Məhkəmə qərarları › İş №2(103)-2997/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2997/2022

04.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2997/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh nümayəndəsi, eyni zamanda vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş real zərər, əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3515/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş 55000 manat real zərər, 35000 manat əldən çıxmış fayda, habelə 10000 manat məbləğində mənəvi zərər olmaqla, cəmi 100000 manatın cavabdehn tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin X1 baş inspektoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhərində inşası aparılan hündürmərtəbəli yaşayış binalarında şərik olması barədə yalan məlumat verərək ’Həsən-96" Mənzil-tikinti kooperativi tərəfindən Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi 360, məhəllə 4-də tikilməkdə olan hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerleşen 3 otaqlı mənzilin ona satılması adı ilə aldadaraq 2011-2012-ci illərdə hissə-hissə olmaqla cəmi 55000 manatını ələ keçirmiş və ona həmin məbləğdə maddi zərər vurmuşdur. Bundan başqa həmin 3 otaqlı ev ona təhvil verilmiş olsaydı bu gün onun bazar dəyəri 90000 manat təşkil edir ki, 35000 manat əldən çıxmış fayda olaraq nəzərə alınmalıdır. Eyni zamanda 9 il ərzində yaşadığı əsəb, stres və mənəvi sarsıntı üzündən aldığı müalicə ilə əlaqədar 10000 manat məbləğində mənəvi zərər dəymişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.12.2014-cü il tarixli hökmündə qeyd olunmuşdur ki, (1-ci səhifə ikinci abzas) təqsirləndirillən şəxs Cavabdeh İddiaçı ‘'Həsən-96" Mənzil-tikinti kooperativi tərəfindən Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi 360 məhəllə 4-də tikilməkdə olan hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 3 otaqlı mənzili təklif edərək, həmin yaşayış sahəsini alqı-satqı müqaviləsi əsasında 70000 ABŞ dollarına həmin dövrün məzənnəsi ilə 55000 manata sata biləcəyini vəd edib, İddiaçılə razılaşıb ondan 2011-ci ilin dekabr ayından 2012-ci ilin noyabr ayınadək qeyd olunan məbləği Bakı şəhəri, Suraxanı rayonu ərazisində hissə-hissə olaraq almasına baxmayaraq sonuncunun adına mənzillə bağlı heç bir rəsmiləşdirmə aparmayaraq, aldatma yolu ilə özgəyə məxsus külli miqdarda əmlakı ələ keçirərək dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Ona dəymiş zərərin Cavabdeh tərəfindən vurulması və onun təqsirli olması Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.12.2014-cü il tarixli hökmü ilə tam sübuta yetirilmişdir. Hazırda cavabdeh Xəzər Rayon Məhkəməsinin hökmü ile cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Onun maddi vəziyyəti çox yaxşıdır. Cavabdehin başqasının adına rəsmiləşdirdiyi obyekti vardır. Bizneslə məşğul olur və ona dəymiş zərəri ödəmək üçün kifayət qədər qazanca, maddi vəsaitə malikdir. Göstərilənləri və Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.10.2018-ci il tarixli hökmünün iş üzrə preyudisial əhəmiyyətini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən ona vurulmuş 55000 manat real zərər, 35000 manat əldən çıxmış fayda, habelə 10000 manat məbləğində mənəvi zərər olmaqla, cəmi 100000 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3515/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 55000 (əlli beş min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi və Cavabdeh 16,5 manat dövlət rüsumunun əvəzinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbi təmin olunan hissədə ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbini əsaslandırarkən Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.12.2014-cü il tarixli, 1(101)- 639/2014 saylı hökmünə istinad etmişdir. Məhkəmə isə həmin hökmü tam oxumadan mübahisəyə düzgün qiymət verməyərək iddia tələbini qismən təmin etmişdir. Halbuki, hökmün özündə və həmin cinayət işinin materiallarında iddiaçı – İddiaçı ziyanının ödənilməsi barədə notarial təsdiq edilmiş şəxsən öz ərizəsi var. Yəni, hökm çıxarılana qədər İddiaçı və digərlərinin zərərləri tam ödənilmişdir. Lakin, məhkəmə bu halları ətraflı araşdırmadan və eyni zamanda onun iştrakını təmin etmədən qətnamə qəbul etmişdir. Həmçinin qeyd olunan hökmün 9-cu səhifəsinin 2-ci abzasında qeyd edilir ki, “hazırda İddiaçı Cavabdeh qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir”. Həmin səhifənin növbəti abzasında isə “zərərçəkmiş şəxs bununla bağlı məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə də təqdim etmişdir”. Lakin məhkəmə iddiaçının ona vurulmuş ziyanın cavabdeh tərəfindən hələ 2014-cü ildə ödənilməsi barədə etirafını nəzərə almadan qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, cavabdehin barəsində olan cinayət işi üzrə hökm qəbul edilənədək iddiaçı notarial qaydada təsdiq edilmiş ərizə yazaraq Cavabdeh hər hansı bir tələbi və şikayəti yoxdur. Həmin ərizəni də təqdim edərək, iş materiallarına əlavə edilməsini xahiş edərək əlavə olaraq bildirdi ki, qeyd edilənlər Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.12.2014-cü il tarixli, 1(101)-639/2014 saylı hökmündə də öz əksini tapmışdır və cavabdeh tərəfindən borc ödənilmişdir, lakin biricinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən – “Cavabdeh 55000 (əlli beş min) manat məbləğində pul və İddiaçı xeyrinə tutulması” hissəsində yoxlanılması təşkil edir. Çünki, cavabdeh yalnız həmin hissədə qətnaməni mübahisələndirmiş, iddiaçı isə qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirməmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.12.2014-cü il tarixli, 1(101)-639/2014 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin X1 baş inspektoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi iləBakı şəhərində inşaası aparılan hündürmərtəbəli yaşayış binalarında şərik olması barədə yalan məlumat verdiyindən, həmin məlumatına əsasən qohumluq münasibətində olduğu İddiaçı inanıb ona müraciət edərək, ailəsinin böyük olmasını, özünün 55000 manat pulu olduğunu, geniş sahəyə malik mənzil almaq istədiyini bildirib, qeyd olunan məbləğə uyğun mənzil tapmasını xahiş edərkən, ona "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360, məhəllə 4-də tikilməkdə olan hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzili təklif edərək, həmin yaşayış sahəsini alqı-satqı müqaviləsi əsasında 70000 ABŞ dollarına, həmin dövrün məzənnəsi ilə 55000 manata sata biləcəyini vəd edib, Elbrus onunla razılaşıb ondan 2011-ci ilin dekabr ayından 2012-ci ilin noyabr ayınadək qeyd olunan məbləği Bakı şəhəri, Suraxanı rayonu ərazisində hissə-hissə olaraq almasına baxmayaraq, sonuncunun adına mənzillə bağlı heç bir rəsmiləşdirmə aparmayaraq, aldatma yolu ilə özgəyə məxsus külli miqdarda əmlakı ələ keçirərək, dələduzluq etmişdir. İş materiallarında olan 10.11.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, kredit verən İddiaçı kredit alan Cavabdeh 01.03.2014-cü ilədək 55000 manat məbləğində kredit vermişdir. Cavabdeh həmin məbləği 01.03.2014-cü il tarixədək qaytarmasını öhdəliyinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında bağlanan müqavilə ilə cavabdeh borcun mövcud olmasını etiraf etmişdir. Göstərilən münasibətlər isə Mülki Məcəllənin 881 və 882-ci maddələri ilə tənzimlənir. Belə ki, Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeydşərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; Həmin Məcəllənin 881.2.2-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. Həmin Məcəllənin 881.3-cü maddəsinə əsasən barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Həmin Məcəllənin 881.5-ci maddəsinə əsasən əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. Həmin Məcəllənin 882-ci maddəsinə əsasən isə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh İddiaçı etibarından sui-istifadə edərək, mənzil satmaq adı ilə sonuncunun 55000 manat pulunu aldığından, bu faktla bağlı cinayət işi başlanmış və qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.12.2014-cü il tarixli, 1(101)-639/2014 saylı hökmü ilə təqsirli bilinərək cəza təyin edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıdan 55000 manat alması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə təsdiq edilmişdir, həmçinin qeyd olunan cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilənədək, yəni 10.11.2013-cü il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən kredit verən İddiaçı kredit alan Cavabdeh 01.03.2014-cü ilədək 55000 manat məbləğində kredit vermişdir. Cavabdeh həmin məbləği 01.03.2014-cü il tarixədək qaytarmasını öhdəliyinə götürmüşdür. Hazırda cavabdeh tərəf iddiaçının Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.12.2014cü il tarixli, 1(101)-639/2014 saylı hökmündəki izahatına, eləcə də iddiaçının yazdığı həmin cinayət işi üzrə təqdim etdiyi ərizəyə əsaslanaraq hesab edir ki, iddiaçıdan aldığı pul geri qaytarılmışdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərini qəbul etməyərək, qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.12.2014-cü il tarixli, 1(101)-639/2014 saylı hökmündə eləcə də iddiaçının həmin cinayət işi üzrə təqdim etdiyi ərizədə cavabdeh tərəfindən ondan aldığı 55000 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını göstərməmişdir. Belə ki, iddiaçı tərəf həmin cinayət işi üzrə tələbinin və şikayətinin olmadığını bildirməklə Cavabdeh cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin barəsində olan cinayət işi üzrə iddiaçı sadəcə şikayətinin və tələbinin olmamasını bildirmişdir, bu isə cavabdeh tərəfindən iddiaçıya olan borcun geri qaytarılması anlamına gəlməsinə əsas vermir. Göründüyü kimi, tərəflər arasında real borc münasibətləri yaranmasa da, cavabdeh iddiaçıya ödəməli olduğu maddi ziyanın məbləğini borc kimi etiraf etmiş və borcun etiraf edilməsi barədə qanunda nəzərədə tutulan məzmun və formaya uyğun müqavilə bağlanmışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, cavabdeh öhdəliyi icra etməmiş və 55000 manat vəsaiti müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehin apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarına cavabdehə məhkəmə iclasları barədə bildirişlərin iş materiallarında olan və məhkəməyə məlum olan, eləcə də apellyasiya şikayətində göstərilən cavabdehin ünvanına göndərilməsini təsdiq edən reyestr əlavə edilmişdir. Həmçinin məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə SMS bildirişlər də göndərilmişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh 55000 (əlli beş min) manat məbləğində pul və İddiaçı xeyrinə tutulması nəticəsinə gəlməkdə haqlı olaraq gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun bölüşdürülmüşdür, apellyasiya baxışı zamanı yaranmış xərclər isə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3515/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən - Cavabdeh 55000 (əlli beş min) manat məbləğində pul və İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar