Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3037/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əşyanın qanunsuz sahiblikdən geri tələb olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin qaytarılması, vəkilə ödənilmiş pulun və dövlət rüsumunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. “Opel Astra minik” markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
2. İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində təsdiq edilmiş etibarnamə vermiş, etibarnamə ilə “Məni bütün dövlət orqan və təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən gömrük orqanlarında və postlarında, yol polis məntəqələrində, terminallarında, Azərbaycan Respublikası DN BDYPİ QİŞ, notariat ofislərində, banklarda təmsil etməyi, adıma gələn istənilən avtonəqliyyat vasitəsini mənim adıma rəsmiləşdirməyi, tranzit nömrə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət nömrə nişanı almağı, aldığına dair imza etməyi, ərizə yazmağı, sürücülük hüququ olduğu halda avtonəqliyyat vasitələrini idarə etməyi, mənə aid olan işləri aparmağı, ödənişlər aparmağı və bu tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı bütün hərəkəti etməyi” Cavabdeh etibar etmişdir.
3. İddiaçı həmin etibarnaməni xx.xx.2022-ci il tarixdə ləğv etdirmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərərək, mülkiyyətində olan “Opel Astra” markalı ** FU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehi həyat yoldaşı vasitəsilə tanımışdır, cavabdeh həyat yoldaşı ilə 15 ilə yaxın bir məhlədə yaşamışdır. “Opel Astra” markalı ** FU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 29 aprel 2022-ci il tarixdə almış, avtomobili satmaq istəmiş, cavabdeh nəqliyyat vasitəsini satmaqda kömək edə biləcəyini söyləmişdir. Buna görə, yəni avtomobilin satılıb pulunun ona verilməsi üçün cavabdehə 09 iyun 2022-ci il tarixdə etibarnamə vermişdir. Cavabdeh nəqliyyat vasitəsini sata bilmədiyinə görə nəqliyyat vasitəsini geri tələb etmiş, özünün satacağını bildirmişdir. Lakin cavabdeh nəqliyyat vasitəsini və onun qeydiyyat şəhadətnaməsini qaytarmaqdan imtina etmiş, bu səbəblə Bakı şəhəri 50 saylı notariat ofisinə müraciət edərək cavabdehə verdiyi etibarnaməni 27 iyun 2022-ci il tarixdə ləğv etdirmişdir. Bundan sonra Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə ərizə ilə müraciət edərək, “Opel Astra” markalı ** FU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin saxlanmasını istəmiş, həmin idarənin rəis müavini Pərvin Səfərəliyev xx.xx.2022-ci il tarixli 016-79952A-3222 nömrəli məktubla cavab yazaraq göstərmişdir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən vətəndaşlar arasında yaranmış mülki mübahisələrlə əlaqədar nəqliyyat vasitələrinin axtarışı (həbs) və ya saxlanmasının məhkəmə orqanlarının müvafiq qərarı (qərardadı) əsasında həyata keçirilməsi nəzərə alınaraq, məsələnin müsbət həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məqsədəmüvafiqdir. Buna görə də məcburiyyət qarşısında qalaraq hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.
6. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirmiş, mülkiyyətində olan “Opel Astra” markalı ** FU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, göstərdiyi yardıma görə vəkilə ödədiyi 500 manatın və 100 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi (vəkili) iddiaya qarşı etiraz ərizəsi göndərmiş, iddianın təmin edilməməsini xahiş etmişdir.
8. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus “Opel Astra” markalı avtomobil cavabdehin sahibliyində deyil və həmin avtomobillə bağlı ona etibarnamə verilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi etibarnamənin məzmununda hər hansı bir “Opel Astra” markalı avtomobilə dair cavabdehə istifadə və sərəncam səlahiyyətləri verilməmişdir. Məhkəməyə təqdim edilən etibarnamə iddiaçı tərəfindən cavabdehə Gürcüstan Respublikasından avtomobil gətirilməsi üçün verilmiş, lakin cavabdeh iddiaçıya avtomobil gətirə bilmədiyi üçün bir həftə sonra iddiaçı tərəfindən sözügedən etibarnamə ləğv etdirilmişdir. Sözügedən etibarnamənin məzmunundan göründüyü kimi etibarnamə iddiaçını ayrı-ayrı dövlət orqanlarında ümumi təmsil etməklə bağlıdır.
9. İddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı satması üçün cavabdehə “Opel” markalı avtomobilini vermiş, lakin sonradan etibarnaməni ləğv etdirmiş, cavabdeh avtomobili özbaşına 11 000 manata satmış, avtomobilə aid bütün sənədləri, eləcə də açarı özündə saxlamışdır. İddiaçı sonradan özü əlavə xərc çəkərək yeni açar çıxartsa da, avtomobilin qeydiyyat şəhadətnaməsi hələ də cavabdehdədir və o, bunu qaytarmaqdan imtina edir. Cavabdeh qeydiyyat şəhadətnaməsini qaytarmaq qarşılığında iddiaçıdan əsassız olaraq 500 manat pul tələb edir, iddiaçı bu pulu ödəməkdən imtina etdiyinə görə də sənədi qaytarmır. Halbuki, avtomobilin mülkiyyətçisi iddiaçıdır və bu avtomobilə dair sənədlər də iddiaçıda olmalıdır. Tərəflərin arasındakı münasibətin mahiyyəti onların danışıqlarının qeydə alındığı səs yazısından da aydın şəkildə görünür. Səs yazıları sübut kimi qəbul edilməlidir, çünki Konstitusiya Məhkəməsinin səs yazılarının sübut kimi qəbul edilənliyi ilə bağlı qərarı var. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin vəkili bu səs yazısını cavabdehə dinlədəcəyini və cavabdehin növbəti məhkəmə iclasında iştirakını təmin edəcəyini bildirsə də, sonradan nə cavabdeh, nə də vəkili məhkəməyə gəlməmişlər. Bu onu göstərir ki, danışıqlar həqiqətən tərəflər arasında baş tutmuşdur.
10. Cavabdehin nümayəndəsi (vəkili) iddianı qəbul etməyərək bildirmişdir ki, nə avtomobil, nə də onun qeydiyyat şəhadətnaməsi heç vaxt cavabdehdə olmamışdır. İddiaçı əvvəlcə avtomobili də cavabdehdən tələb etsə də sonradan məlum olmuşdur ki, avtomobil dövlət yol polisinin cərimə meydançasındadır və iddiaçı avtomobili artıq gedib götürmüşdür. Bu məsələnin cavabdehə aidiyyəti yoxdur. İddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamə məhz həmin avtomobillə bağlı deyil. Etibarnamənin məzmunundan da görünür ki, etibarnamə ümumi şəkildə gömrük orqanlarında və postlarında, eləcə də bir sıra başqa orqanlarda təmsilçiliklə bağlı verilmişdir. Etibarnamədə konkret olaraq hansısa avtomobil adı qeyd edilməmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, tərəflər arasında ailə münasibətləri ilə bağlı mübahisə var və iddiaçı da bu səbəbdən cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Səs yazısına münasibətdə qeyd edir ki, bu səs yazısının məhz hazırkı iş üzrə tərəflər arasında baş tutması müəyyən deyil. Həmin səs yazısında “Anar” adı ilə çağırılan şəxs başqa şəxs də ola bilər.
11. Məhkəmənin 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13cü, 32-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157-ci, Mülki Prosessual Məcəllənin 10-cu, 76.3-cü, 95.2-ci maddələrinə, Konstitusiya Məhkəməsinin “N. Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarına istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
12.1. İşin faktiki hallarından göründüyü kimi cavabdeh iddiaçı tərəfindən ona xx.xx.2022-ci il tarixdə etibarnamə verilmiş olmasını inkar etmir. Sadəcə olaraq, cavabdeh bu etibarnamənin ona “Opel Astra” markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı verilməsini qəbul etmir. Cavabdeh iddia edir ki, iddiaçı müvafiq etibarnaməni ona xaricdən öz adına avtomobil gətirilməsi və rəsmiləşdirilməsi ilə bağlı vermişdir. Cavabdehə görə onların iddiaçı ilə arasında “Opel Astra” markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı heç bir münasibət olmamış, dolayısı ilə nə həmin avtomobil, nə də onun qeydiyyat şəhadətnaməsi heç vaxt cavabdehdə olmamışdır. 12.2. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin həll edilməsi üçün ilk növbədə tərəflər arasında "Opel Astra” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı hər hansı münasibətin olub-olmaması, İddiaçı Cavabdeh bu avtomobili, eləcə də onun qeydiyyat şəhadətnaməsini verib-verməməsi araşdırılmalıdır. 12.3. Hər iki tərəfin mövcudluğunu mübahisələndirmədən qəbul etdiyi xx.xx.2022ci il tarixdə qeydiyyata alınmış etibarnamədən görünür ki, bu etibarnamə ilə iddiaçı tərəfindən cavabdehə əsasən müxtəlif dövlət orqanlarında ümumi təmsilçiliklə bağlı səlahiyyətlər etibar edilsə də aralarında "nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət nömrə nişanı almaq”, "sürücülük hüququ olduğu halda nəqliyyat vasitəsini idarə etmək” kimilərinin də olduğu bir qrup səlahiyyətlər cavabdehə etibar edilmişdir. Yəni, cavabdehin vəkilinin də məhkəmə iclasında mübahisələndirdiyi kimi etibarnamənin məzmunundan etibarnamənin məhz "Opel Astra” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı verilməsi müəyyən edilmir, bununla belə etibarnamənin məzmunu bu etibarnamənin həm də "Opel Astra” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı verilmiş olmasını da istisna etmir. Odur ki, məsələ ilə bağlı yekun qənaətə gəlmək üçün işin əhəmiyyətli hallarını təsdiq edən sübut kimi məhkəməyə təqdim edilmiş səs yazıları tədqiq edilməlidir. 12.4. Lakin məhkəmə ilk növbədə bu səs yazılarının sübut kimi qəbul edilənliyi məsələsinə münasibət bildirməyi zəruri hesab edir. 12.5. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. 12.6. CD-də olan səs yazılarından bəziləri iki kişi arasında baş tutmuşdur. Bu səs yazılarının gedişində tərəflər bir-birinə “Anar” və “Volodya” şəklində müraciət edirlər. Səs yazılarını məhkəməyə Cavabdehla aralarında baş tutmuş telefon danışıqları kimi təqdim edən tərəf İddiaçıdur. Dolayısı ilə iddiaçı səs yazısında "Volodya” adı ilə səslənilən şəxsin özü olmasını mübahisələndirmir. Lakin məhkəmə iclasında səs yazılarının dinlənilməsində iştirak etmiş cavabdehin vəkili bu danışıqlarda "Anar” adı ilə səslənilən şəxsin bu iş üzrə Cavabdeh yox, başqa bir şəxs ola biləcəyini iddia etmiş, səs yazılarını cavabdehə dinlədəcəyini bildirmiş, məsələnin araşdırılması üçün Cavabdeh növbəti məhkəmə iclasında iştirak edə biləcəyini qeyd etmişdir. Lakin məhkəmənin növbəti iclasında nə cavabdeh, nə də vəkili iştirak etmiş, cavabdehin vəkili məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin səs yazılarını dinlədiyini və səs yazılarının ona məxsus olmadığını bildirdiyini qeyd etməklə kifayətlənmişdir. 12.7. Məhkəmə isə bu danışıqların hazırkı iş üzrə tərəflər arasında baş tutduğu nəticəsinə gəlir. Ona görə ki, danışıqların məzmunu bu danışıqların üçüncü şəxslər arasında baş tutma ehtimalına yer verməyəcək dərəcədə spesifikdir. Belə ki, danışıqların gedişində "Anar” adı ilə müraciət olunan şəxs qarşısındakına deyir: "Ağ "Opel”in var idi, mən onu satdım, evin təmirinə xərclədim, oboy, parket və s. aldım. Sən isə sənədi ləğv etdin. Hesab et ki, "Opel” maşın yoxdur”; "Nə qədər ki, sən pulu mənə verməmisən, ağ maşını, sənədlərini sənə verməyəcəm”. 12.8. Bu danışıqlardan belə görünür ki, "Volodya” adı ilə müraciət olunan tərəfin ağ rəngli "Opel” markalı avtomobili var və o, bu avtomobili sənədləri ilə birlikdə "Anar” adı ilə müraciət olunan şəxsə vermişdir. Sonradan Anar avtomobili satmış, pulunu da xərcləmişdir. Lakin daha sonra “Volodya” avtomobilin sənədini (belə görünür, etibarnaməni) ləğv etmişdir. Buna baxmayaraq, Anar həmin ağ “Opel”i qaytarmaq istəmir, ona görə ki, “Volodya” bunun üçün ona pul verməlidir. 12.9. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iş üzrə İddiaçı həqiqətən ağ rəngli “Opel” markalı avtomobili var. O, bu avtomobillə bağlı hazırkı iş üzrə Cavabdeh etibarnamə (sənəd) vermiş, sonradan bu etibarnaməni ləğv etmişdir. Məhz bu baxımdan məhkəmə hesab edir ki, səs yazılarında danışıq tərəfləri, onlar arasındakı münasibətlərin təbiəti barədə o qədər spesifik məlumatlar verilmişdir ki, danışıqların başqa şəxslər arasında baş tutması ehtimalı istisna edilir. Belə ki, danışıqlarda “sənin ağ “Opel”in” deyə bəhs edilən avtomobil İddiaçı mülkiyyətində olan “Opel Astra” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobildir; səs yazılarında “Sən sənədi ləğv etdin” dedikdə, İddiaçı etibarnaməni ləğv etməsindən bəhs edilir. 12.10.Belə olan halda məhkəmə səs yazılarında verilən məlumatlarla işin faktiki hallarının əlaqəli təhlili əsasında bu telefon danışıqlarının məhz hazırkı iş üzrə tərəflər İddiaçı və Cavabdeh arasında qeydə alındığı nəticəsinə gəlir. 12.11. Məhkəmə bu cür nəticəyə gələrkən xüsusən o halı da nəzərə alır ki, səs yazıları məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənildikdən sonra cavabdehin vəkili səs yazılarında “Anar” adı ilə müraciət olunan şəxsin hazırkı iş üzrə cavabdeh olmasını mübahisələndirdiyindən məhkəmə tərəfindən cavabdehin məhkəmə iclasında şəxsən iştirakının təmin edilməsi və səs yazıları ilə bağlı məsələnin onun iştirakı ilə araşdırılması məqsədilə məhkəmə iclasının növbəti tarixə təxir edilməsi təklif edilmiş, məhkəmə iclasında iştirak edən cavabdehin vəkili də buna etiraz etmədiyini bildirmişdir. Buna baxmayaraq, növbəti məhkəmə iclasında nə cavabdeh, nə də vəkili iştirak etmiş, cavabdehin vəkili məhkəməyə ərizə ünvanlayaraq, cavabdehin səs yazılarındakı danışığın ona məxsus olmadığını bildirdiyini qeyd etmiş, bununla belə məhkəmə iclasında cavabdehin iştirakının təmin edilməsi, səs yazısının cavabdehə məxsus olmadığının sübut edilməsi ilə bağlı heç bir təşəbbüs göstərilməmiş, sadəcə iclasın iştirakları olmadan keçirilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Halbuki, cavabdehin danışığı kimi təqdim edilmiş bu səs yazılarında cavabdeh demək olar ki, iddianın əsasını təşkil edən halları tam etiraf etmişdir. Bu baxımdan bu səs yazılarını məhkəmə iclasında dinləyən cavabdehin vəkili ən azından peşəkar hüquqşünas kimi bilirdi (bilməli idi) ki, “Cavabdeh səs yazılarının ona məxsus olmadığını bildirir” şəklindəki müdafiə bu səs yazılarının mötəbərliyini şübhə altına almaq üçün belə kifayət deyil, əksinə cavabdehin işin həqiqi hallarının müəyyən edilməsinə mane olmaq məqsədilə məhkəmə iclasında iştirakdan yayınması barədə məhkəmədə mövqe formalaşmasına əsaslı zəmin yaradır. 12.12.Səs yazılarının hazırkı iş üzrə tərəflər arasında qeydə alındığını müəyyən etdikdən sonra məhkəmə bu səs yazılarında qeydə alınmış digər məlumatlara münasibət bildirməyi zəruri hesab edir. Belə ki, səs yazılarının ümumi məzmunu Cavabdeh İddiaçı “Opel” markalı avtomobilini və avtomobilin sənədlərini “sənəd” (etibarnamə) əsasında alması, avtomobili satması, sonra “sənəd”i ləğv etməsi, lakin Cavabdeh avtomobili və sənədlərini qaytarmaqdan imtina etməsi ilə bağlıdır. Hətta danışığın bir hissəsində iddiaçı cavabdehdən avtomobilin harada olduğunu soruşmuş və cavabdeh buna cavab olaraq “Maşın hər yerdə, maşını unut” cavabını vermişdir. Həmçinin, səs yazısının bir hissəsində cavabdeh açıq şəkildə “Nə qədər ki, sən pulu mənə verməmisən, ağ maşını, sənədlərini sənə verməyəcəm” demişdir. 12.13.Bütün bu qeyd edilənlər əsasında məhkəmə tərəflər arasında “Opel” markalı avtomobillə bağlı heç bir münasibətin olmaması, cavabdehin nə bu avtomobili, nə də avtomobilin sənədlərini heç vaxt iddiaçıdan almaması barədə cavabdeh tərəfin mövqeyini inandırıcı hesab etmir və işin həqiqi hallarının gizlədilməsi cəhdi kimi qiymətləndirir. 12.14.Cavabdehin əksinə, iddiaçının iddia tələbini əsaslandırdığı hallar ilə məhkəməyə təqdim edilmiş səs yazıları əsasında müəyyən edilən hallar üst-üstə düşür. Belə görünür ki, İddiaçı avtomobilini satmaq məqsədilə Cavabdeh etibarnamə vermiş, eləcə də avtomobili qeydiyyat şəhadətnaməsi ilə birlikdə Cavabdeh təqdim etmişdir. Lakin sonradan aralarında əldə edilmiş razılıq pozulmuş və İddiaçı etibarnaməni ləğv etmişdir. Səs yazılarından belə görünür ki, Cavabdeh narazı qaldığı məsələ də elə bununla bağlıdır. Belə ki, Cavabdeh dediyinə görə İddiaçı ona borcu var, buna görə də "maşını unutmalıdır” (Səs yazısında məhz bu ifadədən istifadə olunmuşdur). 12.15.Məhkəmə isə qeyd edir ki, əgər həqiqətən iş üzrə iddiaçının cavabdehə hansısa borcu varsa, cavabdeh bu borcu iddiaçıdan tələb edə, zərurət olarsa, bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Lakin hansısa iddia edilən borca görə cavabdehin avtomobili üzərində mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. 12.16.Bununla belə nəzərə alınmalıdır ki, iş üzrə məhkəmə icraatı gedişində İddiaçı avtomobilini dövlət yol polisinin cərimə meydançasından götürmüş, sonradan avtomobillə bağlı hissədə iddia tələbinin həcmini azaltmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) bu hala istinad edərək, avtomobilin heç vaxt cavabdehdə olmadığını, cərimə meydançasında tapıldığını bildirmişdir. 12.17.Halbuki, avtomobilin cərimə meydançasında tapılması bu avtomobilin heç vaxt cavabdehdə olmamasının göstəricisi deyil. Əksinə, iş üzrə İddiaçı tərəfindən verilmiş ərizə əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(010)-01/2022 saylı qərardadı ilə iş üzrə müvəqqəti təminat tədbiri tətbiq edilmiş, "Opel” markalı, ** FU *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması və avtomobilin DYPİ-nin mühafizə dayanacağına yerləşdirilməsi qərara alınmışdır. Belə görünür, avtomobil elə məhkəmə qərardadı əsasında cərimə meydançasına yerləşdirilmiş, iddiaçı da avtomobili oradan götürmüşdür. Bu baxımdan iddiaçının avtomobili birbaşa cavabdehdən yox, cərimə meydançasından götürməsi o mənaya gəlmir ki, avtomobil heç vaxt cavabdehdə olmamışdır. Ola bilər ki, məhkəmə qərardadı əsasında avtomobil elə cavabdehin qanunsuz sahibliyindən götürülərək, cərimə meydançasına yerləşdirilmişdir. Odur ki, məhkəmə bu halı avtomobilin cavabdehdə olmamasının göstəricisi kimi qiymətləndirmir. 12.18.Beləliklə, yuxarıda istinad edilmiş səs yazılarından görünür ki, Cavabdeh "avtomobilin sənədlərinin” özündə olduğunu qəbul etmiş, buna baxmayaraq, həmin sənədləri qaytarmayacağını bildirmişdir. Məhkəmə səs yazılarında "avtomobilin sənədləri” dedikdə elə qeydiyyat şəhadətnaməsinin nəzərdə tutulduğu nəticəsinə gəlir və iddiaçının həmin sənədin geri qaytarılması ilə bağlı tələbini əsaslı hesab edir. 12.19.Belə ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsinin dövlət qeydiyyatını təsdiq edən sənəddir və nəqliyyat vasitəsinin mülkiyyətçisinə məxsusdur. Bu sənədin sahibinin razılığı olmadan başqa şəxslərin qanunsuz sahibliyində qalması yolverilməzdir. Bu baxımdan İddiaçı Cavabdeh olduğu məhkəmə araşdırması nəticəsində sübuta yetirilən qeydiyyat şəhadətnaməsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. 12.20.Məhkəmə onu da qeyd edir ki, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini itirdikdə onun dublikatını almaq üçün aidiyyəti orqana müraciət edə bilər. Lakin hazırkı işin xüsusi halı ondan ibarətdir ki, iddiaçı qeydiyyat şəhadətnaməsin itirməmiş, sadəcə cavabdehə vermiş, lakin cavabdeh sonradan onu qaytarmaqdan qanunsuz olaraq imtina etmişdir. Odur ki, iddiaçının qeydiyyat şəhadətnaməsinin dublikatını aidiyyəti orqandan almaq hüququnun olması onun hazırkı ərizə ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Belə ki, iddiaçı öz mülkiyyətində olan avtomobilin dövlət qeydiyyatını təsdiq edən və tamamilə özünə məxsus ola sənədi üçüncü şəxsin qanunsuz sahibliyindən geri istəməyə istənilən halda haqlıdır. 12.21.İddiaçı həm də vəkil üçün ödədiyini iddia etdiyi 500 manat məbləğində pulu da cavabdehdən tələb etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 6 saylı Vəkil Bürosunun vəkili Vəkil1 hesabına "Müqavilə 1442. Vəkil1” təyinatı ilə 500 manat məbləğində pul köçürülmüşdür. Yenə iş materiallarından görünür ki, Vəkil1 və hüquqi yardım göstərilən şəxs İddiaçı arasında bağlanmış müqavilənin nömrəsi 1442-dir. Bu o deməkdir ki, müvafiq qəbz əsasında ödənilmiş 500 manat məbləğində vəkil xərci iddiaçı tərəfindən vəkilin hesabına məhz bu iş üzrə hüquqi yardım üçün köçürülmüşdür. 12.22.Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Bu məbləğ "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
13. Həmin qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaya etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, fonoskopik ekspertiza keçirmədən təqdim olunan SD diskdəki səslərin tərəflərə aid olduğu nəticəsinə gəldiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar
15. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, həmçinin bildirmişdir ki, təmsil etdiyi şəxs iddiaçının istinad etdiyi SD diskdəki səsin ona aid olmadığını bildirir və bu məsələnin yoxlanılması üçün müvafiq ekspertizanın təyin olunması məqsədəmüvafiqdir.
16. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə fonoskopik ekspertiza təyin edilmiş və işin icraatı müvafiq rəy alınanadək dayandırılmışdır.
17. 05.05.2023-cü il tarixdə elektron sistem vasitəsilə məhkəməyə ərizə ünvanlayan cavabdehin nümayəndəsi (vəkili) ərizəsində bildirmişdir ki, təmsil etdiyi şəxs SD diskdəki səs yazısını daha aydın və keyfiyyətli formada dinlədikdən sonra səsin həqiqətən də ona məxsus olduğu qənaətinə gəlmişdir, buna görə də fonoskopik ekspertizanın keçirilməsinə zərurət yoxdur.
18. Məhkəmə kollegiyasının 11 may 2023-cü il tarixli qərardadı ilə işin icraatı təzələnmişdir.
19. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 ərizə göndərərək Bakı şəhərində olmayacağını, məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir.
20. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
25. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.
26. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
27. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
28. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
29. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
33. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
36. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Qeyd olunmalıdır ki, mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
38. Qaytarılmasını tələb etdiyi əşyanın iddiaçıya aid olduğu işin mübahisələndirilməyən halıdır; əşyanın cavabdehin sahibliyində olması və bu sahibliyin qanuni əsaslara söykənmədiyi isə birinci instansiya məhkəməsinin tədqiq etdiyi SD diskdəki səs yazılarının məzmunu ilə müəyyən olunmuşdur.
39. Yuxarıda qeyd edildiyi kimi, həmin SD diskdəki səs yazısının cavabdehə aid olduğu apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təsdiq edilmişdir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır və dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayəti üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür.
41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4128/2022 saylı iş üzrə 15 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə