Məhkəmə qərarları › İş №2(103)-3037/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3037/2025

21.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3037/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması,əsassız varlanma” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-630/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları,iş üzrə məhkəmə icraatı

1. xx.xx.2022-ci il tarixli Mövcud borcun etirafı haqqında müqaviədən görünür ki,borclu Cavabdeh İddiaçı 3000(otuz min) manat borcun olduğunu bəyan və tam etiraf edir.Bu müqavilə ilə etiraf etdiyi borcu 18(on səkkiz) ay müddətinədək bütöv şəkildə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

2. İş materiallarından olan üzərində "VERBATİM CD-R” adlı yazı olan diskdə "1” adlı audio fayldan görünür ki, İddiaçı tərəfindən "Borcu 30000 deyil, çoxdu.. 38900-dü.. İndi 3000 veriləndən sonra qalacaq 35900.. İsmayıl mənə deyib pul maşındadır. Mən demişəm pulu faizə qoyma. 6000 həm birkartdan çıxartmışam, həm bankdan kredit götürmüşəm.. məbləğ azalmayacaq.. ancaq onu edə bilərəm banka krediti ödəsin aybaay buna da gedərəm.. Cavabdeh tərəfindən "Pulu batırmışam..borcum 38900-dü..3000 verəndən sonra 35900 qalır (5:12-5:27 saniyələr).... Telefonu qaytaracam..” məzmununda cümlələr işlədilib. Eyni diskdə olam "pr” adlı audio faylda iddiaçı tərəfindən " Sənin mənə qarşı elədiyin xəyanətdi..Mənə demisən pul maşındadı, evdədi, özün xərcləmisən pulu..telefon hardadı? neynəmisən? sən dedin ad günüdü mən də sənə ən xoşladığım neçə ay gözlədiyim telefonu korobkadan çıxardıb vermişəm..Sənin əslində mənə borcun 41600-dü, mən tələsik hesablayanda 38900 manat demişəm, elə olsun. Məni 2 dəqiqədən bir çağırıb deyirlər raport yaz..”Cavabdeh tərəfindən "telefonu verib iki telefon götürmüşəm.. pulu xərcləməmişəm, o qədər pulu xərcləmək olar.. borc 38900-dü, mənim hesabımda da elədi”...mənzmununda cümlələr işlədilir.

3. xx.xx.2022-ci il tarixli GtKr5172753A299 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı 24 ay müddətinə, 26% ilə 6300 (altı min üç yüz) manat kredit götürmüşdür. Müqavilə üzrə aylıq ödənişin məbləği 339,41 manat müəyyənləşdirilmişdir.

4. xx.xx.2022-ci il tarixli BBLK5172752A299 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı 3700 manat məbləğində "Kapital Bank”ASC tərəfindən birkart veritəqdim edilmişdir.

5. "Hüquqi işlər Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, 219798 №-li mədaxil qəbzindən görünür ki, X7 tərəfidnən 100 manat məbləğində ödəniş edilmişdir.

6. xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən AR Prezidenti İlhamƏliyevə ünvanladığı şikayətlə bağlı müraciətindən görünür ki,cavabdehin ona olan borcunu qaytarmamışdır və Ədliyyə Nazirliyinə və Penitensiyar xidmətin rəhbərliyinə müraciət etdiyini və heç bir nəticəsi olmayıb.Həmçinin Baş Prokurorluğa müraciət etdiyini lakin baxılmadığını qeyd edib. Buna görə də AR X6 müraciət edib.

7. xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə ünvanlanan ərizədə qeyd olunur ki, Cavabdeh tərəfindən onun ipoteka ilə mənzillə təmin olunması ilə bağlı 30.000 manat və 8.900 manat ödədiyini həmçinin sonradan 2000 manat məbləğində telefon aldığını bildirir. Borcunun bir hissəsini aldığını 5.200 mana pul və 2000 manat telefona görə, cəmi 7.220 manat pul qaytarmalı olduğu qeyd olunub. Dələduzluluqla bağlı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən tədbir görülməsini tələb edib.

8. xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən AR Baş Prokuroru Kamran Əliyevə ünvanladığı şikayət məktubundan görünür ki,cavabdehin ona borclu qaldığını dəfələrlə lazimi orqanlara müraciət etdiyini, lakin müraciətlərinə baxılmadığını bildirir. Bu səbəblə maddi ziyanın ödənilməsi ilə bağlı AR Baş Prokuroru Kamran Əliyevə müraciət edib.

Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.220 manat əsas borc, 3.000 manat mənəvi zərərə, 200 manat hüquqi xidmət və 122 manat dövlət rüsumuna görə, cəmi 10.542 manat pul tutulub mənə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Penitensiyar Xidmətində gizir rütbəsində qulluq edib və 12 iyul 2024-cü il tarixdə öz ərizəsi ilə təqaüdə çıxmışdır. Xidmət etdiyi 12 saylı cəza çəkmə müəssisəsində xidməti tabeçilikdə olmuş müəssisənin növbə üzrə köməkçisi, ədliyyə kapitanı Cavabdeh qaunusuz əməllərinin qurbanı olub. İsmayıl hazırda Umbakı penitensiar müəssisəsində xidmət edir. O, vəzifə səlahiyyətlərindən istifadə edib onu aldatmış və cəmi 5.220 manat pulunu və 2.000 manat dəyərində olan mobil telefonunu mənimsəmişdir.İşdən çıxdığına görə cavadeh ona borcu olan cəmi 7.220 manat pulu qaytarmır. O, təqaüdə çıxandan sonra kapitan Cavabdeh təsir edə bilmir və xidmət əməkdaşı kimi rəhbərlikdən bunu tələb edə bilmir. Cavabdehdə qalan pulunu tam almaq üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Ərizəsi üzrə Penitensiyar Xidmətinin Daxili Təhqiqatlar şöbəsində araşdırma aparılmış və ona izah olunmuşdur ki, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edib. Eləcə də cavabdeh ona ağır mənəvi zərər də vurmuşdur. İddiaçı bildirir ki,etibarından sui-istifadə etmiş,onu aldatmış, get-gələ salmış, sonra isə "pulunu vermirəm, get hara istəyirsən şikayət et” deyib onu ələ salmış və iddiaçını aldatması ilə öyünmüşdür. Onun bu çirkli əməllərindən psixi sarsıntı və iztirablar keçirib. Bununla da cavabdeh iddiaçıya mənəvi zərər vurduğunu qeyd edir.İddiaçı ona vurduğu mənəvi zərəri cəmi 3.000 manat dəyərində qiymətləndirir. Müraciətlər, hüquqi sənədlər hazırlamaq üçün hüquqi xidmətlər mərkəzinə müraciət etmiş və hüquqi xidmət haqqı olaraq cəmi 200 manat ödəyib. Həmin məbləğ də cavabdehdən tutulub ona qaytarılmalıdır. Bundan başqa iddia qaldırmaq üçün 122 manat dövlət rüsumu də ödəyib.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 630/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 5220 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 60 manatının Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X1)

12. Məhkəmə iddia tələbini qismən təmin edərkən belə qənaətə gəlmişdir ki, Cavabdeh bu ödənişləri faiz ödənişlər olduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh səs yazısında əks olunan etirafı təzyiq altında verdiyini bildirsə də, məhkəmə onun izahatına tənqidi yanaşır və ağlabatan mühakimə əsasında inandırıcı hesab etmir. Belə ki, səs yazıdan görünür ki, cavabdehlə yanaşı onun qohumları da həmin görüşdə iştirak edirlər. Həmçinin cavabdehə hər hansı təzyiq, hədə-qorxu tətbiq edildiyi halda bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmək hüququ olduğu halda, bunu etməmişdir, əksinə iddiaçının bank kredit müqaviləsi üzrə olan borcunu iki ay ərzində ödəmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki cavabdehin dəlilləri subyektiv mülahisəzlərdən ibarətdir və hər hansı şəkildə öz təsdiqini tapmır. Hazırki halda iddiaçının tələb etdiyi 5220 manat əhəmiyyətsiz əqd (borc müqaviləsi) üzrə verilmiş olsa belə, həmin pul məbləği əvəzedilən əşya olmaqla, Cavabdeh əmlakına qarışdığından və onun həmin əşya olan pul üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olmuşdur. Məhkəmə iddiaçının cavabdehə verdiyi mobil telefona görə 2000 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, yenə də iddiaçı tərəfindən təqdim edilmiş səs yazısında cavabdehin telefonu götürdüyü və iki telefona dəyişdiyi, qaytaracağı ilə bağlı etirafı olsa da, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən cavabdehə məhz hansı telefonun verildiyi, onun natura və ya dəyərinin qaytarılması ilə bağlı aralarında hansı razılığın olduğu, hansı müddətdə, qaydada və şərtlərlə qaytarılmalı olduğu iddia ərizəsində göstərilməmiş, bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, sübutetmə yükü bu hissədə iddiaçının üzərinə düşür və onun tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyindən, iddia tələbi təmin edilə bilməz. iddiaçı sarsıntı keçirməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində tutulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, AR MPM-nin 121.1 -ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia ərizəsində iddiaçı tərəfindən 200 manat ödənildiyi göstərilsə də, qəbzdən məlum olur ki, 100 manat məbləğində pul ödənilib. Digər tərəfdən iddiaçı iddia ərizəsini özü imzalayıb, məhkəmə prosesində nümayəndə və vəkillə təmsil edilməyib, mülki işin materiallarında etibarnamə və order mövcud deyil. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, tələb bu hissədə təmin edilməməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.-ci, 443-cü, 445-ci, 448-ci, 739.1-ci, 739.2-ci, 740-cı, 882-ci, 1091-ci, 1092-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 52.2-ci, 119.1-ci, 191.3-cü, və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1091 və 1092-ci maddələrini tətbiq etməklə cavabdehin əlavə borc aldığı qənaətinə gəlmiş, lakin bu maddələrin tətbiq şərtləri yerinə yetirilməmişdir. Əlavə borcun verilməsi faktı yazılı müqavilə və ya bank sənədləri ilə sübut olunmamış, yalnız tərəflər arasında baş vermiş mübahisəli və emosional tonda olan səs yazısına əsaslanaraq bu nəticəyə gəlmək hüquqi baxımdan əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırki apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsi və iddianın tam rədd edilməsi xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

24. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

25. Hazırki mübahisə üzrə iddiaçıların tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

26. Bu baxımdan iddia tələbinə uyğun olaraq İddiaçı 5220 manat məbləğində pulun cavabdehə verilməsini və cavabdehin hazırda iddiaçıya 5220 manat borcunun qalmasını sübut etməli idi.

27. İşin faktiki hallarına əsasən tərəflərin arasında etibarlı münasibətlər olmuş, onlar uzun müddət bir müəssisədə birgə çalışmışdırlar. İşin bu halları tərəflərin izahatları ilə də təsdiq edilir. Eyni zamanda mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Mövcud borcun etirafı haqqında müqaviə ilə cavabdehin iddiaçıya 30000 manat məbləğində borcunun olması bə onu 18 ay ərzində qaytamağı öhdəsinə götürdüyünü müəyyən edilir.

28. İddiaçı həmin müqavilə ilə əhatə olunmayan daha 8900 manat məbləğində borcun mövcud olduğunu, cavabdehin dayısı tərəfindən bu borcun 3000 manatlıq hissəsinin, cavabdehin özü tərəfindən iddiaçının bank kredit müqaviləsi üzrə iki aylıq ödənişlərini ödəməklə daha 680 (340+340) manatlıq hissəsini ödədiyini bildirir və 5220 manatın ondan tutulmasını məhkəmədən xahiş edir. Cavabdeh isə ödənilmiş 3000 manatın 30000 manatlıq əsas borcun faizi olduğunu, kredit müqaviləsi üzrə ödənişlərini isə yenə də iddiaçıya olan 30000 manat borcu vaxtında ödəyə bilmədiyi üçün iddiaçının banka olan borcunu ödədiyini, 30000 manatlıq borc bağlandəqdan sonra ona hər hansı pul ödəmədiyini və ödəməli olmadığını bildirir.

29. İddiaçı öz tələblərini əsaslandırmaq üçün məhkəməyə CD diskə yazılmış audio fayllar-səs yazıları və bank kredit müqaviləsinin sənədlərini təqdim etmişdir.

30. Həmin səs yazılarında cavabdehin özü tərəfindən birmənalı şəkildə ümumilikdə 38900 manat məbləğində borcunun olduğu, 30000 manat məbləğlə bağlı müqavilənin imzalandığı öz əksini tapır. Eyni zamanda cavabdehin dayısı tərəfindən 3000 manat məbləğində pulun ödəniləcəyi, qalan 5900 manat məbləğində pulun iddiaçının banka olan kredit öhdəliyinin hər ay ödənilməsi şəklində əvəzləşdirilməsinin təklif edilməsi də təsdiq olunur.

31. Cavabdeh məhkəmə iclası zalında dayısı tərəfindən 3000 manat məbləğində ödənşin etdiyini, özü də iddiaçının kredit öhdəliyini 2 ay ərzində ödədiyini etiraf edir. Lakin cavabdeh məhkəməyədək və birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçıya qaytarmalı olduğu pul məbləği ilə bağlı etdiyi etirafların həqiqətə uyğun olmadığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmiş, ümumiyyətlə bu məsələyə toxunmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin iddiaçı tərəfindən ona pulun verilməməsi ilə bağlı dəlillərini əsassız hesab edir.

32. Cavabdeh bu ödənişləri faiz ödənişlər olduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh səs yazısında əks olunan etirafı təzyiq altında verdiyini bildirsə də, məhkəmə onun izahatına tənqidi yanaşır və ağlabatan mühakimə əsasında inandırıcı hesab etmir. Belə ki, səs yazıdan görünür ki, cavabdehlə yanaşı onun qohumları da həmin görüşdə iştirak edirlər. Həmçinin cavabdehə hər hansı təzyiq, hədə-qorxu tətbiq edildiyi halda bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmək hüququ olduğu halda, bunu etməmişdir, əksinə iddiaçının bank kredit müqaviləsi üzrə olan borcunu iki ay ərzində ödəmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki cavabdehin dəlilləri subyektiv mülahisəzlərdən ibarətdir və hər hansı şəkildə öz təsdiqini tapmır.

33. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh hər hansı hüquqi əsas olmadan əldə etdiyi 5220 manat məbləğində pulu müvafiq olaraq İddiaçı qaytarmalıdır.

34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hər bir halda, onların arasında yaranmış münasibətlərə borc və ya əsassız varlanma kimi qiymət verilməsindən asılı olmayaraq, hüquqi nəticə etibarı ilə cavabdeh iddiaçıdan aldığı və bugünədək qaytarmadığı pul vəsaitini ona qaytarmalıdır.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-630/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar