Məhkəmə qərarları › İş №2(103)-3046/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3046/2023

16.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3046/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı (X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində) «mülkiyyət hüququnun tanınması, müqavilənin bağlanması öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mülkiyyət hüququnun tanınması, müqavilənin bağlanması öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3 Aslan oğlu, Cavabdehlər Cavabdeh1 Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-254/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilinin sökülməsi nəticəsində yeni tikilmiş yaşayış binasında digər Cavabdeh1 adına xx.xx.2020-ci il tarixli müqavilə ilə rəsmiləşdirilmiş 1ci binanın, 1-ci girişinin, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 94.76 kv.m olan təmirsiz mənzilin üzərində mülkiyyət hüquqlarının tanınması və buna dair rəsmi müqavilə bağlanma öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-254/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Aytən Novruzova) ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

3. İddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki,məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Məhkəmə qəbul etdiyi qərarları lazımınca əsaslandırmamış, yalnız sübutların sadalanmasına yer vermişdir. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sübutlara əsaslanmamış, keçmiş həyat yoldaşı 2006-cı ildə bağlanan nikahın 2022-ci ildə pozulmasını nəzərə almamışdır. İddiaçı bu hallar nəzərə alınmaqla apellyasiya şikayətinin təmin olunmasıni, rayon məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

4. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı bildirdi ki, onlar A.Əliyeva ilə 2006-cı ildə nikaha daxil olublar, evlənəndən sonra keçmiş qaynanası olan hazırkı cavabdehin evinə köçüblər və orada yaşamağa başlayıblar. Onlar evə köçəndə bu sadəcə 1 otaqdan ibarət olan daxma idi, 2016-cı ildə onun vəsaiti ilə iki otaq, bir mətbəx və balkon tikilib, qaz və işıq sayğacları ayrılıb və mənzillər “8” və “8a” olaraq ayrılıb. İddiaçı həmçinin qeyd etdi ki, həmin tikintinin aparılması tamamilə onun vəsaiti ilə olub, ümumilikdə, 25 000 manat xərc çəkib. Sonradan MTK həmin ərazini söküb bina tikməklə bağlı müraciət edən zaman onlar iddiaçı və qayınanasına(cavabdeh) ayrı-ayrılıqda olmaqla iki mənzilin verilməsi ilə bağlı razılaşdıq,tərəflər özləri isə o evlərdən birinin sonradan iddiaçıya verilməsi ilə bağlı razılığa gəliblər, lakin mənzillərdən biri ilə bağlı İddiaçı MTK ilə ayrı müqavilə bağlamayıb, burda qayınanası(cavabdeh) etibar edib ki ki, hər iki müqavilə onunla bağlansın. Həmçinin MTK binalar hazır olana qədər ayrı-ayrılıqda iki ev üçün kirayə pulu da verib, bunu da cavabdeh istifadə edib, iddiaçıya bu məbləğin heç bir hissəsi verilməyib. Hazırda hər iki mənzili cavabdeh alıb, yeni tikilinin yeddinci nərtəbəsində yanaşı mənzillərdir. İddiaçı əlavə etdi ki, onun yoldaşı ilə münasibəti 2018-ci ildə pozulub, barışmağa cəhd etsə də,ayrılıblar, bundan sonra Cavabdeh1 bildirib ki, ona heç nə verilməyəcək.

5. İddiaçının vəkili Vəkil3 apellyasiya şikayətinin təmin edilməsini və rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Vəkil eyni zamanda bildirdi ki, evin təmir və tikinti işlərinin nikah dövründə olması mübahisələndirilmir, hamıya məlum olan faktdır ki, tərəflərdən kimin işləyib-işləməməsindən asılı olmayaraq nikah zamanıə əldə edilənlər tərəflərin birgə mülkiyyəti hesab edilir və tərəflər arasında yarı bölünür. Hazırkı hal da bununla oxşardır, cavabdeh iddiaçını haqqı olan evdən məhrum etməkdən əlavə, binaya köçənə qədərki kirayə qalmağa görə hər ev üçün ayrı-ayrılıqda verilən aylıq 500 manatı da mənimsəmişdir və bu məbləğdən iddiaçıya verməmişdir.

6. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək və təmin olunmamasını xahiş edərək bildirdi ki, həmin evi 1991-ci ildə yoldaşı ilə birgə alıblar. Qızı ilə kürəkəni İddiaçı onunla eyni evdə yox, həyətdəki daxmada yaşayıblar. İddiaçı orda davamlı olaraq yaşamayıb, tez-tez atasının evinə gedirdi, bir müddətdən sonra qayıdırdı. Onun MTKdan aldığı iki mənzilin iddiaçıya heç bir aidiyyəti yoxdur, çünki həyətda olu sökülən iki ev onun özünə məxsusdur. İddiaçının dediyinin əksinə olaraq həmin evin təmiri və tikinti işləri ilə bağlı iddiaçı heç bir xərc çəkməyib, 1300 manat onun özü MKİS-ə verib, iddiaçı evin təmir-tikintisindəki işinə görə isə ona 1000 manat pul verib. Ümumilikdə 2300-2500 manat xərc çəkildi, çünki artırma yalnız kərpiclə oldu. Həmin mənzilə ayrıca ünvan alınmayıb, qaz və işıq pulu isə qızının adına olub.

7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs A.Əliyeva mahiyyətcə Cavabdeh1 ilə eyniməzmunlu ifadə verərək apellyasiya şikayətinin təmin olunmamasını və rayon məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. A.Əliyeva eyni zamanda bildirdi ki, iddiaçı evin tikintisi ilə bağlı 25 000 manat xərc çəkməyib, sadəcə olaraq evin rənglənməsi ilə məşğul olub, evin təmirinin bütün xərclərinin anası- Cavabdeh1 çəkmişdir.

8. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 MTK-ın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

10. Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən Yəhya Bakuvi, Qafur Rəşad, K.Rəhimov və Balaəmi Dadaşov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 2,15 ha torpaq sahəsi Cavabdeh2 MMC-nin daimi istifadəsinə verilmişdir.

11. Sərəncamın 2.6-cı maddəsinə əsasən rayonun Bakuvi 20,22,24,26,28,30,32; Balaəmi Dadaşov 5,7,9,11,13,15,17,19; K.Rəhimov 10,12/18 və Qafur Rəşad 13,15 nömrəli yaşayış binasının sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə, müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi vəzifəsi Cavabdeh2 MMC-yə həvalə edilmişdir.

12. 29.05.2002-ci il tarixli AR Bakı Şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş № 117153 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi 7 saylı evin 8 saylı mənzili (21,0 kv.m. olan) Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

13. , xx.xx.2018-ci il tarixli Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 74- 7D/18 saylı müqaviləyə əsasən Cavabdeh2 MMC ünvan 2 ünvanda yerləşən, 7 (yeddi) otaqlı, 136.2 kv.m mənzilin dövlət reyestrində çıxarışda göstərilmiş (və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20 % əlavə etməklə 2-ci girişdə 6-cı mərtəbədə təmirsiz vəziyyətdə 3 (üç) otaqlı ümumi sahəsi 96 kv.m olan təmirsiz mənzili və həmin girişdə 7-ci mərtəbədə yerləşən 3 (üç) otaqlı, ümumi sahəsi 96 kv.m olan təmirsiz mənzili mülkiyyətçiyə verməyi, eləcə də yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 7 (yeddi) otaqlı mənzil üçün aylıq 1000 (bir min) manat kirayə haqqı verməyi öz üzərinə götürmüşdür. Mülkiyyətçi Cavabdeh1 söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh2 MMC-yə təhvil verilməsini təmin etməyi və mənzili tam boşaldaraq yüklü olmaması haqqında arayış və mənzilə dair mülkiyyət sənədlərinin əsillərini təqdim etmək şərti ilə Cavabdeh2 MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür.

14. 24.12.2019-cu il tarixli Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 74- 7D/18 saylı müqaviləyə əsasən Cavabdeh2 MMC ünvan 3 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan evlərdə Cavabdeh1 məxsus mənzilin söküntüsünü başa çatdırmış və hazırda həmin ərazidə yeni yaşayış binasının tikintisini həyata keçirərək, Cavabdeh1 sökülmüş mənzilinin əvəzində inşa olunan binalarda bu müqavilənin 1.4-cü bəndində göstərilən razılaşdırılmış mənzili onun istifadəsinə verməyi öhdəsinə götürmüş, Cavabdeh1 isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.

15. Müqavilənin 1.4-cü bəndinə əsasən Cavabdeh2 MMC ilkin müqavilə üzrə Cavabdeh1 ümumi sahəsi 96 kv.m olan təmirsiz mənzil və ümumi sahəsi 96 kv.m olan təmirsiz mənzil verməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasındakı müzakirələrə görə qarşılıqlı razılaşma əsasında bu müqavilənin 1.2-ci bəndində göstərilən mənzilin əvəzində Cavabdeh1 inşa olunan 7-ci binanın 6-cı mərtəbəsində ümumi sahəsi 98.63 kv.m olan təmirsiz mənzili və həmin binanın 7-ci mərtəbəsində ümumi sahəsi 98.63 kv.m olan təmirsiz mənzili verməyi öz öhdəsinə götürür, Cavabdeh1 isə bu müqavilə ilə ona verilən təmirsiz mənzilləri qəbul etməyi və satış arasında yaranmış fərqin dəyərini ödəməyi öz öhdəsinə götürür. Sahələr arasında yaranan fərqin hesabı: 197,26 kv.m- 192 kv.m = 5.26 kv.m x 1250= 6575 manat razılaşdırma ödəniş cədvəlinə əsasən 12 ay müddətinə Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-yə ödənilir.

16. xx.xx.2020-ci il tarixli Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 74- 7D/18 saylı müqaviləyə əsasən tərəflər arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli 74-7D/18 saylı müqavilə üzrə Cavabdeh1 ona verilmiş hər iki təmirsiz mənzili geri qaytarmış, əvəzində 7-ci binadan ümumi sahəsi 98.63 kv.m olan təmirsiz 2 (iki) mənzil əldə etmək istədiyini bildirmiş və sahələr arasında yaranan 6575 (altı min beş yüz yetmiş beş) manatlıq fərqi Cavabdeh2 MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Hazırda Cavabdeh1 ona verilmiş mənzilin yerləşdiyi binanın gələcəkdə tikilməyə başlayacağını nəzərə alaraq, həmçinin öhdəlik götürdüyü ödənişi ödəyə bilmədiyi üçün tikintisi tamamlanmış hazır binalardan birində mövcud layihəyə əsasən ona təmirsiz mənzillər verilməsi arzusunda olduğunu bildirir. Beləliklə, Cavabdeh2 MMC Cavabdeh1 istəyini nəzərə alaraq qarşılıqlı razılaşma əsasında mövcud layihəyə əsasən bu müqavilənin 1.2-ci bəndində göstərilən əmlakın əvəzində ilkin müqavilə üzrə verilmiş mənzillərin ümumi sahəsinə uyğun olaraq Cavabdeh1 tikintisi tamamlanmış 1-ci binanın, 1-ci girişinin, 7-ci mərtəbəsində ümumi sahəsi 94.76 kv.m olan təmirsiz mənzili və həmin binanın 2-ci girişinin,7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 94.76 kv.m olan təmirsiz mənzili verməyi və sahələr arasında yaranan fərqin kompensasiyasını müqavilə imzalandığı tarixdən etibarən 1 (bir) ay müddətində Cavabdeh1 bank hesabına ödəməyi öhdəsinə götürür, Cavabdeh1 isə bu müqavilə ilə ona verilən təmirsiz mənzilləri qəbul etməyi, ilkin müqavilə və hazırki müqavilə üzrə verilmiş mənzillərin sahələr arasında yaranan fərqin kompensasiyasını qeyd olunan müddətdə qəbul etməyi öz öhdəsinə götürür. Sahələr arasında yaranan fərqin kompensasiyası: 192 kv.m (ilkin müqavilə üzrə verilmiş mənzillər 96 kv.m + 96 kv.m ) – 189.52 kv.m (hazırki müqavilə üzrə verilmiş mənzillər) 94.76 kv.m + 94.76 kv.m )= 2.48 kv.m x 1300 manat = 3224 manat (üç min iki yüz iyirmi dörd manat).

17. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X9 ilə cavabdeh İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Şirvan şəhərində Qeydiyyat şöbəsində qeydə alınmış və 620 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir.

18. 36 saylı MKİS-in 233904 saylı arayışına əsasən Əliyev X3 rayonu, B.Dadaşov küçəsi 7 saylı evin 8 nömrəli mənzilində qeydiyyatsız yaşayır.

19. 19 avqust 2021-ci il tarixli məktubun məzmunundan görünür ki, X1 rayon, B.Dadaşov küçəsi 7, mənzil 8B saylı ünvanda təbii qaz istehlakçısı kimi xx.xx.2014-cü il tarixdən İstehsalat Birliyinin abonentlərin uçotu bazasında qeydiyyatdadır.

20. 01 sentyabr 2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, X4 adına ünvan 5 ünvanda 28 iyul 2017-ci il tarixdən **********7008A nömrəli abunə kodu ilə qeydiyyata alınaraq elektrik enerjisi ilə təchiz edilmişdir.

21. 11.02.2022-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

22. Şahid1 bildirmişdir ki, B.Dadaşov 15 küçəsində İddiaçıla qonşuluqda yaşamışdır. Mübahisələndirilən mənzildə 2016-cı ildən təmir işləri aparılmağa başlanılmışdır. Evin ümumi görünüşü qara qapı, qırmızı kərpicdən tikilmiş və taxta pilləkəndən ibarət olmaqla təsvir etmişdir. Evin 2-ci mərtəbəsinin tikilməsi üçün inşaat materialları alınmasında İddiaçı maddi köməklik göstərmişdir.

23. Şahid3 bildirmişdir ki, iş üzrə tərəflərdən İddiaçı tanıyır və onun tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsində yerləşən mənzilin tikinti işlərinin aparılması üçün ustafəhlə qismində cəlb edilmişdir. Əsasən hörgü işlərinin aparılmasında iştirak etmişdir. Təmirlə əlaqədar xərclər iddiaçı tərəfindən qarşılanmışdır. Xərclər ümumilikdə 20-25 min manat təşkil etmişdir.

24. Şahid X6 bildirmişdir ki, B.Dadaşov 17 ünvanda tərəflərlə qonşuluqda yaşamışdır. Həmin ünvanda 2004-cü ildən məskunlaşmışdır. Mübahisələndirilən mənzilin 2-ci mərtəbəsində yerləşən yaşayış evinə qaz, su və digər kommunal xərclərə köməklik etmişdir. Evin istilik təchizatı isə olmamışdır. Usta kimi həmin evin tikintisində də iştirak etmişdir.

25. Şahid X7 bildirmişdir ki, Cavabdeh1 ilə 40 ildən artıq bir müddətdə qonşuluq münasibətləri olmuş, nəinki ölkə daxilində Türkmənistanda da qonşuluq münasibətləri olmuşdur. Bu səbəbdən evin tikintisində Cavabdeh1 heç bir maddi qarşılığı olmadan yardım etmişdir. Evin 2-ci mərtəbəsi çardaq tipli olaraq yardımçı tikili kimi nəzərdə tutulmuşdur. Ümumi sahəsi 19-20 kv.m təşkil etmişdir.

26. Şahid X2 bildirmişdir ki, Cavabdeh1 ilə qonşuluq münasibətləri olmuşdur. Onun evi əsasən birmərtəbəli olmuş, sonradan çardaq kimi 2-ci mərtəbə əlavə edilmişdir.

27. Şahid X8 bildirmişdir ki, iş üzrə tərəflərin hər birini tanıyır, lakin qohumluq əlaqələri olmamışdır. İddiaçı Cavabdeh1 qızı Əliyeva Aynur ilə ailə həyatı qurduqdan sonra ünvan 3 ünvanında yaşamışdır. Təmir-tikinti işlərinin aparılmasını görməmişdir. Birgə nikahdan olan uşaqların da qayğısına Cavabdeh1 qalmışdır. Ümumilikdə İddiaçı ilə Əliyeva Aynur arasında nikah bağlandıqdan sonra onlar qısa müddətli olmaqla rayona getmiş sonra yenidən Əliyeva Aynurun yaşadığı evdə məskunlaşmışdırlar. Mübahisələndirilən 2-ci mərtəbə çardaq tipli tikili idi. Təmirsiz yeriydi. Həmin 2- ci mərtəbədəki çardağın sanitar qovşağı və s. yaşayış üçün əhəmiyyətli tikililəri mövcud olmamışdır.

28. Şahid Mordakova Tatyana Oleqovna iş üzrə tərəflərin hər birini tanıyır və bir qonşuluqda yaşamışdır. Əliyeva Aynur ailə həyatı qurandan o binada yaşamışdır. İddiaçı nikahdan sonra o evdə yaşamağa başlamışdır. Evin 2-ci mərtəbəsi çardaq tipli idi. Təmir işlərini Coşqun həyata keçirirdi. Adıçəkilən çardaqda 1 dəfə olmuş və müşahidə etmişdirki həmin yer balaca otaqlı və yaşayış üçün nəzərdə tutulmamışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

29. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

30. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur..

32. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

33. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

34. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

46. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

47. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

48. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi hallar çərçivəsində yeni müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilə bilməz. Çünki müvafiq iş üzrə digər tərəf, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilə mövcud olmuş, hazırda iddiaçının müəyyən etdiyi şərtlərlə yeni müqavilənin bağlanmasına cavabdehin məcbur edilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Buna görə də, bu tələb əsassızdır, təmin oluna bilməz. Müqavilənin bağlanması tərəflərin iradəsində asılı olan bir haldır ki, tərəflər, eləcə də iş üzrə cavabdeh əqdi imzalamaqdan imtina edə bilər. “Müqavilə azadlığı” prinsipi çərçivəsində tərəflər tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirə bilərlər.

51. İddiaçının üzərinə düşən sübutetmə yükü tələb etdiyi əmlakın onun mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehlərdə saxlandığının, cavabdehin (Cavabdeh1) həmin əşyaya qanunsuz sahiblik etmələrinin sübut olunmasıdır. Məhkəmənin qənaətinə görə iş üzrə dindirilmiş şahid ifadələri həmin hüququn mövcudluğunu sübut edə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

52. Məhkəmə iddia tələbinin ünvan 3 ünvanda yerləşən daşınmaz əmlaka dair rəsmi müqavilə bağlanması öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması hissəsində qeyd edir ki, burda iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 390-cı maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

53. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.

54. İddiaçı Nizami oğlu cavabdeh "xxxx" MMC ilə irəli sürdüyü şərtlər daxilində müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməsi tərəfləri «müqavilə azadlığı» prinsipinə ziddir. Belə ki, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi).

55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı «mülkiyyət hüququnun tanınması, müqavilə bağlamaq öhdəliyinin cavabdeh “Cavid-2016» MTK-nın üzərinə qoyulması tələbi»nə dair müki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)- 254/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

56. Kollegiya bildirir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin təmir-tikintisi zamanı çəkdiyi xərclərlə bağlı zəruri sübut və dəlillər əlavə edilməklə Cavabdeh1 qarşı “əsassız varlanma” tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Nəticə:

57. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş İddiaçı özünə aid edilməlidir.

59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-254/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar