Məhkəmə qərarları › İş №2(103)-2977/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2977/2022

25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2977/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı Səttar qızının nümayəndəsi X7, nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1 MMC Avrasiya Hospitalının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Səttar qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC Avrasiya Hospitalına qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-274/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Səttar qızı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC Avrasiya Hospitalına qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada iddiaçı X1 xeyrinə 3560 manat məbləğində maddi, Türkiyə Respublikasında müalicə üçün ödənilmiş 15000 ABŞ dolları məbləğində pulun manatla məzənnəsi, 50000 manat məbləğində mənəvi zərər, 210 manat məbləğində vəkil xərci və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin fevral ayında nəvəsi X8 Hospitalında burunun uno-plastik əməliyyatı keçirilmişdir. Bu əməliyyatı hospitalın həkimi Cavabdeh2 həyata keçirmişdir. Əməliyyat üçün həkimə 3500 manat pul ödənilmişdir. O, nəvəsinin əməliyyatı zamanı həkim Abduləli ilə tanış olmuş və söhbət əsnasında o, ona gözünün üstündə və kənarlarında olan qırışları əməliyyat edərək götürməyi təklif etmişdir. O, nəvəsinin toyunda yaxşı görünmək üçün bu haqda fikirləşməyə başlamış və həkimin davamlı təkidindən sonra razılaşmışdır. Həkim Cavabdeh2 ondan göz qapağında və gözün ətrafında olan qırışların götürülməsi kosmetik əməliyyatı üçün 8560 manat pul istəmişdir. 22.01.2019-cu ildə saat 7-də Avrasiya Hospitalında resepşndə oturan oğlana 8560 manat vermiş, lakin olan heç bir qəbz verilməmiş, bildirilmişdir ki, 6-cı mərtəbədə yerləşən əməliyyat otağında Abduləli həkim onu gözləyir. Əməliyyat 6 saat davam etmiş və həkim onu düzgün əməliyyat etmədiyi üçün 4 gün Hospitalda qalmışdır. Buna görə də əlavə olaraq 500 manat məbləğində pul ödəmişdir. Xəstəxanadan çıxdıqdan sonra onun vəziyyəti daha da ağırlaşmış və göz nahiyəsində şiddətli ağrılar başlamışdır. Ona görə də qızı Səadət onu öz evlərinə aparmış və o, 15 gün onlarda qalmışdır. Orda qaldığı müddətdə ağrılara dözə bilmədiyi üçün hər gün həkimi axtarmışdır. Lakin həkimin köməkçisi Könül ona demişdir ki, həkim xaricdə ezamiyyətdədir. Qızıgildə olduğu müddətdə həkimin köməkçisi 3-4 dəfə gəlib onu müayinə etmiş və hər dəfə demişdir ki, «həkim deyir ki, narahat olmasın düzələcək». Əməliyyat nəticəsində gözü qapanmamış və göz ətrafında yaralar əmələ gəlmişdir. Hətta gecələr yatarkən göz qapağı tam bağlanmamışdır. Ona görə də gözüaçıq yatmalı olmuşdur. Görmə qabiliyyəti də zəifləmişdir. Nəhayət o, həyat yoldaşının təkidi ilə öz evinə gətirilmişdir. Həmin dövrlərdə gözü görməmişdir və kəllə sümüyünə dəmirlər taxıldığı üçün vəziyyəti daha da ağırlaşmışdır. Həkimi tapa bilmədiyi üçün həkimin köməkçisi Könülü evə çağırmışdır. Mart ayının əvvəllərində həkimin köməkçisi Könül vəziyyətinin daha da ağırlaşdığını görüb bu barədə həkimə bildirmişdir. Bundan sonra həkim səhərisi günü Avrasiya Hospitalına gəlməyini bildirmişdir. O, Hopsitala getmiş, həmin gün Abduləli həkim ondan şikayət verməmək üçün və gözü qapanmadığı üçün yenidən onu əməliyyat etmiş və gözünün üst qapağından kəsib alt qapağına tikmişdir. Bu əməliyyatdan sonra da gözləri yumulmamış və yenə də şiddətli ağrılar baş vermişdir. O, bu ağrılara dözə bilməyib digər xəstəxanalara müraciət etmişdir. Briz klinikasının və Dobromed klinikasının həkimlərinə dəfələrlə müraciət etmiş və onların birmənalı rəyinə əsasən Avrasiya Hospitalında onun əməliyyatı səhv aparıldığı üçün gözünə, yəni görmə qabiliyyətimə zərər yetirilmişdir. Dobromed klinikasının həkimi Aygün xanımın dəfələrlə qəbulunda olmuş və onun müalicəsini almışdır. Onun vəziyyətinin daha da ağırlaşmasını görən ailəsi onu Türkiyəyə müayinə üçün getməyi məsləhət bilmişdir. 14.03.2019-cu ildə İstanbul şəhərində yerləşən «X10 Hastanesi Mərkəzi» klinikasında müayinə olmuş, ona bildirmişlər ki, onun üzərində aparılan əməliyyat tamamilə yanlışdır, lakin təzə olduğu üçün iki aydan sonra gəlib əməliyyat olar. Mart ayının 15-də Bakıya qayıtmışdır. Lakin o, gözünün şiddətli ağrılarına dözə bilmədiyi, gözünün qapanmadığı üçün və gözünün sulanmasına dözə bilməyib mart ayının 23-də yenidən Türkiyəyə getmiş, aprel ayının 2-də Türkiyədə yerləşən «X10 Hastanesi Mərkəzi» klinikasında əməliyyat olmuşdur. Əməliyyat zamanı onun gözü qapanmadığı üçün qulaq nahiyəsindən dəri kəsilib göz nahiyəsinə tikilmişdir. O, Türkiyədə yerləşən klinikada müalicə və əməliyyat üçün 15000 dollardan çox pul xərcləmişdir. O, Türkiyəyə getməmişdən öncə həyat yoldaşı Adil Rəhimov və yeznəsi Natiq Həsənov cavabdehlər Avrasiya Hospitalı və Cavabdeh2 ilə danışıqlar aparmış və onlara ödənilmiş puldan 7500 manatı qaytarmışlar. Lakin bu məbləğ onun Türkiyədə müalicəsi üçün çəkdiyi və bundan sonra çəkəcəyi xərcləri ödəmir, üç aydan çoxdur ki, maddi və mənəvi zərərin ödənilməsi üçün kifayət etmir. Onun müalicəsi hazırda davam edir. O, daimi olaraq Türkiyə Respublikasına müalicə üçün gedir. Hazırda isə ona dəymiş maddi ziyan 3560 (cavabdehlər tərəfindən 7500 manat ona qaytarılmışdır) manat məbləğindədir. Türkiyədə əməliyyat olunmaq üçün 15000 ABŞ dolları məbləğində xərc də maddi ziyan sırasındadır. Hesab edir ki, hazırkı işin faktiki halları baxımından ona mənəvi ziyana görə 50000 manat məbləğində pulun ödənilməsi ağlabatandır. Hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamışdır. Bunun üçün 210 manat məbləğində pul ödəmişdir. Hesab edir ki, həmin məbləğ də cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-274/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iş üzrə tam və obyektiv araşdırma aparılmamasını, birinci instansiya məhkəməsinin ekspert rəyinə istinad etməsini, halbuki həmin rəydə verilmiş suallarla cavablar arasında ziddiyyət olmasını, suallara tam və hərtərəfli cavablar verilməməsini, təkrar ekspertizanın təyin olunmalı olmasını və s. göstərmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-731/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-316/2022 saylı, 14 fevral 2022ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-731/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Təkrar apellyasiya məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC Avrasiya Hospitalının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə baxışında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsiHacıyev İntiqam Məcid oğlu izahatında bildirmişdir ki, kəkim ixtisası üzrə bakalavr pilləsini bitirdikdən sonra ixtisaslaşmaq üçün rezidentura təhsili almalıdır. 2011-ci ildən sertifikasiya barədə qərar qüvvəyə mindikdən sonra həkimlər fəaliyyət göstərmək üçün sertifikasiya imtahanından keçməlidirlər. Cavabdeh ACavabdeh2 2001-ci ildə Universiteti ildə sertifikasiya imtanından keçməmişdir. Sonuncu 30.05.2019-cu il tarixdə sertifikasiyadan keçmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı Səttar qızı və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...işdən görünür ki, iddiaçı iddia tələbinin əsası kimi əməliyyatdan sonra onun Avrasiya Hospitalda həm həkim Cavabdeh2 tərəfindən, həm İstanbul şəhərində təkrar əməliyyat olunmasına, cavabdehlər tərəfindən 7500 manatın qaytarımasına istinad etmiş, hətta İstanbul şəhərində təkrar müayinə və əməliyyatı ilə bağlı müvafiq tibbi sənədləri də əlavə etmişdir. İşə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının istinad bu hallar və təqdim etdiyi sənədlərlə bağlı hər hansı araşdırma aparmamış, iddiaçının əməliyyatdan sonra təkrar iki dəfə əməliyyat olunmasının hansı zərurətdən doğmasına, cavabdehlərin iddiaçıya pul qaytarıbqaytarmamasına aydınlıq gətirməmiş, pulun qaytarıldığı halda, bunun səbəblərini (bunun cavabdehlərin təqsirini etiraf etmələri baxımından) araşdırmamış, yalnız ekspert rəyinə istinad etmiş, həmin rəyi də prosessual qanunvericiliyin tələbinə uyğun qiymətləndirməmişlər. Birinci instansiya məhkəməsi Cavabdeh2 qarşı iddianı rədd edərkən həm də ona istinad edib ki, Cavabdeh2 iddiaçının üzərində əməliyyatı icra edərkən faktiki olaraq həkim kimi fəaliyyət göstərdiyi klinikada əmək funksiyalarını yerinə yetirirdi. Cavabdeh2 cavabdehlər arasında bağlanmış xidmət müqaviləsinə əsasən klinikanın tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərmiş, mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs kimi onun işçisi olmuşdur. Birinci instansiya məhkəməsinin bir tərəfdən Cavabdeh2 klinikada əmək funksiyalarını yerinə yetirməsini, bir tərəfdən də Cavabdeh2 xidmət müqaviləsinə əsasən klinikanın tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərməsi barədə gəldiyi nəticə ziddiyyətli olub. Əmək funksiyaları əmək müqaviləsinə əsaslandığı halda, xidmət müqaviləsi mülki hüquqi əqd olub, əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyalarını özündə ehtiva etmir. Bundan başqa, birinci instansiya məhkəməsinin işin bu halını nə ilə müəyyən etməsi də işdən görünmür, çünki bu barədə nəinki hər hansı sübut araşdırılıb, hətta cavabdehlərin buna münasibəti belə öyrənilməyib. Apellyasiya məhkəməsi də buna aydınlıq gətirməyib, halbuki apellyasiya şikayətinin bir dəlili də bu barədə olub. Birinci instansiya məhkəməsi araşdırmanın nəticəsi olaraq həm cavabdeh hospitalın istər iddiaçıdan alınan və qaytarılan məbləğlərə dair maliyyə, istərsə də, iddiaçının hospitalda əməliyyatı ilə bağlı tibbi sənədlərin tərtib edilməməsi, həm də Cavabdeh2 əməliyyat zamanı müvafiq sertifaksiyadan keçməməsi faktı ilə bağlı xüsusi qərardad çıxarsa da, sonda iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsinə istinad etməsi ziddiyyətli nəticədir. Üstəlik, nəzərə alınmalıdır ki, məhkəmələrin istinad etdiyi Mülki Məcəllənin 1112-ci maddəsində nəzərdə tutulmuş “Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir” ifadəsi zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirmək yükünü tibb müəssisəsinin üzərinə qoyur. Həmçinin işin müəyyən edilmiş hallarına görə Cavabdeh2 plastik cərrahiyyə əməliyyatı aparmaq üçün müvafiq sertifaksiyadan iddiaçını əməliyyat edəndən sonra keçsə də, işin bununla bağlı digər halları – sertifikasiyadan keçməyən həkimin müvafiq (məhz iddiaçının üzərində keçirilən) əməliyyatı keçirməyə səlahiyyətinin olubolmaması araşdırılmayıb...” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Belə ki, mübahisələndirilməyən hallarından göründüyü ki, İddiaçı 22.01.2019-cu il tarixdə qaş və yanaqda olan sallanma, üst göz qapağında izafi dəri yığınları, xarici görünüşünün qənaətbəxş olmaması şikayətləri ilə Cavabdeh1 MMC Avrasiya Hospitala müraciət etmişdir. İddiaçıya “Üzün yuxarı və orta nahiyəsinin alt göz qapaqlarının estetik deformasiyası. Alt göz qapaqlarının ekrtopionu” diaqnozu qoyulmuş və daha sonra onun üzərində həmin tarixdə ümumi anesteziya altında “Üzün yuxarı və orta hissəsinin liftinqi, üst blefaroplastika kantopexiya lipofilinqi” əməliyyatı icra edilmişdir. Hazırda İddiaçı Səttar qızı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC Avrasiya Hospitalına qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada iddiaçı X1 xeyrinə 3560 manat məbləğində maddi, Türkiyə Respublikasında müalicə üçün ödənilmiş 15000 ABŞ dolları məbləğində pulun manatla məzənnəsi, 50000 manat məbləğində mənəvi zərər, 210 manat məbləğində vəkil xərci və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan Cavabdeh1 MMC Avrasiya Hospital tərəfindən verilmiş epikrizdən görünür ki, pasient İddiaçı xx.xx.1952-ci il təvəllüdlü, 22.01.2019-cu il tarixdə qaş və yanaqda olan sallanma, üst göz qapağında izafi dəri yığınları, xarici görünüşünün qənaətbəxş olmaması şikayətləri ilə Avrasiya Hospitala qəbul olunmuşdur. Aparılan kliniki, laborator və instrumental müayinələrdən sonra xəstəyə “Üzün yuxarı və orta nahiyəsinin alt göz qapaqlarının estetik deformasiyası. Alt göz qapaqlarının ekrtopionu” diaqnozu qoyulmuşdur. 22.01.2019-cu il tarixində ümümi anesteziya altında “Üzün yuxarı və orta hissəsinin liftinqi, üst blefaroplastika kantopexiya lipofilinqi” əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. 26.01.2019-cı il tarixdə pasient kafi vəziyyətdə ambulator müalicəyə göndərilmişdir. Müvafiq təyinatlar verilmişdir. X1 adına “Briz-L” Göz Klinikasında tərtib edilmiş çıxarışdan görünür ki, ona 14.02.2019-cu il tarixdə “OU-zəif dərəcəli hipermetropiya, açıqda qalan keratiti” diaqnozu təyin edilmişdir. Daxil olarkən görmə itiliyi: OD:0,4; OS: 0,4. Müvafiq təyinat verildi. İddiaçı adına “Dobromed” Klinikasında tərtib edilmiş 23.04.2019-cu il tarixli çıxarışdan görünür ki, o, 15.02.2019-cu il tarixdə klinikada müayinə olunmuş və “OU- Laqoftalm, OD-komeal eroziya” diaqnozu qoyulmuşdur. Daxil olarkən VisOD-0,15; VisOS- 0,2; TnOD-14; TnOS-15. Xəstəyə OD kontakt linza (bandaj məqsədilə) konservativ müalicə aparılmışdır. Əməliyyatdan sonra VisOD-0,2+1,75=0,7; VisOS-0,3+1,75=0,7. TnOD-17; TnOS-18. Müvafiq müalicə planı verilmişdir. Eroziya bağlanıb, komea şəffafdır. İddiaçı adına Türkiyə Cümhuriyyəti “X5 Kompleksində tərtib edilmiş epikrizdən görünür ki, o, 25.03.2019-cu il tarixdə daxil olarkən şikayətləri sağ gözdə şişkinlikdən, ağrıdan və sulanmadandır. Müvafiq müayinələr aparıldı və ona “Lakrimal bezin digər pozğunluqları. Konyuktivit. Göz qapağının digər pozğunluqları. Blefaroşalazis. Keratit. Laqoftalm” diaqnozu təyin edilmişdir. Xəstəyə “Göz qapağı dəri defektlərinin rekonstruksiyası” cərrahiyyə əməliyyatı icra edilmiş və xəstə 26.03.2019-cu il tarixdə evə buraxılmışdır. İddiaçı adına Türkiyə Cümhuriyyəti “X5 Kompleksi”ndə tərtib edilmiş epikrizdən görünür ki, o, 01.04.2019-cu ildə daxil olarkən şikayətləri sağ gözdə şişkinlikdən, ağrıdan və sulanmadandır. Epikrez: Bilateral üst qapaq blefaroplasti sonrası laqoftalm. Müayinə: Bilateral ftalm və yayqın punktat keratit. Xəstə yatarkən sağda daha çox bilateral açıq qalır, iki qapaq dərisi ödemlidir. Sağ göz 4 mm, sol göz 2 mm açıq qalır, sağ üst qapağa 9, sol göz üst qapağa 7 mm cilt əlavə ediləcək. Göz yaşı müalicəsi verildi. İş materiallarında olan İddiaçı adına 58 saylı şəhər Poliklinikasında tərtib edilmiş ambulator kitabçanın çıxarışından görünür ki, o, 22.07.2019-cu il tarixdə poliklinikaya müraciət etmişdir. Özünü 7 aya yaxındır ki, xəstə hesab edir. Xəstəliyin səbəbini keçirdiyi cərrahi əməliyyatla əlaqələndirir. Xəstənin ümumi vəziyyəti orta ağırdır. Bəbəklər D=S. Üzü simmetrikdir. Refleksləri canlanmışdır. Emosional labildir. Xəstəliyi tez-tez residivləşir. Diaqnoz: “Nevropatiya. Dissirkulyator ensefalopatiya”. Xəstə stasionar müalicəyə göndərilir. 23.07.2019-cu il tarixdə xəstədə heç bir məhsuldar psixi simptomlar aşkarlanmır. Psixi halı ilə əlaqəli ambulator müraciət edə bilər və ya sanator-kurort müalicəsi daha məqsədyönümlüdür. Nevroloqun baxışı zamanı xəstədə ocaqlı və meningial simptomatika qeyd olunmur. Emosional və vegetativ həssasdır. Hal-hazırda xəstədə asteno-nevrotik hal (situasiyaya qarşı) qeyd olunur. Müvafiq məsləhətlər verildi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin 325/KEŞ nömrəli, 06.09.2019-cu il tarixli ekspert rəyindən görünür ki, 1952-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmətibbi və mütəxəssis müayinələrinə əsaslanaraq ekspertiza qarşısında qoyulmuş suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlir: “Avrasiya Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 22.01.2019-cu il tarixdə hospitala daxil olduqdan sonra aparılmış kliniki, laborator və instrumental müayinələr əsasında ona “Üzün yuxarı və orta nahiyəsinin, alt göz qapaqlarının estetik deformasiyası. Alt göz qapaq larının ektropionu” diaqnozu düzgün təyin edilmişdir. “Avrasiya Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi əməliyyatdan öncə aparılmış kliniki, laborator və instrumental müayinələrinin nəticələrinə əsasən əməliyyata əks göstəriş olmamışdır. “Avrasiya Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və özünün mütəxəssis müayinələrinə əsasən təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “Üzün yuxarı və orta hissəsinin liftinqi, üst blefaroplastika kantopexiya lipofilinqi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı mütəxəssis müayinələrinə əsasən, onda əməliyyatdan sonrakı dövrdə üst göz qapaqlarının tam bağlanmaması, sağ göz qapağının fizioloji formasının dəyişməsi və əməliyyat nahiyəsində post-operativ çapıq toxumasının olduğu müəyyən edilmişdir. Əməliyyatdan sonrakı dövrdə yaranmış dəyişikliklər pasientin yaşından və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq post-operativ çapıq toxumasının formalaşması ilə əlaqədar meydana çıxmışdır. Qeyd olunan patoloji dəyişikliklər etaplı cərrahiyyə əməliyyatları və fizioterapevtik prosedurlar ilə aradan qaldırıla bilər. İddiaçı mütəxəssis-oftalmoloqun müayinəsinə əsasən, onda görmə qabiliyyətinin VisOD=0,1; VisOS=0,1 olduğu, yuxarı göz qapağının tam qapanmadığı, sağ göz qapağının fizioloji formasının dəyişdiyi, əməliyyatla bağlı çapığın və “quru göz sindromu”nun olduğu müəyyən edilmişdir. Üst göz qapaqlarında əməliyyatdan sonra yaranmış deformasiyalar etaplı cərrahi əməliyyatlar və fizioterapevtik prosedurlar ilə aradan qaldırıla bilər. Bunun üçün tələb olunan vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspertiza komissiyasının səlahiyyətlərinə aid deyil. İddiaçı üzərində icra edilmiş ilkin cərrahiyyə əməliyyatından sonrakı dövrdə onda yaranmış patoloji dəyişikliklərlə əlaqədar 25.03.2019-cu il tarixdə Türkiyə Cümhuriyyəti “X5 Kompleksi”ndə onun üzərində “Göz qapağı dəri defektlərinin rekonstruksiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. İlkin cərrahiyyə əməliyyatından sonra qeyd olunan patoloji dəyişikliklər orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq bu tip estetik əməliyyatlarda rast gəlinən hallardandır. Birinci instansiya məhkəməsinin q ətnaməsindən görünür ki, məhkəmə iddianı rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən məlum olmuşdur ki, “Avrasiya Hospital”da İddiaçı “Üzün yuxarı və orta nahiyəsinin, alt göz qapaqlarının estetik deformasiyası. Alt göz qapaqlarının ektropionu” diaqnozu düzgün təyin edilmiş, onun üzərində “Üzün yuxarı və orta hissəsinin liftinqi, üst blefaroplastika kantopexiya lipofılinqi” cərrahiyyə əməliyyatı diaqnoza uyğun şəkildə, taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Hal-hazırda iddiaçıda müşahidə edilən əməliyyatdan sonrakı dəyişikliklər isə iddiaçının yaşından və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq yaranmış və bu tip estetik əməliyyatlarda rast gəlinən hallardandır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 MMC Avrasiya Hospitalda həkimlik fəaliyyəti ilə məşğul olan Cavabdeh2 tərəfindən “Üzün yuxarı və orta hissəsinin liftinqi, üst blefaroplastika kantopexiya lipofılinqi” cərrahiyyə əməliyyatının düzgün icra edilmədiyi öz təsdiqini tapmadığından, əməliyyatdan sonrakı dövrdə iddiaçının xarici görünüşündə və sağlamlığında yaranmış dəyişikliklərlə qeyd edilən əməliyyat arasında hər hansı səbəbli əlaqənin mövcudluğu isə müəyyən edilmədiyindən,hazırki iddia rədd edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəmə gəldiyi nəticənin əsası kimi məhkəmə-tibbi ekspertizasının rəyinə əsalansa da, qeyd edilən rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə araşdırmamış, iddianın əsaslığını təkzib etmək üçün digər sübutlara hüquqi qiymət verməmişdir. Kollegiya iş materiallarında olan və apellyasiya instansiya məhkəməsində təqdiq olunmuş digər süburları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, İddiaçı Səttar qızının iddiası qismən əsaslıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 10.04.2020-ci il tarixli 05/19-2217 nömrəli məktubdan görünür ki, Cavabdeh2 plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olması üçün 18.06.2019-cu il tarixində sertifikasiyadan keçmiş və ona AH 034814 nömrəli sertifikasiya şəhadətnaməsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 11.06.2020-ci il tarixli 05/19-2928 nömrəli məktubdan görünür ki, Cavabdeh2 Səhiyyə Nazirliyinə müraciəti 15.05.2019-cu il tarixdə olmuşdur. Təqdim etdiyi Rusiya Federasiyasında aldığı diplomdan sonrakı təhsil və keçdiyi ixtisaslaşma kursu barədə sənədlərə əsasən ona plastik cerrahiyye ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olması üçün sertifikasiyadan keçməsinə icazə verilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 46-cı maddəsinin üçüncü hissəsinə əsasən ixtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci maddəsinin altı hissəsinə əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. İş materiallarından görünüdüyü kimi, Cavabdeh2 İddiaçı üzərində plastik cərrahiyyə əməliyyatını 22.01.2019-cu il tarixdə aparmışdır. Səhiyyə Nazirliyinin məktunundan da göründüyü kimi Cavabdeh2 plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olması üçün 18.06.2019-cu il tarixində sertifikasiyadan keçmişdir. Göründüyü kimi Cavabdeh2, İddiaçı üzərində plastik cərrahiyyə əməliyyatı aparan zamanı onun bu tip əməliyyatı həyata keçirmək üçün sertifikatı (icazəsi) olmamışdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanununa əsasən isə Cavabdeh2 serfitakı olmadan bu tip əməliyyatı aparmaq səlahiyyəti olmamışdır. Bundan başqa, müəyyən edilmişdir ki, cavabdeh hospital əməliyyatdan sonra əməliyyata görə ödənilmiş pulun 7500 manatın qaytarımış və bu halın onlar tərəfindən edilmiş humanistliklə əaqələndirmişdir. Həmçini, iddiaçı İstanbul şəhərində təkrar müayinə və əməliyyatı ilə bağlı müvafiq tibbi və digər xərcləri ilə bağlı sənədləri də əlavə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddənin məzmunundan göründüyü kimi mülki hüquq pozuntusunun yaranması üçün delikt vuran tərəfindən mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik təqsirli olaraq törədilməlidir. Mülki hüquq nəzəriyyəsinə görə təqsir iki-qəsd və ehtiyatsızlıq formasında olur. Mülki hüquqda cinayət hüququndan fərqli olaraq qəsdin deyil, ehtiyatsızlığın iki-kobud (şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyini aşkar gördüyü halda etinasızlıq göstərərək onların qarşısını almır) və adi (baş verə biləcək zərərli nəticələr aşkar görünmür) formaları fərqləndirilir. Kollegiya hesab edir ki, Cavabdeh2 qanunvericiliklə nəzərədə tutulmuş qaydada səlahiyyəti olmadan plastik cərrahiyyə əməliyyatı aparmış və İddiaçı səhhətinə faktiki olaraq ziyan dəymişdir. X4 müəyyən etdiyi tərifə görə sağlıq-bədənsəl, ruhi, mənəvi və sosial olaraq şəxslərin özlərini yaxşı hissetmələdir. 30-cu X3 insan sağlamlığı barədə başqa tərif, bir fərdin sosial və iqtisadi olaraq effektiv həyat sürməsinə sağlam həyat təşkil etdiyi-ibarəsini işlətmişdir. Pasiyent Hüquqlarına Dair Avropa Xartiyasının (i.e. Roma, 2002) preambulasına baxdıqda aydın qeyd edilir ki, “hər kəsin yüksək səviyyədə səhhətinin mühafizəsi hüququ vardır”. Həmin Xartiyanın 1-ci maddəsində qeyd edilir ki, “hər kəsin səhhətində olan problemlərin qarşısının alınmasını tələb etmək hüququ vardır. Dövlətlərin səhiyyə xidmətinin əhalinin müxtəlif qrupları üçün müntəzəm olaraq xidmət prosedurlarının təmin edilməsi və elmi tədqiqatların və texnoloji yeniliklərin nəticələrini hər kəsə tətbiq etməklə insanların bu sahədə məlumatlılığının artırılması yönündə pozitiv öhdəliyi var”. Azərbaycan Respublikasının da tərəf olduğu “Avropa Sosial Xartiyası”nın (1996, Strasburq ) 13-cü maddəsinə əsasən Yüksək Tərəf dövlətlər tibbi yardımın effektiv olacağını və bu sahədə müasir və səmərəli xidmətlər göstərəcəyini öz üzərinə götürməkdədir. Tibbi xidmətlər zamanı insan şərəf və ləyaqətinin qorunmasını yönündə ən mütərəqi beynəlxalq sənəd olan “Oviedo Konvensiyası (digər adı-İnsan Hüquqları və Biotibb )”nın əsas məqsədinə baxdıqda qeyd olunur ki, bütün insanlığın qürurunu və şəxsiyyətini qorumaq, hər kəsə ayrı-seçkilik etmədən, bədən bütünlüyünə hörmət və bioloji və tibb xidmətlərin tətbiqi ilə bağlı insan hüquq və azadlıqlarının qorunmasını təmin edilməsini dövlətlər öz üzərinə götürməkdədir. Pasiyentin hüquqlarının qorunması ilə bağlı mühüm əhəmiyyət kəsb edən və beynəlxalq hüquqda əsas mənbələrdən biri hesab edilən “Pasiyentin hüquqları haqqında Lissabon Bəyannaməsi”ndə pasiyent-həkim münasibətlərinin tənzimlənməsinə dair qeyd edilir ki, xəstə həmişə onun maraqlarına uyğun ən yaxşı səviyyədə müalicə olunmalı, tətbiq ediləcək müalicə metodları təsdiq edilmiş tibbi prinsiplərə uyğun olmalı, keyfiyyət təminatı həmişə səhiyyənin tərkib hissəsi olmalı, həkimlər, xüsusilə, tibbi xidmətlərin keyfiyyətinin təminatçıları üzərilərinə düşən məsuliyyəti qəbul etməli və xəstələrə tətbiq ediləcək müalicə metodlarında ədalətli seçim hüququna malik olmalıdırlar. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxsi bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərmək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. Sadalan hallar cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi zərərin vurulmasını birmənalı təsdiq edir, iddiaçıda bu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu, cavabdehdə isə zərərin əvəzinin ödənilməsini vəzifəsini yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Bundan başqa Cavabdeh1 MMC Avrasiya Hospitalının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 28.12.2018-ci il tarixli 147 nömrəli əmrdən görünür ki, Cavabdeh2 28.12.2018-ci il tarixdən tam ştat vahidi ilə Cərrahiyyə şöbəsinə həkim plastik cərrah vəzifəsinə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmış və əmək haqqı 350 manat təyin edilmişdir. Məhkəmə kollegiyası tərəfindən nümayəndəyə əmək müqaviləsinin bağlanıbbağlanmaması barədə məlumatın, əgər bağlanmışsa əmək müqaviləsinin surətinin, əmrlər kitabından çıxarışın məhkəməyə təqdim olunması xahiş olunsa da, sonuncu bu barədə hər hansı bir məlumatı məhkəməyə təqdim etməmişdir. Sadəcə nümayəndə tərəfindən məhkəməyə tibbi xidmətlərin göstərilməsi barədə 29.12.2018-ci il tarixli müqavilə təqdim edilərək bildirilmişdir ki, Cavabdeh2 Cavabdeh1 MMC Avrasiya Hospitalının işçisi olmamış, o, sadəcə xidməti müqavilə əsasında fəaliyyət göstərmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18.04.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar vəzifələrini icra edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində iddiaçı Almaz Rəhimovaya ziyan vurulduğu üçün və Cavabdeh2 xidmət müqavilə ilə Cavabdeh1 MMC Avrasiya Hospitalında fəaliyyət göstərdiyindən qanunvericiliyin tələbinə əsasən hazırki iddia üzrə tələb olunan maddi ziyan Cavabdeh1 MMC Avrasiya Hospitalınından tutularaq Almaz Rəhimovaya ödənilməlidir. Məhkəmə kollegiyası iddiaçının maddi ziyan tələbi ilə bağlı iddiasını qismən əsaslı edərək, qeyd edir ki, yalnız iş materiallarında olan sənədlər əsasındə təsdiq olunmuş məbləğdə maddi ziyan Cavabdeh1 MMC Avrasiya Hospitalından tutularaq Almaz Rəhimovaya ödənilməlidir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cavabdeh1 MMC Avrasiya Hospitalının nümayəndəsinin məhkəməyə təqdim etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə 12.11.2020-ci il tarixli qərardan görünür ki, həmin qərarda Cavabdeh1 MMC Avrasiya Hospitalının məktubuna istinad olunaraq qeyd edilmişdir ki, İddiaçı Səttar qızı ilə klinika arasında 22.01.2019-cu il tarixdə tibbi xidmət müqaviləsi başlanmış və ******* nömrəli xəstəlik tarixi açılmışdır. Xəstə tərəfindən klinikanın kassasına 8500 manat ödənilmiş və xəstəyə kassa çeki təqdim olunmuşdur. Hal hazırda köhnə nəzarət kassa aparatlarei ləğv olunmuş, yeni nəsil nəzarət kassa-aparatları quraşdırıldığı üçün kassa çekini təqdim etmək mümkün olmamışdır. İddiaçı Səttar qızı tərəfindən klinikaya ödənilən məbləğin 7500 manatı 12.03.2019-cu il tarixdə xəstə yaxınlarına qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC Avrasiya Hospitalının nümayəndəsi də izahatında İddiaçı Səttar qızından alınmış 8500 manat pulun 7500 manatının qaytarıldığını etiraf etmişdir. Kollegiya hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəydiyi öz təsdiqini tapdığından cavabdeh tərəfindən əməliyyat xərci olaraq alınmış 8500 manat puldan qalan 1000 manat pul iddiaçıya ödənilməlidir. Bundan başqa, iş materiallarından olan mədaxil qəbzindən görünür ki, İddiaçı Səttar qızı tərəfindən 26.01.2019-cu il tarixdə Cavabdeh1 MMC Avrasiya Hospitalının hesabına əlavə olaraq 462 manat depozit hesabı ödənilmişdir. Eyni qaydada kollegiya hesab edir ki, həmin məbləğin cavabdehə iddiaçı tərəfindən ödənilməsi öz təsdiqini tapdığından həmin məbləğdə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iş materiallarında olan 26.04.2019-cu il tarixli, 355766 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqlarının müdafiə edilməsi məqsədilə 14 saylı Vəkil Bürosunun hesabına 210 manat ödəniş etmişdir. 06.05.2019-cu il tarixli ödəniş qəbzindən (№ 5********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddia əsaslı olduğundan iddiaçının vəkilə ödədiyi hüquqi yardım haqqının əvəzi olan 210 manat pul və iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul, ümumilikdə 240 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya, həmçinin, hesab edir ki, cavabdehin təqsiri nəticəsində iddiaçının səhhətində yaranmış problemlərin aradan qaldırılması üçün Türkiyə Respublikasında müalicə almaq məqsədilə iddia tərəfindən çəkilmiş xərclər də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarında olan Almaz Rəhimovanın adına olan təyyarə biletlərindən görünür ki, 11.05.2019-cu il tarixdən Bakıdan İstanbula uçan təyyarə bileti ilə bağlı 293 manat, 13.05.2019-cu il tarixdə İstanbuldan Bakıya isə 267 manat pul ödənilmişdir. Kollegiya hesab edir ki, təyyarə biletləri üçün ödənilmiş ümumilkdə 560 (293+267) manat pul cavabdehdən tutulara iddiaçıya ödənilməlidir. Bundan başqa iş materiallarında olan qəbzlərdən görünür ki, Almaz Rəhimova əməliyyat xidməti olaraq 35815 Türkiyə lirəsi ödəmişdir. Ümumilikdə isə iddiaçı tərəfindən müalicə olunması məqsədilə (otel xidməti ilə birlikdə) Türkiyə Respublikasında 36777 Türkiyə lirəsi pul xərcləmişdir. Mərkəzi Bankın rəsmi saytındakı məlumata əsasən 01.03.2019-cu il tarixdə Türkiyə lirəsi üçün kurs 0,3183 manat olmuşdur. Kollegiya hesab edir ki, iddiaçının əməliyyat və otel xərci olaraq ödədiyi 36777 Türkiyə lirəsinin həmin dövrə olan kursa münasibətdə 11706 manat (36777x0,3183=11706) pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının mənəvi zərər tələbi ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ”Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarınınn pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Qeyd olunan Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hazırkı işin xüsusiyyətini, işin faktiki hallarını və iddiaçının vəziyyətini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya mənəvi ziyan dəyməsi mübahisəsizdir, lakin iddiaçının mənəvi ziyana görə tələb etdikləri 50.000 manat ağlabatan deyil. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə göstərilmişdir ki, mənəvi zərər vurulması pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mənəvi ziyana aid hissədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 MMC Avrasiya Hospitalından mənəvi ziyana görə 2000 manat alınaraq iddiaçıya verilməli, qalan hissədə mənəvi ziyan tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 MMC Avrasiya Hospitalından maddi ziyana görə 13968 manat (11706 manat müalicə və otel xərci+560 manat təyyarə biletinin pulu+240 manat vəkilə və dövlət rüsumuna ödənilmiş pul+462 manat Cavabdeh1 MMC Avrasiya Hospitalına depozit olaraq ödənilmiş pul+1000 manat Cavabdeh1 MMC Avrasiya Hospitalında əməliyyat görə ödənilmiş puldan qaytarılmayan hissə), mənəvi ziyana görə 2 000 manat, ümumilikdə 15968 manat alınaraq İddiaçı Səttar qızına verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-274/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 MMC Avrasiya Hospitalından maddi ziyana görə 13968 (on üç min doqquz yüz altmış səkkiz) manat, mənəvi ziyana görə 2 000 (iki min) manat, ümumilikdə 15968 (on beş min doqquz yüz altmış səkkiz) manat alınaraq İddiaçı Səttar qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar