Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3002/2021 23.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, maddi və mənəvi zərərin əvəzi kimi 3.000 manat pul cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində qətnamə mübahisələndirilib və xahiş olunub ki, işə yenidən baxılsın. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı iddia edir ki, tanışı olan cavabdehdən 2016-cı ildə xahiş etmişdir ki, ümumi tanışları Samid Nəcəfova faizə borc pul versin. Cavabdeh onun vasitəsilə həmin şəxsə 3.000 ABŞ dolları borc pul verdi. Samid Nəcəfov bir neçə ay borcun faizini və borcun bir hissəsini geri qaytardı, lakin bir müddət keçdikdən sonra borcu və faizi verə bilmədi. Vasitəçi olduğuna görə cavabdeh ona təzyiqlər göstərməyə başladı, onun ləyaqətini və mənəviyyatını ləkələyərək təhqir etdi ki, guya 2018-ci ildə təmir adı ona 3.000 ABŞ dolları pul verib. O, çarəsiz qalaraq özünə məxsus əntiq əşyaları – 2 ədəd şamdan və 1 ədəd alışqanı girov qismində cavabdehə verdi. Daha sonra cavabdehə 500 manat pul ödədi, lakin cavabdeh əntiq əşyaları geri qaytarmadı. Bundan başqa, cavabdeh onun adına olan, qiyməti 1.200 manat təşkil edən soyuducunu və qiyməti 300 manat təşkil edən elektrik sobasını götürüb. Buna baxmayaraq cavabdeh onu və ailə üzvlərini müntəzəm olaraq narahat edir və böhtanlar atır. Hətta oğlunun toyuna gələrək toydan yığılan pulun bir hissəsinin ona çatacağını zorla tələb etmişdir. Cavabdeh iddia tələbinə etiraz edir. Etirazını onunla əsaslandırır ki, iddiaçıya 3.100 ABŞ dolları verərək evini təmir etdirməyi xahiş etmiş, özü isə müalicəyə getmişdir. Qayıdanda görmüşdür ki, ev təmir olunmayıb. İddiaçıdan bu barədə soruşduqda iddiaçı bildirmişdir ki, başına iş gəlib, pulunu qaytaracaq. Sonra iddiaçı demişdir ki, avtomobilini satıb pulunu verəcək. Lakin iddiaçı pulun qaytarılmasını yubatdı, bununla əlaqədar onların arasında mübahisə və münqişə yarandı. İddianın əsasına dair sübut yoxdur. Cavabdeh iddiaçının təhqir etdiyini, ləyqətini alçatdığını, habelə ondan girov qimindən əşya aldığını inkar edir. Məhkəmə yalnız iddiaçının izahatına əsalanaraq cavabdehin iddiaçıya maddi və mənəvi zərər vurduğunu müəyyən edə bilməz. Ona görə də məhkəmə Mülki Məcəllənin 21 və 23-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxılanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3002/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3002/2021
23.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver