Məhkəmə qərarları › İş №2(103)-3011/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3011/2022

26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3011/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “X2 Korporasiya” ASC-yə qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(005)-70/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh "X2 Korporasiya” ASC-yə (bundan sonra, cavabdeh) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, ev 1, 16 saylı mənzilin dəyəri olaraq "X3 Korporasiyası” ASC-yə nağd olaraq ödənilmiş 28000 manat pulun, mənzilin təmirinə xərclənmiş 30000 manat pulun, əlavə olaraq "Texnika Bank” ASC-dən 30 yanvar 2012-ci il tarixli, № AK-108084 saylı kredit müqaviləsi əsasında onun adına rəsmiləşdirilmiş və evin dəyəri kimi "X3 Korporasiyası” ASC-nin hesabına köçürülmüş 74833,95 manat pulun, cəmi 132833,95 manat pul vəsaitinin, 10000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin mənzilin alqı-satqı müqaviləsində 114,9 m2 kimi qeyd olunmuş yaşayış sahəsi, faktiki olaraq 88 m2 ölçüdə olduğundan 3 il müddətində 28 m2 olmayan yaşayış sahəsinin hər bir kv.m üçün hər ay 825 manat olmaqla ödədiyi artıq pul məbləğinin hesablanmaqla "X3 Korporasiyası” ASCdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 dekabr 2015-ci il tarixli qətnaməsi ilə "X3 Korporasiyası” ASC ilə cavabdeh İddiaçı arasında bağlanılmış 30 yanvar 2012-ci il tarixli, 15192 nömrəli mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 məhəllədə inşa etdiyi bina 1, blok 1, 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 m2 olan 13 saylı (yeni nömrə 16) mənzilin boşaldılması və "X3 Korporasiyası” ASC-yə təhvil verilməsi qət edilmişdir. Bununla da o, faktiki sahibi olduğu, uzun müddət ailəsi ilə yaşadığı mənzilindən məhrum olmuş, həmin mənzildə 30000 manat xərclənməklə əsaslı təmir-tikinti işləri aparmaqla ailəsi ilə birlikdə gələcəkdə yaşamaqda davam etmək arzusunun olmasına, mənzilin dəyərini, adına kredit almaqla birlikdə artıqlaması ilə ödəməyinə baxmayaraq evi əlindən alınmış və ona çox ciddi maddi və mənəvi zərbə vurulmuşdur. Qeyd olunan mənzil üçün 28000 manat nağd olaraq tərəfindən, əlavə olaraq "xxxx" ASC-dən aldığı 74833,95 manat kredit hesabına evin dəyəri kimi "X3 Korporasiyası’’ ASC-nin hesabına 102833.95 manat ödəniş edilmişdir. Bundan başqa mənzilin təmirinə 30000 manat xərclənmişdir. Həmçinin "X3 Korporasiyası” ASC onlara həmin problemi süni şəkildə yaradıb evi əlindən almağa iddialı olduqları vaxtdan, eləcə də uzun müddət məhkəmələrə cəlb etdiyindən və yeganə yaşayış yeri əlindən çıxdığından, o, və ailə üzvləri də çox ciddi mənəvi-psixolooji sarsıntı keçirmişlər. Hətta bir neçə dəfə buna görə intihar etmək istəmişdir. Lakin sonra hər halda bu problemin qanuni yollarının olmasını düşündüyündən və aldığı məsləhətlərdən sonra bu fikrindən daşınmışdır. Ona görə də, vurulmuş mənəvi zərərin məbləğinin ən azından 10000 manat civarında qiymətləndirir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.12.2021-ci il tarixli, 2(005)-70/2021 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia qismən təmin edilmiş, cavabdeh X2 Korporasiya” ASC-dən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, ev 1, 16 saylı mənzil üçün "X3 Korporasiyası” ASC-yə İddiaçı tərəfindən ödənilmiş vəsaitdən 5544,32 manat, mənzilin təmirinə xərclənmiş pulun əvəzi kimi 19257 manat olmaqla, ümumilikdə 24801,32 (iyirmi dörd min səkkiz yüz bir manat 32 qəpik) manat və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 5,60 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manatın, 100 manatının İddiaçı, 100 manatının isə cavabdeh X2 Korporasiya” ASC-dən tutularaq (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, iddia təmin olunması hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, mənzilin alqı-satqısına dair müqavilənin məhkəmə qaydasında iddiaçının müqavilə üzrə öhdəsinə götürdüyü vəzifələrini əhəmiyyətli dərəcədə pozması üzündən ləğv edildiyi üçün iddiaçının mənzilə görə cavabdehə ödədiyi pulun ona geri qaytarılmamalı olması, iddiaçının müqavilə öhdəliklərini pozması halına düzgün hüqiqi qiymət verməməsi, əsassız qətnamə çıxarmaqla cavabdehin hüquqlarının pozulması, iddiaçının qeyd olunan mənzili təmir edərkən cavabdehlə hər hansı razılaşma bağlamaması, iddiaçının mənzilin pulunu ödəmədiyi üçün mənzilin mülkiyyətçisi hesab olunmadığını, cavabdehin iddiaçının qarşısında hər hansı öhdəlik daşımaması və ona mənzilin təmirinə çəkilən vəsaitə görə pul ödəməyə borclu olmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında 30 yanvar 2012-ci il tarixli, 15192 saylı müqavilənin bağlanması, həmin müqaviləyə əsasən satıcı "X3 Korporasiyası” ASC Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanova qəsəbəsi, Y.Əliyev küçəsində inşa etdiyi 1 saylı binanın, 1 blok, 13 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 114.9 kv.m olan mənzili alıcı İddiaçı satmağı, alıcı isə müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürməsi, mənzilin faktiki olaraq İddiaçı təhvil verilməsi, lakin öhdəliyin İddiaçı tərəfindən lazımınca icra olunmaması, bu səbəbdən də "X3 Korporasiyası” ASC tərəfindən məhkəməyə müraciət olunması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddianın təmin olunaraq "X3 Korporasiyası” ASC ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2012-ci il tarixli, 15192 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanova qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 məhəllədə inşa etdiyi bina 1, blok 1, 3 otaqdan ibarət, ümumi sahəsi 114.9 kv.m olan 13 saylı (yeni nömrəsi 16) mənzilin boşaldılması və "X3 Korporasiyası” ASC-yə təhvil verilməsinin qət olunması (işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 16 mart 2017-ci il tarixli qərarının surətindən görünür ki, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır) işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı, işdə olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2012-ci il tarixli kredit müqavilədən görünür ki, kreditor müqavilənin şərtlərinə uyğun olaraq borcalan İddiaçı məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 74833,95 manat məbləğində 240 ay müddətinə kredit verir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi müqavilədə göstərilmiş qaydada həyata keçirilir. Kredit borcalana Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanova qəsəbəsi, YƏliyev küçəsində inşa etdiyi 1 saylı binanın, 1 blok, 13 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 114.9 kv.m olan mənzilin alınmasına verilir. İşdə olan “X3 Korporasiyası” ASC-nin 24 noyabr 2015-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı müqavilə üzrə 4000 manat ilkin ödəniş, 824,82 manat aylıq ödəniş məbləğini "X3 Korporasiyası” ASC-nin kassasına, hesablanmış faizi ilə birgə 8810 manat "xxxx" ASC-yə ödəmişdir. İddiaçı tərəfindən cəmi 13634,82 manat məbləğində ödəniş edilmişdir. Alıcı 24 iyun 2013-cü il tarixdən ödəniş aparmamışdır. İşdə olan "xxxx" ASC-nin “X5” ünvanladığı 24 iyun 2013-cü il tarixli məktubdan görünür ki, İddiaçı adına kredit məbləğini “Akkord” şirkətlər qrupu tərəfindən 74227,34 manat əsas və 4741,97 manat faiz borcu tam ödənilmişdir. Yoxlanılan hissədə iddiaçının tələbinə görə - cavabdehlə arasında bağlanmış 30 yanvar 2012-ci il tarixli, 15192 saylı müqaviləyə əsasən ona təhvil verilmiş mənzildə yaşamaqla oranı təmir etmişdir, bu səbəbdən də təmirə sərf etdiyi 30000 manat pul vəsaitini, eyni zamanda mənzilin dəyəri olaraq cavabdehə nağd ödənilmiş 28000 manat pul vəsaitini tələb etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza rəyindən (Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2021-ci il tarixli, 10/3711 nömrəli ekspert rəyi) görünür ki, tədqiq olunan Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə ev 1-də yerləşən 16 saylı mənzilin faktiki olaraq 86,0 kv.m sahəsinin olduğu müəyyən edilmişdir. Qeyd edilən mənzildə təmir edildiyi dövrdə və hazırda tikinti materiallarının və haqqının dəyəri əsas götürülməklə mənzilin təmirinə sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 26123 manat olduğu müəyyən edilmişdir. Qeyd edilən mənzilin təmirinə 5% aşınma dərəcəsi tədbiq edilərək təmirə sərf olunmuş vəsaitin dəyəri 24816,85 manat təşkil etdiyi müəyyən edilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş əlavə ekspertiza rəyindən (Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2021-ci il tarixli, 10/2751 nömrəli ekspert rəyi) görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə ev 1-də yerləşən 16 saylı mənzilin təmirinin 2012-ci ildəki bazar qiymətlərinə uyğun olaraq dəyərinin 19257 manat olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə ev 1-də yerləşən 16 saylı mənzilə dair "X3 Korporasiyası” ASC və "Texnikabank” ASC ilə müqavilələr bağlayaraq, mənzilə köçmüş, ailəsi ilə birgə yaşamış və onun həmin mənzilə sahiblik hüququ yaranmışdır. O, vicdanlı sahib olmuş və yaşadığı dövr mənzilin təmiri üçün xərc çəkmişdir. Qanunvericiliyin müddəalarından da aydın olur ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. İddiaçı ərizəsində həmin məsrəflərin 30000 manat olduğunu qeyd etsə də, Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2021-ci il tarixli, 10/2751 nömrəli ekspert rəyində mənzilin təmirinə 2012-ci ildəki bazar qiymətlərinə uyğun olaraq dəyəri 19257 manat olduğu müəyyən edilməsi qeyd edilmişdir. Odur ki, mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 19257 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, "X3 Korporasiyası” ASC-nin 24 noyabr 2015-ci il tarixli arayışının surətində İddiaçı müqavilə üzrə 4000 manat ilkin ödəniş, 824,82 manat aylıq ödəniş məbləğini Akkordun kassasına, hesablanmış faizi ilə birgə 8810 manat "Bank Technique” ASC-yə ödəniş etdiyi, ümumilikdə İddiaçı tərəfindən cəmi 13634,82 manat məbləğində ödəniş olunduğu qeyd edilmişdir. İddiaçı ərizəsində göstərdiyi 28000 manat məbləğin ödənilməsinə dair sübut təqdim etməmişdir. Həmçinin tərəflər arasında bağlanmış 30 yanvar 2012-ci il tarixli, 15192 saylı müqavilənin 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında, ödənilmiş məbləğin ilkin ödəniş və 30%-nə bərabər olan hissəsi isə mənzilin yenidən satılması ilə əlaqədar cəkilən xərclərin və itkilərin əvəzi kimi satıcıda qalması qeyd edilmişdir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 13634,82 manat (arayışla sübuta yetirilmiş) məbləğdən, tərəflər arasında bağlanmış müqavilənin 5.8-ci bəndində göstərilmiş hesablama aparmaqla belə nəticəyə gəlinir ki, 13634,82 manat - 4000 manat ilkin ödəniş - 4090,50 manat (13634,82 manatın 30 faizi) = 5544,32 manat məbləğində vəsait iddiaçıya qaytarılmalıdır. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının mübahisə predmeti olan mənzilə köçərək orada yaşaması və təmir işlərini aparması işdə olan sübutlarla müəyyən edilir. Eyni zamanda cavabdeh tərəf də bu halı inkar etmir. Lakin, cavabdehin etirazına (apellyasiya şikayətinin dəlilinə) əsasən, iddiaçı mənzildə təmir işləri aparakən bunu cavabdeh şirkətlə razılaşdırmamış, təmiri öz riski ilə həyata keçirmişdir. İddiaçı müqavilə öhdəliklərini pozmuş, yəni mənzilin dəyərini tam ödəməmiş, bu səbəbdən də mənzilin mülkiyyətçisi hesab edilmir, eyni zamanda vicdanlı alıcı da sayılmır. Ona görə də iddiaçı yaşxılaşdırmalara görə cavabdehdən pul tələb edə bilməz. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, qanunverici əmlakdan ayrıla bilməyən yaxşılaşdırma xərclərinin (əmlakın dəyərindən artıq olmamaq şərti ilə) tələb imkanını müəyyən etmişdir. İddiaçının mübahisəli mənzildən çıxarılması ilə bağlı məhkəmə qərarının olması faktı iddiaçının bu tələb hüququnu istisna etmir. Eyni zamanda, cavabdeh apellyasiya şikayətində nəyə görə mübahisəli mənzilin təmir olunmasının məhz tərəflər arasında razılaşdırılmalı olmasını da əsaslandıra bilməmişdir. Bununla yanaşı, tərəflər arasında bağlanmış 30 yanvar 2012-ci il tarixli, 15192 saylı müqavilənin şərtlərindən də belə bir halın mövcudluğu, yəni mənzilin təmirinin məhz tərəflərin razılaşması ilə həyata keçirilməli olması görünmür. İşdə olan ekspertiza rəyindən görünür ki, mənzilin təmirinin 2012-ci ildəki bazar qiymətlərinə uyğun olaraq dəyəri 19257 manat təşkil etmişdir. Beləliklə, işin faktiki hallarından və qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı hazırda vəziyyətdə müvafiq xərci tələb etməkdə subyektiv hüquqlara malikdir. Apellyasiya şikayətinin dəlilləri yoxlanılan həmin hissədə qətnamənin ləğvinə əsas ola bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, qətnamə yoxlanılan digər hissədə də əsaslıdır. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı qismən təmin edərkən müəyyən etmişdir ki, "X3 Korporasiyası” ASC-nin 24 noyabr 2015-ci il tarixli arayışına əsasən İddiaçı müqavilə üzrə 4000 manat ilkin ödəniş etmiş, sonradan məyyən aylıq ödənişlər həyata keçirilmiş, beləliklə ümumilikdə 13634,82 manat ödəniş həyata keçirmişdir. Tərəflər arasında bağlanmış 30 yanvar 2012-ci il tarixli, 15192 saylı müqavilənin 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında, ödənilmiş məbləğin ilkin ödəniş və 30%-nə bərabər olan hissəsi isə mənzilin yenidən satılması ilə əlaqədar cəkilən xərclərin və itkilərin əvəzi kimi satıcıda qalması qeyd edilmişdir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 13634,82 manat (arayışla sübuta yetirilmiş) məbləğdən, tərəflər arasında bağlanmış müqavilənin 5.8-ci bəndində göstərilmiş hesablama aparmaqla belə nəticəyə gəlinir ki, 13634,82 manat - 4000 manat ilkin ödəniş - 4090,50 manat (13634,82 manatın 30 faizi) = 5544,32 manat məbləğində vəsait iddiaçıya qaytarılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işdə olan sübutlara, eləcə də cavabdehin özünün arayışına əsasən iddaçının ödənişlərini müəyyən etmiş, eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin razılaşdırılmış müvafiq şərtini də nəzərə almaqla müvafiq çıxılmaları həyata keçirmiş və qalıq məbləğin tutulmasını qət etmişdir. Cavabdeh isə həmin hissədə apellyasiya onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri əhəmiyyətli dərəcədə pozduğundan (bu barədə yuxarıda qeyd edilən məhkəmə qərarı mövcud olduğundan) iddiaçının mənzilə görə cavabdehə ödədiyi pul geri qaytarılmamalıdır. Məhkəmə kollegiyası qeyd edilən hissədə də apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq qeyd edir ki, tərəflər özləri aralarında bağlanmış 30 yanvar 2012-ci il tarixli, 15192 saylı müqavilədə (5.8-ci bənd) alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında həyata keçirdiyi ödənişlərin qaytarılması imkanının müəyyən etmişlər. İşin hallarından və işdə olan sübutlardan (məhkəmə qərarı və s.) aydın olur ki, iddiaçı (alıcı) tərəfindən müqavilənin icrasından imtina edilmiş, yəni müqavilə üzrə ödənişlər həyata keçirilməmiş, bu səbəbdən də müqavilə məhkəmə qaydasında ləğv olunmaqla, mənzilin boşaldılması və "X3 Korporasiyası” ASC-yə təhvil verilməsi qət olunmuşdur. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri, yəni iddiaçının müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması səbəbindən ödənişlərin qaytarılmalı olmaması əsası işin halları və müqavilə şərtləri ilə uzlaşmır. Cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə sübutları düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh “X2 Korporasiya” ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(005)-70/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(005)-70/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar