Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3009/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “sökülən mənzilin əvəzinə mənzil verilməsi” tələbinə dair mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus mənzilini sökərək maddi ziyan vurmuş "xxxx" MMC-nin Bakı şəhəri Nəsimi rayonu ərazisində onu mənzillə təmin etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 18 dekabr 2024-cü il tarixdə 2(005)-1114/2025 nömrə ilə məhkəmənin icraatına qəbul edilmiş, 22 yanvar 2025-cü il tarixə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1114/2025 nömrəli 22 yanvar 2025-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “sökülən mənzilin əvəzinə mənzil verilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi qənaəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1 və 44.2.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2187/2025 saylı 3 aprel 2025-ci il tarixli qərardadı ilə mülki iş, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığının aradan qaldırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2, 44.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddia tələbinin kökündə əvvəlki sökülmüş mənzilin bərpası deyil, iddiaçıya cavabdeh tərəfindən vurulmuş maddi ziyan durduğundan mülki işə cavabdehin hüquqi ünvanının olduğu yer üzrə məhkəmədə baxılmalıdır. Belə ki, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1yası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci və 35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinin tələblərinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Mülki Prosessual Məcəllənin 44-cü maddəsinin tələblərinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Göründüyü kimi iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin maddənin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsi ilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Kollegiya hazırkı münasibətlərin hüquqi təbiətinə nəzər salaraq qeyd etməyi zəruri sayır ki, iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etməsinin əsas məqsədi onun cavabdehin qanunsuz hərəkətləri nəticəsində uğradığı zərərin sonuncu tərəfindən qarşılanmasından ibarətdir. İddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququnun müdafiəsinin yuxarıda sadalanan əşya hüquqi vasitələri ilə həyata keçirilməsi mümkün olmayacaqdır. Məhkəmənin istinad etdiyi normada isə mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar məhz mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda məhkəmənin Mülki Prosessual Məcəllənin 44-cü maddəsinə əsasən öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməli olduğu hallar, o cümlədən mülki işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi müəyyən olunmur. Beləliklə də kollegiya yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, mülki iş, ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi üçün əsasların mövcudluğu müəyyən edilmədiyindən, mahiyyəti üzrə həll edilməsi üçün ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması məqsədilə icraatına qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “sökülən mənzilin əvəzinə mənzil verilməsi” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-3009/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3009/2025
29.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver