Məhkəmə qərarları › İş №2(103)-3038/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3038/2024

01.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3038/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində hüquqların müəyyən edilməsi” tələbinə dаir mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4353/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 4353/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində hüquqların müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/2 hissədə payı müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmiş, ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Daha sonra cavabdehin nümayəndəsi (vəkili) məhkəməyə ərizə ilə müraciət edərək, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən məhkəmə qətnaməsi qanunvericiliyə uyğun olaraq cavabdehə rəsmi qaydada təqdim edilməmişdir. Belə ki, sözügedən qətnamənin çatdırılmasını təmin edən poçt əməkdaşı qətnaməni 2011-ci il təvəllüdlü qızı X3 təqdim etmişdir. Qanunvericiliyə əsasən məhkəmə sənədləri ünvan sahibini tapa bilmədikdə həmin ünvanda yaşayan yetkinlik yaşına çatmış şəxslərə təqdim edilir. Qeyd olunan məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun göndərdiyi icra sənədinin könüllü icrası barədə qərarını qəbul etdikdən sonra bilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 4353/2022 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə baxılmamış saxlanılmışdır. Daha sonra cavabdehin nümayəndəsi (vəkili) Vəkil həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 4353/2022 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-4353/2022 nömrəli tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 4353/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh tərəfindən verilmiş ərizəyə baxılması üçün məhkəmə iclası təyin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-4353/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4353/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasının səbəbi üzrlü hesab edilərək, buraxılmış prosessual müddət cavabdehə münasibətdə bərpa edilmişdir. Daha sonra İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 4353/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-4353/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikаyətin işlə birlikdə bаxılmаsı üçün 7 gün müddətində Bakı Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6395/2023 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4353/2022 saylı, 11 avqust 2023-cü il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(010)-4353/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh qız tərəfindən verilmiş ərizəyə, qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarıldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinin qərardadındakı mövqe nəzərə alınaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-4353/2022 nömrəli qərardadı ilə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4353/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4353/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasının səbəbi üzrlü hesab edilərək, buraxılmış prosessual müddət cavabdehə münasibətdə bərpa edilmiş və apellyаsiyа şikаyəti mülki işlə birlikdə baxılması üçün Bakı Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. İddiaçı həmin qərardadla razılaşmayaraq şikayət vermiş, Məhkəməsinin 19 mart 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, “Cavabdeh Suraxanı Rayon Məhkəməsində 2(010)-4353/2022 saylı iş icraatda olarkən məhkəmə prosesində iştirak etmişdir. Bu barədə qətnamədə onun izahatı var. Suraxanı rayon İcra şöbəsində də olmuş, icra məmuru ilə icra sənədinin icrası ilə bağlı danışıqları olmuşdur. Hətta belə cavabdeh qətnaməni alandan sonra mənə aliment borcu ilə qətnamədə qeyd olunan, mənə düşən 1/2 payımla əvəzləşmə etməyi, əgər razılaşmasam məni tutduracağını bildirmişdi. Mən onun dedikləri ilə razılaşmadıqda cavabdeh məni xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsində (3(012)-614/2023) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə həbs etdirdi. Cavabdeh bütün bu olanlardan 7 ay keçdikdən sonra vəkili ilə birləşərək məhkəmələri aldatmaqla məşğuldurlar. Guya ki, cavabdehin heç nədən xəbəri olmamış, guya ki, 12 yaşlı qızımız məktubu almış, qətnaməni qutuya qoymuşdur. Mənim 32 yaşlı qızım boşanıb 7 yaşlı oğlu ilə həmin evdə yaşayır. Vəkilin ağlı ilə qətnaməni qızların almasına dair yalan söyləyir. Cavabdeh vəkili ilə məhkəməni şahidsiz, sübutsuz teatr səhnəsinə çevirmişlər. Cavabdehin müddətin bərpasına dair ərizəsində göstərdikləri barədə heç bir mötəbər sübutu olmadığından Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(010)-4353/2022 saylı qərardadı ləğv edilməlidir. Bütün bu qeyd etdiklərimə əlavə olaraq bildirirəm ki, cavabdeh qətnaməni alandan sonra mənimlə telefonla əlaqə saxlayarkən mənə demişdi ki, “Qızına qətnaməni verib mənim üstümə göndərmisən? Sənə imkan verməyəcəyəm ki, bu evə yaxın belə düşə biləsən”. Qeyd edirəm ki, 2022-ci ilin dekabr ayından mən evimə gələ bilməyim deyə cavabdeh həyət qapısından evin qapılarına qədər açarları dəyişib. Belə olan halda mən necə bilərəm ki, qətnaməni kim alıb və yaxud hansı qızım alıb. Ona görə ki, mən 2022-ci ilin dekabr ayından bacımgildə Hövsan qəsəbəsində yaşayıram. Hövsanla Suraxanı arasında yetərli məsafə var. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-4353/2022 saylı qərardadı yetərli sübutlar olmadığından ləğv edilməlidir”. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında Cavabdeh məhkəmənin qətnaməsini xx.xx.2023-cü il tarixdə şəxsən qəbul etməsini təsdiq edən poçt xəbərnaməsi mövcud olsa da, cavabdeh qətnaməni poçt xəbərnaməsinə imza etməklə şəxsən qəbul etdiyini mübahisələndirdiyindən birinci instansiya məhkəməsi tərəfindən həmin xəbərnamədəki imzanın cavabdehə məxsus olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Müvafiq ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 96-cı vərəqində olan poçt göndərişlərinin verilməsi haqqında “xəbərnamə”də “şəxsən” qrafasında “Rəcəbova” soyadı və “Rəcəbova” soyadının qarşısında olan imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ərizəyə baxılması ilə əlaqədar birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı ərizəni qəbul etməyərək bildirmişdir ki, ekspert rəyi ilə razı deyil. Belə ki, rəydə imzanın cavabdehə məxsus olmadığı qeyd edilmişdir. Amma bu o demək deyil ki, cavabdeh qətnaməni almamışdır. Belə ki, onun (iddiaçının) əvvəlki nikahından olan yetkinlik yaşına çatmış qızı hazırda cavabdehlə həmin evdə yaşayır. Ola bilsin ki, qətnaməni o götürmüşdür. Hər bir halda cavabdeh qətnaməni vaxtında almışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməməsini xahiş etmişdir. Həmin iclasda iştirak edən cavabdeh isə bildirmişdir ki, ekspert rəyindən görünür ki, poçt xəbərnaməsindəki imza cavabdehə məxsus deyil. Bu isə o deməkdir ki, cavabdeh qətnamədən şikayətvermə müddətini üzrlü səbəbdən buraxmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Həmin məhkəmə iclasında həmçinin Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 iştirak etmişdir. O, ifadəsində göstərmişdir ki, müvafiq icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul etmişdir. Bu kateqoriyadan olan işlərdə tərəflər tələbkar-borclu statusunda olmadığından onlar İcra şöbəsinə çağırılmır. Bu səbəbdən icra sənədi üzrə icraata başlama qərarı qəbul etdikdən sonra tərəfləri çağırmadan, icra sənədini icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərmişdir. Müvafiq orqandan icra olunma barədə məlumat daxil olduqdan sonra iş üzrə icraata xitam verilmişdir. İşin sadalanan hallarından göründüyü kimi hazırki iş üzrə cavabdehin məhkəmə qətnaməsindən özünün ərizəsində qeyd etdiyi vaxtdan daha əvvəl məlumatlı olduğunu təsdiq edən heç bir sübut müəyyən olunmur. Yuxarıda qeyd olunan poçt xəbərnaməsinə gəlincə isə müvafiq ekspert rəyi ilə həmin xəbərnamədə icra edilmiş imzanın cavabdehə məxsus olmadığı təsdiq edilmişdir. Bu da cavabdehin qətnamədən həmin tarixdən etibarən xəbərdar olduğunu təkzib edir. Kollegiya hesab edir ki, sözügedən ekspert rəyi ilə ziddiyət təşkil edən hər hansı bir hal müəyyən edilmədiyindən o, sübut kimi qəbul edilməsi və cavabdehin qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürməsinin səbəbi üzrlüdür. Belə ki, MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. (maddə 128.1). Apellyasiya şikayəti qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində verilir. (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etməklə düzgün nəticəyə gəlmişdir, ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4353/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar