Məhkəmə qərarları › İş №2(103)-2981/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2981/2022

31.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2981/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi Vəkil1, cavdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-660/2021 saylı mülki işi üzrə 19 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC»-dən 8250 manat pul tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı sübut qismində tədqiq edilmişdir ki: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 22 nömrəli mənzilin ümumi sahəsi 94.7 kv.m-dir; - "ƏCƏMİ” MMC-nın 01 oktyabr 2010-cu il tarixli maliyyə arayışı ilə, ünvan 1 ünvanda yerləşən 22 nömrəli mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənmişdir; -"ƏCƏMİ” MMC ilə İddiaçı arasında bağlanmış 04 sentyabr 2010-cu il tarixli müqaviləsinə əsasən, MMC ünvan 1 ünvanda yerləşən 22 nömrəli mənzili "payçı” İddiaçı verməyi "payçı” isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə mənzilin 2 otaqdan, ümumi sahəsinin 111.2 kv.m-dən ibarət olması göstərilmiş, mənzilin ümumi dəyəri 55600 manat məbləğində müəyyən olunmuşdur; - Məhkəmə qərardadı əsasında keçirilmiş tikinti-texniki ekspertizasının 15 aprel 2021-ci il tarixli rəyi ilə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesab anması qaydaları”-na əsasən, ünvan 1 ünvanda yerləşən 22 nömrəli mənzilin ümumi sahəsi 99,45 m2 təşkil edir və həmin sahə 04.09.2010-cu il tarixli müqavilədə göstərilən 111,2 kv.m sahədən 11,75 kv.m az təşkil edir (iş.səh.7, 33, 32, 55) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-660/2021 saylı mülki işi üzrə 19 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh-dən 5875 manat vəsait X1 xeyrinə tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh-dən tutularaq X3 ödənilməsi, məhkəmə tikinti-texniki ekspertizasına sərf olunmuş 100 manat məbləğində vəsait "ƏCƏMİ” MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 178.8, 373.2, 377.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı mənzilin həqiqi sahəsinin 94.7 kv.metr olmasını, ondan həmin mənzilə görə ödənilmiş artıq məbləğin alınmasını xahiş edir. ünvan 1 ünvanda yerləşən 22 nömrəli mənzilin sahəsinin, tərəflər arasında bağlanmış 04 sentyabr 2010-cu il tarixli müqavilədə göstəriləndən az olması iddiaçıya 04 mart 2020-ci il tarixdə məlum olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 22 nömrəli 04 mart 2020-ci il tarixdə qeydiyyata alınmışdır, hansı ki həmin çıxarışda mənzilin ümumi sahəsi 94.7 kv.m olduğu göstərilmişdir. İddiaçı isə məhkəməyə 08 oktyabr 2020-ci il tarixdə müraciət etmişdir.Belə olan halda məhkəmə yuxarıda qeyd olunan maddi normaların məzmunundan çıxış edərək qeyd edir ki, İddiaçı hüququnun pozuluduğunu bildiyi gündən təxminən 7 ay sonra daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini ötürməmişdir. Ona görə də, cavabdeh "ƏCƏMİ” MMC-nin iddia müddətinin tətbiqi barədə ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. Cavabdeh "ƏCƏMİ” MMC İddiaçı ilə bağladığı 04 sentyabr 2010-cu il tarixli müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, iddiaçıya 111.2 kv.m mənzil sahəsi verməli olduğu halda cəmi 99.45 kv.metr mənzil sahəsi vermişdir. Belə ki, iş materiallarında olan tikinti-texniki ekspertizasının 15 aprel 2021-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesab anması qaydaları”-na əsasən, ünvan 1 ünvanda yerləşən 22 nömrəli mənzilin ümumi sahəsi 99,45 m2 təşkil edir və həmin sahə 04.09.2010-cu il tarixli müqavilədə göstərilən 111,2 kv.m sahədən 11,75 kv.m az təşkil edir.Göründüyü kimi, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az, yəni ümumi sahə 111.2 kv.m olmalı olduğu halda 99.45 kv.metr sahədən ibarət tikinti tikməklə iddiaçıya təhvil vermiş, və nəticədə iddiaçı tərəfindən cavabdehə mənzilin dəyərindən artıq məbləğ ödənilmişdir Cavabdeh apellyasiya şikayəti vermiş və Bakl Apellyasiya Məhkəməsinin 2(103)- 7993/2021 saylı işi üzrə 25.08.2021-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-660/2021 saylı iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-379/2022 saylı işi üzrə 02.02.2022-ci il tarixli qərarı ilə, kassasiya şikayətinin qismən təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7993/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.Qərarada Azərbaycan Respublikasının Mülki Məcəllənin 372.1, 373.2, 373.4, 385.1, 386.1, 442, 752.1, 766, 773, 776.1; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 76.1, 76.2, 77.1, 88, 103.1, 217.3, 416-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə isə birinci və apellyasiya instansiyası məhkəmələri baxdıqları mübahisə üzrə öhdəlik münasibətlərinə və iddia müddətinə dair ümumi xarakterli maddi hüquq normalarına (MM, m.385, 442, 373 və s.) istinad etsələr də, tərəflər arasındakı öhdəlik münasibətlərinin konkret olaraq hansı müqavilədən irəli gəldiyini, bu öhdəliklərin nədən ibarət olduğunu, onların nə vaxt icra edildiyini və ya pozulduğunu, buna müvafiq olaraq cavabdehin tətbiq etdiyi iddia müddətinin əvvəlinin hansı andan hesablandığını göstərməmiş, bu xüsusatlara dair konkret maddi hüquq normaların dispozisiya şərtləri üzrə hüquqi dəyərləndirmə aparmamışlar. İşdən göründüyü kimi, iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir.Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil vermişdir. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər (§ 23-24).Bununla belə, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal-cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib- verməməsi iş üzrə sübutetmənin predmeti olmuşdur. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olubolmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 31-32). Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (§ 33). Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi bu xüsusatı yoxlamaq məqsədilə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 15.04.2021-ci il tarixli rəyinə görə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesab anması qaydaları”-na əsasən, sözügedən mənzilin ümumi sahəsi 99,45 m2 təşkil edir və həmin sahə 04.09.2010-cu il tarixli müqavilədə göstərilən 111,2 kv.m sahədən 11,75 kv.m az təşkil edir.Rəyin təsviri hissəsinə görə ekspert, hesablamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparmışdır. Məhkəmələr də qətnamələrində həmin normaya istinad etmişlər. Kollegiya nəzərə alır ki, ekspertin rəyi məcburi qüvvəyə malik olmayıb, sübut növlərindən biri kimi məhkəmə tərəfindən qiymətləndirilməlidir. Hazırkı işdə isə alınmış ekspertiza rəyində mənzilin ümumi sahəsi 99,45 kv.m. göstərilsə də, məhkəmələr bu sübutu tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirməmişlər (§ 34-35). Belə ki, məhkəmələr, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin (§ 27-29), buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, daha dəqiq desək iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edildiyini əsaslandırmamışlar. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Odur ki, cavabdehin müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya veribvermədiyi yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilə bilər. Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etməyi aydınlaşdırılmalı və iddia tələbinə yekun hüquqi qiymət verilməlidir. O da nəzərə alınmalıdır ki, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər (§ 25- 26). Məhkəmələr iddia müddətinin əvvəlini iddiaçının mənzilə dair çıxarış aldığı 04.03.2020-ci ildən hesablasalar da, mənzilin onun tərəfindən nə vaxt təhvil alındığına, bu zaman onun daxili sahəsinin həcmi barədə məlumatlı olub-olmadığına, əgər olmamışsa mənzildə təmir işlərinin nə zaman görüldüyünə, belə işlərin görülməsinə dair podratçılarla adətən kv.m. ölçü vahidi ilə razılaşma aparıldığı halda iddiaçının istinad etdiyi qüsurla bağlı öz hüququnun pozulduğunu bilməli olub-olmamasına dair hüquqi qiymətləndirmə aparmamışlar. Kollegiya hesab edir ki, qüsur aşkar edildiyi təqdirdə yuxarıdakı xüsusatlar üzrə lazımi dəyərləndirmə aparılmaqla, iddiaçının məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edib-etmədiyinə, yaxud bu qüsur üzrə iddiaçının hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu məqama, buna müvafiq olaraq tələb üzrə iddia müddətinin keçib-keçmədiyinə mülki qanunvericiliyin normaları əsasında hüquqi qiymət verilməlidir. Hazırkı işdə isə apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 30, 36). Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır . İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə dair etiraz və mülahizəsini təqdim edərək Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin 59.2, 59.3; Azərbaycan Resrublikası Mülki Məcəlləsinin 2.2, 21.1, 21.2, 377.1-ci maddələrinə istinadən bildirmişdir ki, cavabdeh "xxxx" MMC-dən almış olduğu mənzil 22 oktyabr 2019cü il tarixdə Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Arxitektura Komitəsi tərəfindən istismara qəbul edilmişdir. O, həmin vaxtdan mənzili təmir etdirərək yaşamışdır. Cavabdeh "xxxx" MMC onunla müqavilə bağlayaraq 111.2 kv.m sahənin hər kv.m üçün ondan 500 manat pul almışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək onu 111.2 kv m.- dən az yəni 11.75 kv m. azaltmaqla 99,45 kv.m mənzil istifadəsinə vermişdir. Onunla cavabdeh arasında mənzilin ölçüsünə dair təhvil-təslim aktı olmuş olsaydı o, ona hazırki kv. metrin dəyərini, yəni 99.45 kv.metrin pulunu ödəyərdi. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Qeyd edilən mənzilin ölçüsü qanunvericiliyn tələblərinə əsasən sahə ilə ölçülür ki, mənzilin həcminin ölçülməsi qanuvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Republikası Tikinti və Şəhərsalma Məcəlləsinin 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Republikası Ədliyyə Nazirliyinin 15 aprel 2021-ci il tarixli, 10/58 saylı ekspertiza rəyində mənzilin dəhlizinin, sanitar qovşağının, mətbəxinin, yataq otağının, qonaq otağının, lociyanın və balkonun sahələri göstərilmişdir. Mənzilin lociyasının sahəsi 7.3*0,3=2,20 kv.m balkonun sahəsi 6,3*0.5=3.15 kv.m hesablanmışdır. Ekspertiza rəyindən göründüyü kimi mənzildə mövcud olan sahə 99,45 kv.m-dir. Onun cavabdehlə aralarda olan müqavilədə mənzilin ümumi sahəsinə görə razılıq əldə edilmişdir ki, həmin müqavilə öhdəlikləri də cavabdeh tərəfindən icra edilməmişdir. Yəni cavabdehlə aralarındakı yaranmış mübahisə müqavilədə göstərilmiş sahəyə görə ondan alınmış pulun onun istiadəsinə verilmiş mənzilin ümumi sahəsinin ölçüləri ilə uyğunsuzluq təşkil edir ki, onun tərəfindən ona artıq miqdarda pul vəsaiti ödənilmişdir. Müqavilədə nəzərdə tutulmuş mənzilin ölçüləri ilə məhkəmə tikinti-texniki eksperti tərəfindən araşdırma aparılmış lakin, həmin ölçülər öz təsdiqini tapmamışdır. Ekspertiza tədqiqatı mənzilin mövcud vəziyyəti üzrə aparıldığından həmin ölçü işlərində də çöl divarlar nəzərdə tutulmuşdur. Cavabdeh çoxmənzilli yaşayış binasını inşa etdiyindən həmin binaya dair qüsurların aşkar edilməsi Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Arxitektura Komitəsinin səlahiyyətləri daxilində olmuşdur. Bina istismara qəbul edildiyndən mənzilin qüsurlu olub-olmamasına dair məlumatlar həmin Aktda qeyd edilmişdir. Lakin, mənzilinin təmir işləri cavabdeh tərəfindən aparılmamışdır. Mənzilinin daxili sahəsi kv.m.-lə müəyyən edildiyinidən həcmlə hesablanması qanuvericiliyə ziddir. Həcmlə hesablama işləri hər hansı sahənin (anbar, su hövzəsi) hesablanması nəzərdə tutulmuşdur. Mənzilin yaşayış sahəsi olduğundan həcmlə hesablanması mümkün deyidir . Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, tərəflər arasında bağlanan müqavilənin mahiyyət etibarı ilə podrat müqaviləsi olduğunu, qarşı tərəfin mövqeyinə əsasən malın qüsurlu olduğunu, qüsurlu mala görə iddia müddətinin 1 il olduğunu,iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin icraatı zamanı ərizə ilə müraciət etdiyini, iddiaçının mənzili 7-8 il bundan əvvəl təmir etdirdiyini bildirdiyini, iddia müddətini ötürdüyünü, əsas istinad etdikləri halın iddia müddətinin ötürülməsi olduğunu, iddiaçının hüquqularının pozulduğunu bildiyi vaxtın onun mənzili təmir etdiyi vaxtdan hesablanmalı olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, mənzilin sahibliyinə 2010-cu ildə verildiyini, mənzilin 112.3 kv.m olaraq pulunun ödənilib alındığını,bununla bağlı maliyyə arayışının olduğunu, uzun müddət həmin mənzildə yaşamadıqlarını, mənzilə çıxarış alan zaman mənzilin sahəsinin az olduğunun müəyyən edildiyini, mübahisənin mənzilin kvadrat metrinin ödədiyi puldan az olması ilə bağlı olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə dair etiraz və mülahizəsini təqdim edərək, qarşı tərəfin barışıq üçün heç bir cəhd etmədiyini, Şəhərsalma və Tikinti Komistəsinin elektron ünvanından əldə edilmiş məlumata əsasən “Əcəmi MMC”-nin 22.10.2019-cu ildə istismara verildiyini, mənzilin texniki pasportunda qeyd edilən ölçülərlə ekspert rəyindəki ölçülər arasında fərqlər olduğunu, texniki pasportda mənzilin ümumi sahəsinin 99.7 kv.m göstərildiyi halda, ekspert rəyində 99.45 kv.m qeyd edildiyini, müqavilədə mənzilin faktiki sahəsinin deyil ümumi sahəsinin əks olunduğunu, mənzilin sahəsinin müqavilədə göstərilən sahəyə uyğun olmamasını, mənzilə dair çıxarış əldə edərkən müəyyən edildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (Əvvəlki redaksiyada deyilirdi:78.1.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.). 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: Mülki Məcəllənin 441.1- 441.4-cü maddələrinə əsasən: - Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır; - Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər; - Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər; - Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Maddə 773. Qüsurlu məmulatın qəbul edilməsinin nəticələri Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 774. Əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur. 775. Əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2 və 12.5-ci maddələrinin tələblərinə əsasən: «Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür». «Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir». Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 372 - 389, 421-441, 560, 752- 776; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarına, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59; Mülki Prosessual Məcəlləsinin 77, 81-82, 88, 372, 385 - 390, 420-cı maddələrinə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar sübuta yetirilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, mövcud ekspert rəyini təkzib edən əsaslar müəyyən edilmir, texniki pasportla çıxarış arasında qeyd edilən fərq isə inzibati orqanın (vəzifəli şəxsinin) səlahiyyətinə aid edildiyindən onun düzəldilməsi üzrə inzibati icraat qaydasında müraciət etmək hüqüqları mövcuddur, habelə qeyd edilən əsaslar birinci instansiya məhkəməsinin baxışı zamanı müzakirə predmeti olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 15.04.2021-ci il tarixli rəyinə görə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesab anması qaydaları”-na əsasən, sözügedən mənzilin ümumi sahəsi 99,45 m2 təşkil edir və həmin sahə 04.09.2010-cu il tarixli müqavilədə göstərilən 111,2 kv.m sahədən 11,75 kv.m az təşkil edir.Rəyin təsviri hissəsinə görə ekspert, hesablamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə tikilialtı sahələr nəzərə alınmadan aparıldığından mövcud faktiki sahənin fərqli olmasını müəyyən etmir və buna dair digər mötəbər sübutlar təqdim edilməmişdir. Mülkiyyəti təsdiq edən çıxarışda müvafiq normalara uyğun ölçülərin fərqli göstərilməsi isə cavabdeh tərəfindən öhdəliklərinin lazımınca yerinə yetirilməməsini sübuta yetirmir və qanunun tələbi kimi qəbul edilən ölçülərlə faktiki tikinti sahələrinin eyniləşdirilməsi fərqli meyyarlardır. Belə ki, müqavilədə əks edilmiş mənzilin ölçüləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, və (ya) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının tələbləri nəzərə alınmaqla göstərilməmiş və belə bir qeyd əks edilməmişdir. Qeyd dilməlidir ki, iddiaçının iddia etdiyi ona göstəriləndən az sahənin verilməsi və bununla öhdəliyinin lazımınca yerinə yetirilməməsi üzrə pulun tələb edilməsi ilə nəzərə alınanda, təqdim edilmiş sənədlərdə ümumiyyətlə alınan zaman mənzilin hansı meyyarlarla qiymətləndirilməsi müəyyən edilməmişdir. Qeyd edilənlərdən əlavə, iddiaçı müqavilə öhdəlikləri üzrə tələbinin əsası kimi istinad etdiyi halları və hüquqi əsasları dəqiq müəyyən etməmiş, pul tələbinin müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsi, ondan irəli gələn zərər və ya əsassız varlanma kimi qiymətləndirməyə dair mötəbər və təkzibedilməz sübutlar müzakirəyə təqdim etməsədə, məhkəmə kollegiyası sadalanan və ya digər xüsusatlar üzrə mülki hüquq pozuntuları müəyyən etməmişdir. Qeyd edilənlərdən əlavə, iddiaçının məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul etmiş bu qüsur üzrə iddiaçının hüququnun pozulmasını bilməli olduğu məqam 2010 cu ilin sonu olmuşdur. Belə ki, apellyasiya icraatı zamanı verdiyi izahatında iddiaçı mənzilin 2010-cu ildə onun sahibliyinə verildiyini bildirmişdir. Məhkəməyə isə iddianı 2020-ci ilin sonunda verməklə nəinki qeyd edilmiş podrat münasibətləri üzrə iddia müddətlərin ötürmüş, hətta öhdəliklərə xitam verilməsi üçün əsas olmuş qanunla müəyyən edilmiş müddətləri də ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 373.1 və 373.2-ci maddəsinə əsasən: Ümumi iddia müddəti on il təşkil edir; Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məcəllənin 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin, qətnamə ləğv və iddia rədd edilməlklə iş üzrə yeni qətnamə qəbul edilməli, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərin özlərinə aid edilməli, ekspertiza xərcləri iddiaçıdan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-660/2021 saylı mülki işi üzrə 19 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ekspertiza xərci olan 100 (yüz) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar