Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3011/2020 16.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: X3 və X2 ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiаçı Quliyеv Kənаn Fərmаyıl оğlunun, Cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirаkı ilə, İddiаçı Quliyеv Kənаn Fərmаyıl оğlunun cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qаrşı «istеhlаkçı hüquqlаrının bərpаsınа və vurulmuş zərərin ödənilməsinə dаir» mülki iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiаçı Quliyеv Kənаn Fərmаyıl оğlu cаvаbdеh «xxxxxxxxxxxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qаrşı iddiа ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, onun xx xxxxxxxx 2012-ci il tarixli müqavilə üzrə satın aldığı Chevrolet Orlando (şassi:KL1YA7559CK761829 mühərrik: F18D4 384124KA) markalı avtomobilə görə ödədiyi 26 818.64 ABŞ dolları və 4090 manat pulun, mənəvi zərərin əvəzi olaraq 50000 manat pulun cavabdehlər «xxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən və «X5» şirkətindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş еtmişdir. İddia tələbi belə əsaslandırılmışdır: «xxxxxxxxxxxxxxxxxxxxx» MMC arasında avtomobil alqı-satqısına dair xx xxxxxxxx 2012-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən satıcı müqavilənin 01 No-li Əlavəsində göstərilmiş Texniki Spesifikasiyaya uyğun olaraq Chevrolet Orlando markalı avtomobili texniki saz halda alıcının mülkiyyətinə verməyi, alıcı isə bu işin müqabilində razılaşdırılmış məbləği «Satıcı»ya ödəməyi və avtomobili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1 bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə 20700 ƏDV daxil olmaqla müəyyən edilir. Müqavilənin 2.1 bəndində müəyyən edilmiş məbləği, tərəflər bu müqaviləni imzaladıqdan sonra 1 iş günü ərzində alıcı satıcıya ödəyir. Onun tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmiş və avtomobilin dəyəri cavabdehə tam ödənilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilməmiş və cavabdeh müqavilənin 3.1.2-ci bəndinin tələblərini pozmuşdur. Belə ki, az müddət əvvəl maddi sıxıntısı olduğu və pula ehtiyacı olduğu üçün аvtоmobili satmaq qərarına gəlmişdir. Avtomobili almaq istəyən alıcı texniki servisdə avtomobilin saz vəziyyətdə olub-olmadığını yохlаtdırmаq qərarına gəlmişdir. Аvtomobil texniki servisdə diaqnostika olunarkən mütəxəssislər bildirmişlər ki, avtomobilin ön dam hissəsinin rəngi dəyişmişdir (heç bir qəza hadisəsi olmadığı halda) və bu yeni avtomobilə xas bir hаl deyil. Məhz bu səbəbdən, yəni avtomobil saz vəziyyətdə olmadığı üçün alıcı avtomobili almaqdan imtina etmişdir və nəticədə ona maddi ziyan dəymişdir. Daha sonra o, avtomobili yoxlanışdan keçirmək üçün xx xxxx 2018-ci il tarixdə Babək prospektində yerləşən «Chevrolet» avtomobil servis mərkəzinə müraciət etmiş, orada ona bildirmişlər ki, avtomobilin rəngi dəyişməmiş, аvtomobil üzərindəki rəng öz rəngidir və zavodda istehsal olunan rənglə eynilik təşkil edir. O da, hüququnun pozulduğunu və cavabdehin ona lazımı keyfiyyətdə olmayan əşya satdığını həmin vaxt bilmişdir. Cavabdeh tərəfindən avtomobil alınarkən ona zəmanət və xidmət kitabçası təqdim olunmuş, həmin zəmanət kitabçasında qeyd olunmuşdur ki, korroziya əleyhinə zəmanət kilometrajdan asılı olmayaraq, yalnız 6 il ərzində korroziya səbəbi ilə əmələ gələn deşiklərə şamil edilir. Həmin zəmanət və xidmət kitabçası cəmiyyətin möhürü və səlahiyyətli şəxslərin imzası ilə təsdiq edilmişdir. Avtomobildəki qüsur zəmanət müddəti ərzində meydana gəlmişdir və cavabdeh bunu bildiyi halda, ona yeni avtomobilin verilməsini təmin etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş və cavabdeh ona müqavilə üzrə saz vəziyyətdə avtomobil verməli olduğu halda verməmişdir. Cavabdehə xx.xx.2018-ci il tarixli pretenziya məktubu ilə müraciət edərək yeni qüsursuz avtomobillə təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh müraciətinə cavab verməmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri bunlardır:
1. Avtomobildəki qüsur zəmanət müddəti ərzində meydana gəlmişdir. Ona verilmiş zəmanətə görə korroziya əleyhinə zəmanət kilometrajdan asılı olmayaraq yalnız 6 il ərzində korroziya səbəbi ilə əmələ gələn deşiklərə şamil edilir. Qüsur avtomobilin alınmasından 6 il keçməmiş üst dam örtüyündə əmələ gəlmişdir.
2. Eskpert rəyi formal mülahizələrə əsaslanır. Rəydə qüsurun konkret hansı təsir nəticəsində yaranması qeyd edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı Quliyеv Kənаn Fərmаyıl оğlu apelyasiya şikayətini müdafiə etmiş, ona uyğun izahat vermiş və bildirmişdir ki, iş üzrə 2 dəfə ekpsertiza keçirilmişdir. Lakin ekspert rəyləri ilə razılaşmır. Ekspert müəyyən etməli idi ki, hansı səbəbdən maşının başqa hissəsinin deyil, yalnız dam hissəsinin boyası tökülür. Ekspert rəyi dəqiq deyil. Çünki maşının digər hissələrinin boyası tökülmür. Əgər avtomaşın yolda daşınarkən zədələnmişdirsə və təmir olunmuşdursa bu barədə ona məlumat verməli idilər, bununla bağlı qiymətdə endirim olunmalı idi. Lakin ona hər hansı məlumat verilməmiş, qüsurlu avtomobil satmışlar. Maşında yaranmış qüsur yol-nəqliyyat hadisəsi ilə bağlı deyil. İstehsal olunduğu zaman keyfiyyətsiz rənglənmiş, buna görə də sonradan belə problemlər baş vermişdir. Maşının qüsurlu hissəsi dam örtüyünün bir hissəsidir. Avtomaşının damı şüşədəndir və qüsurlar onan qabaq hissəsində yerləşir. Lakin ona avtomaşını satarkən bildirmişlər ki, heç bir zədə almamışdır. Maşının damının cavabdeh tərəfindən təmir olunmasına razı deyil. Həmin qüsurlara cəmi 150 manat vəsait sərf etməklə aradan qaldırıla bilər. Amma avtomaşını satası olsa çətinliklər yaranacaq, alıcılar onun vurulmuş avtomaşın olacağını düşünəcəklər. Hazırda avtomaşına görə ödəmiş olduğu pulu tələb edir. Avtomaşının ondan geri qaytarılması barədə iddia olmadığı üçün avtomaşın da onda qalmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 apelyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, avtomobilə 3 il qarantiya müddəti verilmişdir. Həmin müddət ərzində avtomobildə heç bir qüsur aşkar edilməmişdir. Altı ildən sonra iddiaçı avtomaşında qüsur aşkar etmişdir. Avtomaşının damının bir hissəsində rəngində problem yaranmışdır. Bu korroziya ilə bağlı deyil. Sadəcə rənginin qopması müşahidə olunmuşdur. Bununla bağlı iki dəfə ekspertiza keçirilmiş, lakin həmin qüsurun zavod qüsuru olması təsdiq olunmamış və eyni zamanda ekspertlər təsdiq etmişlər ki, avtomaşın sonradan rənglənməmişdir. İddiaçının vəkil həmkar olduğunu nəzərə alaraq avtomaşının dam hissəsinin cavabdeh şirkətin hesabına təmir olunması təklif olunsa da, iddiaçı əsassız iddia irəli sürərək avtomaşına görə ödənilmiş bütün vəsaiti tələb etmiş və avtomaşının da onda qalmasını istəyir. Şirkətin baş vermiş hadisədə təqsirinin olması sübut olunmur. Rəngin qopması müxtəlif səbəbdən baş verə bilər. Ona görə iddia əsaslı olaraq rədd edilmişdir.
İşin faktiki halları bunlardır:
İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxx» MMC ilə bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında «Chevrolet Orlando» markalı avtomobili satın almışdır. 2018-ci ildə iddiaçı avtomaşının dam hissəsində rənginin tökülməsi ilə bağlı nöqsanlar aşkar etmişdir. Bu səbəbdən iddiaçı cavabdehin ona lazımı keyfiyyətdə olmayan avtomobil satmasına əsaslanaraq, avtomobilə görə ödədiyi 26 818.64 ABŞ dolları və 4090 manat pulun (sığorta və digər xərcləri), mənəvi zərərin əvəzi olaraq 50000 manat pulu tələb edir.
Mübahisə ilə bağlı dəyərləndirmə:
Hazırkı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 587-ci maddəsi çıxış edə bilər. İddiaçı da iddia ərizəsində həmin normaya istinad etmişdir. Mülki Məcəllənin 587.2. madəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Normanın dispozisiya şərtləri o halda tətbiq olunur ki, alıcıya keyfiyyətsiz mal satılması (keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulmuş olsun) sübuta yetirilsin. İşin mübahisəli halları-iddiaçıya məxsus olan avtomaşının satılarkən qüsurlu olub-olmaması və buna görə cavabdehin məsuliyyət daşıyıb-daşımaması ilə bağlıdır. 1-ci instansiya məhkəməsi iş üzrə kоmplеks məhkəmə-trаsоlоji və metаllоqrafik еkspеrtizаsı təyin etmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, «Chevrolet Orlando» markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin banına bərkidilmiş küləkləyici şüşə örtüyünün bağlanc vintləri üzərində və oturacaq sahəsində hər-hansı kənar predmetin təsirindən yarana bilən zədə və digər müdaxilə əlamətləri aşkar edilməmiş; avtomobilin küləkləyici şüşə örtüyünün üzərində olan zavod istehsalının müddətini bildirən parametrləri ilə «Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi»ndə olan avtomobilin buraxılış müddəti fərqlidir. Bu da həmin detalın sonradan dəyişdirilib- dəyişdirilməməsinə dəlalət etmir. Avtomobilin üst ön dam hissəsinin tökülən hissənin lak-boya örtüyündən götürülmüş lak-boya nümunəsi ilə müqayisəli olaraq təqdim edilmiş avtomobilin ön sol qapısının lak-boya örtüyündən götürülmüş nümunələrlə təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Həmçinin əlavə məhkəmə metаllоqrafik еkspеrtizаsı keçirilmiş və xx.xx.2019-cu il tаriхli rəyə əsаsən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş «Chevrolet Orlando» markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üst ön dam hissəsinin tökülən hissənin lakboya örtüyündən götürülmüş lakboya nümunəsi ilə müqayisəli olaraq təqdim edilmiş avtomobilin ön sol qapısının lak-boya örtüyündən götürülmüş nümunələr təbiətinə və tərkibinə görə uyğun olub ümumi cins mənsubiyyəti təşkil edirlər. Avtomobilin üst ön dam hissəsinin tökülən hissənin lakboya örtüyündən götürülmüş lak-boya nümunəsi ilə müqayisəli olaraq təqdim edilmiş avtomobilin ön sol qapısının lak-boya örtüyündən götürülmüş lak boya hissəcikləri qatların sayına və rənginə görə eynidirlər. Qatlar arasında bərabər qalınlıq olması, layın səthi hamar, parıltılı, dolğun, rənginə görə eynicinsli olması, bərabər yayılması, aşağı qatın adgeziyası, elastikliyin (istismar şərtlərindən və müddətindən asılı olaraq) olması, bütün bu əlamətlər avtomobilin həmin hissələrinin standart zavod üsulu ilə rəngləndiyini göstərir. Avtomobilin üst ön dam hissəsinin lak-boya örtüyünün tökülməsi avtomobilin istismar şərtlərindən (rəng təbəqəsində çatların əmələ gəlməsi, müxtəlif istiqamətlərdə çatlaqlar elastikliyin və adgeziyanın aşağı düşməsi) və saxlanma şəraitindən, mexaniki təsirlər lakboya örtüyünün parıldadılması, təmizlənməsi zamanı müəyyən qüsurların əmələ gəlməsi kimi səbəblərdən ola bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşkar olunmuş qüsurların zavod buraxılışı zamanı baş verməsi halında belə, qüsurlar əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulması hesab olunmur. Altı ildən sonra avtomaşının damının bir hissəsindəki rənglərlə bağlı qüsurların aşkar edilməsi (avtomaşının dam hissəsi şüşədəndir) onun təmiri ilə aradan qaldırılandır. Avtomaşının gələcəkdə satılması halında alıcıların yerli dünyagörüşünə əsaslanaraq onların nə düşünməsi hazırkı halda əhəmiyyət kəsb etmir. Əsas şərt ondan ibarətdir ki, avtomaşının qüsuru əhəmiyyətli olmasın və asanlıqla aradan qaldırılması mümkün olsun. Hansıki, iddiaçı həmin qüsurların cavabdeh tərəfindən aradan qaldırılması təklifini rədd edir və özü təsdiq edir ki, həmin qüsurların aradan qaldırılmasına cəmi 150 manat vəsait sərf olunur. Altı il istifadə olunmuş avtomaşının 150 manat dəyərində qüsurunun aşkar edilməsi alıcıya əsas vermir ki, avtomaşına görə ödəmiş olduğu vəsaiti geri tələb etsin. Ekspert rəyində də qeyd olunmuşdur ki, həmin qüsurların əmələ gəlmə səbəbləri avtomobilin istismar şərtlərindən (rəng təbəqəsində çatların əmələ gəlməsi, müxtəlif istiqamətlərdə çatlaqlar elastikliyin və adgeziyanın aşağı düşməsi) və saxlanma şəraitindən, mexaniki təsirlərdən, lakboya örtüyünün parıldadılması, təmizlənməməsi səbəbindən ola bilər. Əhəmiyyətli dərəcədə pozulma o halda mövcud olur ki, həmin qüsurlar aradan qaldırıla bilməyən, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan olsun (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 587.2.). Bu halda alıcının əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququ var. Lakin əvvəla, əvvəllər avtomobildə hər hansı bir zədənin yaranması və cavabdehin bunu təmir edərək aradan qaldırması halı öz təsdiqini tapmır. Belə ki, eksert rəyləri ilə müəyyən olunmuşdur ki, avtomobilin dam örtüyü də daxil olmaqla, bütün hissələri standart zavod üsulu ilə rənglənmişdir. İkincisi, avtomobil satıldığı zaman onda heç bir qüsur olmamış, dam örtüyündə boyanın qopması isə tədricən sonradan baş vermişdir. İddiaçı avtomobili 2012-ci ildən alaraq istifadə etmiş, qüsurları aşkar etdikdən dərhal sonra məhkəməyə müraciət edərək, hazırkı tələbi irəli sürmüşdür. Avtomobilin alınmasından altı ilə müddət keçdiyi üçün qüsurların hansı səbəbdən baş verməsini müəyyən etməklə bağlı sübutetmədə problemlər yaranması istisnasızdır. Qüsurların zavod qüsuru olması, sonradan avtomobilin saxlanma şəraiti ilə bağlı olmaması halını sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı həmin halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, satıcı istehsalçının xətası üzündən sıradan çıxmış hər bir şeyi ödəniş tələb etmədən təmir etməklə bağlı zəmanət müəyyən etmişdir. Müqavilə şərtlərinə əsasən, zəmanət avtomobil alıcıya təhvil verildiyi gündən 3 il və yахud 100000 km yürüş müddəti ərzində qüvvədədir. İşdən görünür ki, avtomobilin zəmanət müddəti artıq bitmişdir. Həmçinin, müqavilədə kоrrоziyа ilə bağlı 6 illik zəmаnət müddəti də nəzərdə tutulmuşdur. Lakin avtоmоbildəki qüsurlаr lаk-bоyа örtüyünün qоpmаsı ilə bаğlı оlduğu üçün 6 illik müddət hazırkı qüsurlаrа şаmil еdilə bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi həmin qüsurların tərəflərindən aradan qaldırılmasını təklif etsə də, iddiaçı bundan imtina etmiş, ödədiyi pulun geri qaytarılmasını israr etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddianı əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Hakimlər: imzalar Əsli ilə düzdür
Hakim: İsmayıl Xəlilov