Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3020/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: ümumi paylı mülkiyyət hüququna xitam verilməsi və daşınmaz əmlakın naturada özünə aid hissədə mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X6 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyət hüququna xitam verilməsi və daşınmaz əmlakın naturada özünə aid hissədə mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-765/2023 saylı 21 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər 21 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş, 3-M-A-108 saylı müqavilənin məzmunundan müəyyən edilir ki, 09 fevral 1996-cı il tarixdə ünvan 1 ünvanda yerləşən əmlak (mənzil), 3 otaqlı mənzilin 1-ci mərtəbəsində yerləşən sahəsi 17.2 kv.m olan yaşayış otağı yardımçı sahələri ilə birlikdə alqı-satqı müqaviləsi əsasında vətəndaş X1.
2. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən əmlak (mənzil) üzərində X7 2 otaq xx.xx.2014-cü il tarixdə, Cavabdeh2 və X3 1 otaq üzərində ½ hissədə payları müvafiq olaraq xx.xx.2011 və xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən əmlak (mənzil) üzərində ümumi mülkiyyət hüquqlarına cavabdehlərin razılığı nəzərə alınmadan xitam verilməsi, həmin ünvanda olan daşınmaz əmlakın naturada özünə aid hissədə hüquqların dövlət qeydiyyatına alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi ev 7, 91-ci mənzil bütöv halda xüsusi mülkiyyət hüququ əsasında mülkiyyətində olmuşdur. Mənzil 3 otaqdan ibarət olmaqla həmin binanın birinci mərtəbəsində yerləşən 17,0 kv.m və həmin binanın üst mərtəbəsində yerləşən sahəsi 17,4 kv.m, 11,9 kv.m olan iki yaşayış otağından və yardımçı sahələrdən ibarət olmuşdur. Birinci və 2-ci mərtəbədə yerləşən otaqlar fiziki olaraq bir-birindən ayrı olmuşdur. 09 fevral 1996-cı il tarixdə mülkiyyətində olan həmin yaşayış binasında yerləşən 3 otaqlı mənzilin 1-ci mərtəbəsində yerləşən sahəsi 17.2 kv.m olan yaşayış otağını yardımçı sahələri ilə birlikdə alqı-satqı müqaviləsi əsasında vətəndaş X2 və müqavilə Bakı şəhəri 21 saylı dövlət notariat kontorunda 3-M-A-108 reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən xx.xx.1996-cı ildə, Tİ və MH qeydiyyatı idarəsi tərəfindən özünün və Cavabdeh2 Əli oğlunun adına ayrı-ayrı texniki pasportlar işlənilmişdir. Hazırda qeyd edilən ünvanda yerləşən mənzil paylı mülkiyyət hüququ əsasında ½ hissədə (iki otaq) özünə və ½ hissədə (bir otaq) cavabdehlərə məxsusdur. Hazırda mübahisənin predmeti olan və paylı mülkiyyətində olan iki yaşayış otağı yardımçı sahələrlə birlikdə tam olaraq digər payçılara, yəni cavabdehlərə məxsus olan hissədən tam ayrıdır və müstəqil olaraq hər birinin öz hissəsinə aid olan yaşayış sahəsindən müstəqil bir-birilərinə mane olmadan istifadə etməkdədirlər. Paylı mülkiyyətdə olan əmlak üzərində sərəncam vermək mülki qanunvericiliyin tələblərinə görə bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirildiyindən, cavabdehlərlə olan ümumi paylı mülkiyyət hüququna xitam vermək qərarına gəlmişdir. Cavabdehlərlə olan ümumi paylı mülkiyyətə könüllü qaydada razılaşma şəraitində xitam verilməsi barədə edilmiş müraciət onlar tərəfindən təmin edilməmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 fevral 2023-cü il tarixli 2(005)-765/2023 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilməmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, iddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməmiş, habelə iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçilərinə ödənilməsini tələb etmək hüququna malik olduğu halda, öz payının alınmasını təklif etməmişdir. Belə bir tələb olmadığı halda, əmlakın naturada özünə aid hissədə hüquqların dövlət qeydiyyatına alınması hissəsində iddia tələbi təmin oluna bilməz.
7. Məhkəmə qeyd etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 223.4, 220.3-220.4, 220.5, 220.6 maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, Mülki Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə bölgü və həmin normada müəyyən edilmiş digər qaydalara əsasən xitam verilir. Mübahisəli daşınmaz əmlakın fiziki cəhətdən, yəni naturada ayrı olması və həmin fiziki bölgünün həmin əmlak üzrə alqı-satqı müqaviləsi bağlanan andan istəklərinə uyğun olaraq ayrı olması təqdim edilmiş sübutlarla təsdiq edilir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
14. Cavabdehlər isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. Həmçinin qeyd etdilər ki, xx.xx.1996-cı il tarixdə 3 otaqlı mənzilin 1-ci mərtəbəsində yerləşən sahəsi 17.2 kv.m olan yaşayış otağı yardımçı sahələri ilə birlikdə alqı-satqı müqaviləsi əsasında X1. Həmin mənzil cavabdehlərin birgə nikahı dövründə əldə edildiyindən, nikahları pozulduqdan sonra mənzil onların arasında bölünmüş, nəticədə hər birinin ½ hissədə payı müəyyən olunmuş, buna görə də Çıxarışda 1 otaqlı mənzilin cavabdehlərin paylı mülkiyyətində olması qeyd olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 215.1 Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
16. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
17. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
18. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
19. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
20. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
21. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
22. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
23. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında müəyyən edilir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. İşin halları və tərəflərin izahatı ilə müəyyən olunur ki, iddiaçının mülkiyyətində ümumi sahəsi 71,4 kv.m, yaşayış sahəsi isə 46,3 kv.m olan mənzil olmuş və o, 1996-cı ildə həmin mənzilin 1-ci mərtəbəsində yerləşən və yaşayış sahəsi 17,2 kv.m olan 1 bir otağı cavabdeh Siyatel Qəribovaya satmışdır. Həmin vaxt tərəflər arasında daşınmaz əmlaka dair real bölgü sxemi tərtib edilməmiş, bu səbəbdən tərəflərə verilmiş Çıxarışda hər bir mülkiyyətçiyə aid yaşayış və köməkçi sahələrin ölçüləri göstərilməmişdir.
34. Həmçinin həmin vaxt cavabdehlər ər-arvad olmuşlar. Sonradan cavabdehlər boşanmış və həmin 1 otaq onların arasında bölünərək, hər birinin ½ hissədə payı müəyyən olunmuşdur. Cavabdehlərə məxsus 1 otaq binanın 1-ci, iddiaçıya məxsus 2 otaq isə binanın 3-cü mərtəbəsində yerləşir.
35. Hazırda iddiaçı özünün istifadəsində olan 2 otağa ayrıca Çıxarış almaq istəyir. Cavabdehlər isə könüllü olaraq buna razılıq vermirlər, ona görə də qeydiyyat orqanı tərəfindən real bölgü aparılıb, tərəflərə müstəqil çıxarışlar verilməsi mümkün deyil.
36. İddiaçı Mülki Məcəllənin 221-ci maddəsini rəhbər tutaraq hesab edir ki, həmin normada onun iddiasının təmin olunması əsasları göstərilmişdir. Həmin normaya görə, ümumi paylı mülkiyyət hüququna ya paylı mülkiyyətin iştirakçılarının razılığı, ya da məhkəmə qaydasında xitam verilə bilər. Hazırki halda cavabdehlərin razılığı olmadığından, o, məhkəməyə müraciət etmişdir.
37. Kollegiya iddiaçının fikri ilə qismən razılaşır, həqiqətən Mülki Məcəllənin 221-ci maddəsi ümumi paylı mülkiyyətə xitam verilməsinin üsul və qaydasını müəyyən etmişdir: könüllü yaxud məhkəmə qaydasında. Könüllü qayda fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilməni nəzərdə tutur. Lakin, tərəflər arasında razılıq olmadığından, Kollegiya bu üsul barədə nəsə qeyd etməyi zəruri hesab etmir.
38. Ümumi paylı mülkiyyətə məhkəmə qaydasında xitam verilməsinə gəldikdə isə qeyd olunmalıdır ki, burada söhbət yalnız fiziki bölgüdən gedir, yəni bu normanın tətbiqi yalnız o halda baş verə bilər ki, ümumi mülkiyyətdə olan əyşanın fiziki olaraq bölünməsi mümkün olsun. Hazırki işdə isə söhbət fiziki olaraq bölünməsi mümkün olmayan yaşayış evindən gedir. Yəni, iddiaçının mənzilinin cavabdehlərin mənzilindən fiziki olaraq bölünməsi mümkün deyil.
39. Odur ki, Mülki Məcəllənin 221-ci maddəsi hazırki münasibətlərə tətbiq edilmir.
40. Həmçinin, təqdim edilmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarından müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X5 və Cavabdeh2 Səfər oğlu) iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 30 yanvar 2015-ci il tarixli qərarı ilə iddiası təmin edilmiş, iddiaçıya ünvan 2 ünvanında yerləşən evin üçüncü mərtəbəsində iddiaçının xüsusi mülkiyyətində olan iki otaqlı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməklə ona reyestrdən ayrıca çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Apelyasiya Məhkəməsinin qeyd edilən qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, sözügedən qərar ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, paylı mülkiyyətdə olan mənzil üzrə real bölgü aparılmadığından, həmin mənzilə dair verilmiş Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışda da hər bir mülkiyyətçiyə aid yaşayış və köməkçi sahələrin ölçüləri göstərilməmişdir.
41. Kollegiya qeyd edir ki, qanunvericilikdə paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ya ondan payın ayrılması qaydası müəyyən olunmuşdur (MM-nin 220-ci maddəsi). Lakin, iddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməmişdir.
42. Məhkəmə haqlı olaraq göstərmişdir ki, belə bir tələb olmadığı halda, əmlakın naturada özünə aid hissədə hüquqların dövlət qeydiyyatına alınması hissəsində iddia tələbi təmin oluna bilməz.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-765/2023 saylı iş üzrə 21 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.