Məhkəmə qərarları › İş №2(103)-3026/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3026/2024

03.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3026/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: «pul tələbi, nisyə alqı-satqı müqaviləsi borcun etirafı, sübutetmə yükü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4693/2023 saylı, 15 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh Taşdemir Orhanın apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. xx.xx.2021-xx.xx.2023-cü il tarixlərinə mal və pul dövriyyəsinə dair cədvəldən görünür ki, Orxan adlı şəxs xx.xx.2021-ci il tarixdə 21 adda 16.926,10 manat dəyərində elektirik avadanlığı almışdır.

2. İddiaçı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə etdiyi şikayət əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən (İddiaçı mürciətində qeyd etdiyi xüsusatlar cinayət deyil, mülki xarakterlidir)xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdeh Taşdemir Orhana qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Taşdemir Orhandan 7700 (yeddi min yeddi yüz) manat əsas borcun, 580 manat illik 5 faizin, 90 manat dövlət rüsumunun, cəmi 8370 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, o, ünvan 1 ünvanda yerləşən, 8-ci kilometr bazarı adlanan ərazidə 20 ildir ki, elektrik mallarının satışı ilə bağlı icarə əsasında mağazanı işlədir. Cavabdeh Türkiyə Cümhuriyyəti vətəndaşı, ünvan 2 ünvanında yaşayan və qeydiyyatda olan Taşdemir Orhan 23 oktyabr 2021-ci il tarixdə ondan 19.000 manatlıq elektrik malları almışdır. Cavabdeh ondan aldığı malların 11.300 manatını ödəmiş, qalan 7700 (yeddi min yeddi yüz) manat pulu isə bu günədək ödəməmişdir. Dəfələrlə əlaqə saxlayıb pulu ödəməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin iştifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefonuna dəfələrlə zəng edib 7700 (yeddi min yeddi yüz) manatı ödəməsi ilə əlaqədar iradlarını bildirmişdir. Lakin bu iradları heç bir nəticə verməmişdir. Cavabdeh hazırda onun zənglərinə də cavab vermir. Göstərilənlərə əsasən ona dəyən ziyanın ödənilməsi üçün tədbirlər görülməsi ilə əlaqədar müxtəlif dövlət qurumlarına müraciətlər etmişdir. Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin təhdiqatçısı, polis mayoru X1 17 mart 2023cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərarından görünür ki, Türkiyə Cümhuriyyəti vətəndaşı, ünvan 2-də qeydiyyatda olan Orhan Taşdemir adlı şəxsin pasport nömrəsi U********-dür. Bu məlumat Polis Şöbəsi tərəfindən Dövlət Miqrasiya Xidmətinə verilmiş sorğu əsasında müəyyən edilmişdir. 17 mart 2023-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərarla ona mübahisənin mülki xarakterli olduğu və ümumi məhkəməyə müraciət edilməsi izah edilmişdir. 11 may may 2023-cü il tarixdə pretenziya ilə cavabdehə müraciət edərək ona vurduğu ziyanı ödəməsini xahiş etmişdir. Pretenziyanı vatsap vasitəsilə cavabdehin 055 *** ** ** mobil nömrəsinə də göndərmişdir. Lakin cavabdeh həmin müraciətinə də cavab verməmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4693/2023 saylı, 15 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia qismən təmin edilmiş, cavabdeh Taşdemir Orhandan 7700 (yeddi min yeddi yüz) manat və 97 (doxsan yeddi) manat məbləğində dövlət rüsumu əvəzi tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətində göstərib ki, Taşdemir Orhan 23 oktyabr 2021-ci il tarixdə iddiaçıdan 19.000 manat dəyərində elektrik malları almış, aldığı malların dəyərindən 11.300 manatını ödəmiş, qalan 7700 manatı isə bu günədək ödəməmişdir. Qeyd olunan hallar tərəflər arasında “Whatsapp” sosial şəbəkəsindəki yazışmalarla, şahid ifadəsi ilə təsdiq olunur. Beləliklə, iddia 7700 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır və həmin hissədə iddia təmin edilməlidir. Məhkəmə, borcun illik 5 faizi kimi hesablanmış 580 manat məbləğində pulun tutulması hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı həmin məbləğin hansı əsaslarla, hansı tarixdən hesablanmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Taşdemir Orhan (nümayəndəsi Nümayəndə2) apellyasiya şikayəti verərək şikayətində qətnamənin qismən - cavabdehdən 7700 manat tutulması hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin olunmamasını xahiş edib göstərir ki, iddiaçı iddia ərizəsində yalan məlumatlar yazmışdır, məhkəmə isə bunları yoxlamadan onun xeyrinə qətnamə qəbul etmişdir. Əslində iddiaçının yazdığı kimi olmamışdır. İddia ərizəsində yazır ki, guya cavabdehin ona 7700 manat borcu vardır. Lakin cavabdehin ona borcu qalmamışdır. Qalan pullar ki, iddiaçı cavabdehdən tələb edir onun tərəfindən qanunsuz olaraq hesablanmış puldur. İddiaçı iddia ərizəsində yalan yazır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə cavabdehin iddiaçıya ödədiyi məbləğləri nəzərə almamışdır. Lakin buna baxmayaraq məhkəmə iddianın 7700 manat pulun tutulması barədə hissəsində rədd etmək əvəzinə iddianı qismən təmin etmişdir, qətnaməsini formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin iddiaçıya borcu qalmamışdır. Qalan pullar ki, iddiaçı cavabdehdən tələb edir onun tərəfindən qanunsuz olaraq hesablanmış puldur. Belə olan halda iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsassızdır və bu səbəbdən iddia qismən 7700 manat tutulması hissəsində rədd edilməlidir, iddia qalan hissədə rədd edilsin hissəsində qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməlidir. Lakin Bakı şəhəri Sabunçu rayon məhkəməsi tərəfindən bu hallar ümimiyyətlə araşdırılmamışdır, məhkəmə həmin hallara göz yummuş, onlara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə qətnaməsində yazmışdır ki, iddiaçı iddianın verilməsi ücün 90 manat dövlət rüsumu ödəmişdir. Lakin iddianın qiyməti 8280 (səkkiz min iki yüz səksən) manat olduğu halda iddiaçı 90 (doxsan) manat deyil 102,80 (yüz iki manat səksən qəpik) manat dövlət rüsumu ödəməli idi. Аzərbаycаn RеspubliкаsıMülкi Prоsеssuаl Məcəlləsinin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən cavabdehin iddiaçıya ödədiyi məbləğlər nəzərə alınmamışdır. Məhkəmə iddianını tamamilə rədd etmək əvəzinə 7700 manat hissəsində əsassız iddianı qismən təmin etmişdir, halbuki həmin hissədə də iddia rədd edilməli idi. Beləliklə iddiaçı cavabdehdən əsassız olaraq borc tələb etmişdir. Lakin buna baxmayaraq məhkəmə əsassız iddianı tamamilə rədd etmək əvəzinə qismən təmin etmişdir, qətnaməsini formal mülahizələrlə, bir cümlə ilə əsaslandırmağa çalışmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etmişdir

9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada dəfələrlə məlumatlandırılmasına baxmayaraq cavabdeh Taşdemir Orhan yaxud nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəb(lər)i barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosesual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Maddə 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin edildiyi 7700 manatın tutulması hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenum unun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. Əvvəla, mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia təmin edildiyi hissədə haqlı sayılır.

19. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

20. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

21. Qeyd olunduğu kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanması və iddiaçının cavabdehə mallar təhvil verməsi işin mübahisəsiz halıdır. Çünki bunu cavabdeh də mübahisələndirmir. Mübahisələndirdiyi hal iddiaçıya borcunun qalmadığı, tələb edilən məbləğin qanunsuz hesablandığı, onun tərəfindən iddiaçıya ödənilən məbləğin nəzərə alınmaması ilə bağlıdır. Başqa sözlə, hazırki iş üzrə cavabdeh iddiaçıdan tələb edilən məbləğdə elektrik malları aldığını apellyasiya şikayətində də etiraf və təsdiq edir. Demək ki, cavabdehin etirafı iddiaçını bu halları sübut etmək yükündən azad edir. Bu halların həqiqiliyi də hər hansı br mübahisə doğurmadığı üçün işin mübahisəsiz halına çevrilib.

22. Ancaq cavabdeh apellyasiya şikayətinin bu dəlilləri- iddiaçıya borcunun qalmadığı, tələb edilən məbləğin qanunsuz hesablandığı, onun tərəfindən iddiaçıya ödənilən məbləğin nəzərə alınmaması ilə bağlı nə birinci, nədə apellyasiya instansiyası məhkəməsinə hər hansı mötəbər sübut təqdim etməmiş, etirazını yalnız şikayətindəki bu kəlmələrlə ifadə etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Deməli iddiaçıya tələb edilən məbləğdə borcu qalmadığını yaxud konkret olaraq iddiaçıya tələb edilən məbləği ödəməsini sübut etmək yükü təbii ki, cavabdehin üzərinə düşür. Ancaq cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi bu hallara dair məhkəməyə heç bir sübut təqdim etməmiş və həmin halı sübut edə bilmir. 23.Bundan başqa, iddia tələbi şahid ifadəsi və “whatsapp” tətbiqi vasitəsilə edilən yazılarla da təsdiq edilir. Demək ki, cavabdehin etirafedici yazışması da iddiaçını bu halları sübut etmək yükündən azad edir. Bu halların həqiqiliyi də hər hansı br mübahisə doğurmadığı üçün işin mübahisəsiz halına çevrilib. Deməli bu sübutlar da iddianın təmin edilməsi üçün müstəqil əsasdır.

24. Bundan əlavə, iddiaçının cinayət təqibi qaydasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə etdiyi şikayət əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən müraciətdə qeyd etdiyi xüsusatlar cinayət deyil, mülki xarakterli olduğundan xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qərardada cavabdehlə dəfələrlə əlaqə saxlanıldığı, lakin daxil olan zənglərə cavab vermədiyi, sonradan Polis Şöbəsinə gələrək izahat verəcəyini bildirsə də araşdırmadan və izahat verməkdən yayındığı qeyd olunmuşdur. Buna baxmayaraq, cavabdeh hazırki iş üzrə də birinci və apellyasiya instansiyası məhkəməsi iclaslarına çağırılsa da hər hansı bir üzrlü səbəb göstərmədən iştirakdan yayınmışdır. İkinci apellyasiya baxışı iclasına teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar iştirak edə bilmədiyindən məhkəmə iclasının başqa günə təyin edilməsini xahiş etmiş, bununla əlaqədar məhkəmə iclasında telefon vasitəsilə onunla əlaqə saxlanılaraq növbəti məhkəmə iclasına çağrılmış, şəxsən iştirak edəcəyini bildirsə də yenədə nə özü, nədə nümayəndəsi məhkəmə iclasına gəlməkdən yayınmışdır. Göründüyü kimi, həm cinayət təqibi qaydasında aparılan araşdırmada, həm də mülki məhkəmə icraatı qaydasında verilən hazırki iddia üzrə cavabdeh bütün məhkəmə iclaslarında iştirak etməkdən, iddiada və apellyasiya şikayətində göstərilənlərə şəxsən münasibət bildirməkdən qəsdən yayınmışdır. Bu cür vəziyyətdə məhkəmələr onun məhkəmə iclaslarında iştirak etməsi üçün daha hansı tədbirlər görməli idi yaxud görə bilərdi ki, cavabdeh də bundan “məmnun” və ya “razı” qalsın. Əlbətdə ki, apellyasiya şikayətinin bu dəlili də, açıq-aşkar prosessual hüquqlarından iddiaçıya zərər vurmaq məqsədilə edilən sui-istifadə hesab edilir ki, bunu da məhkəmə tərkibi yolverilməz sayır.

25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilələrdən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4693/2023 saylı, 15 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh Taşdemir Orhanın apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4693/2023 saylı, 15 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar