Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3032/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (maddi və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(006)-623/2023 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı barəsində olan cinayət işi üzrə xx.xx.2017-ci ildə həbs olunmuş, xx.xx.2019-cu ildə həbsdən azad edilmiş, həmin cinayət işinə xx.xx.2022-ci ildə bəraətverici əsasla (əməldə cinayət tərkibi olmadığından) xitam verilmişdir. 2.İddiaçı qanunsuz həbsdə saxlanıldığına görə ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərə görə 100000 (bir yüz min) manat məbləğində kompensasiyanın və 20412 (iyirmi min dörd yüz on iki) manat maddi ziyanın cavabdeh vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1989-cu il tarixində Qazax rayonunda anadan olmuşdur. O, müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra öz müraciəti əsasında 29 avqust 2010-cu il tarixdən Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində gizir kursuna başlamış, burada bir neçə ay ərzində tədris aldıqdan sonra düşmən Ermənistan silahlı birləşmələri ilə keçmiş təmas xəttində yerləşən müxtəlif hərbi hissələrdə gizir rütbəsində xidmətini həyata keçirmişdir. İddiaçı, həmçinin, 2016-cı il aprel döyüşlərinin fəal iştirakçısı olmuşdur. O, 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda “Tərtər işi” kimi tanınan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin davamı kimi 20 may 2017-ci il tarixdə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 04 avqust 2017ci il tarixdə Tərtər Hərbi Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti 2 ay olmaqla, 20 oktyabr 2017-ci ilə qədər uzadılmışdır. 28 sentyabr 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 20 oktyabr 2017-ci il tarixli hökmü ilə iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etməcəzasına məhkum еdilmişdir. O, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə həmin tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1, 303.3, 303.3.1, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli hökmü və məhkəmə hazırlıq iclasının 09 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilərək, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Pərviz Cəlilova həvalə edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 33.1-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş, Cinayət Məcəlləsinin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 329-cu maddəsi ilə əhatə olundğu üçün 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsindən həmin Məcəllənin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. 30 iyun 2022-ci il tarixli qərarla iddiaçının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasənn xitam verilmişdir. Beləliklə, iş üzrə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü (329.2.1- ci maddəsinə tövsif edilməklə) maddəsi ilə irəli sürülmüş ittihama bəraətverici əsaslarla xitam verilmişdir. İddiaçı Azərbaycan Ordusunda illər ərzində xidmətinə baxmayaraq, əsassız ittihamlara məruz qalmış, 20 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində həbs olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddəti artırılmış, irəli sürülmüş ittihamla təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum еdilmiş, 20 may 2017-ci il tarixdən 06 avqust 2019-cu il tarixədək həbsdə saxlanılmışdır. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi və mənəvi zərər vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən, onun barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirdi. O, cinayət məsuliyyətinə cəlb edilməzdən əvvəl sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ilin may ayında almışdır. Onun orta aylıq əmək haqqı məbləği 756 (yeddi yüz əlli altı) manat təşkil etmişdir. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2019-cu ilin avqust ayına qədər, yəni 27 (iyirmi yeddi ay) ərzində faktiki aylıq qazancından məhrum edilmişdir. Bu isə 20412 (iyirmi min dörd yüz on iki) manat edir (756x27=20412). İddiaçı ona vurulmuş mənəvi zərərə görə isə 100000 (biryüz min) manat məbləğində kompensasiya tələb edir. 5.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 07 fevral 2023-cü il tarixli, 2(006)-623/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Günay Abidova) iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 19.982 (on doqquz min doqquz yüz səksən iki) manat məbləğində maddi zərərin, 27.000 (iyirmi yeddi min) manat məbləğində mənəvi zərərin əvəzi, ümumilikdə 46.982 (qırx altı min doqquz yüz səksən iki) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 6.Qazax rayon Hərbi Komissarlığı tərəfindən verilmiş ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı 07 yanvar 2008-ci il tarixdə hərbi xidmətə yararlı hesab edilərək həqiqi hərbi xidmətə çağırılmış, 27 iyul 2009-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Komandanının 27 iyun 2009-cu il tarixli 7378/h əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. 7.Qazax rayon Hərbi Komissarlığı tərəfindən verilmiş ******* nömrəli hərbi biletin 21-ci səhifəsində olan “Xüsusi qeydlər” hissəsindən görünür ki, Hərbi Xidmət Haqqında Əsasnamənin (HXHƏ) 158-ci maddəsinin “a” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün) müvafiq olaraq xx.xx.2018-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Tərtər HM-nin xx.xx.2017ci il tarixli hökmü ilə AR CM-nin 331.3-cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək cəza çəkmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə AR CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 9 ay 14 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 8.Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin 30 iyun 2022-ci il tarixli qərarından görünür ki, 19 may 2017-ci il tarixdə Tərtər hərbi prokuroru tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılmışdır. 20 may 2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 04 avqust 2017ci il tarixdə Tərtər Hərbi Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti 2 ay olmaqla, 20 oktyabr 2017-ci il tarixədək uzadılmışdır. 14 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay olmaqla, 19 oktyabr 2017-ci il tarixədək uzadılmışdır. 28 sentyabr 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla cinayət işi aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, məhkəmənin 20 oktyabr 2017-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İddiaçı Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə CPM-in 303.3.1, 303.3.3, 303.3.6, 303.3.8 və 398.8.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli hökmü və məhkəmə hazırlıq iclasının 09 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqinə həvalə edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklilk edilməsi haqqında” 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş Cinayət Məcəlləsinin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 329-cu maddəsi ilə əhatə olundğu üçün 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsindən həmin Məcəllənin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. 30 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş prokuroru tərəfindən ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi Azərbaycan Respublikası BaşProkurorluğunun İstintaq idarəsinə həvalə edilmişdir. Lakin istintaq cinayət işində tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməməsi nəticəsinə gəlmiş və belə hesab etmişdir ki, təqsirləndirilən şəxs İddiaçı əməlində cinayət tərkibinin olmaması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri, ekspert rəyləri, işin faktiki halları, işdə olan və tədqiq edilmiş digər mötəbər sübutlarla təsdiq olunur. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası CM-in 329.2.1- ci maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2ci maddəsinə əsasən xitam verilmişdir. 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 303 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixli Tərtər Hərbi Məhkəməsinin hökmü ilə AR CM-nin 331.3-cü maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkib və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 9 ay 14 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 10.xx.xx.2022-ci il tarixli xx.xx.2016-xx.xx.2017-ci il tarixləri əhatə edən ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı "xxxx" ASC-də olan əmək haqqı hesabına: - xx.xx.2016-cı il tarixdə 705.42 manat; - xx.xx.2016-cı il tarixdə 694.48 manat; - xx.xx.2017-ci il tarixdə 738.00 manat; - xx.xx.2017-ci il tarixdə 484.01 manat; - xx.xx.2017-ci il tarixdə 365.00 manat; - xx.xx.2017-ci il tarixdə 937.16 manat; - xx.xx.2017-ci il tarixdə 593.55 manat məbləğlərində əmək haqqı köçürülmüşdür. 11.Məhkəmə araşdırmaları zamanı hazırki işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı barəsində olan cinayət işinin təsdiq edilmiş surətinin (İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin uzadılması barədə məhkəmə qərarları və onun barəsində olan məhkəmə hökmləri və qərarları, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar və s. sənədlər daxil olmaqla) Azərbaycan Respublikasının Baş Prokurorluğundan və Tərtər Hərbi Prokurorluğundan, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyində işlədiyi (müddətdən artıq həqiqi hərbi xidmət keçməsi barədə) müddət barədə və işlədiyi dövrdə əmək haqqı barədə məlumatların Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən və İddiaçı hansı tarixdən və hansı səbəblərə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində işlədiyi vəzifədən xaric edilməsi (müvafiq təsdiqedici sənədlər əlavə edilməklə) barədə məlumatların Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən tələb edilməsi qərara alınmışdır. 12.Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Tərtər Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 22HP102 nömrəli cavab məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğu vasitəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. 13.Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 11/127, 11/129 saylı məktublarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərardadı İddiaçı işlədiyi vəzifədən xaric edilmə tarixi və səbəbi barədə məlumat verilmə hissəsində (müvafiq təsdiqedici sənədlər əlavə edilməklə) icra edilməsi və nəcitəsi barədə məhkəməyə məlumat verilməsi üçün aidiyyəti üzrə Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini – Kadrlar İdarəsinin rəisinə, N nömrəli hərbi hissənihn komandirinə göndərilmişdir. 14.Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Vasif Həsənlinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. 15.Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərardadının icrası müvafiq qurumlar tərəfindən təmin edilməmişdir. 16.Məhkəmə müəyyən etmişdir ki,19 may 2017-ci il tarixdə Tərtər hərbi prokuroru tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılmışdır. 20 may 2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 04 avqust 2017ci il tarixdə Tərtər Hərbi Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti 2 ay olmaqla, 20 oktyabr 2017- ci il tarixədək uzadılmışdır. 14 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay olmaqla, 19 oktyabr 2017-ci il tarixədək uzadılmışdır. 28 sentyabr 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla cinayət işi aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, məhkəmənin 20 oktyabr 2017-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İddiaçı Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə CPM-in 303.3.1, 303.3.3, 303.3.6, 303.3.8 və 398.8.1- ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli hökmü və məhkəmə hazırlıq iclasının 09 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqinə həvalə edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklilk edilməsi haqqında” 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş Cinayət Məcəlləsinin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 329-cu maddəsi ilə əhatə olundğu üçün 29 aprel 2022- ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsindən həmin Məcəllənin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. 30 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş prokuroru tərəfindən ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə həvalə edilmişdir. Lakin istintaq cinayət işində tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməməsi nəticəsinə gəlmiş və belə hesab etmişdir ki, təqsirləndirilən şəxs İddiaçı əməlində cinayət tərkibinin olmaması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri, ekspert rəyləri, işin faktiki halları, işdə olan və tədqiq edilmiş digər mötəbər sübutlarla təsdiq olunur. Göstərilənlərə əsasən, xx.xx.2022- ci il tarixli qərarla İddiaçı Azərbaycan Respublikası CM-in 329.2.1- ci maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayətişinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. 17.Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi, İddiaçı 20 may 2017-ci il tarixdən 06 avqust 2019cu il tarixinə kimi, yəni 2 (iki) il 2 (iki) ay 17 (on yeddi) gün (807 gün) müddətində qanunsuz olaraq həbsdə saxlanılmışdır. 18.Məhkəmə iddia tələbinin maddi ziyan hissəsi ilə əlaqədar qeyd etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı 20 may 2017-ci il tarixindən 06 avqust 2019-cu il tarixinə kimi qanunsuz olaraq həbsdə saxlanılması nəticəsində aylıq əmək haqqısından məhrum olmuş, nəticədə ona maddi zərər dəymişdir. Belə ki, məhkəmə qərarı ilə həbs olunduqdan sonra, yəni 20 may 2017-ci il tarixindən faktiki olaraq işdə olma imkanı olmadığına görə ona əmək haqqı ödənilməmiş, həmin tarixə qədər isə iddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin “gizir” rütbəli hərbi qulluqçusu olaraq Azərbaycan Ordusunda xidmət etmiş, onun barəsində hökmün qanuni qüvvəyə minməsi ilə əlaqədar Hərbi Xidmət Haqqında Əsasnamənin (HXHƏ) 158-ci maddəsinin “a” bəndinə (törətdiyi cinayətlərə görə azadlıqdan məhrum olunduğu üçün) müvafiq olaraq xx.xx.2018-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçı tərəfindən təqdim edilən kart üzrə çıxarış əsasında müəyyən olunur ki, iddiaçının orta aylıq əmək haqqı məbləği “(705.42 + 694.48 + 738.00 + 484.01 + 365.00 + 937.16 + 593.55) / 6 = 752.93” manat, müvafiq olaraq orta günlük əmək haqqı məbləği isə “752.93 / 30.4 = 24.76” manat təşkil etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qanunsuz olaraq həbsdə saxlanıldığı 807 gün müddətində iddiaçıya 19.982 (24.76 * 807 ≈ 19.982) manat məbləğində maddi zərər dəymişdir. 19.Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. 20.Məhkəmə hesab etmişdir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. 21.İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur və məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsinin aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir: 22.Məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsinin qismən, yəni 27.000 (iyirmi yeddi min) manat həcmində təmin olunmasını ədalətli hesab etmişdir. Belə ki, İddiaçı 20 may 2017-ci il tarixindən 06 avqust 2019-cu il tarixinədək, yəni 2 (iki) il 2 (iki) ay 17 (on yeddi) gün həbsdə saxlanılması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratsa da, stres, əzab və əziyyətlər versə də, bunun qarşılığının dəymiş mənəvi ziyana görə iddia edilən 100.000 (yüz min) manat məbləğdə ödənilməsi ağlabatan deyildir. 23.Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 19.982 (on doqquz min doqquz yüz səksən iki) manat məbləğində maddi zərərin, 27.000 (iyirmi yeddi min) manat məbləğində mənəvi zərərin əvəzi, ümumilikdə 46.982 (qırx altı min doqquz yüz səksən iki) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 24.Məhkəmə öz mövqeyiniAzərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsi; “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”nin 3, 9-cu; Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1-ci; Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndi; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü; “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 4cü; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1101.1;“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5, 6.1, 7.1;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin77.1,9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3, 220.4, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 25.Qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olmasıməsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur.Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır.Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır.Digər tərəfdən əməkhaqqı məbləğinin hesablanması və iddiaçıya cavabdeh Maliyyə Nazirliyi tərəfindən ödənilməsi hissəsində də məhkəmə tərəfindən pozuntuya yol verilmişdir.Belə ki, iddiaçıya əməkhaqqının hesablanması və ona ödənilməsi onun işəgötürəni (Müdafiə Nazirliyi və ya onun müvafiq qurumu) tərəfindən həyata keçirilməlidir. İş materiallarından da aydın olur ki, iddiaçının işəgötürəni tərəfindən əməkhaqqının hesablanması ilə bağlı məhkəmənin məcburi xarakter daşıyan qərardadı icra edilməmiş və bununla bağlı həmin qurumun öhdəliyi dolayısı ilə və işəgötürən tərəfindən yerinə yetirilməli olan öhdəlik əsassız olaraq Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur.Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir.Qeyd olunmalıdır ki,məhkəmənin mövqeyi – “mənəvi ziyanın hər ay üçün 1000 manat dəyərində” müəyyən edilməsi düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır. Mənəvi ziyanın zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri, onun təqsirlilik dərəcəsi və həmçinin dövlət büdcəsindən bu vəsait tutulduğu halda dövlət büdcəsinin mənafeyi (büdcənin əsassız və şişirdilmiş öhdəliklərdən qorunması) nəzərə alınmaqla dəyərləndirilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 27.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 28.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 29.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsiməhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 30.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 31.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 32.Maddə 1101.1.Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 33.Maddə 1.Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 34.Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 35.Maddə 6-cı maddəsinin 1-ci bəndi.Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 36.Maddə 7-ci maddəsinin 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 37.Maddə 12.Fiziki və mənəvi ziyan,Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmətərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraatmüddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləğiAzərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmətərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 38.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 41.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 42.Məhkəmə Kollegiyası iddiaçının izahatının dinləyib, apellyasiya şikayətini və müıki iş materiallarının araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməmli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(006)-623/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 43.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi 2 (iki) il 2 (iki) ay 17 (on yeddi) gün (807 gün) müddətində əsassız yerə həbsdə saxlanılmışdır. 44.İddiaçı 20 may 2017-ci il tarixindən 06 avqust 2019-cu il tarixinə kimi qanunsuz olaraq həbsdə saxlanılması nəticəsində aylıq əmək haqqısından məhrum olmuş, nəticədə ona maddi zərər dəymişdir. 45.Buna görə də Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin maddi zərərlə bağlı hissəsində məhkəmənin mövqeyi qanuni və əsaslı olmuş, həmçinin maddi zərərin həcminin müəyyən edilməsi qaydası qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. 46.Məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, təqdim olunmuş sənədlərdən də aydın olur ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması və cinayət təqibinə məruz qalması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. 47.Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1-ci maddəsində göstərilir ki, “qurbanlar” termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. 48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli qərarında da “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. 49.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 50.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsigöstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir.Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntununxarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və yadigər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq,narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, AvropaMəhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames vəVebster Birləşmiş Krallığa qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvizərər ödənilməsi qərarına gəlmişdir. 51.Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə PraktikiQaydaları”nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyikompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyəkompensasiyasının təmin olunmasına yönəlib. 52.Kollegiya cavabdeh tərəfin dəlillərini əsassız hesab edirək qeyd edir ki, məhkəmə iddiaçının 2 il 2 ay 17 günqanunsuz həbsdə saxlanılmasına görə 27000 manat mənəvi zərərin məbləğini müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. 53.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. 54.Kollegiya cavabdeh tərəfin deliktin onun tərəfindən törədilməməsinə dörə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasının əsassız olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 55.Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 56.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 57.Göründüyü kimi dövlət büdcəsi vəsaitlərindən istifadə sahəsində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Maliyyə Nazirliyi olduğundan, kollegiya hesab edir ki, cavabdehin qeyd olunan dəlili əsassız hesab edilməlidir. 58.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 59.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 60.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 61.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 62.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(006)-623/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3032/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3032/2023
10.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver