Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3006/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı işi üzrə Açar sözlər: (“maddi və mənəvi zərərin ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu müstəqilə tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-336/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 20000 manat maddi ziyanın və 100000 manat mənəvi ziyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı Rayon Məhkəməsinin 04 dekabr 2023-cü tarixli 1(068)- 14/2023 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət hökmü verilmişdir. Qeyd edilən hökmdən dövlət ittihamçısı X3 apellyasiya protesti verərək, Xızı Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli hökmünün əsassız və işin faktiki hallarına uyğun olmadığına görə ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasnıın xx.xx.2024-cü il tarixli, 1(105)-125/2024 saylı hökmü ilə apellyasiya protesti təmin edilməmiş, bəraət almış şəxs İddiaçı barəsində olan 04 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, heç bir əsas olmadan ibtidai istintaq orqanı tərəfindən barəsində cinayət işi açılmış və 02 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində cəlb edilmişdir. Daha sonra 03 iyun 2022-ci il qərara əsasən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(068)-14/2022 saylı qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Elə həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 02 iyun 2022-ci il tarixdən etibarən barəsində cinayət işi getmiş və ibtidai istintaq yekunlaşandan sonra cinayət işinə Xızı Rayon Məhkəməsi baxmış, barəsində bəraət hökmü vermiş, hökm çıxdıqdan sonra dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verildiyi üçün barəsində məhkəmə istintaqı davam etmişdir. Bütün bu müddət ərzində ailəsi sarsılmış, səhhətində ciddi problemlər yaranmış, müflis olmuşdu. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui istifadəsi nəticəsində ona vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Cinayət təqibi zamanı həm ibtidai istintaq orqanına, Xızı Rayon Məhkəməsinə eyni zamanda Sumqayıt apellyasiya Məhkəməsinə gedib gəlmək, çəkdiyi xərclər onun müflis olmasına, işləməməsinə və ailənin maddi sıxıntı içərisində qalmasına səbəb olmuşdur. Həyətində olan bütün mal-qaranı iribuynuzlu heyvanları sataraq cinayət prosesini həyata keçirən orqanların əsassız tələbləri ilə yollarda xərcləyərək tükətmişdir. Qanunsuz olaraq barəsində aparılan cinayət işi və polisin nəzarəti altında qaldığı 1 il 10 ay müddətində mənəvi sarsıntı keçirmiş və ona vurulmuş mənəvi ziyana görə 100000 manat pul tələb edir.
2. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddia ərizəsinə etirazında qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. Belə ki, o işgüzar nüfuzuna xələl gəldiyini bildirmiş lakin hansı əmək fəaliyyəti ilə məşğul olduğunu qeyd etməmiş, aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etməmiş və vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. Yəni iddiaçı xərcləri əsaslandırmadan maddi zərərə görə yüksək məbləğdə kompensasiya ödənilməsini tələb etmişdir. Həmçinin qeyd edilmişdir ki, "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər və s.) konkret növləri göstərilmişdir. Həmin maddədə iddiaçının tələb etdiyi xərclərin (yol xərcləri və s) ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçı həmçinin mənəvi ziyana görə kompensasiya ödənilməsini tələb edir. "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab etmişdir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda "Dövlət büdcəsi" ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur.«Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir.
3. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-336/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 6900 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41; Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən suiistifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1– ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarına; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına; Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə; Cinayət Prosessual Məcəlləsinin 169.1 -ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2; 217.4-cü maddəsinə istinadən qeyd edilmişdir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri- qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri- adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. Məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan (“polisin nəzarəti altına vermə") seçilmiş qətimkan tədbirinin 1 ayına görə şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 300 manat müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3095/2023 xx.xx.2023-cü il tarixli qərarı). İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində xx.xx.2022-ci il tarixində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xx.xx.2024-cü il tarixinədək qüvvədə qalmışdır. O, həmin müddət ərzində (01 il 10 ay 12 gün) müəyyən məhrumiyyətlərə məruz qalmış, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ayı üçün 300 manat hesablanmaqla, həmin hesablamaya 12 günü də işin diqqətəlayiq digər hallları ilə birlikdə nəzərə alaraq, ümumi hesablamlaqla vurulmuş mənəvi ziyanın məbləğini 6900 manat müəyyən edilməsi ədalətli və ağlabatan hesab olunur. Məhkəmə iddia tələbinin "vurulmuş maddi ziyana görə 20000 manatın tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.İddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 7 ay müddətində istintaqa cəlb edilməklə barəsində 221.1-ci maddəsi ilə cinayət işi açılsa da, həmin müddət ərzində o, azadlıqdan məhrum edilməmiş barəsində yalnız "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, cinayət prosessual qanunvericiliyinə əsasən, barəsində polisin nəzarəti altına vermə haqqında iltizam seçilmiş şəxsə iş fəaliyyəti ilə məşğul olmasına hər hansı maneə göstərilməsi nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz.
4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir; - Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə bəraət verilməsinə dair Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən dövlət ittihamçısı X4 tərəfidnən verilmiş apellyasiya protesti, təmin edilməmiş, Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6 mart 2025-ci il tarixli 2(006)-336/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097, 1101.1, 1114.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, həmin maddənin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunmalı idi. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayrılmalar öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Milli Məcəlisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri- maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri- əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 6900 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 6900 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən göründüyü kimi məhkəmə tərəfindən maddi zərərlə bağlı 6900 manat vəsaitin dövlət büdcəsindən ödənilməsi qət edilərkən hər hansı fakt göstərilməmiş, hər hansı sübut tədqiq olunmamışdır. Məhkəmə yalnız iddiaçının fikir və mülahizələrinə etimad göstərməklə kifayətlənmişdir. Maddi zərərlə bağlı sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Bu baxımdan məhkəmənin qətnaməsi mövcud qanunvericiliyin tələblərinə zidd olduğundan ləğv edilməlidir Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda, məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquqmühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarının 2.4-ci bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Lakin məhkəmənin çıxardığı qətnamə sözügedən qərarda sadalanan tələblərə cavab vermir. Həmçinin, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Göründüyü kimi məhkəmə tərəfindən qətnamə qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə qətnaməsinin nəticə hissəsi Mülki Məcəllə, Mülki Prosessaul Məcəlləsi, “Büdcə sistemi haqqındaAzərbaycan Respublikasının Qanun və digər qanunvericilik aktları ilə ziddiyyət təşkil etməkdədir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar
6. Məlumatlandırılması üçün qanununvericilikdən nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vemədiyindən iddiaçı, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1 və 82.4-cü maddələrinin tələblərinə əsasən: Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun mübahisə edilən hissəsi üzrə yoxlayır.
9. Zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məcəllənin 1101.2ci maddəsinin tələblərinə görə, Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
11. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən : 56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər:56.0.1. bəraət almış təqsirləndirilən şəxs; 56.0.2. bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs; 56.0.3. bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs; 56.0.4. bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan və buna razılıq alınmasına baxmayaraq, haqqında cinayət təqibi davam etdirilən şəxs; 56.0.5. qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs; 56.0.6. cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs. 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
12. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə (maddələrinə) əsasən, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ:1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda;3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.
14. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 1ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
15. Mülki Məcəllənin müddəalarına görə: 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
16. Qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 28-71; 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 5-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-63; Mülki Prosessual Məcəllənin 4.1, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 220.5, 385- 390-cı maddələrinə istinadən məhkəmə kolegiyası hesab edir ki, apellyasiya şikayətinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakter daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə ağlabatan məbləğdə tutulan kompensasiyanın sübutu qanunvericiliklə müəyyən edilən və hamıya bəlli olan hallardır. Mənəvi zərərin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, insana təbii hüquq olaraq anadangəlmə məxsus azadlığın əlindən alınması digər hüquqlarının da məhdudlaşmasına səbəb olur və iddiaçının qanunsuz azadlıqdan məhrum etməklə ona cəza və işgəncə verilməsi, qanunsuz həbsdə saxlanmaların onun şəxsiyyətinə, sağlamlığına və mənəvi-psixoloji vəziyyətinə təsirini, keçirdiyi mənəvi əzab və stressləri nəzərə alaraq və bunların dəyərləndirilməsi baxımından qət edilən məbləğ daha çox simvolik səciyyə daşıyır. Hazırki münasibətlərdə dövlətin cavabdehlik daşıdığı məsələ üzrə məhkəmə kollegiyası mənəvi ziyan məbləğinin fərqli tutulmalı olması ilə bağlı apellyasiya şikayətlərində təsbit edilmiş dayanıqlı (sübutlar) dəlillər müəyyən etmir. Cavabdehin apellyasiya şikayəti üzrə tələbinin dəlilləri özü-özlüyündə də ziddiyyət təşkil edir. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi kimi tələb təsbit etsə də, şikayətin məzmununda iddianın bir tərəfdən onların cavabdehliyinin istisna edildiyini, digər tərəfdən isə zərərin məbləğinin düzgün müəyyən edilmədiyinə yönəlik işin mahiyyətinə dair dəlilləri mübahisələndirmişdir. Qeyd edilənlər, habelə Büdcə sistemi haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanunu və digər sahəvi qanunvericiliklə cavabdehin fəaliyyətinə (səlahiyyətinə) aid məsələlərin müəyyən edilməsi vəzifələrinə aid deyildir. Hüquqi əsassız olan faktoloji dəlillərin sübut edilməsi bu dəlilləri irəli sürənlərin vəzifəsinə aid olduğu halda məhkəmə çəkişmə prinsipinə zidd olaraq özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-336/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.