Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2996/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-237/2024 nömrəli 15 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-cı il tarixli müqaviləyə görə həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2994/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 653 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 10 manatın tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, cavabdehdən xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək tərtib edilmiş aktlar əsasında 6653,40 manat məbləğində pulun tutulması tələb olunmuşdur.
3. Cavabdehin adına olan abonent saldosuna (abonent kodu **********00000) görə cavabdehin abonent hesabına aktlar əsasında 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayınadək cəmi 3038,40 manat və 2022-ci ilin dekabr ayında 8812,80 manat məbləğlərində borc hesablanmışdır. Həmçinin həmin abonent saldosuna görə iddiaçının istifadə edilmiş, lakin dəyəri ödənilməmiş qaza görə 94,10 manat borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayınadək aktlar əsasında hesablanmış cəmi 3038,40 manatın və 2022-ci ilin dekabr ayında akt əsasında hesablanmış 8812,80 manatın və debitor borcuna görə 94,10 manatın, ümumilikdə 11945,3 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 128,97 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ilə abonent arasında xx.xx.2017-ci il 03- 1161 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner G-4 Mexaniki 12527449 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır.İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2021 -ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 8812.80 manat olmaqla ümumilikdə 12628.80 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 8774.06 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 12590.06 manat təşkil etməkdədir.
6. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin yaşadığı ünvan 2 ünvanı yerində müayinə olunmuş və yerində müayinə zamanı cavabdehin evinə gedən sayğacdan kənar xətt aşkar edilməmişdir. Eyni zamanda cavabdehin yaşadığı ünvanın dəmir darvazasının sol tərəfində yerləşən hasarın qutaracağı hissəsində qaz xəttində əvvəl əlavə xəttin quraşdırılması izinin mövcud olması aşkar edilmişdir. Aşkar olunmuş hala münasibətdə Cavabdeh bildirmişdir ki, əvvəl sayğac quraşdırılanadək onun qeyriqanuni xətti olmuşdur. Lakin həmin xətt ləğv edilmiş və ünvanına 2020-ci ilin aprel ayında sayğac quraşdırılmışdır. Bu vaxtdan sonra o, qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməmişdir. Yerində müayinə zamanı dindirilmiş İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti sayğacların idarə edilməsi şöbəsinin çilingəri X4 bildirmişdir ki, hazırda 3 aydır ki, İddiaçı Şüvəlan qəsəbəsi üzrə ərazi şöbəsində işləyir. Tərtib edilmiş aktlar isə digər əməkdaşlar tərəfindən tərtib edilmişdir. Ona görə 2020-ci ilin oktyabr ayından 2022-ci ilin dekabr ayınadək ünvanda qeyri-qanuni xətt vasitəsilə qazdan istifadə edilməsi barədə məlumatı yoxdur.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 yanvar 2024-cü il tarixli 2(003)-237/2024 nömrəli qətnaməsi ilə (hakim İlham Cəfərzadə) iddia qismən təmin edilmiş, Cavabdeh 94,10 manat məbləğində debitor borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan 98,97 manat hissəsinin İddiaçı özünə aid edilməsi qət edilmişdir.
8. Məhkəmə göstərmişdir ki, cavabdehdən qeyri-qanuni xəttlər vasitəsilə qazdan istifadə edilməsinə görə tərtib edilmiş aktlar əsasında dəymiş zərər tələb olunmasına baxmayaraq, həmin aktların tərtib edilməsinə əsas olmuş hallarla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, eyni zamanda həmin aktların qanunvericiliyin tələblərinə riayət olunmaqla tərtib edilməsi də sübuta yetirilməmişdir. İddianın əsaslığı təşkil edən qeyd olunan hallar da məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Odur ki, həmin aktların etibarlı hesab edilməsinə, o cümlədən həmin aktların tərtib edilməsinə əsas olmuş halların mövcud olmasına dəlalət edən sübutlar olmadığından qeyri-qanuni xəttin aşkar olunması barədə akt əsasında hesablanmış ziyanın cavabdehdən tələb edilməsi əsassızdır. Bu zaman nəzərə alınmalıdır ki, iddianın əsaslığının sübut etmə yükü iddiaçının üzərinə düşür. Məhkəməyə isə qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilməmiş aktlardan başqa, hər hansı bir sübut təqdim edilməmişdir.
9. Məhkəmə iddianın debitor borc hissəsinə münasibətdə hesab etmişdir ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, cavabdehin istifadə edilmiş qaza görə dəyəri ödənilməmiş 94,10 manat borcu vardır. Odur ki, həmin məbləğdə borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425.1, 427.3, , “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X3”na, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun dəyişdirərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən Birliyə vurulmuş zərərləri sübut edir. Məhkəmə vurulmuş ziyanın faktiki hallarını müəyyən etməmişdir. Cavabdeh vurulmuş ziyanın onun tərəfindən vurulmadığını bildirsə də, heç bir sənəd təqdim edə bilməmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
22. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
23. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. xx.xx.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X3”
25. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
26. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
27. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
28. Maddə 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
29. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Qətnamə yalnız iddiaçının apellyasiya şikayətinə münasibətdə iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən (iddia tələbinin təmin edilməyən) hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. İş materiallarından müəyyən edilir ki, iddiaçı daha əvvəl cavabdehdən xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək tərtib edilmiş aktlar əsasında 6653,40 manat məbləğində pulun tutulması barədə iddia qaldırmış və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2994/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 653 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 10 manatın tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
39. Hazırda isə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış borcu tələb edir.
40. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı da kənar xətt aşkar edilməmişdir.
41. Göründüyü kimi iddiaçı əvvəlki iddia tələbində 30 sentyabr 2020-ci il tarixədək tərtib edilmiş akta görə borcları tələb etmiş və daha sonra isə növbəti aydan, yəni oktyabr ayından başlayaraq yenidən hər ay akt tərtib etmişdir.
42. İddiaçı zərərin tutulması üçün məhkəməyə daha tutarlı sübutlar təqdim etməlidir, məsələn, ilkin aktlar tərtib edildikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışlar, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz.
43. Kollegiya onu da qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndinin tələbinə görə, yalnız istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
44. Cavabdeh barəsində ******* saylı akt xx.xx.2022-ci il tarixdə tərtib olunmuşdur. Yəni, həmin akt üzrə zərər tələb etmək üçün cavabdehin təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərar mövcud deyildir.
45. Beləliklə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Sonuncu akt üzrə isə cavabdehin təqsiri müəyyən olunmamışdır.
46. Kollegiya hesab edir ki, məhkəmənin göstərilən hissədə iddia tələbinin rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.
47. Apellyasiya şikayəti əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas vermir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-237/2024 nömrəli 15 yanvar 2024cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.