Məhkəmə qərarları › İş №2(103)-3018/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3018/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3018/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi: X4, Cavabdeh2 və onun vəkili X5 iştirakları ilə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-3076/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 3.580 (üç min beş yüz səksən) manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "İddiaçı" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "İddiaçı" Sığorta Şirkəti ASC-də xx xxxx 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "X16" markalı 99XB829 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Səmədov Məhəmməd Söyün oğlunun idarə etdiyi "Gaz-2410" markalı 10PK992 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Hadisə zamanı Səmədov Məhəmməd Söyün oğlu az ağır dərəcəli bədən xəsarəti almışdır. Qəbul edilmiş qərara əsasən Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, o, avtomobili sürücülük hüququ olmadan (etibarnaməsiz) idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi və almış olduğu bədən xəsarəti ilə əlaqədar ona ümumilikdə 3.580 (üç min beş yüz səksən) manat sığorta ödənişi verilmişdir. Buna müvafiq olaraq, "X16" markalı 99XB829 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X9 olduğundan, avtomobili isə sürücülük hüququ olmadan (etibarnaməsiz) Cavabdeh2 idarə etdiyindən, zərərin əvəzi onlardan tutulmalıdır. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-3076/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 3.290 (üç min iki yüz doxsan) manatın və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı SŞ ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və işə yenidən baxılmasını xahiş edən Cavabdeh2 şikayətini belə əsaslandırmışdır ki, idarə etdiyi “X18” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı yük maşınını etibarnaməsiz idarə edilməsi üçün avvtomobilin sahibi Cavabdeh1n razılığı olmuşdur. Belə ki, o yük maşınını qarajdan götürərkən Cavabdeh1 xəbəri olmuşdur. Əks təqdirdə o maşının oğurlandığı barədə hüquq mühafizə orqanlarına müraciət etməli idi. Həmçinin avtomobilə vurulmuş zərərin məbləği də düzgün hesablanmamışdır. Belə ki, nəqliyyat vasitəsinin bazar dəyəri 1500- 3000 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilmədən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh1 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Səmədov Məhəmməd Söyüm oğlu məhkəməyə gəlməmişlər, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki,hazırkı apellyasiya baxışı qətnamənin iddianın qismən təmin edilərək “Cavabdeh2 3.290 (üç min iki yüz doxsan) manatın və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı SŞ ASC-nin xeyrinə tutulması” ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması məzmunlu şikayəti əsasında başlanılmış, qətnaməni digər Cavabdeh1 və iddiaçı ümumiyyətlə mübahisələndirməmişlər. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 yönəlmiş hissəsində, həmçinin iddianın təmin edilməyən hissəsində mübahisələndirilməmişdir və bu səbəblə də hazırkı apellyasiya baxışı mübahisələndirilən hissə ilə məhdudlaşmaqla qətnamə apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılır. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası bu kontekstdə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və X8-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi polis mayoru X3 xx xxxxxxxx 2018-ci il tarixli “Cinayət işini başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, sürücü Cavabdeh2 «KOEGEL» markalı 99ZB829 dövlət qeydiyyat nişanlı yarıqoşqusu olan «Mercedes Benz» markalı 99XB829 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin, Səmədov Məhəmməd Söyün oğlu isə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. Səmədov Məhəmməd Söyün oğlu ərizə ilə müraciət edərək xx.xx.2018-ci il tarixdə «QAZ 2410» markalı ** DK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin «Mercedes Benz» markalı yük avtomobili ilə toqquşması nəticəsində bas vermiş yol nəqliyyat hadisəsi zamanı müalicə xərclərinin yük avtomobilinin sürücüsü tərəfindən ödənildiyini, sürücü ilə barışdığını, dəymiş zərərin sığorta şirkəti tərəfindən ödənilməsinə etirazı olmadığını bildirmişdir. Cavabdeh2 ərizə ilə müraciət edərək xx.xx.2018-ci il tarixdə idarə etdiyi «Mercedes Benz» markalı 39XB829 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “QAZ 2410” markalı avtomobilin toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Səmədov Məhəmməd Söyün oğlunun müalicə xərclərini ödədiyini, onunla barışdığını bildirmişdir. Müvafiq qərarın surəti Cavabdeh2 və Səmədov Məhəmməd Söyün oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün BDYPİ-nin YPX alayına göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin ******* nömrəli xx xxxxxxxx 2018-ci il tarixli protokolunun surətindən görünür ki, Səmədov Məhəmməd Söyün oğlu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin ******* nömrəli xx xxxxxx 2019-cu il tarixli protokolunun surətindən görünür ki, Cavabdeh2Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli “xxxxxxxxxxxx” MMC tərəfındən tərtib edilmiş aktın surətindən görünür ki, 1990-cı il buraxılışlı, "Gaz-2410" markalı 10PK992 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4.160 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, PAX**********/0 nömrəli şəhadətnamə üzrə sığortalı X10, sığorta olunan şəxs Cavabdeh2dur. Sığortanın başlanma tarixi xx.xx.2018-ci il, bitmə tarixi xx.xx.2019-cu ildir. X6 Söyün oğluna məxsus "Gaz-2410" markalı 10PK992 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2.080 (iki min səksən) manat məbləğindədir. Barəsində subroqasiya tələbi irəli sürülməli şəxs Cavabdeh2dur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, PAX**********/0 nömrəli şəhadətnamə üzrə sığortalı X10, sığorta olunan şəxs Cavabdeh2dur. Sığortanın başlanma tarixi xx.xx.2018-ci il, bitmə tarixi xx.xx.2019-cu ildir. X6 Söyün oğlunun sağlamlığına vurulmuş zərərin məbləği 1.500 (bir min beş yüz) manat məbləğindədir. Barəsində subroqasiya tələbi irəli sürülməli şəxs Cavabdeh2dur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı SŞ ASC tərəfindən Səmədov Məhəmməd Söyün oğluna 2.080 (iki min səksən) manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı SŞ ASC tərəfindən Səmədov Məhəmməd Söyün oğluna 1.500 (bir min beş yüz) manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "X16" markalı 99XB829 dövlət qeydiyyat nişanlı avtomobil hadisə baş verən tarixdə Cavabdeh1 mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X13 xx xxxxx 2019-cu il tarixli 36346/219 nömrəli məktubunun surətindən görünür ki, "X16" markalı 99XB829 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmiş şəxslər sırasında Cavabdeh2 adı yoxdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(005)- 3076/2019 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 24993 nömrəli rəyi ilə “xxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1990-cı il buraxılışlı, "Gaz-2410" markalı 10PK992 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3.580 (üç min beş yüz səksən) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırkı işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh2dur. Cavabdeh2 hadisənin onun təqsiri nəticəsində baş verməsini, eləcə də inzibati xəta haqqında qərarı mübahisələndirməmiş, qeyd olunan halları nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq iddianı ona münasibətdə təmin etmişdir. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulmalıdır. Hazırki mülki iş üzrə Cavabdeh1 "X16" markalı 99XB829 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olsa da, yol-nəqliyyat hadisəsi baş verən zaman müvafiq avtomobil faktiki olaraq Cavabdeh2 tərəfindən idarə olunmuşdur. İddiaçı Sığorta Şirkəti ASC sığorta ödənişinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasını tələb edir və bu tələbini əsaslandırarkən yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X13 xx xxxxx 2019-cu il tarixli 36346/219 nömrəli məktubuna istinad edir. Müvafiq məktuba əlavə edilmiş nəqliyyat vasitəsi barədə məlumatların kompüter çıxarışından görünür ki, "X16" markalı 99XB829 dövlət qeydiyyat nişanlı avtomobili müxtəlif vaxtlarda etibarnamə əsasında idarə etmək səlahiyyətinə malik olan şəxslər sırasında Cavabdeh2 adı qeyd olunmamışdır. Məhkəmə hesab edir ki, Cavabdeh2 etibarnamə olmadan müvafiq avtomobili idarə etməsi, iddia tələbinin onunla birlikdə avtomobilin mülkiyyətçisi Cavabdeh1 yönəldilməsinə əsas vermir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi inzibati xəta tərkibi yaradır və qeyd olunan hallarda inzibati xətanı törətmiş şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada və məbləğdə cərimə olunur. Hazırki mülki işin faktiki hallarından görünür ki, nə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, nə də digər Cavabdeh1 həmin məcəllənin 335.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək üçün ona verməsinə görə cərimə olunmuşdur. Bu hal belə bir qənaətə gəlməyə əsas verir ki, "X16" markalı 99XB829 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 tərəfindən idarə edilməsi qanuni əsaslara dayandığından o, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati qaydada cərimə olunmamış, xx xxxxxxxx 2018-ci il tarixli “Cinayət işini başlanmasının rədd edilməsi haqqında” qərarın məzmunundan da göründüyü kimi yalnız Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, həm mülki qanunvericiliyin, həm də inzibati xətalar haqqında qanunvericiliyin müddəalarından görünür ki, etibarnamə nəqliyyat vasitəsinə sahiblik etməyin yeganə qanuni əsası deyil, onunla yanaşı icarə və ya digər əşya hüquqlarına dair müqavilə və digər əsaslar da nəqliyyat vasitəsinin istifadəçisi olmaqla ona sahiblik etməyə imkan verir. Qeyd olunanlara əsasən kollegiya, Cavabdeh2 tərəfindən müvafiq avtomobilin etibarnamə olmadan idarə edilməsi, sığorta ödənişinin onunla birlikdə mülkiyyətçi Cavabdeh1 müştərək qaydada tutulmasına əsas vermir, bu səbəbdən mülki hüquq pozuntusu törədərək yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borclu olan şəxs qismində yalnız Cavabdeh2 tanınmalı olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Bununla belə kollegiya məhkəmə xərclərinin bölüşdürülməsi (ekspertiza xərcinin tutulması) ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, hazırki işdə iddia tələbi qismən təmin edildiyindən ekspertiza xərci tərəflər arasında bərabər bölüşdürülməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir. Kollegiya apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh2 zərərin məbləğinin şişirdildiyini iddia etməsinə baxmayaraq, bunu təsdiq edən hər hansı sənəd təqdim etməmiş, beləliklə də, apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 24993 nömrəli rəyi ilə “xxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1990-cı il buraxılışlı, "Gaz-2410" markalı 10PK992 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3.580 (üç min beş yüz səksən) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi avtomobilə dəymiş zərərin məbləğini haqlı olaraq həmin rəyə istinadla müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qimsən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – “ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi” hissəsində dəyişdirilərək ekspertiza xərci tərəflər arasında bərabər bölüşdürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-3076/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi hissəsində dəyişdirilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin 50%-i, yəni 60 manatı İddiaçı Sığorta Şirkəti ASC-dən, qalan 50%-i isə, yəni 60 manatı isə Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Avtomobilə vurulmuş maddi ziyanın məbləği 1790 manat müəyyən edilməklə qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar