Məhkəmə qərarları › İş №2(103)-3031/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3031/2025

12.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3031/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-990/2025 nömrəli 03 aprel 2025-ci il tarixli qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-990/2025 nömrəli 03 aprel 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 11 aprel 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli qərarın 3.2, 4, 5.1 və 7.1-ci maddələrinə istinad edərək belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti inzibati orqan olmaqla həyata keçirdiyi hərəkətlər ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasına aid olduğundan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-990/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı - cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılması və həmin iddia tələbi ilə onun müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməsi barədə qərar qəbuledilmişdir. Lakin birinci instansiya məhkəməsi məhkəmə aidiyyətini düzgün seçməmişdir. Belə ki, cavabdeh tərəf Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti inzibati orqan olmasına baxmayaraq onun hazırki işdə iştirakı bilavasitə hakimiyyət səlahiyyətlərinin həyata keçirlməsi ilə bağlı deyildir. Yəni tərəflər arasında olan münasibət ümumi (publik) hüquq sahəsinə aid deyil. Məhkəmə nəzərə almamışdırki, Azərbaycan Respublikası Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən dövlət qurumları, yəni inzibati orqanlar mülki münasibətlərin iştirakçısı ola və mülki mübahisələrdə ayrıca subyekt kimi iştirak edə bilər. İddiaçının cavabdeh orqana qarşı tələbi, bundan fərqli olaraq, mülki münasibətlərdən irəli gələn mənəvi zərərin ödənilməsinə dair dair tələbdir. Çünki DSX-nın hazırki işdə rolu ictimai maraqların tənzimlənməsinə və ya dövlət idarəçilik funksiyalarının yerinə yetirilməsinə yönəlməmişdir. Həmçinin, mübahisənin inzibati mübahisə hesab edilməsi üçün tərəflər arasında tabeçilik münasibətləri olmalıdır. Hazırki mübahisədə isə tərəflər arasında tabeçilik münasibətləri yoxdur, iddiaçı və cavabdeh bərabərhüquqlu subyekt kimi çıxış edirlər. Tərəflər arasında işçi-işəgötürən münasibətləri olsa idi o halda məhkəmə aidiyyəti inzibati məhkəmə olardı. Qeyd edilən səbəblərdən, İddiaçı - cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatına qəbul edilməlidi. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 37-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilmişdir. İddiaçı məhz inzibati orqanın qanunsuz hesab etdiyi hərəkətləri nəticəsində ona zərərin vurulduğunu iddia edir və onun əvəzinin ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı özünün hüquqi marağına uyğun olaraq bu hərəkətlərə yol vermiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin hərəkətlər nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb etməlidir. Belə olan halda, İddiaçı - cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 37-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilməsi işin mübahisəsiz halıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibəti olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyini, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyini müəyyən etmək vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 5.1-ci bəndində qeyd edilir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qərarının 5.2-ci bəndinə görə, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı hər hansı inzibati aktı, hərəkət və ya hərəkətsizliyini mübahisələndirməmişdir. Kollegiyanın qənaətinə görə, cavabdeh inzibati orqan olsa da, onun hazırki işdə iştirakı bilavasitə hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı deyil, yəni hazırki mübahisə publik hüquq sahəsinə aid deyil, iddiaçının tələbi mənəvi zərərin ödənilməsi ilə bağlıdır və mülki-hüquq pozuntusuna (deliktə) əsaslanır. Belə olan halda hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-990/2025 nömrəli 03 aprel 2025-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar