Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2972/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “istehlakçıların hüquqlarının pozulması, qüsurlu və keyfiyyətsiz malların təklif etmə hərəkətlərinin qanunsuz hesab edilməsi, öhdəliyin yerinə yetirilməsi, ödənilmiş beh məbləğinin qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2(007)- 3063/2021 saylı qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətlərinin (istehlakçı hüquqlarını pozaraq qüsurlu və keyfiyyətsiz malların təklif edilməsi) qanunsuz hesab edilməsi, cavabdehlərdən müştərək qaydada mebellərin alınması üçün beh kimi ödədiyi 6000 manat məbləğində pulun 2 misli, yəni 12000 manat məbləğində pulun, cavabdehlərdən müştərək qaydada 2019-cu ilin iyun ayından başlayaraq hazıradək olan 24 ay müddətində 6000 manat məbləğində pulundan faydalandıqları üçün faizə görə 7200 manat məbləğində pulun, cavabdehlərdən maddi ziyana görə müştərək qaydada 600 manat məbləğində pulun, mənəvi ziyana görə 50000 manat məbləğində pulun onun xeyrinə olaraq tutulması barədə qətnamə çıxarılmasını, cavabdehlərin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 200.2-ci, 178.2.1, 178.2.4cü maddələrinin tərkib əlamətləri olduğundan onların barəsində prokurora xəbər verilməklə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22.05.2019-cu il tarixdə qızına cehiz almaq məqsədilə Bakı şəhəri, Babək prospekti, 74C ünvanında yerləşən “Lorenza” (“Yuvam Mobilya”) adlandırılan mebel mağazasına getmişdir. Həmin mağazada onu özünü satış üzrə menecer kimi təqdim edən, hazırda cavabdeh olan Cavabdeh3 qarşılamış və ona qızıl üçün cehizlik mebel almaq istədiyini bildirmişdir. O, yerli istehsal olan ağ mirvari rəngli “LİZA” qonaq və yataq mebel dəstlərini təqdim edərək Ramazan ayı olduğundan xüsusi endirimdə olduğunu, əlavə olaraq üstündə künc divanı (2,5 m x 3,5 m) da hədiyyə verildiyini bildirmişdir. Mebelin qiymətini Cavabdeh3 ilə 7000 manata razılaşmışlar və ödəniş barədə aralarında şifahi razılaşma olmuşdur. Həmin məbləğdən 3000 manat 2 həftə müddətində, qalan 3000 manatını qızının toyunun (22.06.2019-cu) səhərisi günü, yəni 23.06.2019-cu il tarixdə, qalan 1000 manatını isə mebellər oğlan evində (Sumqayıt şəhəri, St.Sumqayıt (Ceyranbatan) qəsəbəsində) tam quraşdırıldıqdan sonra, qüsurlar olmadığı təqdirdə ödəmək barədə razılığa gəlmişlər. Razılaşmalarına görə sifariş etdikləri mebellər (komplektə daxil olan əşyaların adları, ölçüləri, keyfiyyəti, hazır olma vaxtı və s) barədə Cavabdeh3 22.05.2019-cu il tarixdə “Müştəri Anketi” adlanan sifariş cədvəlini yazaraq imzalamış və ona vermişdir. Müqaviləni əvəz edən həmin sifariş cədvəlində sifarişçi kimi onun ad, soyadı, ata adı, tarix (22.05.2021-də), mebelin adı (“Uza” yataq və qonaq dəsti), hansı əşyaların olması, razılaşdığımız qiyməti (7000 manat), mebelin hazır olma vaxtı (24-25 iyun 2019-da), hansı ünvana göndərilməsi və s. məlumatlar qeyd olunmuşdur. İlk 3000 manatı hissə-hissə (500+500+1000+1000) təxminən 2 həftə müddətində ödəmişdir. Qızının toyunun səhərisi günü, yəni 23.06.2019-cu il tarixdə razılaşdıqları 3000 manat pulu da aparıb mebel mağazasına vermək istəyəndə, satış üzrə menecer Ülviyyəni orada tapmamışlar. Hazırda cavabdeh olan Cavabdeh2 adlı satıcı demişdir ki, Ülviyyə xəstədir, məzuniyyətə çıxıb, ona görə də işə çıxmır. Lakin heç bir fərqi yoxdur, onlar eyni adamlardır, mebelin pulunu ödəyin və 1-2 günə mebelləri ünvanına göndərəcəklər. O da Fəxriyyənin sözlərinə inanaraq 3000 manat pulu onların 3-cü mərtəbədə olan kassalarına ödəmişdir. Ödənişləri barədə cavabdehlərin kassalarından ona ümumilikdə 6000 manat məbləğində ödəniş etməyi barədə ödəniş qəbzləri verilmişdir. Həmin ödəniş qəbzlərinin üzərində “Yuvam Mobilya 2” ştampı və üzərində Cavabdeh1 adı yazılmış möhür vardır. 24-25 iyun 2019-cu il tarixlərdə mebellərin təhvil verilməsi barədə cavabdehlərdən heç bir məlumat almadığına görə mağaza ilə telefon əlaqəsi saxlamağa başlamışdır. Onunla telefonla danışan mağazada satıcı olan Fəxriyyə adlı satıcı mebellərin guya hazır olduğunu və mebellərin çatdırılması ilə məşğul olan şəxslərin telefon nömrələrini verərək onlarla əlaqə saxlamağını demişdir. Bundan sonra o, mütəmadi olaraq müxtəlif günlərdə həmin (25.06.2019-cu ildən 04.07.2019-cu ilədək olan müddətində) həm telefon vasitəsilə, həm də özü mağazaya gedərək cavabdehlərlə əlaqə saxlasa da, cavabdeh tərəf hər dəfə vəd verirmişlər ki, mebelləri 1-2 günə gətirib yerində təhvil verəcəklər. Onlar vədlərinə əməl etməmişlər, hətta 28.06.2019-cu il tarixdə axşam saat 18:00-dək mebellərin çatdırılacağına söz versələr də, mebelləri çatdırmadıqlarına görə 30.06.2019-cu il tarixdə mağazaya gedərək mebeldən imtina etdiyini satıcı Fəxriyyəyə bildirmişdir və verdiyi behin 2 qat məbləğdə qaytarılmasını tələb etmişdir. Nəhayət, toya 1-2 gün qalmış, yəni 03-04 iyul 2019-cu il tarixlərdə Sifariş etdikləri mebel əşyalarından yalnız cüzi bir hissəsini gətirmişlər, lakin ustaları olmadığından mebellər də quraşdırmamışdır. Cavabdehlərin verdikləri telefonlarla Elvin, Fərrux adlı şəxslərlə əlaqə saxlamış və həmin şəxslər söz vermişlər ki, 05.07.2019-cu ildə, səhər tezdən mebellərin qalan hissələri ilə birlikdə 2 nəfər usta göndərəcək və ustalar 2 saat müddətində mebelləri tam quraşdıracaqlar. Onlar yenə də vədlərinə əməl etməmişlər və toy günündə, yəni 05.07.2019-cu il tarixdə qızı mebelsiz gəlin köçmüş, toydan sonra yenə də cavabdehlərə şans vermişdir ki, mebellərin qalan hissələrini gətirsinlər və işlərini təhvil versinlər. Onlar yenə də 2 gün müddətində (06-07 iyul 2019-cu il tarixlərdə) mebelləri tam gətirib çıxarmamışlar və sonrakı 2 gün müddətində (08-09 iyul 2019) onlardan heç bir xəbər çıxmamışdır. Həmin günlərdə yarımçıq quraşdırılmış mebellərə baxanda məlum olmuşdur ki, mebellərin rəngi də sifariş etdiyi (ağ, mirvari) rəngdə deyil və bəzi yerlərində ləkələri, qüsurları (dolab yığılan zaman küncləri uyğun gəlmədiyindən həmin hissələr kobud şəkildə kəsilmişdir) vardır. Əlavə olaraq qeyd edir ki, cavabdehlərlə razılaşdıqları mebel əşyalarından bəziləri (stullar, günc divanı və s.) isə ümumiyyətlə gətirilməmişdir. Bundan başqa sifariş verdiyikləri mebellərin rəngi bəyəndikləri (ağ, mirvari) rəngə uyğun olmadığından, sifariş etdikləri rəngə uyğun olmaması, bəzi yerlərində qüsurlar olması barədə cavabdehlərə 09.07.2019-cu il tarixdə telefonla məlumat verərək mebellərdən tam imtina etdiyini bildirmişdir və onlardan tələb etmişdir ki, gedib yararsız və keyfiyyətsiz mebellərini, habelə xeyli hissəsi qablaşdırmada qalan mebellərini geri qaytarsınlar, pullarını qaytarsınlar. Lakin cavabdehlər mebelləri geri qaytarmaqdan qəti surətdə imtina etmişlər. Cavabdehlərin imtinasından təxminən bir ay sonra məcbur olub xeyli miqdarda borca düşərək Xırdalan şəhərində yerləşən Riyad Ticarət Mərkəzində “Bizim Ev” Mebel Mağazalarından qızı üçün qonaq və yataq dəsti almağa məcbur olmuşdur. 2 ay müddətində heç bir problemi həll etməmişlər. Bundan sonra qızının evində mebellərin qalmasına şərait olmadığından məcbur olub 15.09.2019-cu il tarixdə mebelləri xərc çəkərək yük maşını ilə “Xalqlar dostluğu” metrosu yaxınlığında olan “Lorenza” (Yuvam Mobilya) mağazasına gətirmişdir. Orada mebelləri təhvil almaları üçün mağazaya daxil olduqda cavabdehlərdən Ülviyyə və Fəxriyyəni orada görmüş və mebelləri qəbul etməkdən imtina etmişlər. Bu səbəbdən də öz telefonu ilə videoçəkiliş apararaq, mebellərin bir hissəsini həmin mağazaya boşaltmağa başlamışlar. Lakin cavabdehlərin mağazanın qapısını bağlamaları səbəbindən məcbur olub qalan mebelləri mağazanın qarşısına boşaltmalı olmuşlar. Dəfələrlə cavabdehlərdən müqavilə öhdəliklərini yerinə yetirmədikləri üçün verdiyi pulları qaytarmalarını tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Cavabdehlər 2019-cu ilin iyun ayından başlayaraq hal-hazıradək olan 24 ay müddətində 6000 manat məbləğində pulundan faydalanmışlar. Əlavə olaraq cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində get-gələ düşdüyünə, nəqliyyat və əlavə xərclərə görə 600 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əsəb sarsıntısı, iztirablar çəkdiyinə görə mənəvi ziyana görə də pul ödəməlidirlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2(007)- 3063/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 vurulmuş maddi ziyana görə 6000 manat, bank uçot dərəcəsinə görə 600 manat, mənəvi ziyana görə 2000 manat olmaqla, cəmi 8600 manat və ödənilmiş 3,70 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı və Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin qismən, iddia tələblərinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, digər cavabdehlər qanunsuz və əsassız olaraq cavabdehlikdən kənarda qalmışlar. Məhkəmə istehlakçı hüquqlarının pozulmasını qəbul etsə də, iddia tələbini qismən təmin etmişdir. Cavabdehlərlə arasında olan razılaşma əslində beh müqaviləsi olmuşdur. Cavabdeh tərəfindən sifarişi qüsurlu yerinə yetirilmişdir. Cavabdeh1 apelyasiya şikayətində qətnamənin bank uçot dərəcəsinə görə hesablanmış 600 manat, mənəvi ziyana görə 2000 manat pulun tutulması hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı mebellərin alınması üçün 6000 manat ödəniş etmiş, lakin mebellər qüsurlu vəziyyətdə çatdırılmışdır, qüsurların aradan qaldırılması üçün iddiaçıdan şərait yaradılması xahiş edilsə də, iddiaçı razılaşmamış, mebelləri özü sökərək tam yararsız vəziyyətdə satış mağazasına boşaltmışdır. Buna görə ziyan 4200 manat maddi ziyan vurulmuşdur. Dəfələrlə iddiaçıya 6000 manatı geri qaytarmağı təklif etsə də, iddiaçı razılaşmamış, məhkəmə isə əsassız olaraq bank uçot dərəcəsinə görə 600 manat pul tutmuşdur. İddiaçıya mənəvi ziyan vurulmamışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı öz apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. İş materiallarında olan “Yuvam Mobilya”nın 22.05.2019-cu il tarixli Müştəri Anketindən görünür ki, İddiaçı tərəfindən Liza yataq və qonaq dəsti sifariş edilmiş, mebelin qiyməti 7000 manat müəyyən edilmişdir. 3000 manat ödənilmiş, 3000 manat 23.06.2019cu il tarixdə ödənilmiş, ümumi 6000 manat ödəniş edilmişdir. 23.06.2019-cu il tarixli ******* nömrəli Qaimə fakturadan görünür ki, İddiaçı tərəfindən 3000 manat ödəniş edilmiş, qəbz “Yuvam Mobilya”nın möhürü ilə təsdiqlənmişdir. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 07.09.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçının tələbi aşağıdakılardan ibarətdir: - cavabdehlərin hərəkətlərinin (istehlakçı hüquqlarını pozaraq qüsurlu və keyfiyyətsiz malların təklif edilməsi) qanunsuz hesab edilməsi; - mebellərin alınması üçün beh kimi ödədiyi 6000 manat məbləğində pulun 2 misli, yəni 12000 manat məbləğində pulun; - 2019-cu ilin iyun ayından başlayaraq hal-hazıradək olan 24 ay müddətində 6000 manat məbləğində pulundan faydalandıqları üçün faizə görə 7200 manat məbləğində pulun; - maddi ziyana görə 600 manat məbləğində pulun; - mənəvi ziyana görə 50000 manat məbləğində pulun onun xeyrinə tutulması; - cavabdehlərin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 200.2-ci, 178.2.1, 178.2.4-cü maddələrinin tərkib əlamətləri olduğundan onların barəsində prokurora xəbər verilməklə xüsusi qərardad çıxarılması. Birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyana görə 600 manat məbləğində pulun tutulması hissəsinə ümumiyyətlə qiymət verməmişdir. Buna görə də Kollegiya hesab edir ki, qətnamə ləğv edilməlidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun: 3-cü maddəsinə əsasən, istehlakçı istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququna malikdir. 5-ci maddəsinə əsasən, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. 7-ci maddəsinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüqüquna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. 9-cu maddəsinin 8-ci və 9-cu bəndinə əsasən, icraçı istehlakçıdan qəbul etdiyi əşyanı (materialı) itirdikdə, korladıqda, zədələdikdə istehlakçıya özünün keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı (iş görməli və xidmət göstərməli), bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın (materialın) dəyərini və dəymiş itkiləri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir. İcraçı əşyanın (materialın) korlanmasına, gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçını xəbərdar etməlidir. Elmi və texniki biliklərin səviyyəsi əşyanın (materialın) xüsusi xassələrini üzə çıxarmağa imkan vermədikdə belə, icraçı məsuliyyətdən azad edilmir. 10-cu maddəsinə əsasən iş görülməsində və xidmət göstərilməsində, istehlakçının həyatını, sağlamlığını və ya əmlakının təhlükəsizliyini təmin etməyən materialların, avadanlıqların cihazların, alətlərin, qurğuların və başqa vasitələrin tətbiqi nəticəsində vətəndaşın həyatına, sağlamlığına və ya əmlakına zərər dəyərsə, icraçı onlar xassələrini bilib-bilmədiyindən asılı olmayaraq məsuliyyət daşıyır. 11-ci maddəsinə əsasən, malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 21-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1129.1-ci maddəsinə əsasən, malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. 1129.2-ci maddəsinə əsasən, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. 1129.3-cü maddəsinə əsasən, mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər. Müəyyən edilmişdir ki, iddiaçı 22.05.2019-cu il tarixdə qızına cehiz almaq məqsədilə Bakı şəhəri, Babək prospekti, 74C ünvanında yerləşən “Lorenza” (“Yuvam Mobilya”) adlandırılan mebel mağazasından yerli istehsal olan ağ mirvari rəngli “LİZA” qonaq və yataq mebel dəstlərini seçmiş və mebelin qiyməti 7000 manat dəyərində müəyyən edilmişdir. Tərəflər arasında şifahi razılaşma olmuşdur. Həmin məbləğdən 3000 manat 2 həftə müddətində, qalan 3000 manatını qızının toyunun (toy 22.06.2019-cu ilə təyin olunmuşdur) səhərisi günü, yəni 23.06.2019-cu il tarixdə, qalan 1000 manatını isə mebellər oğlan evində (Sumqayıt şəhəri, St.Sumqayıt (Ceyranbatan) qəsəbəsində) tam quraşdırıldıqdan sonra qüsurlar olmadığı təqdirdə ödəmək barədə razılığa gəlmişlər. Göstərilən mebellər quraşdırılsa da, müəyyən edilmiş vaxtda quraşdırılmamış, quraşdırıldıqdan sonra isə mebellərdə qüsurların olduğu aşkar edilmişdir. Qanunvericiliyin tələbinə əsasən xidmətin qüsurları nəticəsində istehlakçının əmlakına dəymiş zərər günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Cavabdeh tərəfindən iddiaçıya göstərilmiş xidmətdə qüsurlar olduğundan, onun tərəfindən keyfiyyətli xidmət göstərilməsinə dair öhdəlik lazımınca icra edilməmiş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir. İddiaçı iddia tələbində Mülki Məcəllənin 492.2-ci maddəsinə istinad edərək beh kimi ödədiyi 6000 manat məbləğin iki misli 12000 manat tutulmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 491-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Məcəllənin 492.2-ci maddəsinə görə əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Qanunvericiliyin tələbinə görə beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. İddiaçı 6000 manatı beh olaraq ödədiyini qeyd etsə də, bu barədə razılaşmanın yazılı formada olması müəyyən edilməmişdir. Belə olan halda, həmin ödənişin beh kimi ödənilməsi nəticəsinə gəlmək qanunvericiliyin tələbinə görə yolverilməz olduğundan, 492.2-ci maddəyə istinadən 12000 manatın tələbi edilməsi də əsassızdır. İşin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən “Lorenza” (“Yuvam Mobilya”) adlandırılan mebel mağazasına 6000 manat məbləğində ödəniş edilmişdir. Odur ki, bu hissədə iddia qismən təmin edilərək, ödənilmiş 6000 manat Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Digər cavabehlərə münasibətdə Kollegiya hesab edir ki, iddia tələbləri təmin edilməməlidir, belə ki, iddiaçı ilə “Lorenza” (“Yuvam Mobilya”) adlandırılan mebel mağazası arasında aparılmış bütün əməliyyatlar Cavabdeh1 məxsus möhürlə təsdiqlənərək onun adından həyata keçirilmişdir, digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 həmin mağazada işçi kimi işlədiyi müəyyən edilmişdir, həmin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 “Lorenza” (“Yuvam Mobilya”) adlandırılan mebel mağazasının göstərdiyi xidmətə görə məsuliyyət daşımır və onların təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddia tələbinin 2019-cu ilin iyun ayından başlayaraq hal-hazıradək olan 24 ay müddətində 6000 manat məbləğində pulundan faydalandıqları üçün faizə görə 7200 manat məbləğində pulun tutulması hissəsində iddiaçı Mülki Məcəllənin 442, 443, 448,1 və 449.1-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, bank uçot dərəcəsinə görə hər ay 5% hesabı ilə (6000:100x5%=300) manat, 24 ay üçün 7200 manat (300x24) pul cavabdehlər onun xeyrinə tutulmalıdır. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsindən bəhs edən MM-nin 443-cü maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur və zərər bu MM-nin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Ancaq nəzərə almaq lazımdır ki, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. Eləcə də borclunun icranı gecikdirməsindən bəhz edən MM-nin 445-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 449-cu maddəsinin tələbinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında aşağıdakı məzmunda şərh verərək göstərilmişdir: «…Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir… Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər… Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bu hal, Məcəllənin 449.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, həmin normaya əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.». X2 Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Göründüyü kimi, ilk baxışdan mahiyyət etibarı ilə eyni məqsəd daşıyan MM-nin 445 və 449-cu maddələri əslində öz təyinatlarına görə fərqli hallar üçün nəzərdə tutulmuşdur və bu baxımdan Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe son dərəcə mühüm əhəmiyyət kəsb edir. Qərara görə hər iki norma pul öhdəliyinin gecikdirilməsi halında ondan faizin tutulmasını mümkün sayır, ancaq MM-nin 445.7-ci maddəsi yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, gecikdirilən məbləğə beş faiz tələb etmək hüququnu ehtiva etdiyi halda, MM-nin 449.1-ci maddəsi pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirmiş və bu əsasla borcluya maliyyə sanksiyasının tətbiqini mümkün saymışdır. MM-nin 445.7-ci maddəsi pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində kreditorun düşdüyü zərərin əvəzləşdirilməsini, MM-nin 449.1-ci maddəsi isə pul öhdəliyi icra edilmədikdə ondan faydalanmağa görə borcluya maliyyə sanksiyasının tətbiq edilməsini nəzərdə tutmuşdur. Hər iki halda borcludan müəyyən faizdə pul məbləği tutulur, ancaq birinci halda əgər kreditor daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik beş faizin tutulması, ikinci halda isə bu məbləğin bank uçot dərəcəsi əsas götürülərək müəyyənləşdirilməklə tutulması müəyyən olunmuşdur. Borc məhkəmə qaydasında tutulduqda isə məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunanlara əsasən Kollegiya qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir, lakin hazırki iş üzrə cavabdehin mübahisələndirilən pul vəsaitindən faydalanması halı sübuta yetirilmir və iş materiallarından müəyyən edilmir, belə olan halda Kollegiya hesab edir ki, MM-nin 449-cu maddəsinin dispozisiya şərtləri daxilində cavabdehdən bank uçot dərəcəsinə uyğun olaraq pulun (maliyyə sanksiyasının) tutulması yolverilməzdir. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kollegiya iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və illik 5% hesablanmaqla (6000 x 5% x 2) iki il üçün 600 manat məbləğində pul tutulmalıdır. Eyni zamanda Kollegiya qeyd edir ki, iddiaçı apelyasiya şikayətində bu hissədə illik 5%-ə görə 9000 manat ödənilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili əsassızdır, belə ki, iddia tələbində iddiaçı 7200 manat tutulmasını tələb etmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddənin tələblərindən göründüyü kimi işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılır. İddiaçı isə apelyasiya şikayətində iddia tələbindən fərqli olaraq 9000 manat tutulmasını tələb edir. Mülki Prosessual Məcəllənin 372.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində get-gələ düşdüyünə, nəqliyyat və əlavə xərclərə görə 600 manat maddi ziyan tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçıya zərər vurulması işin mübahisəsiz halıdır, həmçinin mebellərin iddiaçı tərəfindən tutulmuş maşınla mağazaya geri qaytarılması, boşaldılması mübahisəsizdir. Apelyasiya baxışı zamanı iddiaçı göstərmişdir ki, mebellərin tutulması üçün fəhlə tutmuş, mebellərin geri qaytarılması üçün maşın tutmuşdur. 3 fəhlə olmaqla, hər birinə 50 manat vermiş, maşına 100 manat vermiş, 50 manat ustaya ödəmişdir. Eləcə də dəfələrlə özü mağazaya gedib-gəlmiş, telefonla zəng etmişdir. Kollegiya hesab edir ki, iddiaçının tələbi bu hissədə qismən əsaslı olmaqla, çəkdiyi xərclərin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh1 onun xeyrinə tutulmalıdır. İddiaçının pozulmuş hüququnu bərpa etmək üçün 400 manat məbləğində xərc çəkməsi ağlabatan mühakimə əsasında da ağlabatandır. İddiaçı mənəvi ziyana görə 50000 manat məbləğində pulun tutulmasını tələb etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Kollegiyanın qənaətinə görə, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyanın məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Göründüyü kimi, şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi istirab və sarsıntı keçirməsi, yəni mənəvi ziyan çəkməsi mübahisə doğurmur. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, bu məqsədlə iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlir. İddiaçının sonuncu tələbi isə cavabdehlərin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 200.2-ci, 178.2.1, 178.2.4-cü maddələrinin tərkib əlamətləri olduğundan onların barəsində prokurora xəbər verilməklə xüsusi qərardad çıxarılması ilə bağlı olmuşdur. Bu barədə iddiaçının vəsatətinə münasibətdə Kollegiya qeyd edir ki, bu iddia tələbi sayılmır və prosessual qanunvericiliklə məhkəmələrə verilmiş hüquqdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-ci maddəsinə görə, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.Hazırki işdə isə belə hallar müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı və Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3063/2021 saylı işi üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 hərəkətləri qanunsuz hesab edilməklə, mebellərə görə ödənilmiş 6000 manat, illik 5 faizlə əldən çıxmış faydaya görə 600 manat, çəkilmiş xərclərin əvəzi olaraq 400 manat, mənəvi ziyana görə 3000 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2972/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2972/2022
20.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver