Məhkəmə qərarları › İş №2(103)-2994/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2994/2024

10.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2994/2024 10.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, işçinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət, preyudisiya) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. X16 təkrarən, qeyri-rəsmi ər-arvad münasibətində olduğu X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girib cinayətkar plana uyğun olaraq xx.xx.2019-cu il tarixdə İddiaçı yaşadığı Bakı şəhəri, Pirallahı rayonu, Əzizbəyov küçəsi 39 nömrəli evin 4 saylı mənzilində quraşdırılmış *** ** ** nömrəli şəhər telefonu ilə əlaqə saxlayıb özünü Dövlət Sosial Müdafiı Fondunun əməkdaşı kimi təqdim edərək qeyd edilən Fond tərəfindən guya yardım ediləcəyini yalandan bildirib İddiaçı "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və CVV nömrələrini öyrəndikdən sonra həmin məlumatları qrupun digər üzvü Nuranə Hüseynovaya vermiş, cinayətkar razılaşmaya əsasən X9 rayonu, Cəlayir kəndində ünvansız fərdi yaşayış evində "xxxx" ASC-nə məxsus “BirBank” mobil tətbiqindən istifadə edib İddiaçı bank hesabında olan pul vəsaitindən həmin tarxdə 1826,58 manat pulu müxtəlif kartlara köçürərək zərərçəkmiş şəxs İddiaçı məxsus 1826,58 manat pulu elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb təkrarən oğurluq etmişdir.

2. X17 və X3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə məhkum olunmuş, zərərçəkmiş şəxs və mülki İddiaçı tərəfindən verilmiş mülki iddia tələbi qismən təmin edilərək ona dəymiş maddi zərərə görə 1826,58 manatın və həmin məbləğə xx.xx.2021-ci il tarixə hesablanmış 513,12 manat faiz borcunun, mənəvi zərərə görə 1000 manatın, ödənilmiş dövlət rüsumuna görə 30 manatın, ümumilikdə cəmi 3369,70 (üç min üç yüz altmış doqquz manat yetmiş qəpik) manatın X8 tutulub İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi hökm edilmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü Bakı Apellyasiya Məhkəməsinin 10 may 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə, İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli qərarının zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı “Kapitalbank“ ASC-ya qarşı mülki iddiasının təmin edilməməsi hissəsində dəyişdirilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı “Kapitalbank“ ASC-ya qarşı mülki iddiasının baxılmamış saxlanılması, İddiaçı mülki mühakimə icraatı qaydasında “Kapitalbank“ ASC-ya qarşı iddia tələbi qaldırmaq hüququnun izah edilməsi qərara alınmışdır.

5. "xxxx" ASC-nin elektron saytından çıxarışa əsasən, İddiaçı verilmiş kartla xx.xx.2019-cu il tarixdə 1927,59 manat məbləğində əməliyyat aparılaraq 60 ay müddətinə ödəməklə faizli kredit ayrılmışdır.

6. "xxxx" ASC-nin məhkəməyə ünvanladığı məlumatda göstərilmişdir ki, İddiaçı ilə bank arasında bağlanmış xx.xx.2018-ci il tarixli **********01944112 saylı birkart kredit müqaviləsi üzrə İddiaçı verilmiş kartla xx.xx.2019-cu il tarixdə aparılmış 1927,59 manat məbləğində əməliyyat üzrə 1380,58 manat faiz, 106.24 manat cərimə borcu hesablanaraq ödənilmişdir. Müqavilə şərtlərinə əsasən qeyd olunan əməliyyat üzrə hər hansı gecikmə olmadan ödəniş olunsa idi, həmin əməliyyat üzrə 1334,34 manat faiz borcu ödəniləcəkdi. İddiaçı kartından oğurlanmış vəsaitlər üzrə 83,81 manat faiz, 8,08 manat cərimə borcu hesablanaraq ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı (iddiaçı) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən maddi zərərin əvəzi olaraq 6000 (altı min) manatın, mənəvi zərərin əvəzi olaraq 1000 manatın, Yasamal və Nəsimi rayon məhkəmələrinə və Bakı Apellyasiya Məhkəməsinə ödədiyi Dövlət rüsumlarının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “Kapital Bank" ASC tərəfindən verilmiş 4169 7332 2721 9461 №-li BirKartın sahibi olmuş, xx.xx.2019-cu il tarixədək kartdan istifadə etmişdir. 29 dekabr 2019-cu il tarixində ***-***-**-** №-li ev telefonuna ***- ***-**-** №-li mobil nömrədən saat 15.40 radələrində zəng gəlmiş, özünü “Kapital Bank" ASC-nin əməkdaşı kimi təqdim edən adam bank tərəfindən pensiyaçılara yeni il münasibətilə 200 manat hədiyyə ediləcəyini bildirmiş, üstəlik pensiyaçı atasının adını, təvəllüdünü, ünvanlarını dəqiq demişdir. Bundan bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti tərəfindən sosial yardım alan şəxslərə 100 manat hədiyyə edilmişdi və bu səbəbdən bu aksiyanın da həmin humanist aksiyanın davamı olduğunu düşünərək bu adamın dediyinə inanmışdır. Həmin şəxs demişdir ki, 200 manat hədiyyə yalnız BirKarta köçürülə bilər və atasının BirKartı olmadığı üçün ondan BirKartının 16 rəqəmli nömrəsini və şəxsiyyət vəsiqəsinin məlumatlarını istəmişdir. "xxxx" ASC əməkdaşları adətən bu məlumatları tələb etdiyindən, şübhələnməmiş və məlumatları demişdir. Sonda ondan 4 rəqəmli kodu da istəmişlər. Bu onu şübhələndirmiş, dərhal dəstəyi asıb 196-ya zəng etmiş və Cavabdeh ASC tərəfindən pensiyaçılara yeni il münasibətilə 200 manat hədiyyə edilməsi kampaniyasının olub-olmamasını soruşmuşdur. Ona cavab verən oğlan bir neçə dəqiqə araşdırdıqdan sonra demişdir ki, belə bir kampaniya yoxdur. Onda o, zəng edənin firıldaqçı-dələduz olduğunu başa düşmüş, “Kapital Bank" ASC əməkdaşına demişdir ki, təcili onun BirKartını bağlasınlar, bloklasınlar, çünki ***-***-**-** nömrəsindən zəng edən dələduz etibarından sui-istifadə edərək məlumatlarını oğurlayıb, eyni zamanda demişdir ki, “təcili olaraq hüquq-mühafizə orqanlarına, ilk növbədə polisə, 102-yə məlumat verin ki, dələduz digər insanları da aldatmasın, məlumat verin ki, hüquq-mühafizə orqanları onun BirKartını nəzarətdə saxlasın ki, dələduzu elə cinayət başında isti-isti izlərlə yaxalamaq mümkün olsun”. Operator da demişdir ki, "kartınız bloklandı”. Bundan sonra saat 18.36-da ***-***-**-** nömrəli əlaqə telefonuna “Kapital Bank" ASC-dən SMS gəlmişdir ki, 3D təhlükəsizlik bloklandı. Bu səbəblə hesab etmişdir ki, ciddi bir banka çox ciddi bir məlumat vermiş, ciddi bir cavab almış və arxayın olmuşdur. Çox təəssüf, sən demə “Kapital Bank" ASC-nin sözü və işi arasında çox böyük bir fərq varmış. xx.xx.2020-ci il tarixində "xxxx" ASC-nin saytında öz “şəxsi kabinet"inə daxil olanda məlum olmuşdur ki, dələduz BirKartındakı bütün pulları (1826 manat 58 qəpik) oğurlamışdır. Dərhal 102-yə zəng etmiş, 2020-ci il yanvarın 20-də polis oğru-dələduzu müəyyən etmiş, X2 Təzəkənd (Xanəgah) kəndində olmuş və fevralda haqqında həbs qətimkan tədbiri seçilmişdir. Məlum olmuşdu ki, o, kartı bağladandan 33 dəqiqə sonra - saat 16.18-də özünü “İddiaçı" kimi təqdim edən Hafiz Əliyev kartın blokdan açılmasına nail olmuş və kartdakı pulları talamışdır. İstintaqı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müstəntiq Yusif Hüseynov aparmışdır. 2021-ci ilin may-dekabr aylarında Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə məhkəmə prosesi olmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli hökmü ilə X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-1 maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxs və mülki İddiaçı mülki iddia tələbi isə cavabdeh "xxxx" ASC-yə qarşı olan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Cinayət Kollegiyası xx.xx.2022-ci il tarixli Qərarı ilə məhkumun kassasiya şikayətini təmin etməmiş, lakin zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı kassasiya şikayətini qismən təmin etmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli qərarının zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı "xxxx" ASC-yə qarşı mülki iddiasının təmin edilməməsi hissəsində dəyişdirmiş, onun "xxxx" ASC-yə qarşı mülki iddiası baxılmamış saxlanılmış və ona yenidən mülki mühakimə icraatı qaydasında "xxxx" ASCyə qarşı iddia tələbi qaldırmaq hüququ izah edilmişdir. O, zərərçəkmiş şəxs və mülki iddiaçı kimi həm ibtidai istintaq zamanı, həm birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı, həm də apellyasiya instansiyasında məhkəmdə bir çox faktlarla rastlaşmışdır, eyni zamanda Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən xeyli faktlar əldə etmiş və əldə etdiyi faktlara əsaslanaraq, eləcə də Ali Məhkəmənin izahına uyğun olaraq mülki iddia ərizəsi ilə müraciət etməyi qərara almışdır. Belə ki, "xxxx" ASC əməkdaşlarının səhlənkarlığı və ya cinayətkarla işbirliyi ucbatından, onun BirKartından oğurlanmış pulların (1826 manat 58 qəpik) borc və faizinin hər ay onun maaşından tutulması səbəbindən, eyni zamanda oğurluqdan əvvəl faizsiz taksitlə xərclədiyi (1373 manat 42 qəpik) məbləğə yüksək faizlərin tətbiq edilməsi səbəbindən, eyni zamanda əldən çıxmış fayda (əgər 1826 manat oğurlanmasaydı o, bu pula miniinkubator alıb kiçik sahibkarlıq fəaliyyətinə başlamağı planlaşdırmışdı) səbəbindən, eyni zamanda kredit tarixçəsinin qara siyahıya salınması və müraciət etdiyi digər banklardan (ABB, “Rabitəbank”, “Yelobank” və s.) kredit ala bilməməyi səbəbindən "Kapital Bank” ASC tərəfindən onun ailə büdcəsinə böyük miqdarda maddi zərər vurulmuş, eyni zamanda, ailəsinin normal dolanışığını təmin edə bilməməyi səbəbindən, ilkin ehtiyaclarını ödəyə bilməməkləri səbəbindən, ailədə əsəbi şərait yarandığından, ailə üzvlərinin əsəb xəstəliyinə tutulması səbəbindən, bu həm də onu böyük bir mənəvi zərbə və mənəvi ziyan olmuşdur. Bundan başqa, ucqar Pirallahıda bankomatdan 100 manat çıxaran kimi əlaqə nömrəsinə SMS gəlir ki, "100 manat çıxardınız”. Burada isə dələduz minlərlə manatı talayır - əlaqə nömrəsinə "xxxx" ASC-dən heç bir SMS gəlmir! Dəhşətlisi odur ki, “Kapital Bank" ASC-də deyirlər ki, "dələduz sizin əlaqə nömrənizi dəyişib", Bəs onda niyə ona "xxxx" ASC-dən SMS məlumat gəlməmişdir ki, sizin əlaqə nömrəniz dəyişdi?! "xxxx" ASC-də deyirlər ki, dələduz BirKartınızı öz BirKartına köçürüb. Yaxşı, bəs onda niyə dələduz BirKartını öz BirKartına köçürəndə ona "xxxx" ASC-dən SMS məlumat gəlməmişdir ki, sizin kartınız başqasının adına keçirildi?! Bu hadisə olub saat 16.18-də, saat 18.36-da isə 050-351 -22- 01 nömrəli əlaqə nömrəsinə "xxxx" ASC-dən SMS gəlmişdir ki, 3D təhlükəsizlik bloklandı. Deməli saat 16.18-dən saat 18.36-ya kimi - 2 saat 18 dəqiqə ərzində əlaqə nömrəsi olan ***-***-**-** hələ dəyişdirilməmişdi, bəs onda niyə bu müddət ərzində "xxxx" ASC-dən SMS məlumat gəlməmişdir ki, kartınızdan pul çıxarılır, sizin kartınız başqasının adına keçirilir, əlaqə nömrəniz dəyişdirilir?! Nə istintaq, nə də məhkəmə onun bu suallarına qərəzli şəkildə cavab verməmişlər! Nə ittiham aktında, nə hökmdə bu sualların cavabı yoxdur. Bundan başqa, onunla "xxxx" ASC arasında BirKart üçün bağlanmış müqavilədə (N ******************) kartının başqasının kartına köçürülməsi barədə belə bir bənd yoxdur. Əgər müqavilədə belə bir bənd - BirKartın başqasının adına keçirilməsi bəndi yoxdursa belə bir özbaşınalığa kim icazə verib?! "xxxx" ASC tərəfindən müqavilənin pozulması bir cinayətdir, nəticədə ona külli miqdarda maddi və mənəvi zərər dəymişdir. "xxxx" ASC-dən kiçik bir məlumat istəyən kimi dərhal deyirlər ki, "filiala gəlin", "filiala müraciət edin" və s. Cinayətkar-dələduz isə "xxxx" ASC-nin sistemində min oyundan, hoqqadan çıxıb ona "dur!" deyən, "filiala gəl" deyən olmayıb! Elə bil kimsə dələduz üçün qəsdən əlverişli şərait yaradıb ki, müştərinin BirKartını talasın... Nə istintaq, nə də məhkəmə onun bu suallarına da qərəzli şəkildə cavab verməmişlər! Nə ittiham aktında, nə hökmdə bu sualların cavabı yoxdur! Bundan başqa, ən dəhşətlisi odur ki, xx.xx.2019 tarixdə saat 18.36-da ona SMS gəlir ki, BirKartın bloklanmışdır, elə həmin xx.xx.2019 tarixində saat 15:41, 16.21, 16.24, 16.29, 16.45, 17.31, 17.36, 17.43, 17.47, 18.53, 18.54, 19.14, 19.29, 19.33, 19.44, 20.19 (2 dəfə - 17 və 57-ci saniyələrdə), 20.20, 21.07, 17.29, 17.38, 17.40, 17:42, 17.44, 18.52, 19.15, 19.34, 19.47 radələrində düz 28 dəfə cinayətkar onun BirKartından pul çəkməyə cəhd edib və buna müvəffəq olub! ("xxxx" ASC-nin bu barədə arayışı cinayət işinə əlavə olunub). Eyni zaman kəsiyində saat 18.36-da 050-35122-01 nömrəli əlaqə telefonuna "xxxx" ASC-dən SMS gəlir ki, 3D təhlükəsizlik bloklandı və həmin vaxtda da fırıldaqçıcinayətkar həmin BirKartdan real pul çəkir! İnsanda elə bir təəssürat yaranır ki, "xxxx" ASC müştərinin təhlükəsizliyini qorumaqdansa, dələduz-cinayətkarlar üçün əlverişli şərait yaratmaqla məşğuldur ki, bu yolla əlavə qazanc əldə edə bilsin! Nə istintaq, nə də məhkəmə onun bu suallarına da qərəzli şəkildə cavab vermədilər! Nə ittiham aktında, nə hökmdə bu sualın da cavabı yoxdur! Beləliklə, o, zərərçəkmiş şəxs kimi həm ibtidai istintaq zamanı, həm birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı, həm də apellyasiya instansiyasında məhkəmə baxışı zamanı bildirmişdir ki, "Kapital Bank” ASC öz işçilərinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçilərinin vurduğu zərərin əvəzini tam ödəməlidir. Belə ki, xx.xx.2019-cu il tarixində saat 15.40 radələrində ev telefonuna zəng edən dələduz X17 etibarından sui-istifadə edərək ondan Kartının 16 rəqəmli PAN nömrəsini və şəxsiyyət vəsiqəsinin məlumatlarını oğurlamış, dəstəyi asan kimi dərhal 196-ya zəng etmiş, Mərkəzi Bankın "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 3.9, 3.8.5. və 2.1.13. bəndlərinə əsasən "xxxx" ASC qarşısında müştəri borcunu və müqavilə şərtlərini tam yerinə yetirmiş, saat 15.45-də "kart məlumatları digər şəxsə verildiyi" səbəbindən BirKartı bloklanmışdır. Bundan sonra saat 18.36-da ***-***-**- ** nömrəli əlaqə telefonuna "xxxx" ASC-dən SMS gəldi ki, 3D təhlükəsizlik bloklandı, əgər açmaq istəsəniz 196-ya zəng edib kartın son 4 rəqəmini qeyd edib xidməti yenidən aktiv edə bilərsiniz. Tam arxayın olmuşdur ki, kartı bloklanıb. Hökmün 59/78-ci səhifəsində göstərilir ki, "xxxx" ASC-nin təqdim etdiyi CD diskindəki 3-cü fayl tədqiq edilərkən operator "Fəhri" saat 16.18- də özünü "İddiaçı" kimi təqdim edən Hafiz Əliyevdən kartın bağlanmasının səbəbini soruşduqda, dələduz "kartını itirməsi səbəbiylə bağlamış" olduğunu bildirir və operator "Fəhri" kartı blokdan açır. Halbuki, saat 14.45-də kartı bloklayan operator X11 bankın elektron qeydiyyat sistemindəki tarixçəsində yazmışdır ki, "kart məlumatları digər şəxsə verilib, təhlükəsizlik baxımından kartı bağlayıram." 33 dəqiqə sonra saat 16.18-də dələduz Hafiz Əliyevin mənim adımdan etdiyi yalançı zənglə kartını blokdan açan növbəti operator "Fəhri" gözünün qabağında monitorda "kart məlumatları digər şəxsə verilib" qeydini görməyə bilməzdi! "Kartın itirilməsi" və "kart məlumatlarının digər şəxsə verilməsi" (yəni "kartın səlahiyyətsiz istifadəsi") tamamilə ayrıayrı, bir-birinə zidd anlayışlardır, Əgər zəng edən "İddiaçı" deyirsə ki, kartı itirmişəm, deməli yalan danışır və kartı heç bir halda blokdan açmaq olmazdı. Əgər operator kartı açıbsa (o cümlədən, məxfi sözü, mənim telefon əlaqə nömrəmi, kartın balansında nə qədər pul olduğunu da soruşmadan - bu sualları operatorlar mütləq verirlər - açıbsa!), deməli, ən azından, səhv edib, bu deliktdir. Bundan başqa, hökmün 49/78-ci səhifəsində göstərilir ki, məhkəmədə tanınma istintaq hərəkətindən əvvəl Əliyev Hafiz "xxxx" ASC-nin onunla cinayətkar əlaqədə olan işçisi "Nəsib"in əlamətlərini - boyca özündən alçaq, ümumiyyətlə orta boylu və orta köklükdə olmaqla, başında saçı nisbətən az miqdarda olmuşdur - deyə təsvir etmişdi. Tanınma istintaq hərəkəti zamanı "xxxx" ASC-nin Frod və dələduzluğa qarşı mübarizə şöbəsinin müdiri X14 diqqətlə baxmış, yəni vizual olaraq müşahidə etmiş və müttəhim Əliyev Hafizin dediyi əlamətlərin X14 tam uyğun gəldiyinin şahid olmuşdur. Hesab edir ki, Emil Qasımov əvvəlcədən özünü sığortalamaq məqsədilə firıldaqçılığa əl atmış və dələduz Əliyev Hafizə özünü "Nəsib" kimi təqdim etmişdir ki, məhkəmədə müttəhim onu tanıya bilməsin, və ya tanısa da adını səhv desin. Və tanınma zamanı Hafiz Əliyev həqiqətən 2 nömrə altında olan X12 "Nəsib" adlı şəxs olmasını bildirmişdir. (Hökm səhifə 49/78). Lakin nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyasında bu fakta hüquqi qiymət verilməmişdir. Əksinə, məhkəmə hansı marağa görəsə Qasımov Emilin dələduzun onu "hansı səbəbə görə Nəsib kimi tanımasını bilmədiyi" ifadəsinə (Hökm səhifə 52/78) üstünlük vermiş və faktı araşdırmamışdır. Bundan başqa, hökmün 50/78-ci səhifəsində şahid qismində dindirilən "xxxx" ASC-nin Frod və dələduzluğa qarşı mübarizə şöbəsinin əməkdaşı X6 bildirir ki, dələduz Əliyev Hafizin kartını bloklamaq üçün Cəmiyyətin rəhbərliyindən rəy alınmışdır, bəs onda niyə Baş ofisdə "danışıqlardan" sonra, əməllərində "kifayət qədər cinayət tərkibli məlumatlar olmasına” baxmayaraq (Hökm, səhifə 51/78) dələduz Hafiz Oliyevin kartı dərhal blokdan açılmışdır?! Hafiz Əliyevin əməllərində "kifayət qədər cinayət tərkibli məlumatlar olmasına" baxmayaraq, onunla söhbətdən sonra polisə məlumat vermək əvəzinə, Hüquq departamentinə rəy üçün müraciət etmək əvəzinə, o, sərbəst buraxmış və üstəlik kartını da Cəmiyyətin rəhbərliyindən rəy almadan blokdan açmışlar ki, 55 nəfərin kartından oğurluq edilsin. Bundan başqa, hökmün 50/78-ci səhifəsində "xxxx" ASC-nin Frod və dələduzluğa qarşı mübarizə şöbəsinin əməkdaşı X6 deyir ki, "hər hansı müştərinin hesabını bloklamaq və ya blokdan çıxarmaq səlahiyyəti olmamışdır". Bunun ardınca hökmün 51/78-ci səhifəsində isə o, bildirir ki, Əliyev Hafizin "özünün müştəri kimi daxil olmuş məlumatı əsasında bloklanmış hesabı açılaraq yola salınmışdır". Yəni "blokdan çıxarmaq səlahiyyəti olmayan" X6 və X19 dələduz Əliyev Hafizin (özləri dediyi kimi - əməllərində kifayət qədər cinayət tərkibli məlumatlar olan dələduzun) bloklanmış hesabını səlahiyyətləri olmadığı halda blokdan açaraq onu baş ofisdən yola salmışlar ki, bununla da dələduzun köhnə cinayətlərini ört-basdır etmiş və yeni cinayətlər törətmək üçün ona əlverişli şərait yaratmışdırlar. Bundan başqa, hökmün 50/78-ci səhifəsində "xxxx" ASC-nin Frod və dələduzluğa qarşı mübarizə şöbəsinin əməkdaşı X6 demişdir ki, Əliyev Hafiz tərəfindən "pul vəsaitlərinin köçürüldüyü "Bir Kart" hesabı bloklanmış və ... hesabın bloklanması səbəbi ilə əlaqədar bankın informasiya sistemində qeyd aparılmışdır. Hökmün elə həmin səhifəsində, bir qədər əvvəl isə Süleymanov Nəsib iddia edirdi ki, "zəng mərkəzinin 150 nəfərdən çox operatoru olduğundan və bir operatorun digəri ilə əlaqəsi olmadığından daxil olmuş şikayətlərin bir-biri ilə əlaqələndirilməsi mümkün olmamış, ümumilikdə isə bu hala nəzarət edilməsi texniki cəhətdən mümkünsüzdür." X20 iddia edirsə ki, bütün məlumatlar bir informasiya sistemində toplanır, onda burada bir operatorun digəri ilə əlaqəsinin olub-olmamasının nə mənası var axı?! "xxxx" kimi müasir bir bankda, İT, kompyuter əsrində nəzarətin texniki cəhətdən mümkünsüzlüyündən danışmaq adsurddur. Saat 16.18-də özünü "İddiaçı" kimi təqdim edən Hafiz Əliyev ***-***-**-** nömrəsindən zəng edən kimi operator "Fəhri" bankın informasiya sistemində qeydlərə baxmış, ***-***-**-**-nin onun əlaqə nömrəsi olmadığını, əksinə bunun dələduza məxsus nömrələrdən biri olduğunu görmüş və dələduzun müraciətini rədd etmək əvəzinə, aldığı təlimatın əksinə olaraq onun BirKartını blokdan açmışdır. Bu nəinki deliktdir, bu açıq- aşkar cinayətkar işbirliyidir. Süleymanov Nəsibin həqiqətdən və məntiqdən kənar ifadələrlə məhkəməni aldatmağa çalışması faktı araşdırılmamışdır. Bundan başqa, hökmün 51/78-ci səhifəsində şahid qismində dindirilən X6 demişdir ki, Baş ofisdə Haliz Əliyevi dindirəndən sonra bütün filiallar və operatorlar təlimatlandırılmışdır ki, bloklanmış müştəri hesabları Hafiz Əliyevin istifadə etdiyi Nar və Baksell nömrələrindən daxil olmuş zənglər, müraciətlər əsasında açılmasın, yəni müştərilərin bloklaşdırdığı hesabların dələduzun nömrələrindən gələn zənglər əsasında açılmaması barədə operatorlara xüsusi tapşırıqlar verilmişdir. Bəs onda necə oldu ki, Hafiz Əliyevin 070-29715-35 nömrəsindən gələn zəng əsasında onun BirKartı blokdan açılmış və üstəlik onun əlaqə nömrəsi də dələduzun nömrəsinə (həmən o "tapşırılmış" Nar nömrəsinə!!!) dəyişdirilmiş və bu barədə ona SMS də göndərilməmişdir?! Bu necə "təlimatdır", "tapşırıqdır"?! Bəlkə elə Qasımov Emil və Süleymanov Nəsib operatorlara tapşırıblar ki, X24 və Baksell nömrələrindən zəng gələn kimi müştərilərin bloklaşdırdığı hesablarını açsınlar? (nə istintaq, nə məhkəmə bu faktı araşdırmadı!) Xüsusi vurğulayıram, 55 müştərinin tam əksəriyyəti 196-ya və yaxınlıqdakı filiallara müraciət etməklə kartlarının bloklanmasına nail olmuşlar, lakin sonradan Qasımov Emil və Süleymanov Nəsibin operatorlara "təlimatı", "tapşırığı" sayəsində bütün hesablar blokdan açılmış və oğru-dələduzlar tərəfindən soyğunçuluğa məruz qalmışdır. Bundan başqa, məhkəmədə dələduz Hafiz Əliyev "xxxx" ASC-nin əməkdaşları Emil Qasımovun və Nəsib Süleymanovun üzünə durandan və oğurladıqlarından Xasay Qasımov vasitəsilə "Nəsibin də payını göndərdiyini" deyəndən sonra Cavabdeh əməkdaşlarının da bu cinayətdə əli olmasına əsaslı şübhələr yaranmışdı. Belə ki, cinayətin əsas əşyayi-dəlili olan və yüzlərlə insanın şəxsi məlumatlarının toplandığı, müttəhim Hafiz Əliyevə məxsus qara bloknotda (hökmün 51/78-ci səhifəsi) "xxxx" ASC-yə aid külli miqdarda bank sirləri vardır (kimin kart hesabında pul var, nə qədər pul var və s.) ki, bu qədər informasiyanın da savadsız bir adam (ucqar dağ kəndindən olan Hafiz Əliyev adi ərizəni belə çətinliklə yazır) tərəfindən təkbaşına toplanması qeyri mümkündür! Bu fakta da nə ibtidai istintaq, nə də məhkəmə araşdırmaları və baxışı zamanı diqqət yetirilmədi. Hökmün 71/78-ci səhifəsində "xxxx" ASC-nin məhkəmədə nümayəndəsi X18 bildirir ki, "məlumatların müştəri tərəfindən üçüncü şəxsə verilməsi nəticəsində kartdan istifadə olunmasına görə bank məsuliyyət daşımır". Tam yalan və saxtakarlıqdır. İddiaçı məlumatları könüllü verməmişdir, dələduz onları aldatma və etibardan sui-istifadə etməklə ondan oğurlamışdır. Mərkəzi Bankın "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın verdiyi hüquqa əsaslanaraq o, dərhal "xxxx" ASC-yə, 196-ya zəng edərək "kartın səlahiyyətsiz istifadəsi barədə" bildirişini etmiş və kartın bloklaşdırılmasına nail olmuşdur. Bundan sonrakı hüquq pozuntularına görə, xüsusən işçilərinin səhvlərinə və qanuna zidd əməllərinə görə "xxxx" ASC tam məsuliyyət daşıyır. Hökmün 73/78-ci səhifəsində və Qərarda (səh.17/18) bildirilir ki, "xxxx" ASC tərəfindən üzərinə düşən vəzifələr layiqincə yerinə yetirilmiş və vətəndaşlardan müraciət daxil olduğu andan onların hesablarının bloklanması təmin edilmişdir. Bir daha bəyan edir ki, 55-ə yaxın müştərinin kartına müdaxilə edilmiş, onların tam əksəriyyəti 196-ya və yaxınlıqdakı filiallara müraciət etməklə kartlarının bloklanmasına nail olmuşlar, lakin sonradan "xxxx" ASC-nin, konkret olaraq operator "Fəhri". Frod və dələduzluğa qarşı mübarizə şöbəsinin müdiri X19 və əməkdaşı X4 "layiqincə fəaliyyəti" nəticəsində kartların hamısı blokdan açılmış və dələduzlar tərəfindən soyğunçuluğa məruz qalmışdır. Xüsusi vurğulayır ki, 55 nəfərin heç biri bu soyğunçuluqdan qurtula bilməmiş, "xxxx" müştərilərinə 20 000 manata yaxın, sonradan tutulan faizlərlə birlikdə isə bundan dəfələrlə çox maddi və mənəvi zərər vurulmuşdur. Budurmu “Kapital Bank" ASC tərəfindən üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi"?. Qərarın 17/18-ci səhifəsində hakim Mirzəli Abbasov yazmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və İddiaçı vurulmuş zərərin "xxxx" ASCdən tutulması üçün hazırki icraatda qanuni əsaslar müəyyən edilməmişdir. Belə çıxır ki, mühüm əhəmiyyət kəsb edə biləcək sübutların: a) operator "Fəhri" gözünün qabağında monitorda "kart məlumatları digər şəxsə verilib" qeydinə əks olaraq dələduzun "kartın itirilməsi" yalanına rəğmən 1 Kartımı blokdan açması; b) operator "Fəhri"nin dələduzdan məxfi sözü, bankla telefon əlaqə nömrəmi, kartın balanssnda nə qədər pul olduğunu soruşmaması (bunlar çox vacibdir!); c) Frod və dələduzluğa qarşı mübarizə şöbəsindən Hafiz Əliyevin istifadə etdiyi Nar və Baksell nömrələrindən daxil olmuş müraciətlər əsasında hesabların blokdan açılmamas barədə təlimat və tapşırıq almasına baxmayaraq operator "Fəhri"nin dələduz Hafiz Əliyevin ***-***-**-** nömrəsindən gələn zəng əsasında onun kartını blokdan açması; ç) Frod və dələduzluğa qarşı mübarizə şöbəsindən aldığı təlimata zidd olaraq operator "Fəhri"nin onun əlaqə nömrəsini dələduz Hafiz Əliyevin qadağan olunmuş Nar nömrəsinə dəyişməsi; d) X12 və X4 dələduz Hafiz Əliyevin əməllərində "kifayət qədər cinayət tərkibli məlumatlar olmasına" baxmayaraq, onunla söhbətdən sonra Hüquq departamentinə rəy üçün müraciət etmək əvəzinə, polisə məlumat vermək əvəzinə onu sərbəst buraxmaları, üstəlik kartını da "xxxx" ASC rəhbərliyindən icazə almadan blokdan açmaları və nəticədə Əliyev Hafizin bundan istifadə edərək mənim və daha 55 nəfərin kartını talaması; c) əgər operator "Fəhri" saat 16.18-də mənim İKartımı blokdan açıbsa və əlaqə nömrəmi dəyişibsə, onda necə ola bilər ki, 2 saat 18 dəqiqə sonra - saat 18.36-da ***-***-**-** nömrəli əlaqə telefonuma "xxxx" ASC-dən SMS gəlir ki, 3D təhlükəsizlik bloklandı?! "xxxx" ASC-nin müştərini aldatmaqda məqsədi nədir?; ə) məhkəmədə tanınma istintaq hərəkətindən əvvəl Əliyev Hafiz onunla "xxxx" ASC-nin baş ofisində danışıqlar aparan adamın əlamətlərini - boyca özündən alçaq. ümumiyyətlə orta boylu və orta köklükdə olmaqla, başında saçı nisbətən az miqdarda olmuşdur - deyə təsvir etmişdi. Bu əlamətlərə tam uyğun gələn "xxxx" ASCnin Frod və dələduzluğa qarşı mübarizə şöbəsinin müdiri X19 dələduz Əliyev Hafizə "Xasay gərək səni bu işlərə qarışdırmazdı", "Narahat olma, səni qurtaracam" demişdir. Əliyev Hafizin savad, düşüncə və intellekt səviyyəsini nəzərə alsaq bu qədər faktın onun uydura biləcəyinə inanmaq qeyri-mümkündür; f) X1 ki, necə olur ki, dələduz Əliyev Hafizin onun əlamətlərini dəqiq deyir, lakin adını "Nəsib" söyləyir, o, bu suala yalnız "bilmirəm" kəlməsi ilə cavab vermiş və faktı inkar etmək üçün heç bir dəlil-sübut gətirə bilməmişdi və digər faktların tədqiqindən əsassız imtina etmiş hakim Günel Əkbərlinin qərəzinə hakim Mirzəli Abbasov da qoşulmuş, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 416.1.1 və 416.1.2 maddələrini kobudcasına pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 1(102)-1674/2022 saylı qərarında qeyd edilmişdir ki, “Kapital Bank" ASC tərəfindən təqdim edilmiş CD diskində olan məlumatlar aşağı instansiya məhkəmələri tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə mümkünlüyü, mötəbərliyi üzrə düzgün qiymətləndirilməmişdir. Belə ki, onun zərərçəkmiş kimi bloklaşdırdığı bank kartının blokdan çıxarılması nəticəsində həmin kartda pul vəsaiti talanmışdır. Bank kartının blokdan çıxarılmasının tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olubolmaması, "xxxx" ASC-nin zəng mərkəzinin operatorunun bu müqavilənin şərtlərinə düzgün əməl edib-etməməsi və sonuncunun bank kartının blokdan çıxrılmasına təqsirinin olub-olmaması aydınlaşdırılmamışdır. Belə ki, müəyyən edilmişdir ki, l-ci dəfə Zərərçəkmiş şəxs bankla əlaqə saxlamış. kart məlumatlarını digər şəxsə verdiyini, həmin şəxsin ona kompaniya ilə əlaqədar 200 manat pul veriləcəyini demişdir və Zərərçəkmiş şəxs bildirmişdir ki, ona qarşı dələduzluq edilməyə cəhd edilmiş, kartı bloklanmasını xahiş edərək. blokdan çıxarılması qaydasını soruşmuş və digər şəxslərə qarşı belə bir hərəkətin edilməməsi üçün hüquq mühafizə orqanlarına məlumat verilməsi bildirilmişdir. 2-ci dəfə edilən zəng başqa adamın səsidir, həmin şəxs özünü zərərçəkmiş şəxs kimi təqdim etmiş və kartın blokdan çıxarılmasını xahiş etmişdir. Operatorun kart və şəxsiyyət barədə sorğusuna düzgün cavab versə də kartın bloklaşdırılması səbəbini kartın itirilməsi kimi bildirmişdir. Operator onun kartını blokdan çıxartmış və 3D xidmətini aktivləşdirərək hansı mobil nömrəyə bağlandığını souşmuş və şəxsin təqdim etdiyi mobil nömrəyə göstərilən xidməti aktivləşdirmişdir. Kassasıya məhkəmə kollegiyası yuxarıda qeyd edilən hallar aydınlaşdırıldıqdan sonda onun "xxxx" ASC-yə qarşı mülki iddia tələbinin dəlillərinə qiymət verilməli olduğu və mülki iddianın qanunauyğun şəkildə həll edilməli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 noyabr 2022- ci il tarixli qərarına əsasən onun "xxxx" ASC-yə qarşı mülki iddiası baxılmamış saxlanılmış və ona "xxxx" ASC-yə qarşı mülki mühakimə icraatında iddia tələbi qaldırmaq hüququ izah edilmişdir.

9. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz vermiş, etirazında aşağıdakıları göstərmişdir: “...Bank ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixli kredit kartına dair müqavilə bağlanmış, bu müqaviləyə əsasən ilkin olaraq istifadə edilə biləcək məbləğ 3200 manat müəyyən olunmaqla iddiaçıya birkart kredit kartı verilmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıracaq sübutlar təqdim etməməklə yanaşı, baş vermiş cinayətdə Bankın əməkdaşlarının əlbirliyi olduğuna dair ifadələr işlətməklə sanki cinayətkarın və bu cinayətin baş verməsində günahkarın özü deyil, Bank olduğunu göstərməyə çalışmışdır. Belə ki, iddiaçı cinayət işi üzrə məhkəmə prosesində keçirilmiş tanınma istintaq hərəkətinin və Hafis Əliyevin uydurma ifadələrini əsas tutaraq Bank əməkdaşlarının Hafis ilə əlbir olduğunu qeyd edir. Bunu onunla əsaslandırır ki, Hafis ifadəsində Bankın əməkdaşı "Nəsir” ilə dost münasibətinin olduğunu bildirmiş, ona bu əməllərinə görə tutulmayacağına dair vəd vermişdir. Lakin Hafis məhkəmə prosesində onu haradan və nə vaxtdan tanımasına dair verilmiş suallara dəqiq cavab verməyərək suallardan yayınmış, onu təsvir etməsinə dair verilmiş suallara cavab olaraq isə müəyyən əlamətləri bildirmişdir. Bundan sonra Bankın nümayəndəsi əməkdaşın adının "Nəsir” deyil, "Nəsib” ola biləcəyini və Nəsibin vəzifə funksiyalarının tələbi olaraq Hafisin işi ilə məşğul olduğunu, bu işlə əlaqədar daha əvvəl onunla görüşmüş ola biləcəyini bildirmiş və məhkəmədən prosesdə tanınmanın keçirilməsini xahiş etmiş və məhkəmə bunu həyata keçirmişdir. Məhkəmə iclasında Hafis özünün daha əvvəl qeyd etdiyi əlamətlərə uyğun gələn digər bank əməkdaşı Emil Qasımovu göstərmişdir. Nəzərə alınmalıdır ki, Emil Qasımov və Nəsib Süleymanov eyni şöbənin əməkdaşları olmaqla vəzifə funksiyalarından irəli gələrək məhz Hafisin cinayət əməllərinin araşdırılmasında və onun aşkarlanaraq hüquqi mühafizə orqanlarına təqdim edilməsində iştirak etmişlər. Məhz bu səbəblə Hafis onları daha öncə Bankda görmüş, adını təxmini olaraq Nəsir kimi yadında saxlamış, lakin əlamətlər olaraq Emil Qasımovun əlamətlərini bildirmişdir. Məhkəmə prosesində Hafis Bank əməkdaşları ilə hər hansı tanışlıq əlaqəsinə dair sübut təqdim etməmişdir. Həmçinin iddia ərizəsində qeyd olunur ki, Bank Hafisin kartının bloklanmasına və açılmamasına dair filiallara tapşırıq versə də, Hafis öz nömrəsindən Banka zəng edərək başqa şəxsin kartının bloklanmasına nail olmuşdur. Nəzərə alınmalıdır ki, burada məhz Hafisin kartının bloklanması və açılmaması nəzərdə tutulmuşdur ki, burada da məqsəd Hafisin Banka yaxınlaşmasını təmin edərək, ondan bu əməlliyyatlara dair məlumata almaq olmuşdur. Bank bu məqsədə nail olduqdan sonra məlumatları hüquq mühafizə orqanına ötürmüşdür. Həmçinin nəzərə çatdırılır ki, Hafis tərəfindən törədilən cinayətdə zərərçəkmişlər yalnız Bankın müştəriləri olmamış, həmçinin digər bankın da müştəriləri olmuşdur. Aparılmış ibtidai və məhkəmə istintaqı zamanı Bankın baş vermiş cinayət əməllərində və müştərilərə ziyan vurulmasında hər hansı təqsiri müəyyən edilməmişdir. İddiaçı özünə məxsus fərdi məlumatları cinayətkara təqdim etməsini ört-basdır etmək və öz təqsiri ilə əldə çıxmış pulun rahatlıqla Bankdan alınmasına nail olmaq üçün Bankı cinayətkarla əlbir göstərməyə çalışmış, özünün məlumatları təqdim etməsini "könüllü olaraq təqdim etməmişəm, aldadılmışam” kimi təqdim etmişdir. Lakin nəzərə alınmalıdır ki, məlumatın aldadılaraq təqdim edilməsi də, könüllü təqdim etmədir, burada hər hansı hədə-qorxu, zorakılıq və s. oxşar hal olmamışdır. İddia ərizəsinin digər hissəsi kartın qoşulduğu Birbank mobil tətbiqinin dəyişdirilməsi, bu zaman hər hansı SMS- in gəlməməsi, "3D bloklandı” sms-i gəlməsinə baxmayaraq əməliyyatların aparılması, nömrənin dəyişdirilməsi barədə müqavilədə hər hansı razılaşmanın olmamasıdır. Bildiriririk ki, kartın qoşulduğu nömrənin, birbankın dəyişdirilməsi Bankın təqdim etdiyi xidmətlərə daxildir və bu xidmətlərdən istifadə olunması müştərinin özünün müraciəti əsasında həyata keçirilir və bunun ayrıca müqavilədə qeyd olunması tələb olunmur. İddiaçı tərəfindən özünə məxsus fərdi məlumatlar digər şəxsə təqdim olunduğundan kart bloklandıqdan sonra həmin şəxs zəng edərək özünü kart sahibi təqdim etmiş və kartın blokdan açılmasına nail olmuşdur (kart xx.xx.2019-cu il tarixdə, saat 15:45:47-də bloklanıb, xx.xx.2019-cu il tarixdə, saat 16:18:10-da blokdan açılıb). Göründüyü kimi kartla əməliyyatların aparılması məhz kart blokdan açıldıqdan sonra həyata keçirilmişdir. İddiaçı iddia ərizəsində tələb etdiyi vəsaitin məbləğinə dair də sübutlar təqdim etməmişdir. Belə ki, təqdim olunan müqavilədən görünür ki, İddiaçıya limiti 3200 manat olan birkart verilmişdir. Həmçinin əlavə olunan çıxarışdan görünür ki, hadisə baş verən günədək İddiaçı kartından 1453.12 manat vəsait istifadə etmişdi. Belə olduğu halda ona 1826.58 manat məbləğində ziyanın necə yaranması qeyri müəyyəndir. Həmçinin hazırda İddiaçı iddia tələbində 6000 manat qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Əlavə olaraq nəzərə alınmalıdır ki, İddiaçıya vurulmuş maddi və mənəvi ziyanın Hafis Əliyevdən tutulmasına dair qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Hazırda İddiaçı həmin məbləğə dair iddia qaldıraraq pulun Bankdan tutulmasını tələb edir. Belə olduğu halda isə eyni vəsaitin həm Bank, həm də Hafis tərəfindən iki dəfə ödənilməsinə əsas yaranır. İddiaçı daha əvvəl məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh ASC əməkdaşına dedim ki, təcili mənim Birkartımı bağlayın, bloklayın, ləğv edin, elə bağlayın ki, bir daha açmayın...Mən Cavabdeh ASC əməkdaşına bir neçə dəfə təkrarlamışdım ki, mənim Birkartımı bağlayın və mən onu bir daha açmayacam...”. Lakin mülki iddiaçının məsələ ilə bağlı Banka etdiyi zəngdən aydın olur ki, o, Birkartını ləğv etməyi, bir daha açılmamasını bildirməmiş, kartın bloklanmasını xahiş etmiş, hətta yenidən kartın blokdan açılması üçün filiala və ya 196 məlumat mərkəzinə zəng etməli olduğunu soruşmuş, operator ona həm filiala müraciət edə biləcəyini, həm də 196 məlumat mərkəzinə zəng edərək kodu sıfırlayıb yenidən bankomat vasitəsilə kod təyin edə biləcəyini izah etmiş, o isə bayramdan sonra zərurət olarsa, əlaqə saxlayacağını bildirmişdir. Buradan da aydın olur ki, iddiaçı kartını birdəfəlik bağlatdırmaq, ləğv etdirmək istəməmiş, bloklatdırmağı xahiş etmiş və zərurət olarsa, yeni kod təyin edəcəyini bildirmişdir”.

10. Birinci instansiya məhkəməsinin 16 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ASC-dən maddi zərərə görə 244,37 (iki yüz qırx dörd manat, otuz yeddi qəpik) manatın, ödənilmiş dövlət rüsumuna görə 3 (üç) manatın, ümumilikdə 247,37 (iki yüz qırx yeddi manat, otuz yeddi qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

11.1. İddiaçı, cavabdeh tərəfindən ona dəymiş zərərin niyə 6000 manat məbləğində olduğunu və həmçinin ziyanın vurulmasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmiş və iddia ərizəsində də bunu əsaslandırmamışdır. 11.2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı dəymiş maddi zərərə görə 1826,58 manat və həmin məbləğə görə xx.xx.2021-ci il tarixə hesablanmış 513.12 manat faiz borcunun cavabdeh X8 tutularaq ona ödənilməsi həmin vaxta qədər mövcud olmuş tələbin (maddi ziyanın ödənilməsi) həll olunması kimi qiymətləndirilməlidir. 11.3. Beləliklə, hazırda İddiaçı yalnız həmin vaxtdan sonra yaranmış maddi zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. Bunlara baxmayaraq, iddiaçı ona X16 tərəfindən maddi zərərin əvəzi ödənildikdən sonra "Kapital Bank” ASC tərəfindən dəymiş ziyanın nədən ibarət olduğu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. 11.4. Lakin məhkəmə iddianı qismən təmin edərək qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına Bank tərəfindən əlavə edilmiş məlumatdan görünür ki, xx.xx.2018-ci il tarixli, **********01944112 saylı birkart kredit müqaviləsi şərtlərinə əsasən xx.xx.2019-cu il tarixdə 1927,59 manat məbləğində 60 ay müddətinə iddiaçıya ayrılmış kredit üzrə hər hansı gecikmə olmadan ödəniş olunsa idi, həmin əməliyyat üzrə 1380,58 manat deyil, 1334.34 manat məbləğində faiz borcu ödəniləcəkdi. Həmçinin iddiaçının kartından oğurlanmış vəsaitlər üzrə 83.81 manat faiz, 8.08 manat cərimə borcu hesablanaraq ödənilmişdir. 11.5. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı özünün təqsiri olmadığı səbəblərə görə 46,24 manat məbləğində artıq faiz, 106,24 manat məbləğində cərimə və həmçinin kartından oğurlanmış vəsaitlər üzrə 83.81 manat faiz və 8.08 manat cərimə, ümumilikdə 244,37 manat borc ödəmişdir. 11.6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə cinayət prosesində zərərçəkən şəxsə (hazırda iddiaçı) mənəvi zərərə görə 1000 manat pul vəsaitinin iş üzrə mülki cavabdeh X8 tutulması bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş yalnız həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. 11.7. Həmçinin məhkəmə iddiaçı tərəfindən Yasamal Rayon Məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə ödənilmiş Dövlət rüsumları barədə məhkəməyə heç bir sübut təqdim edilmədiyini və həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaitinin cavabdeh X8 tutularaq ona ödənildiyini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə rədd edilməlidir.

12. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21ci, 1096-cı, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarlarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli Qərarına istinad etmişdir.

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, qanunsuz qərar çıxardığını irəli sürmüşdür. Apellyasiya şikayətinə qarşı etiraz

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

15. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən cavabdeh şikayət verməmiş, iddiaçı isə apellyasiya şikayətində qətnamənin ləğv olunmasını istəsə də, əslində onun şikayəti qətnamənin iddianın qismən təmin olunmaması ilə bağlı hissədə ləğvinə yönəlmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin qismən təmin olunması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

30. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

31. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

32. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

33. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi (§ 16) ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

34. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının (§ 17-18) mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

35. Qanunvericilikdə delik məsuliyyətinin yaranması və tətbiq edilməsi üçün ümumi prinsip kimi yuxarıda qeyd edilən 3 şərtin olması tələb edilsə də, bəzi hallarda məhdud delikt məsuliyyəti də yarana bilir. Bu, təqsirsiz delik məsuliyyəti adlanır ki, onun da ən bariz nümunələrindən biri Mülki Məcəllənin 1099.1-ci maddəsində təsbit olunan “işəgötürənin öz işçisinin törətdiyi mülki hüququ pozuntusu üçün məsuliyyəti”dir (§ 19).

36. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur.

37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır”.

38. İddiaçının öz iddia tələbini əsaslandırdığı hallardan görünür ki, onun tələbinin qanuni əsası kimi məhz Mülki Məcəllənin 1099-cu maddəsi nəzərdən keçirilə bilər; çünkü iddiaçı cavabdehin işçilərinin səhvləri və səhlənkarlıqları nəticəsində ziyana məruz qaldığını irəli sürür.

39. Yuxarıda adı çəkilən qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir.

40. Başqa sözlə, müvafiq iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir.

41. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

42. Hazırkı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal – iddiaçıya dəymiş ziyanın cavabdehin işçilərinin təqsirli hərəkətləri nəticəsində yaranması iş üzrə sübutetmənin predmetidir və kollegiyanın qənaətinə görə iddiaçı bu halı biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Əksinə, qanuni qüvvədə olan hökmlə müəyyən olunmuşdur ki, ona ziyan vuran şəxs cavabdehin işçiləri deyil, məhz X13r.

43. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası (§ 22) ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.

44. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

45. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-237/2024 saylı iş üzrə 16 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar