul etmişdir. Halbuki, ekspert rəyindən də göründüyü kimi, iddiaçıya dəymiş ziyanın məhz mülkiyyətində olan mənzildən su axıdılması nəticəsində yaranması müəyyən olunmamışdır. Məhkəmənin ikinci dəlilinə münasibətdə qeyd edir ki, yaranmış delikt üzrə onun təqsirli olmağını təsdiq edən hər hansı bir mötəbər sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, su onun mənzilindən axıdılmayıb. Əvvəlki iclasda da bildirdmişdir. Evini təmir etdirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, su 7-ci mərtəbədən axırdı. 5-ci mərtəbədə yaşayış yox idi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən müəyyən etmişdir ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir və bu hüquq ona 05.07.2011-ci il tarixdə verilmişdir.Məhkəmə tikinti-texniki ekspertizasının 10/884 saylı, 20.10.2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 187, 6 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 700 manat məbləğində müəyyən edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 187, 6 saylı mənzilinə, onun üst mərtəbəsində yerləşən cavabdehin yaşadığı 12 saylı mənzildən su sızması faktı iddiaçının izahatı ilə yanaşı işin materialları ilə sübuta yetirildiyindən, iddiaçıların mənzillərinə vurulmuş ziyan cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini əslində birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalı, iddianın təmin edilməyən hissəsinə isə toxunulmamalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən, 20.10.2020-ci il tarixli, 10/884 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyini əsas götürmüşdür. Qeyd olunan rəy tam olmasa da əsassız da olmamışdır. Çünki, rəydə mənzilə yuxarı mərtəbədən su axıdıldığı göstərilsə də, 12 saylı mənzildə yerləşən sanitar avadanlıqların və gözlə görünən su kanalizasiya xətlərinin üzərində hər hansı qusurlar olmadığını, eləcə də baxış zamanı su sızmasının davam etmədiyini nəzərə alaraq, 6 saylı mənzilə su sızmasının konkret olaraq hansı mənzildən baş verməsini və səbəbini dəqiqliklə müəyyən etməyin mümkün olmadığı, lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq 6 saylı mənzilə su sızmasının binanın ümumi su, kanalizasiya və ya istilik boru xətlərində qəza yaranması səbəbindən baş verə bilməsi də göstərilmişdir. Demək, bu rəylə də su sızmanın cavabdehin mənzilindən axıdılması müəyyən olunmamış, ancaq məhkəmə nədənsə cavabdehi bu hüquq pozuntusunu törətməkdə təqsirli bilmişdir. İkincisi, qeyd olunan ekspert rəyi ilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 700 manat müəyyən edilmişdir. Ancaq, axıntının cavabdehin mənzilində qeydə alındığı müəyyən edilməmiş, yəni konkret olaraq cavabdehin iddiaçıya maddi ziyan vurmasının təsdiq edilmədiyini birinci instansiya məhkəməsi nəzərə almayaraq ətraflı araşdırma aparmamışdır. Əksinə, apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 22 iyul 2021-ci il tarixli 10/1737 rəyi ilə bir daha müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektindəki 187 nömrəli evin 4-cü mərtəbəsində yerləşən 6 nömrəli mənzildə (hal-hazırda başqa şəxsə satılıb) təmir işlər aparıldığını, mənzildə heç bir qüsur aşkar olunmadığını, həmin evin 7-ci mərtəbəsində yerləşən 12 saylı mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində qüsur aşkar olunmadığını, həmin binanın 6-cı mərtəbəsində yerləşən 10 saylı mənzildə qüsurların mövcud olduğunu, 5-ci mərtəbəsindəki 8 saylı mənzildə isə heç bir qüsur mövcud olmadığını, eləcə də su sızmasının baxış keçirilən zaman davam etmədiyini nəzərə alaraq, binanın 4-cü mərtəbəsində yerləşən 6 saylı mənzilə sı sızmasının konkret olaraq hansı mənzildən baş verməsini və səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair rəyin tədqiqat hissəsində göstərilən amilləri nəzərə alaraq, binanın 4-cü mərtəbəsində yerləşən 6 saylı mənzilə su sızma binanın şaxtasından keçən ümumi su, kanalizasiya və ya istilik boru xətlərində qəza yaranması səbəbindən baş verə bilər Ekspert rəyləri məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyləri məhkəmə üçün məcburi deyildir, onlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilir. Məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyləri ilə razılaşmaya bilər. Lakin iş üzrə keçirilmiş həm ilk, həm də əlavə məhkəmə mühəndis texniki ekspertizasının rəyləri ilə zərərin cavabdeh tərəfindən vurulmasının təsdiq olunmadığı hissəsində məhkəmənin razılaşmaması üçün əsaslar yoxdur. Buna görə də, həmin rəylər mötəbər sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1539/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi təmin edilən hissədə də rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1539/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində də ləğv edilsin və iddia tələbi həmin hissədə də rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 150(yüz əlli) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2969/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2969/2021
25.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver