Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2993/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-583/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı yarımqoşqunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan "Lider Yarımqoşqu", **-ZG-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012, rəngi albalı, ban nömrəsi NP9LD00BK187166 olan nəqliyyat vasitəsini və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-583/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, onun şəxsi mülkiyyətində olan "Lider Yarımqoşqu", **-ZG-*** dövlət nömrə nişanlı yarımqoşqunu müvəqqəti işlətməsi üçün Cavabdeh ilə razılığa gəliblər və bununla bağlı 21 iyul 2012-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat Ofisində etibarnamə verib. Həmin vaxt cavabdeh lazım olduğu təqdirdə onu axtarmamaq üçün baş etibarnamə verməyini xahiş etmişdir. Cavabdehlə münasibətləri yaxşı olduğundan və etibar etdiyindən onun istəyinə uyğun etibarnamə vermişdir. Lakin sonradan bu nəqliyyat vasitəsinin başqa kiməsə verilməsi barədə aralarında şifahi razılaşma olmuş və o, istədiyi vaxt nəqliyyat vasitəsini geri alacağını bildirmişdir. Cavabdeh aralarında olan şifahi razılaşmanı pozaraq ona heç bir məlumat vermədən iki nəfərə etibarnamə vermiş, onun razılığı olmadan mülkiyyətində olan nəqliyyat vasitəsini tanımadığı başqa şəxslərin istifadəsinə vermişdir. Belə ki, 14.03.2013-cü il tarixdə X3, 05.11.2014-cü il tarixdə X2 etibarnamə vermişdir. X3 verilmiş etibarnaməyə 14.03.2014-cü il tarixdə xitam verilmişdir . O, bu barədə məlumat aldıqda cavabdehdən dərhal yarımqoşqunu geri qaytarmasını tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etmişdir. Onun tərəfindən Cavabdeh verilmiş etibarnaməyə 05 may 2020-ci il tarixdə xitam verilmişdir. Cavabdeh hal-hazırda səlahiyyəti olmadığı halda qeyriqanuni olaraq ona məxsus nəqliyyat vasitəsini idarə edir. Cavabdeh tərəfindən nəqliyyat vasitəsinin qaytarılmaması onun hüquqlarını kobud şəkildə pozur. Lakin məhkəmə tərəfindən bu amillər nəzərə alınmamışdır. Belə ki, onun izahatı iddia ərizəsinə zidd izahat kimi göstərilmişdir, lakin bir mülkiyyətçi kimi onun hüquqlarının pozulması nəzərə alınmamışdır. Yarımqoşqu ilə bağlı onun tərəfindən ilkin olaraq cavabdehə etibarnamə verilmişdir və həmin vaxt da nəqliyyat vasitəsi cavabdehdə olmuşdur. İddiaçı apellyasiya şikayətində məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddəsinin tələblərinin pozulduğunu göstərmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, İddiaçı Lider markalı yarımqoşqunun Cavabdeh qanunsuz sahibliyində olduğunu iddia etdiyi və yarımqoşqunun ondan alınmasını tələb etdiyi halda, yarımqoşqunun Cavabdeh qanunsuz sahibliyində olmasını sübut etməli idi. İddiaçı isə nəinki bunu sübut etməmiş, hətta məhkəmə iclasında verdiyi izahatda məhkəməyə bunun tam əksini bildirmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı yarımqoşqunun qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Tətbiq edilməli hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halların Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşması müəyyən edilmir. Qeyd olunduğu kimi, iddiaçının hazırki tələbinin təmin olunması üçün üç şərt olmalıdır. Yəni, iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, əşya cavabdehin sahibliyində olmalı və əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Bu şərtlərdən hər hansı birinin mövcud olmaması həmin iddianın rədd edilməsi üçün əsasdır. İddiaçı, tələb etdiyi "Lider” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun mülkiyyət hüququ ilə ona məxsus olduğunu göstərir, cavabdeh isə bu halı izahatında mübahisələndirsə də iş materialları ilə bu fakt, yəni nəqliyyat vasitəsinin iddiaçının adına qeydə alınması mübahisəsiz halıdır. Bununla da, birinci şərti - iddiaçının həmin əşyanın mülkiyyətçisi olması halı sübuta yetirilmişdir və həmin xüsusat üzrə əlavə araşdırma aparılmasına gərək olmamışdır. İkinci dispozisiya şərti – həmin nəqliyyat vasitəsinin cavabdehin sahibliyində olması ilə bağlı iddiaçı özü bildirir ki, yarımqoşqunun hal-hazırda sonuncu etibarnamə verilmiş Zülfüqarov Habil Nəsib oğlunda olması bilir. Göründüyü kimi iddiaçı, yarımqoşqunun hal-hazırda cavabdehin sahibliyində olmadığını özü təsdiq edir, ancaq nədənsə iddia tələbini ona yönəldir. Demək, cavabdeh də iddia tələbinə etirazındakı digər dəlillərlə yanaşı yarımqoşqunun da onun sahibliyində olması halını mübahisələndirir, bunun həqiqi olubolmaması isə sübuta yetirilməlidir. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Ancaq bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. Lakin hazırki iş üzrə tələb edilən nəqliyat vasitəsinin cavabdehin sahibliyində olması və bu sahibliyin qanunsuz xarakter daşıması hallarının mövcudluğuna MM-in 157.2-ci maddəsinin bağladığı hüquqi nəticə iddiaçının xeyrinə bir vəziyyət əmələ gətirdiyi üçün həmin halları sübuta yetirmək yükü də məhz iddiaçının üzərinə düşür. Bu ümumi qaydadan istisna təşkil edən (sübutetmə yükünü cavabdehə keçirən) hallar isə aşkar edilməmişdir. Buna baxmayaraq iddiaçı özü tələb etdiyi əşyanın hazırki iş üzrə cavabdehdə olmadığını bəyan edir, eyni zamanda Baş Dövlət Yol Polisinin məlumatında da(bax.i.v.28) yarımqoşquya dair sonuncu etibarnamənin Zülfüqarov Habil Nəsib oğluna verildiyi təsdiq olunur. Bu cür vəziyyətdə iddiaçı mülkiyyətçi kimi hüquqlarının pozulduğunu bəyan edirsə tələbini də iddiaya cavab verməli olan şəxsə yönəltməlidir. Yoxsa yarımqoşqu ilə bağlı ilkin etibarnaməni cavabdehə verməsini və həmin vaxt da nəqliyyat vasitəsinin cavabdehdə olmasını əsas gətirib iddia tələbini sonuncuya qarşı yönəltməsi başadüşülən deyil. Çünki, ilkin etibarnaməyə və nə vaxtsa nəqliyyat vasitəsinin cavabdehin sahibliyində olmasına görə həmin əşya hazırda ondan tələb edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-583/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-583/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2993/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2993/2022
18.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver