Məhkəmə qərarları › İş №2(103)-3025/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3025/2023

16.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3025/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması”) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-420/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında rəsmi nikah bağlanmaqla, ər-arvad münasibətlərində olmuşlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 3 ədəd brilliant qaşlı üzüklər, ikisi Rusiya istehsalı, əyarı 583, qramı 22, qiyməti 2500 manat, İtalya istehsalı olan, əyarı 750, qramı 18, qiyməti 1600 manat, 1 ədəd 100 qramlıq boyunbağı, əyarı 999, qiyməti 4800 ABŞ dolları, 2008-ci ildə Dubaya səfəri zamanı aldığı 1 ədəd İtalya istehsalı, 50 qram, qiyməti 1800 manat, 1 ədəd İtalya istehsalı olan qızıl qol saatı qiyməti 3200 manat, “Alyans” brilliant qaşlı məxsus nişan üzük, əyarı 750, qiyməti 4000 manat olmaqla, ümumilikdə 20300 (iyirmi min üç yüz) manat dəyərində olan qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehi 2001-ci ildə tanımış, həmin vaxt o, rəhbəri olduğu "X7" onun katibəsi işləmişdir. Cavabdeh həmin klubda 2002-ci ilə qədər işləmiş, daha sonra isə 2005-ci ildə iddiaçı 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən cavabdehlə rəsmi nikaha girmişdir. Nikah qurarkən cavabdeh özü ilə heç bir cehiz əmlak gətirməmişdir. Nəsimi Rayon Məhkəməsinin 22 noyabr 2011-ci il tarixli qətnaməsi ilə onun cavabdehlər X2 və X1 qarşı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması və mənzildə olan əşyaların ona qaytarılması qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Şöbəsinin xx.xx.2012-ci il tarixli aktından və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29 iyul 2016-ci il tarixli qərardadından da görünür ki, qətnamə cavabdehlər tərəfindən könüllü olaraq icra edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2012-ci il tarixli aktından görünür ki, məhkəmə qətnaməsi ilə ona verilməsi qət edilən əmlaklar icra zamanı nümayəndəsi qismində iştirak etmiş həyat yoldaşı, hazırki iddia tələbi üzrə cavabdeh ünvan 1 ünvanında qəbul edərək, orada saxlamışdır. Bundan başqa, cavabdehin Bakı Apellyasiya Məhkəməsinin hakimi xanım Xuraman Məhərrəmovaya ünvanladığı xx.xx.2012-ci il tarixli ərizəsindən görünür ki, o, iki azyaşlı uşaqları ilə birlikdə 24 dekabr 2008-ci il tarixindən onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yaşamışdır. Cavabdeh ərizəsində göstərir ki, ona və iddiaçıya məxsus əmlaklar, o cümlədən qızıl-zinət əşyaları anası Minurǝ Quliyevadan tələb etsə də, anası həmin əmlakları ona verməmişdir. Halbuki, iddiaçı 2020ci ilin mart ayının 18-də cəzaçəkmə müəssisəsindən azadlığa buraxılaraq yaşadıqları ünvanında yerləşən mənzilinə gələrkən mənzilində Nəsimi Rayon Məhkəməsinin 22 noyabr 2011-ci il tarixli qətnaməsi ilə ona verilməsi qət edilən əmlakları mənzilində idi. Bundan başqa, 2020-ci ilin mart ayının 18-dən 2020-ci ilin noyabr ayının 20-dək qeyd edilən ünvanında cavabdehlə birgə yaşadıqları müddətdə ona məxsus qızıl-zinət əşyaları mənzildə olmuş və hər ikisi də həmin qızıl-zinət əşyalarından istifadə etmişlər. Bunu cavabdeh və digər ailə üzvləri ilə birlikdə çəkdirdikləri fotoşəkillər və video görüntülərdən də görmək olur. Həmin fotoşəkilləri və video görüntülərini, qızıl-zinət əşyalarını ərizəsinə əlavə etmişdir. Cavabdeh xx.xx.2011-ci il tarixdə iddiaçı barəsində “102” xidmətinə əsassız şikayət etmiş, iddiaçı bir az sakitləşmək üçün mənzildən çıxaraq çayxanaya getmiş, orada təxminən 30-40 dəqiqə olduqdan sonra mənzilinə qayıdarkən mənzilində polis əməkdaşları olduğunu görmüşdür. Polis əməkdaşları baş verə biləcək xoşagəlməz hadisələrin olmaması üçün iddiaçını mənzildən çıxaraq başqa yerdə gecələməyini təklif etmişlər. İddiaçı da polis əməkdaşları ilə birlikdə mənzildən çıxaraq anasının evinə getmişdir. Sonrakı ötən dövr ərzində cavabdeh bir daha onu yaşadıqları mənzilə və digər mənzillərinə buraxmamış, ondan mənzilində olan ofis mebellərini, avadanlıqlarını, pulu və digər qiymətli qızıl-zinyət əşyalarını, əmlaklarını tələb etsə də, cavabdeh tələbinə əhəmiyyət verməyərək əmlaklarını verməkdən qətiyyətlə imtina etmişdir. Yuxarıda göstərdiyi hallarla bağlı hüquq-mühafizə orqanlarına dəfələrlə yazılı şikayət ərizələri ilə müraciətlər etsə də, müsbət nəticəsi olmamışdır. Bundan sonra cavabdehə qarşı mülkiyyətində olan əmlaklar, o cümlədən həmin əmlaklardan istifadədə yaranan maneələrlə bağlı iddialar qaldırmışdır

4. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e-2(006)- 420/2023 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia rədd olunmuşdur.

5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının cavabdehdə olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh tərəf iddiaçının bildirdiklərini qəbul etməmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və s. göstərilmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

10. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra, AM) 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Maddə 152.10. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür.

16. Maddə 152.11. Mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

19. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır.

28. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin möqeyi ilə razılaşaraq həmçinin qeyd etməyi zəruri hesab edir ki, əksi sübuta yetirilməyədək şəxs mülkiyyətində olan əşyanın faktiki sahibi və istifadəçisi kimi qəbul edilməklə, ona mənsub əmlakın saxlanması yükünü daşıyır.

30. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür.

31. İddiaçı tələbinin əsası kimi məhkəmə qərarlarına və s. sənədlərə istinad etsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmiş, eyni zamanda birinci instansiya məhkəməsinə sübutların tələb olunması barədə vəsatət də verməmişdir.

32. Qeyd edilməlidir ki, tərəflər sübutları birinci instansiya məhkəməsinə təqdim etməlidirlər. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarı).

33. Bununla yanaşı, iddiaçı tələbinin əsası kimi cavabdehin hələ 2012-ci ildə Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı ərizəsinin kserosurətinə istinad etmiş, lakin həmin ərizədən iddiaçının iddia etdiyi əşyaların cavabdehdə olması görünmür. Əksinə, cavabdeh ərizədə əşyaların qaynanasında olmasından şikayət etmişdir.

34. Həmçinin, iddiaçının təqdim etdiyi fotoşəkillərin kserosurətlərindən də iddianın əsaslı olması görünmür.

35. MPM-in 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir.

36. Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarı).

37. Qeyd olunmalıdır ki, MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

38. MPM-in 89.3-cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

39. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır.

40. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

41. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.

42. Eyni zamanda iddiaçı tərəfin bildirdikləri (izahatı) iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz.

43. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

44. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.

45. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər.

46. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

47. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-420/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar