Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3030/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7021/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhərinin R.Əliyev adına 3 saylı tam orta məktəbində “Biologiya” fənni üzrə 6 saatlıq dərs yükünün ona qaytarılması öhdəliyinin qoyulması, xx xxxxxx 2020-ci il tarixdən etibarən qətnamənin qəbul edildiyi tarixədək məcburi boşdayanmaya görə həmin dərs yükünə əsasən hesablanmış pul əvəzinin ödənilməsi öhdəliyinin qoyulması və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7021/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan verdiyi şikayət Məhkəmənin eyni saylı, xx xxxxxx 2021-ci il tarixli qərradadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi H.Almaz hazırkı iş üzrə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün mülki iş materialları Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, rayon məhkəməsi qeyd etmişdir ki, hazırkı tələbə rayon (şəhər) məhkəmələri tərəfindən deyil, inzibati məhkəmələr tərəfindən baxılır, bu səbəbdən, iddiaçı qeyd edilən məsələ ilə bağlı dərs yükünün bölgüsü ilə bağlı inzibati akt qəbul etmək səlahiyyətinə malik olan fiziki və ya hüquqi şəxsə müraciət etməli və bundan imtina edildiyi halda müvafiq tələblə Bakı İnzibati Məhkəməsində iddia qaldırmalıdır. Kollegiya bununla bağlı qeyd edir ki, hazırkı iddia tələbinin predmeti iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə öhdəliklərindən əmələ gələn əmək münasibətləridir. Belə olan halda, sözügedən mübahisəyə ümumi məhkəmələrdə baxılmalıdır. Eyni zamanda, iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə baxarkən tərəflərin iştirakını da təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Belə olan halda, Kollegiya hesab edir ki, qanunvericiliyə əsasən, rayon məhkəməsi hazırkı iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxmalı idi. Məhkəmələrdə işlərə baxılmasının qaydaları isə Məcəllənin «Əsas Qaydalar» adlı İ fəslində nəzərdə tutulmuşdur. Həmin fəsildə yer alan 9.1-ci maddənin tələbinə görə – ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məcəllənin 9.2-ci maddəsinə əsasən … məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağrılıb dindirilmədikdə baxıla bilməz. Məcəllənin 9.3-cü maddəsinə görə isə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. …. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə olan halda aydın olur ki, MPM-in 269.1-ci maddəsində nəzərdə tutulmuş «qərardaddan verilmiş şikayətə məhkəmədə baxılır» göstərişi mütləq qaydada şikayətin məhkəmə iclasında, həm də onun təyin olunma vaxtı və yeri barədə tərəflərə məlumat verilməklə baxılmalı olduğunu tələb edir. Hazırkı halda isə şikayətə baxmış birinci instansiya məhkəməsi qanunun bu imperativ tələblərinə əməl etməmiş, şikayətə tərəflərin iştirakı olamadan baxmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən prosessual pozuntulara yol verildiyindən şikayət təmin edilməli, qərardad ləğv edilməli, iddia ərizəsinin icraata qəbulunun mümkünlüyünə yenidən baxılması üçün mülki iş materialları Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7021/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyünə tərəflərin iştirakı ilə yenidən baxılması üçün mülki iş materialları Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3030/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3030/2021
17.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver