Məhkəmə qərarları › İş №2(103)-2982/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2982/2024

07.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2982/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (Binəqədi rayon Xocəsən bələdiyyəsi və “X11” Şirkəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin hüquqi əsası, subyektiv hüquq) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X8 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X11” Şirkətinin nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı bələdiyyə qərarına əsaslanaraq, həmin qərar ilə ona ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərindəki sahiblik hüququna yaradılmış maneələrin aradan qaldırılması və fərdi yaşayış evinin boşaldılması tələbini məhkəmədə irəli sürmüşdür. Məhkəmə iddiaçının tələbinin əsasını təşkil edən bələdiyyə qərarının etibarsız hesab edildiyini əsas gətirərək, iddia tələbini rədd etmişdir. İddiaçı göstərilən nəticə ilə razılaşmamış və qətnamədən apellyasiya şikayəti vermişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (Binəqədi rayon Xocəsən bələdiyyəsi və “X11” Şirkəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlər tərəfindən sahibliyə yaradılmış maneənin aradan qaldırılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07/22 nömrəli qərarı ilə bələdiyyənin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 300 kv.metr torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsi qərara alınmışdır. O, Bakı şəhər, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən 300 kv.metr torpaq sahəsində 2007-ci il tarixdə yaşayış evi inşa etmişdir. Müvafiq yaşayış evi onun tərəfindən 2007-ci ildə qohumuna (mərhum bacısı və ailəsi) istifadəyə verilmişdir. Cavabdeh2 öz ailəsi ilə birlikdə 2007-ci ildən etibarən orada yaşamağa başlamışdır. O, mənzili boşaltmalarını tələb etsə də, onlar bu tələbi yerinə yetirməmişdir. Cavabdeh2 və digər cavabdehlər artıq həmin mənzildə yaşamır, digər cavabdehlərlə birlikdə mülkiyyətində olan əmlakı tərk etmişdir, lakin cavabdehlərə məxsus əşyaları mənzildə saxlayıb və mənzilin qapısını kilidləyərək, onun mənzilə girişini məhdudlaşdırmışdır. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunurdu. Onun inşa etdiyi evdən sahiblik hüququnu həyata keçirmək haqqı vardır. Bunun əksi yanaşma, yəni onun sahiblik hüququnun təmin edilməsindən imtina edilməsi, həmin qanun qarşısında bərabərlik hüququnun pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəşt və imtiyazların tətbiq edilməsinə və nəhayət hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Cavabdehlər onu öz mənzilinə buraxmadığından, o, öz mülkü üzərində sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli (e-2(001)-844/2024 nömrəli mülki iş üzrə, hakim F.Hətəmzadə) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

5. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu səbəbdən iddiaçının hazırkı iddia tələbi əsassızdır. Belə ki, iddiaçı iddia tələbini mübahisəli torpaq sahəsinin Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07/22 nömrəli qərarı əsasında ona verilməsi ilə əsaslandırmış olsa da, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin qərar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə ləğv edilmiş və həmin qətnamə ilə İddiaçı tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə gətirilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, qeyd olunan torpaq sahəsi “X11” Şirkətinin istifadəsindədir və həmin ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla, məhkəmənin qərarına əsasən sökülməli olan əmlakdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə iddiaçının hüquqları, yəni sahiblik, istifadə və mülkiyyət hüquqları olmadığından iddia tələbi təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normalarını düzgün qiymətləndirmədiyindən və işə ədalətsiz baxdığından hesab etmişdir ki, İddiaçı iddia tələbi üçün subyektiv hüququ yoxdur. Belə ki, Xocəsən Bələdiyyəsinin 07/22 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə iddiaçıya Xocəsən Bələdiyyəsinin ərazisində 300 kv.metr torpaq sahəsi ayrılmış və iddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. İddiaçı Xocəsən Bələdiyyəsinin ərazisində 300 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin mülkiyyətçisi olmuşdur. Qeyd olunan hal hər hansı mübahisə predmeti olmamaqdadır. Digər tərəfdən iddiaçı “X11” şirkəti cavabdehlər Xocəsən Bələdiyysi və İddiaçı qarşı “3 nömrəli Neft və Qazçıxarma sexinin 341806 nömrəli neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş qanunsuz tikilinin sökülməsi və bələdiyyə qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək müvafiq ərazidə inşa edilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq “X11” şirkətinin qanuni istifadəsinə qaytarılması, X2 Sevil Xasay qızının istifadəsinə torpaq hissəsinin ayrılması haqqında 07/22 nömrəli, 29 mart 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2009-cu il tarixli, 2(001)-2036/2009 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)- 2751/2010 nömrəli qətnaməsi ilə və Ali Məhkəmənin xx.xx.2011-ci il tarixli, 2(102)- 424/2011-ci il tarixli qərarı ilə həmin qətnamə qüvvədə saxlanılmışdır. Qeyd olunmalıdır ki, həmin ərazidə çoxlu sayda fərdi yaşayış evləri sökülərək yerində M.V.Lomonosov adına Moskva Dövlət Universiteti inşa edilmişdir. Lakin iddiaçı və digər vətəndaşların Azərbaycan Respublikasının Prezidentinə müraciətlərindən sonra digər fərdi yaşayış evləri, o, cümlədən iddiaçının fərdi yaşayış evi üzrə məhkəmə aktlarının icrası dayandırılmışdır. Bundan başqa, Ali Məhkəmənin xx.xx.2011-ci il tarixli, 2(102)-424/2011 nömrəli qərarında İddiaçı 300 kv.metr torpaq sahəsində olan fərdi yaşayış evinə mülkiyyət hüququ, hətta həmin evin inşasına sərf olunmuş əmək və materiallara görə kompensasiya hüququ öz əksini tapmışdır. Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli Protokolunun birinci maddəsinin birinci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Eyni mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında (Akimova Azərbaycana qarşı) öz əksini tapmışdır. Həmin qərarın müvafiq bəndlərində (39, 40, 41) məhkəmə müəyyən etmişdir ki, 1 nömrəli Protokolun birinci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi işi araşdırmadan, cavabdehin xeyrinə qətnamə qəbul etmək yanaşması ilə işdə olan sübutları görməzdən gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin hüquqi nəticəsi fərdi yaşayış evinin faktiki mövcudluğunu, istifadə edildiyini (dövlət qurumları qaz, su, işıq verir, bələdiyyə vergi alır, həyat davam edir) görməzdən gəlir, iddiaçını öz mülkündən (məhkəmə aktı ilə təsbit edilmiş) məhrum edir, cavabdehə qanunsuz olaraq iddiaçının əmlakına sahibliyi ələ keçirməsinə hüquqi zəmin yaradır. Məhkəmə bu nəticəyə cavabdehin mənafeyi naminə gəlmişdir. Bundan başqa, iddiaçı tərəfindən işin obyektiv və hərtərəfli araşdırılması üçün şahidlərin dindirilməsi üçün təqdim edilən vəsatət təmin edilməmiş, əsas olaraq da şahidlərin dindirilməsinə ehtiyac olmadığı bildirilmişdir. Həmçinin, məhkəmə prosesləri gedişində Xocasən Bələdiyyəsi xx.xx.2024-cü il tarixli, 03/02 nömrəli məktub təqdim edərək, bildirmişdir ki, Cavabdeh1 Xocasən bələdiyyəsinin elektron məlumat bazasında vergi ödəyicisi kimi qeydə alınmışdır. Onun vergi ödəyicisi kimi qeyd edildiyi halda, təqdim edilmiş Ədliyyə Nazirliyinin məktubunda isə Cavabdeh1 qanunsuz olaraq vergi ödəyicisi kimi qeyd olunduğu və bu qanunsuzluğun aradan qaldırılması tələbi öz əksini tapmışdır. Bələdiyyənin bilərəkdən cavabdehlə əlbir olaraq hüquqmüəyyənedici rəsmi sənədlərə yalan məlumatlar daxil etmək, özgə əmlakının ələ keçirilməsinə əsaslar yaratmasına dair ciddi əsaslar olduğu halda məhkəmə bələdiyyə barəsində xüsusi qərardad çıxarılmasına dair vəsatəti təmin etməmişdir. Bu faktın araşdırılması və fakta hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılmalı və Azərbaycan Respublikası prokurorluğuna göndərilməlidir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının protokolu ilə tanış olarkən məlum olmuşdur ki, iddiaçının vəkili ilə Xocasən Bələdiyyəsinin nümayəndəsi arasında olan sual-cavablar protokolda öz əksini tapmamışdır. Bununla bağlı məhkəməyə protokola dair qeyd təqdim edilsə də, həmin qeydə baxılmamış, məhkəmə tərəfindən hər hansı qərardad qəbul edilməmişdir. Məhkəmə işə birtərəfli yanaşaraq, ancaq cavabdehin xeyrinə olan hallara əsaslanmış, iddiaçı tərəfindən iş materialllarına əlavə edilməsi üçün təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş X3 tərəfindən Cavabdeh1 vergi ödəyicisi kimi qanunsuz qeydiyyata alınmasına bildirdiyi münasibət iş materiallarında vurğulanmamış, bəzi sübutlar isə natamam qiymətləndirilərək, cavabdehin xeyrinə olan hissələrdə vurğulanmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X11” Şirkətinin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir.

12. İddiaçı, digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı:

13. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli Qərarı:

14. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu:

15. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.

16. Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

20. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və izah edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçının tələbi iki obyektə - bələdiyyə qərarı əsasında mülkiyyətə verilmiş torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə yönəlmişdir. Tələbin predmetini isə həmin obyektlər üzərindəki sahiblik hüququna yaradılmış maneələrin aradan qaldırılması və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin boşaldılması təşkil etmişdir. Belə olan halda, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə qeyd olunan obyektlər üzərində iddiaçının sahiblik hüququnun olub-olmaması müəyyənləşdirilməlidir.

25. Bələdiyyə qərarı əsasında verilmiş torpaq sahəsinə münasibətdə qeyd edilməlidir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı).

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

27. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

28. Hazırkı mübahisə üzrə tələbin hüquqi əsasını araşdıran məhkəmə kollegiyası müəyyən etmişdir ki, İddiaçı Xocəsən bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07/22 nömrəli qərarına əsaslanaraq ona ayrılmış torpaq sahəsi üzərindəki sahiblik hüququna yaradılmış maneələrin aradan qaldırılması tələbini məhkəmədə irəli sürmüşdür.

29. İddiaçının bələdiyyənin qərarına əsaslanaraq iddia irəli sürməsinin səbəbi həmin qərar ilə ona torpaq sahəsi üzərində mülkiyyət hüququnun verilməsi və bu hüquq nəticəsində həmin torpaq sahəsi üzərində sahiblik hüququnu da əldə etməsi olmuşdur.

30. Digər tərəfdən, vaxtı ilə “X11” Şirkəti Xocəsən bələdiyyəsinə və İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş qanunsuz tikilinin sökülməsi və bələdiyyə qərarının etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş qanunsuz tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, ərazinin boşaldılıb əvvəlki vəziyyətə gətirilməsi və “X11” Şirkətinin qanuni istifadəsinə qaytarılması, Xocəsən bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07/22 nömrəli sərəncamının etibarsız hesab olunması qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş şikayətlərə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən baxılmış, yekunda dəyişdirilmədən saxlanılmışdır.

31. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsasını təşkil edən və onun torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etməsinə səbəb olan inzibati akt - qərar etibarsız hesab edilmişdir.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64.4 və 65.2-ci maddələrinin tələblərinə görə, etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

33. Belə olan halda, iddia tələbinin əsaslandığı bələdiyyə qərarının etibarsız olması, birbaşa həmin qərar üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni torpaq sahəsi üzərində mülkiyyət, sahiblik və s. hüquqların yaranmadığını göstərir.

34. Həmçinin nəzərə alınmalıdır ki, iddianın yönəldiyi obyekt, yəni torpaq sahəsi hazırda mədən ərazisi kimi “X11” Şirkətinin istifadəsindədir.

35. Odur ki, iddiaçı hüquqi qüvvəsi olmayan, etibarsız hesab olunmuş bələdiyyə qərarına əsaslanaraq, hazırda ona münasibətdə mövcud olmayan hüququn qorunmasını tələb etdiyindən onun belə tələb irəli sürmək üçün subyektiv hüququ olmamışdır.

36. Həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının hazırda qeyd olunan fərdi yaşayış evinə dair qanuni sahiblik hüququnun olmaması işin mübahisəsiz halıdır, lakin onun həmin fərdi yaşayış evinə dair faktiki sahibliyinin mövcud olub-olmaması da iş üçün əhəmiyyət daşıyır. Çünki fərdi yaşayış evi ilə bağlı mübahisədə subyektiv hüququn yaranması üçün iddiaçının həmin fərdi yaşayış evinə faktiki sahiblik etməsi (qanuni sahiblik hüququ olmadığı üçün) zəruridir. Lakin iş materiallarından aydın olur ki, mübahisələndirilən torpaq sahəsi hazırda iddiaçının yox, cavabdehlərin faktiki sahibliyindədir.

37. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı Xocəsən bələdiyyəsinin “X1 Sistemində” vergi ödəciyicisi kimi qeydiyyata alınmadığı, lakin Cavabdeh1 Xocəsən bələdiyyəsinin inzibati ərazisi daxilində özbaşına zəbt etdiyi torpaq sahəsindən uzun müddət istifadə etdiyinə görə “X1 Sistemində” vergi ödəyicisi kimi qeydiyyata alındığı müəyyən edilmişdir (əsas – Xocəsən bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubu). Göründüyü kimi, iddiaçıdan fərqli olaraq cavabdeh Ağayevlər ailəsi uzun müddətdir ki, Xocəsən bəldiyyəsinin ərazisində yaşamaqla, oradakı fərdi yaşayış evinə faktiki sahiblik edirlər. Bununla yanaşı, iddiaçı özü də iddia ərizəsində 2007-ci ildən (ev tikildikdən sonra) cavabdeh Ağayevlər ailəsinin həmin fərdi yaşayış evində yaşadıqlarını bildirmişdir.

38. Təsadüfi deyildir ki, torpaq sahəsi və fərdi yaşayış evinə dair mübahisəyə 2010- 2011-ci illərdə Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə baxılarkən, hazırkı iş üzrə cavabdeh Ağayev X4 Sevil Xasay qızının nümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmiş, həmin torpaq sahəsi və fərdi yaşayış evinin onların qanuni mülkiyyətində qalmalarında maraqlı olmuş, hüquqlarını müdafiə etmişdir (əsas - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2751/2010 nömrəli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2011-ci il tarixli qərarı).

39. Həmçinin, məhkəmə iclaslarında Cavabdeh1 qeyd olunan evə dair kommunal ödənişləri özünün həyata keçirdiyini və bununla bağlı müqavilələrin də məhz onun adına olduğunu bildirmişdir.

40. Yuxarıda qeyd olunanların hər biri cavabdehlərin mübahisəli yaşayış evinə faktiki sahiblik etməsini təsdiq edir. Belə ki, onlar uzun müddətdir ki, həmin evdə yaşayır, bələdiyyəyə vergi və komunnal xərclər ödəyirlər. İddiaçının isə həmin evə faktiki sahiblik etməsi halı şübhə altındadır. Bu şübhəli hal cavabdehlər tərəfindən də təkzib edildiyi üçün sübutetmə vəzifəsi iddiaçı tərəfin üzərinə düşmüşdür.

41. Nəzərə almaq lazımdır ki, təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

42. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

43. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı).

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “af irmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar faktehtimallarından irəli gələ bilər (§68).

45. Qeyd olunanlardan fərqli olaraq, iddiaçı tərəf öz iddiasının əsasını sübut edə bilməmiş və bu barədə məhkəməyə mötəbər dəlillər təqdim etməmişdir.

46. Apellyasiya şikayətində isə qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin hüquqi nəticəsi fərdi yaşayış evinin faktiki mövcudluğunu, istifadə edildiyini görməzdən gəlir, iddiaçını öz mülkündən (məhkəmə aktı ilə təsbit edilmiş) məhrum edir, cavabdehə qanunsuz olaraq iddiaçının əmlakına sahibliyi ələ keçirməsinə hüquqi zəmin yaradır. Bununla bağlı məhkəmə kollegiyası izah edir ki, iddiaçının tələbini hüquqi cəhətdən əsasız edən fərdi yaşayış evinin mövcud olub-olmaması yox, həmin fərdi yaşayış evi üzərində hazırda iddiaçının hüquqularının mövcud olmamasıdır. Ali Məhkəmənin xx.xx.2011-ci il tarixli qərarında isə iddiaçının inşa edilmiş fərdi yaşayış evinə deyil, həmin fərdi yaşayış evinə sərf olunmuş əmək və tikinti materiallarına münasibətdə mülkiyyət hüququ tanınmışdır. Ali Məhkəmənin bu mövqedən çıxış etməsində əsas məqsəd səhlənkarlıq nəticəsində söküləcək evə sərf olunmuş əmək və tikinti materialları qarşılığında zərərçəkmişin kompensasiya almaq hüququnun yaranmasını əsaslandırmaq olmuşdur. Həmin iş üzrə zərərçəkmişin məhz İddiaçı olması isə şübhəli məqamdır. Belə ki, məhkəmələr bələdiyyə qərarı ilə mülkiyyət hüququnun İddiaçı münasibətdə verilməsini nəzərə alaraq zərərçəkmiş qismində İddiaçı qeyd etmişdir. Lakin bu hal mübahisənin predmeti olmadığından və həmin vaxt fərdi yaşayış evinə dair cavabdeh Ağayevlər ailəsinin hər hansı iddiası olmadığından qətnamə və qərarda bu məsələyə ətraflı toxunulmamışdır. Hazırkı mülki işdə isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, torpaq sahəsinin onların vəsaiti hesabına alındığını və fərdi yaşayış evinin onların vəsaiti hesabına inşa edildiyini, məhkəmə iclasında isə fərdi yaşayış evindən çıxarılacaqları təqdirdə kompensasiya barədə məhkəməyə müraciət edəcəklərini (əsas - Cavabdeh1 izahatı) bildirmişlər.

47. Bununla yanaşı nəzərə almaq lazımdır ki, iddiaçının hazırda boşaldılmasını tələb etdiyi fərdi yaşayış evinin yerləşdiyi ərazinin boşaldılması vəzifəsi onsuzda məhkəmə qətnaməsi əsasında iddiaçının üzərinə qoyulmuşdur. Bu baxımdan özü tərəfindən boşaldılmalı olan evə münasibətdə digərlərinə qarşı iddia irəli sürülməsi də qanunauyğun olmamışdır.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşmış, o cümlədən “M.Bağırovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmiş mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

49. Hazırkı iş üzrə müəyyən edilmiş faktlar iddiaçının torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair tələb irəli sürməsinə hüquqi ixtiyarının olmadığı nəticəsinə gəlməyə əsas verir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

50. Apellyasiya şikayətində qeyd olunan digər dəlillərə münasibətdə məhkəmə kollegiyası izah edir ki, şikayətdə qeyd olunanlardan fərqli olaraq birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında şahidlərin dindirilməsi barədə vəsatət rədd yox, təmin edilmişdir. Lakin onlar həmin və digər məhkəmə iclasında iştirak etməmiş, nəticədə dindirilməmişlər. Şahidlərin hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri iş materiallarından müəyyən edilmir. Belə olan halda, şahidlərin məhkəmə iclasında iştirak etməmələri qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Bununla yanaşı izah edilir ki, iddiaçı şahidlər tərəfindən əhəmiyyətli ifadələrin veriləcəyini güman edirdisə, bu barədə apellyasiya instansiyası məhkəməsinə də vəsatət verə, həmin şahidlər birinci instansiya məhkəməsinin iclasında iştirak etmədikləri üçün onların izahatları apellyasiya baxışında alına bilərdi. Lakin iddiaçı tərəf bu barədə vəsatət verməmiş, hər hansısa şahidin iş üçün əhəmiyyətli ifadəsinin alınmasını təklif etməmişdir.

51. Bələdiyyə barəsində xüsusi qərardadın çıxarılmasına münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi MPM-in 265.4-cü maddəsinə əsaslanaraq, bələdiyyənin əməllərində cinayət əlamətlərinin olduğu qənaətinə gəlməmiş və öz mülahizəsinə əsasən, bu barədə vəsatəti rədd etmişdir. Belə olan halda, bələdiyyə barəsində xüsusi qərardadın çıxarılmaması qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz.

52. Bununla yanaşı qeyd olunmalıdır ki, protokola dair qeydlərin təqdim edilməsi iş materiallarında mövcud deyil.

53. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, formal mülahizələrə istinad etmiş və şikayətinin dəlillərini əsaslandıra bilməmişdir.

54. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

55. Odu ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402 və 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-844/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar