Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3047/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-216/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 məxsus ünvan 1 ünvanında yerləşən 56 saylı mənzildən axıdılan suyun nəticəsində yararsız hala düşmüş ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilin təmir işləri üçün tələb olunan 2500 manat məbləğində pulun, 500 manat məbləğində mənəvi ziyanın, cəmi 3000 manat məbləğində vəsaitinin, habelə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun və iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 50 manat pulun əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi belə əsaslanırılmışdır ki, cinayət işinin rədd edilməsi haqqında qərardan da göründüyü kimi, hadisə nəticəsində ona, yəni X3 məxsus Ford Transit markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilə 7385 manat, atasına, yəni X4 məxsus Qaz-3302 yük markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə isə 600 manat maddi ziyan dəymişdir. Ona məxsus avtomobillərə ümumiyyətlə 7985 manat maddi ziyan dəymiş, həmin maddi ziyanın 5000 manat məbləği sığorta tərəfindən onlara ödənilmişdir. Belə ki, sığorta tərəfindən 4624 manat Ford Transit markalı avtomobilə görə, 376 manat isə Qazel markalı avtomobilə görə ödənilmişdir. Lakin qalan maddi ziyan isə bu günə qədər cavabdeh tərəfindən ona ödənilməmişdir. Cavabdehlə bu məsələni öz aralarında, məhkəmədənkənar həll etmək istəsə də, cavabdeh ona məxsus telefonlara cavab verməmiş və beləliklə, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-216/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Aytən Novruzova) ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 606 (altı yüz altı) manat məbləğində maddi ziyan, hüquqi xidmətlərin göstərilməsi ilə bağlı 50 (əlli) manat, ümumilikdə 656 (altı yüz əlli altı) manat və 30 (otuz) dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır.
4. İddiaçı qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında bildirmişdir ki, onun mənzilindən aşağı mənzilə su axıdıla bilməz və buna görə də məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Bundan sonra ona 2022-ci ilin noyabr ayının əvvəlində Nərimanov Rayon Məhkəməsindən məlumat verilmişdir ki, 7 noyabr 2022-ci il tarixdə evə baxış keçiriləməsi üçün eskpert gələcək. Hətta həmin gün üçün iş yerindən əvəlcədən icazə almış, lakin sonradan həmin gün qeyri-iş günü hesab edildiyi üçün ekspertizanın keçirilməsi baş tutmamışdır. Sonradan məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə ünvan 1, 43 saylı mənzilə baxış keçirilmiş, lakin cavabdehə məxsus ünvan 1, 56 saylı mənzilə baxış keçirilməmişdir. Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarxili, 10/6500 ekspert rəyinə diqqət yetirdikdə, məlum olmuşdur ki, eskpert Ziya Tağıyev qeyd edir ki, ünvan 1, 56 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığı səbəbindən su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır.
7. Halbuki, o keçirilən məhkəmə iclaslarında dəfələrlə bildirmişdir ki, suyun axıdılması onun mənzilindən yox, mərtəbəarası örtük konstruksiyalardan baş verir, bu da onun günahı deyil. Beləliklə də, mübahisənin əsas predmeti olan, su sızmasının texniki səbəbi müəyyən edilməmişdir. Belə olan halda, su sızmasının texniki səbəbini müəyyən edilməsi üçün iş üzrə təkrar mühəndis– texniki ekspertizasının təyin edilməsinə ehtiyac yaranmışdır. Təkrar ekspertizanın keçirilməsi haqqında vəsatət məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən vəsatətə heç bir münasibət bildirilmədi. Bundan əlavə nə Məhkəmə Ekspertizası Mərkəzinin eskperti Ziya Tağıyev nə də 116 saylı MKİS tərəfindən onun mənzilinə baxış keçirməmişdirlər. Lakin, Nərimanov Rayon Məhkəməsi öz qətnaməsində “...məhkəmə ekspertin rəyini mötəbər sübut kimi qiymətləndirib, habelə 21 iyun 2022-ci il tarixli 116 saylı MKİS tərəfindən tərtib olunmuş aktı nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçının mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən və cavabdehin mülkiyyətində olan mənzildən su axıdılmışdır...kimi öz qətnaməsini əsaslandırmağa cəhd etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə səthi araşdırılmış və qiymətləndirilmiş sübutlar əsasında gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
10. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil İddiaçı mülkiyyətindədir;
11. 21 iyun 2022-ci il tarixli 116 saylı MKİS tərəfindən tərtib olunmuş aktın məzmunundan görünür ki, Ağa Neymətulla küçəsi 69 saylı binanın 43-cü mənzilinin yuxarı mərtəbəsində yerləşən 56-cı mənzildə yaşayanlar tərəfindən 43 saylı mənzilə su axıdılmışdır. Su axması barədə 56-cı mənzilin sahibinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bu hal dəfələrlə təkrar olunur. Su axması nəticəsində 43 saylı mənzilin mətbəx və hamam hissələrinin tavanında, divarlarında qara ləkələr, çatlar əmələ gəlmişdir. Mənzilin təmirə ehtiyacı vardır.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6500 nömrəli rəyinin nəticə hissəsinə əsasən iş üzrə cavabdeh tərəfin baxışda iştirak etməməsi və Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 69 ünvanında yerləşən 56 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin, mülk iş materiallarında olan 116 saylı MKİS-nin rəisi Ə.Seyidov, mühəndis A.Şahmarov və işçi R.Oktyabrski tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən ünvan 3 ünvanda yerləşən 56 saylı mənzildən su axıdıldığı müəyyən olunur. ünvan 1 ünvanında yerləşən 43 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 606 manat məbləğində müəyyən olunmuşdur;
13. 01.08.2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı hüquqi xidmətlərin göstərilməsinə görə 50 manat məbləğində, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
15. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
16. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir;
17. Maddə 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Tətbiq edilən prosessual hüquq normaları:
18. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
19. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə texniki-tikinti ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/6500 nömrəli rəyinə əsasən ünvan 3 ünvanda yerləşən 56 saylı mənzildən su axıdıldığı müəyyən olunur. ünvan 1 ünvanında yerləşən 43 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 606 manat məbləğində müəyyən olunmuşdur. Beləliklə, işin hallarından və birinci instansiya məhkəməsi tərəfindən keçirilən ekspertiza nəticəsindən göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya su sızması nəticəsində 606 manat zərər dəymişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya şikayəti vermiş cavabdeh onun mənzilindən aşağı mənzilə su axıdılmaması barədə məhkəməyə biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədənkənar sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, Kollegiya qeyd edir ki, cavabdehin mənzilindən su sızması nəticəsində iddiaçının mənzilinə dəyən zərər ekspert rəyi ilə təsdiq olunduğundan rayon məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, bu səbəbdən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
21. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya şikayəti təmin edilə bilməz. Nəticə:
22. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nərimanov Rayon Məhkəməsinin 2(005)-216/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov