Məhkəmə qərarları › İş №2(103)-305/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-305/2023

27.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-305/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: “mülkiyyətdən məhrum edilmə nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə (hazırda MTK) qarşı “mülkiyyətindən məhrum edilmə nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, habelə xərclərin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)- 380/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15 ünvanında yerləşən 7 saylı fərdi yaşayış evinin ½ hissəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmış, həmin əmlakın yerləşdiyi ərazi Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 nömrəli, 03 noyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı rəhbər tutularaq icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmiş, bundan sonra MMC, iddiaçının razılığı olmadan evi sökmüş və onun yerləşdiyi ərazidə çoxmənzilli yaşayış binası inşa etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh MMC-yə (MMC) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi qismində torpağın dəyəri olaraq 490.000 manatın, evin dəyəri qismində 336.000 manatın, evində məhv edilmiş əşyaların dəyəri qismində 86.090 manatın, ümumilikdə 912.090 manat maddi zərərin əvəzinin, mənəvi zərərin əvəzi qismində 50.000 manatın, hüquqi xidmət üçün ödənilməli olan 2.500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun MMC-dən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-380/2018 saylı qətnaməsi ilə (hakim P.Hüseynov) iddia qismən təmin edilərək, vurulmuş maddi ziyana görə 288.000 manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının iddiaçıya aid edilməsi, 15 manatının isə Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat

4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən – iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv olunması və iddianın tam təmin edilməsi; cavabdeh şikayət verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, MA seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi 2009-cu ildən xüsusi mülkiyyətində, 0,1844 ha həyətyanı torpaq sahəsi isə istifadəsində olmuş, 2017-ci ilin may ayında özünü Cavabdeh MMC-nin işçisi kimi təqdim edən Pərviz adlı şəxs evinə gələrək Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına istinadən ona məxsus mülkiyyət də daxil olmaqla həmin ərazidə yerləşən binaların sökülərək yerində müasir tələblərə cavab verən binanın tikintisinin MMC-yə həvalə edildiyini, bu məqsədlə mülkiyyətinin onlar tərəfindən alınmalı olduğunu və evinin hər kv.m üçün şirkət tərəfindən ona 1.500 manat ödəniləcəyini, istifadəsində olan torpaq sahəsi üçün isə heç bir ödəniş edilməyəcəyini bildirmişdir. Bundan sonra 2017-ci ilin may-iyun aylarında MMC ilə evinin və istifadəsində olan torpaq sahəsinin alınması müqabilində ona ödəniləcək kompensasiyanın məbləği ilə bağlı danışıqlar olmuş, MMC, evinin alınması müqabilində həmin sahədə 5 il müddətinə tikiləcək binada ona ümumi sahəsi 150 kv.m mənzil, torpaq sahəsinin isə heç bir əvəz ödənilmədən ondan almağı təklif etmiş, şirkətin təklifi onu qane etmədiyi və istifadəsində olan torpağa görə şirkət hər hansı ödəniş etməkdən imtina etdiyi üçün razılaşmamışdır. Təkliflə razı olmadığından öz təkliflərinə razı salmaq üçün MMC ona təzyiqlər göstərmiş, ailəsini zorla evdən çıxaracağı, əşyalarını bayıra atacağı, evini söküb məhv edəcəyi ilə bağlı hədələmişdir. Bütün bu təzyiqlərə baxmayaraq, mülkiyyətçi olaraq tələblərinin təmin edilməsində israrlı olmuş, MMC-nin təklifinə razı olmadığından, MMC onu evindən çıxmağa məcbur etmək üçün ilk öncə evinin kommunal təchizat xətlərini kəsərək evinə su, qaz və elektrik enerjisinin verilməsinə imkan verməmiş, ətrafda yerləşən evləri sökərək qazıntı işləri aparmış, evinə gediş-gəliş yolunu bağlamışdır. Evində yaşamaq artıq mümkünsüz olduğuna, yəni qaz, işıq, su xətləri kəsilməsinə baxmayaraq, ailəsi ilə birlikdə evdə yaşamağa davam etmişlər. Mülkiyyətdən istifadəsinə yaradılmış maneənin aradan qaldırılması üçün 2017-ci ilin iyun ayında Cavabdeh MMC-yə qarşı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və iddianın təmini tədbiri qismində fərdi yaşayış evindən istifadə hüquqlarına qəsdən yaradılan maneələrin dərhal aradan qaldırılması, evin ətrafındakı xarabazarlığın dərhal təmizlənməsinin cavabdehin üzərinə vəzifə qoyulması, habelə cavabdehə, eləcə də digər şəxslərə onların əmlakı barədə hər hansı hərəkətlərin edilməsinə qadağa qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri barədə ərizəsini təmin etməmiş, bu qərardaddan verdiyi şikayətə isə baxılmamışdır. xx.xx.2017-ci il tarixdə ailəsinin qohumlarının evində olmasından istifadə edən MMC-nin işçiləri gecə evinin bir hissəni uçurmuş, bundan sonra o, MMC-yə qarşı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edərək, evinin bir hissəsinin məhv edilməsi və zədələnməsi nəticəsində əmlakına vurulmuş maddi ziyanın cavabdeh tərəfindən bərpa edilməsi, habelə cavabdehin qanunla qadağan edilmiş özbaşına əməlləri nəticəsində ona vurulmuş 50.000 manat dəyərində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu iddia ərizəsi ilə yanaşı iddianın təmini tədbiri qismində mülkiyyətində olan fərdi yaşayış evinin ətrafında aparılan və sakinlərin həyat və sağlamlığını təhlükə altında qoyan hər hansı qazıntı-tikinti və sair işlərin aparılmasının cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını istəmiş, lakin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli qərardadı ilə ərizəsini rədd etmişdir. Bu qərardaddan şikayət vermiş, məhkəmədə hər iki iddia ərizəsi üzrə məhkəmə prosesi davam etdiyi müddətdə və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadından şikayət verdiyi halda ev MMC tərəfindən tamamilə uçurularaq yerlə yeksan edilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2017-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadını ləğv etmiş və iddianın təmini barədə ərizəni qismən təmin edərək, evdən istifadə hüquqlarına cavabdeh tərəfindən qəsdən yaradılan maneələrin aradan qaldırılmasına qərar vermişdir. Bakı Apellyasiya Məhkəməsinin bu qərardadı qüvvəyə minsə də, ev artıq mövcud olmadığından, yəni qanunsuz olaraq şirkət tərəfindən məhv edildiyindən qərardadı icra etmək mümkün olmamışdır. Buna görə də, yəni ikinci məhkəmə işi üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadından verdiyi şikayətin heç bir mənası qalmadığı üçün bu şikayətinin geri qaytarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2017-ci il tarixli qərardadı ilə şikayətinin geri qaytarılmasına qərar vermişdir. Mülkiyyətinin qanunsuz və əvəzi ödənilmədən ondan alınması ilə bağlı məhkəməyə iddia ərizəsi verməklə yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Nəsimi Rayon İcra Hakimiyyəti də daxil olmaqla bir sıra dövlət orqanlarına yazılı müraciətlər etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarının 1.2-ci hissəsinə əsasən mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasının həyata keçirilməsi müvafiq icra hakimiyyətlərinə, o cümlədən Nəsimi Rayon İcra Hakimiyyətinə tapşırılmış, bu qərarın 1.2ci hissəsinin icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının tikinti və kommunal təsərrüfatı şöbəsinə və regionların inkişafı şöbəsinə tapşırılmışdır. Mülkiyyətinin ondan qanunsuz olaraq alınması ilə bağlı Nazirlər Kabineti və Nəsimi Rayon İcra Hakimiyyətinə etdiyi müraciətlərinə cavab olaraq, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2017-ci il tarixli R-70, R-70/2, və R-70/3 saylı məktublarla cavab verilmişdir ki, onun mülkiyyətinin yerləşdiyi ərazi Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 208 nömrəli 03 noyabr 2016-cı il qeydiyyat tarixli sərəncamı ilə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarı rəhbər tutularaq icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Daha sonra məktubda göstərilmişdir ki, yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və sair ilə bağlı sakinlərin kirayə edilmiş mənzillərdə yerləşdirilməsi və onlara tikiləcək binada ev verilməsi Cavabdeh MMC-yə tapşırılmışdır. Qeyd edilənlərdən göründüyü kimi nə Cavabdeh MMC, nə Nazirlər Kabineti, nə də Nəsimi Rayon İcra Hakimiyyəti ondan mülkiyyətinin alınması ilə bağlı qanunvericiliyin tələblərinə riayət etməmişdir. Onun mülkiyyət hüququna müdaxilə baş vermiş və bu müdaxilə mülkiyyətdən məhrum edilmə formasında olmuşdur. Belə ki, mülkiyyəti razılığı olmadan və heç bir qanunvericilik aktının tələbinə uyğun olmadan uçurulmuş və yerində Cavabdeh MMC tərəfindən bina tikilir. Mülkiyyətdən məhrum edilməyinin qanuni əsası olmamışdır. Qanunvericiliyin tələblərinə əsasən məhkəmənin qərarı olmadan heç kim mülkiyyətindən məhrum edilə bilməz, lakin o, məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilmişdir. Mülkiyyətdən məhrum edilməsi məhkəmə qərarı olmamaqla yanaşı dövlət ehtiyacı üçün də olmamışdır. Belə ki, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunun 3-cü maddəsində torpaqların dövlət ehtiyacları üçün yalnız bu qanunda nəzərdə tutulmuş hallarda alına bilməsi göstərilmişdir. Həm Nəsimi Rayon İcra Hakimiyyəti, həm də Cavabdeh MMC tərəfindən mülkiyyətindən məhrum edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarı əsasında həyata keçirildiyi bildirilmişdir. Həmin qərarda isə mülkiyyətin alınmasının əsasları kimi abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması göstərilmişdir. Göründüyü kimi, bu əsaslar da torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunun 3-cü maddəsində göstərilən dövlət ehtiyaclarına daxil deyildir. Mülkiyyətindən məhrum edildiyi üçün ona hər hansı kompensasiya ödənilməmişdir. Halbuki, ali qanun olan Konstitusiya tələb edir ki, hətta mülkiyyət dövlət ehtiyacları üçün alınarsa belə onun əvəzi əvvəlcədən ödənilməlidir. Onun isə qeyd etdiyi kimi, mülkiyyətdən məhrum edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarı əsasında olmuşdur. Mülkiyyətdən məhrum edilməsinin əsası kimi həm Nəsimi Rayon İcra Hakimiyyəti, həm də həmin sahədə tikinti işlərini aparan şirkət qeyd edilən qərara istinad etsələr də, həmin qərarın tələblərinə riayət etməmişlər və bu qərarın tələblərinə riayət edilməsinə nəzarət etməli olan Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün qərarının tələblərinə və digər qanunların tələblərinə zidd mülkiyyətindən məhrum edilməsinə göz yummuşdur. Ali hüquqi qüvvəyə malik olan Konstitusiya əmlakın tam müsadirəsini qadağan edir və dövlət ehtiyacları üçün alındıqda mülkiyyətin dəyərinin əvvəlcədən ədalətli ödənilməsini tələb edir. Lakin mülkiyyətindən məhrum edilməsi ilə bağlı ona kompensasiya verilmədən əmlakı məhv edilmişdir ki, bunun da nəticəsində ona maddi və mənəvi zərər vurulmuşdur. Faktiki hallardan göründüyü kimi, o, mülkiyyətini Cavabdeh MMC-yə təhvil vermədiyi halda, onun və ailə üzvlərinin evdə olmadığından istifadə edərək evini uçurtmuşlar və həmin vaxt evində olan ona məxsus əmlak məhv edilmişdir. Evini özü satmış olsaydı, evinin və istifadəsində olan torpaq sahəsinin hər kvadrat metrini ən azı 3.500 manata sata bilərdi. Çünki evi yüksək səviyyədə təmirli olmuş, şəhərin mərkəzində və əlverişli yerdə yerləşmiş və həmin ünvanda yaşayış və ya qeyri-yaşayış sahəsinin kvadrat metri 3.500 manatdan aşağı olmamışdır. Mülkiyyətində 96 kv.m yaşayış sahəsi olmuşdur. Beləliklə, əlindən uçurularaq alınmış evinin dəyəri 336.000 manat, istifadəsində olmuş 140 kv.m torpaq sahəsinin isə əvəzi ödənilmədən alınması nəticəsində ona vurulmuş maddi zərər 490.000 manat olmuşdur. Həmçinin, evinin uçurulması zamanı onun və ailəsinin istifadəsində olan aşağıdakı əşyalar məhv edilmişdir - “Bosch” markalı soyuducu - 1.200 manat, mətbəx mebeli – 2300 manat, paltaryuyan maşın - 540 manat, qaz plitəsi - 470 manat, mikrodalğalı soba - 350 manat, aspirator - 280 manat, qabyuyan maşın - 120 manat, ariston - 140 manat, qaz kolonkası - 70 manat rakovina - 200 manat, unitaz - 150 manat, duş-kabina - 400 manat, paltar dolabı - 290 manat, masa+6 stul - 1300 manat, 2 ədəd “Samsung” markalı televizor – 1.300 manat, DVD+ev kinoteatr - 1400 manat, “Toshiba” markalı audiomagnitofon, “Panasonic” markal videomagnitofon, 2 ədəd kondisioner – 1.000 manat, divan- 500 manat, 2 ədəd kreslo - 700 manat, qoz ağacından kitab şkafı – 800 manat, 2 nəfərlik çarpayı - 1.400 manat, paltar dolabı - 460 manat, podservantnik – 350 manat, kamin - 4000 manat, masa+6 stul (qonaq otağı) – 1.900 manat, servant – 700 manat, qorka – 1.000 manat, divan+kreslo - 800 manat, 4 otaq üçün pərdə - 1.000 manat, karniz (5*250) – 1.250 manat, seyf qapı – 1.800 manat, 3 ədəd plastmas masa - 600 manat, 20 ədəd plastmas kreslo – 1.000 manat, 20 ədəd plastmas taburetka - 600 manat, manqal+şiş - 550 manat, 1913-cü ilin samovarı - 2000 manat, medallar, 9 ədəd kişi kostyumu – 4.500 manat, 3 ədəd palto - 1200 manat, 4 ədəd gödəkçə - 780 manat, 10 ədəd kişi köynəyi - 700 manat, 7 ədəd sviter - 630 manat, 4 ədəd şalvar - 480 manat, 3 ədəd cins - 420 manat, 6 cüt ayaqqabı – 1.200 manat, dublyonka – 1.700 manat, 8 ədəd köynək - 560 manat, parfum (Creed Aventus) - 400 manat, parfum (Shaikh) - 650 manat, parfum (Tom Ford) - 300 manat, 6 ədəd xalça – 4.200 manat, Kobalt serviz çay+obed 24 – 8.000 manat, gümüş qaşıq+çəngəl+bıçaq – 4.000 manat, gümüş qaşıq və lopatka – 1.000 manat, Çexiya istehsalı serviz 12 - 350 manat, Polşa istehsalı serviz 12 - 700 manat, xrustal qablar – 1.000 manat, Çexiya istehsalı çılçıraq - 500 manat, Şuba (Karakul) – 500 manat, Şuba (Norka) – 2.000 manat, qadın geyimləri – 2.400 manat, brilliant kulon – 10.000 manat, brilliant və sapfir kulon – 5.000 manat, cəmi isə 86.090 manat dəyərində əşyalar. Beləliklə, evinin və torpağının əvəzi ödənilmədən alınması nəticəsində ona 912.090 manat məbləğində maddi zərər vurulmuşdur. Cavabdehin qanunvericiliyin tələblərini pozması səbəbindən o, vurulmuş maddi və mənəvi zərərin tələb edilməsi üçün hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsi məqsədilə "xxxx" MMC şirkətilə hüquqi xidmət göstərilməsi üçün müqavilə bağlamalı olmuşdur. Hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin tələblərinə əsasən o, "xxxx" MMC şirkətinə 2.500 manat ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, hüquqi xidmət üçün ödəməli olduğu 2.500 manat da cavabdeh tərəfindən dəymiş zərərin əvəzi kimi ona ödənilməlidir. Eyni zamanda, ev 1890-cı ildə ata-babaları tərəfindən tikilmiş və sonrakı illərdə müəyyən təmir işləri görülmüşdür. Yəni evin onun üçün tarixi və mənəvi dəyəri olmuşdur, evdə çox xatirələri mövcuddur. Evinin və həmin xatirələri yaşadan əşyaların fiziki cəhətdən mövcudluğu həmin xatirələrini daim hazırda mövcudmuş kimi canlanmasına səbəb olmuşdur. Evin uçurdulması və bu zaman evinin içərisində olan əşyaların məhv olması ilə onun xatirələrini də əlindən almışlar. Bütün bunlar ona və ailəsinə ciddi sarsıntı yaşatmışdır. Bu sarsıntı o qədər böyük olmuşdur ki, yaşlı atası xəstələnmiş və xəstəxanaya düşmüşdür. Evlə yanaşı ailəsi, qohumları və dostları ilə birlikdə istirahət etmək üçün daima həyətindən istifadə etmişdir. Həmin həyətyanı sahənin də heç bir əvəz ödənilmədən ondan alınması onu daimi olaraq bu şəkildə istirahət etmək imkanından da məhrum etmişdir ki, bu da onun ciddi sarsıntı keçirməsi ilə nəticələnmişdir. Baş verənlər nəticəsində ona vurulmuş mənəvi zərəri 50.000 manat məbləğində dəyərləndirir.

6. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qeyd edilən ünvanın ½ hissəsi paylı mülkiyyət hüququ ilə iddiaçının, digər ½ hissəsi isə X4 mülkiyyətində olmuş, Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcüd şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, xx.xx.2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmiş, eyni zamanda ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi MMC-yə həvalə edilmişdir. Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcud sahələrindən 20% əlavə sahə verilməklə və aylıq kirayə haqları, eləcə də əşyaların daşınması xərcləri ödənilmək şərtilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış sahələri sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, iddiaçı və onun əmisi oğlu olan X5 (fərdi yaşayış evinin digər ½ hissəsinin mülkiyyətçisi) ilə qarşılıqlı razılıq əldə edilmiş, onlara kirayə haqları ödənilməsi və tikiləcək yeni hündürmərtəbəli binada mənzillərin verilməsi şərtilə evlərindən köçmələri qərara alınmışdır. Ondan sonra, mübahisəli fərdi evin mülkiyyətçiləri bütün əşyalarını daşımışlar və aylıq kirayə haqlarını qabaqcadan almaqla kirayə evlərə köçmüşlər, o cümlədən fərdi evlərini sökmüşlər. Mübahisəli evin ½ hissəsinin mülkiyyətçisi olan X5 Cavabdeh MMC ilə yeni mənzil üçün müqavilə imzalamış, lakin İddiaçı aylıq kirayə haqqını almasına baxmayaraq, şifahi razılaşmanın şərtlərini qismən pozaraq, heç bir məntiqə sığmayan tələblər irəli sürərək, yeni mənzil üçün Cavabdeh MMC ilə müqavilə bağlamaqdan faktiki imtina etmişdir. İddiaçı Cavabdeh MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq, mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən evin bir hissəsini məhv edilməsi və zədələnməsi nəticəsində əmlakına vurulmuş maddi ziyanın cavabdeh tərəfindən bərpa edilməsi, habelə cavabdehin qanunla qadağan edilmiş özbaşına əməlləri nəticəsində ona vurulmuş 50 000 manat dəyərində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı xx.xx.2017-ci il tarixdə başqa cavabdehin cəlb edilməsi və iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək, Nəsimi Rayon İcra Hakimiyyətinin cavabdeh olaraq işə cəlb edilməsi və iddia ərizəsi üzrə tələblərin Cavabdeh MMC ilə yanaşı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən də təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı xx.xx.2018-ci il tarixdə başqa cavabdehlərin işə cəlb edilməsi və iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nəsimi Rayon İcra Hakimiyyətinin cavabdeh qismində işə cəlb edilməsini və hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA, ******* saylı Çıxarışa əsasən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməyinin nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq, torpağın dəyəri olaraq 490.000 manatın, evin dəyəri olaraq 336.000 manatın və evində məhv edilmiş əşyaların dəyəri olaraq 80.090 manatın, yəni ümumilikdə 912.090 manatın və mənəvi zərərin əvəzi olaraq 100.000 manatın cavabdehlərdən müştərək qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı xx.xx.2018-ci il tarixdə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət etmiş, hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA, ******* saylı çıxarışa əsasən mülkiyyətimdə olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməyinin nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 490.000 manatın, evin dəyəri olaraq 336.000 manatın və evində məhv edilmiş əşyaların dəyəri olaraq 86.090 manatın, yəni ümumilikdə 912.090 manatın, mənəvi zərərin əvəzi olaraq 50.000 manatın, hüquqi xidmət üçün ödənilməli olan 2.500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı ilk öncə ünvan 3 ünvanında yerləşən evin bir hissəsini məhv edilməsi və zədələnməsi nəticəsində əmlakına vurulmuş maddi ziyanın cavabdeh tərəfindən bərpa edilməsi və cavabdehin qanunla qadağan edilmiş özbaşına əməlləri nəticəsində ona vurulmuş 50.000 manat dəyərində mənəvi ziyanın tələb etmişdir. Yəni, iddiaçı iddia etmişdir ki, onun mülkiyyətində olan evinin bir hissəsi uçurulub yerlə-yeksan edilmişdir, evin içində olan mebel və digər əmlakı zədələnmişdir. İddiaçının iddia etdiklərinin dogru olduğu fərz olunsa əgər, onda bir hissəsi məhv edilmiş evin və zədələnmiş əmlakın məntiqlə foto və video görüntüləri mütləq çəkməli idi. Lakin bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Digər tərəfdən iddiaçı, əmlakın (mebelin və digər əşyaların) qismən zədələndiyini gördüyü halda, niyə həmin əmlakının mühafizəsini təşkil etməmiş, daşımamışdır?. İkincisi, iddia tələblərinin tez-tez dəyişdirilməsi barədə ərizələr verməklə və hər dəfə müxtəlif rəqəmlər qeyd etməklə, əslində iddiaçı sadəcə fürsətdən istifadə etməklə asan yolla qazanc, mənfəət əldə etməyə çalışdığını biruzə vermişdir. Belə ki, xx.xx.2018-ci il tarixli iddia tələbinin dəyişdirilməsinə dair ərizədə, evində məhv edilmiş əşyaların dəyəri olaraq 80.090 manat və mənəvi zərərin əvəzi olaraq 100.000 manat (ilk iddia ərizəsində mənəvi zərər 50.000 manat) tələb etdiyi halda, xx.xx.2018-ci il tarixli iddia tələbinin dəyişdirilməsinə dair ərizədə evində məhv edilmiş əşyaların dəyəri olaraq 86.090 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat tələb etmişdir. Eləcə də, məhkəmə kobud prosessual pozuntulara yol vermişdir. Belə ki, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli ərizələrdə, iddiaçı Nəsimi Rayon İcra Hakimiyyətini və Azərbaycan Respublikası Nazirlər Kabineti iş üzrə cavabdehlər qismində cəlb edilməsini məhkəmədən xahiş etmiş, sonradan həmin təşkilatların cavabdehlər siyahısından çıxarılması barədə heç bir ərizə və yaxud məhkəmə qərardadı olmamasına baxmayaraq, qətnamədə məhkəmə işin bu hallarına heç bir hüquqi qiymət verməmiş, yalnız Cavabdeh MMC-ni cavabdeh qismində göstərmiş və ona nisbətdə iddia tələbini qismən təmin etmişdir. O cümlədən, iddiaçı xx.xx.2018-ci il tarixli iddia tələbinin dəyişdirilməsinə dair ərizədə “hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA, ******* saylı çıxarışa əsasən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməyinin nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 490.000 manatın, evin dəyəri olaraq 336.000 manatın və evində məhv edilmiş əşyaların dəyəri olaraq 86.090 manatın, yəni ümumilikdə 912.090 manatın, mənəvi zərərin əvəzi olaraq 50.000 manatın, hüquqi xidmət üçün ödənilməli olan 2.500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin cavabdehin adını konkret göstərməmiş, yəni iş üzrə cavabdeh olan 3 hüquqi şəxsin hansından tutulmasını dəqiqləşdirməmiş, məhkəmə də bu qeyri-müəyyənliyə aydınlıq gətirmədən, qətnamədə Cavabdeh MMC-dən iddiaçının xeyrinə maddi ziyanın tutulmasını qət etmişdir. Məhkəmə qətnaməsində ümumiyyətlə digər cavabdehlərlə bağlı heç bir məlumat göstərilməmişdir. Məhkəmə qətnaməsinin 7-ci səhifəsinin 9-cu abzasında göstərilir ki, “məhkəmə iddia tələbinin evin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən ünvan 4 ünvanında yerləşən 192 kv.m tikintialtı torpaq sahəsi ilə birlikdə evin bazar dəyəri 576 000 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, ünvan 3 ünvanının ½ hissəsi İddiaçı mülkiyyətində olduğundan vurulmuş maddi ziyana görə həmin məbləğin yarısı- 288.000 manat Cavabdeh MMC-dan alınaraq iddiaçıya ödənilməlidir”. Birincisi, məhkəmənin özəl bir təşkilatı "xxxx" elan etməyi, həmin MMC-nin işçilərini də (təhsilləri, iş stajları bəlli olmayan şəxsləri) ekspert qismində tanınması absurddur. Halbuki mövcüd təcrübədə müstəqil, özəl şirkətlər mütəxəssis qismində cəlb edilməklə aidiyyəti dövlət təşkilatına ekspertizanın həvalə edilməsi praktikası vardır. İkincisi, məhkəmə öz qərardadında ekspertlərə Cinayət Məcəlləsinin 297 və 298-ci maddələri ilə xəbərdarlıq edilməsini tapşırsada, "xxxx" MMC verdiyi rəyində kiməsə (daha doğrusu ekspert olmadığı üçün) belə bir xəbərdarlıq edildiyini qeyd etməmişdir. Üçüncüsü, məhkəmə ekspertiza təyin etsə də, "xxxx" MMC ekspertiza rəyi yox, qiymətləndirmə rəyi vermişdir. Həmin MMC-nin direktoru Orxan Əsədli adlı şəxs ümumi sözlərdən ibarət bir qiymətləndirmə rəyi vermiş, tərəf olaraq onların iştirakını təmin etməmiş, hətta mübahisəli evə yerində belə baxış keçirməmişdir. Dördüncüsü, məhkəmə ekspertiza ilə bağlı 18 yanvar 2018-ci il tarixdə qərardad qəbul edildikdən sonra və mülki iş "xxxx" olan-"xxxx" MMC-yə göndərəndən sonra İddiaçı 06 mart 2018-ci il tarixdə “İNVEST-EM” qiymətləndirmə şirkətinə müraciət edir və ekspert rəyi alır. Bundan sonra "xxxx" MMC xx.xx.2018-ci il tarixdə qiymətləndirmə rəyi verir və həmin rəydə “İNVEST-EM” qiymətləndirmə şirkətinin ekspert rəyinə istinad edir. Ən maraqlısı "xxxx" MMC-nin rəyinin 4-cü maddəsində qeyd edilənlərdir. Orada göstərilir ki, qiymətləndirmə tarixində ev mövcüd olmadığına görə, evin bazar dəyəri təqdim edilmiş sənədlər və mülkiyyətçinin məlumatları əsasında, həmin sənədlərlə yanaşı "xxxx" MMC tərəfindən verilmiş rəydir. Açıq-aşkar görünür ki, "xxxx" MMC tam qeyri-qanuni bir rəy vermişdir. Bundan əlavə, ekspertiza rəyində qiymətləndirmə obyektinə aid təqdim edilmiş sənəd yalnız ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququna dair iddiaçıya verilmiş MA ******* saylı, xx.xx.2018-ci il tarixli Çıxarış (baxmayaraq rəy xx.xx.2018-ci il tarixdə verilmişdir), əslində iddiaçının adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evə görə verilmiş, DƏDRX tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli Çıxarışa əsasən evin ümumi sahəsi 126.6 kv.m, həyətyanı tikili və qurgular isə 6.4 kv. m olmaqla, cəmi 133 kv.m-dən ibarətdir (bu rəqəmləri iddiaçınınm məhkəməyə təqdim etdiyi 11/955 saylı, xx.xx.2017-ci il tarixli arayış, forma-1-də təsdiq edir). Nəzərə alınsa ki, iddiaçının həmin evə yalnız ½ hissə payı vardır, onda 66,5 kv.m tikili sahəninin, əmlakın qiymətləndirilməsi aparılmalı idi. Lakin rəydə 192 kv.m sahənin qiymətləndirildiyi göstərilir. Həmin həcmdə sahəni (192 kv.m rəqəmi haradan götürüldüyü) hansı əsasla qiymətləndirildiyi anlaşılmaz olaraq qalmışdır. Məhkəmə pilot layihələrinin mahiyyətinə varmadan, məqsədin vətəndaşların mənzil-məişət şəraitin yaxşılışdırılması olduğunu nəzərə almadan, işin hallarını araşdırmadan, mübahisəli evin hissəvi payla iddiaçıya məxsus olduğunu, digər hissəsinin sahibi ilə müqavilə bağlandığı, iddiaçının özünün hər ay kirayə pulu aldığını və digər önəmli hallara diqqət etmədən mübahisənin mahiyyətinə zidd qətnamə çıxarmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) xx.xx.2019-cu il tarixli, 2(103)- 1369/2019 saylı qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-380/2018 saylı, 13 iyun 2018-cı il tarixli qətnaməsi dəyişdirilərək Cavabdeh MMC-dən alınmalı olan maddi ziyanın məbləğinin 229.000 manat müəyyən edilməsi, qətnamənin Cavabdeh MMC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-380/2018 saylı qətnaməsinin İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh MMC-dən 150 manat qiymətləndirmə xərcinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir.

c) Kassasiya instansiya məhkəməsində icraat

8. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-70/2020 saylı qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.Əsgərov, S.Hacıyev) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 1369/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

10. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “..."xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, QXM/120M nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 5 ünvanda yerləşən 192 kv.m tikintialtı torpaq sahəsi ilə birlikdə evin bazar dəyəri 576.000 manat, ünvan 5 ünvanda yerləşən 140,7 kv.m açıq torpaq sahəsinin bazar dəyəri 351.750 manat müəyyən edilmişdir. ..."xxxx" MMC-nin 15 may MB12/545 saylı rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15 ünvanında yerləşən 96.0 kv.m. ümumi sahədən ibarət olan 7 saylı fərdi yaşayış evinin 166.35 kv.m. torpaq sahəsinə tam mülkiyyət hüququ olduğu halda 15 may 2019-cu il tarixinə hesablanmış bazar dəyəri 483.000 (dörd yüz səksən üç min) manat təşkil edir."xxxx" MMC-nin 18 iyul MB12/675 saylı 15 may MB12/545 saylı ekspert rəyinə əlavədə qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu. Şamil Əzizbəyov küçəsi, dalan 15, ev 7 nömrəli (hazırda sökülmüş) fərdi yaşayış evin, yerləşdiyi və həyətyanı torpaq sahəsi də nəzərə alınmaqla birlikdə olan orta bazar dəyəri 458.000 (dörd yüz əlli səkkiz min) manat təşkil edir. Yuxarıda göstərilən qiymət "xxxx" MMC qiymətləndirmə şirkətinin mənzil bazarında aylıq topladığı məlumat bazasına əsaslanıb."xxxx" MMC-nin 31 iyul MB12/709 saylı 15 may 2019-cu il tarixli, MB 12/529 saylıEkspert Rəyi, MB 12/675 saylı, 18 iyul tarixli Arayışa əlavədə qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15, 7 nömrəli (hazırda sökülmüş) fərdi yaşayış evin, yerləşdiyi və həyətyanı torpaq sahəsi də nəzərə alınmaqla birlikdə mövcud olan real bazar dəyəri 916.000 (doqquz yüz on altı min) manat təşkil edir;"xxxx" MMC 01 avqust MB12/711 saylı məktubunda göstərmişdir ki, 15 may 2019-cu il tarixli, MB 12/529 saylı Ekspert Rəyi, MB 12/675 saylı, 18 iyul və MB 12/709 saylı, xx.xx.2019cu tarixli Arayışlara əlavə olaraq bildirir: 1) 15 may 2019-cu il tarixli, MB 12/529 saylı Ekspert Rəyi, MB 12/675 saylı, 18 iyul və MB 12/709 saylı, xx.xx.2019 tarixli Arayışlarda aşkar edilmiş texniki səhvlər nəzərə alınmaqla etibarsız hesab edilsin. 2) Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15, ev 7 nömrəli (hazırda sökülmüş) həyətyanı tikili və qurğular nəzərə alınmaqla fərdi yaşayış evin (Azərbaycan Respublikası, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınma/ Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 Çıxarış), yerləşdiyi (istifadəsində olduğu 0,01844ha) torpaq sahəsi ilə birlikdə yenidən aparılmış hesablama nəticəsində orta bazar dəyəri 458.000 (dörd yüz əlli səkkiz min) manat təşkil edir. 3) Yuxarıda göstərilən qiymət Azərbaycan Respublikası, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 Çıxarışa əsaslanıb. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin işin materialları üzrə gəldiyi nəticələrə əsasən mübahisə predmeti olan və hazırda sökülmüş fərdi yaşayış evi ilə bağlı "xxxx" MMC-nin 01 avqust 2019-cu il tarixli yekun rəyi(məlumatı) mötəbər hesab edilir. Çünki, bu rəy mübahisə predmeti olan (hazırda sökülmüş) evin həyətyanı tikili və qurğuları, həmçinin evə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda olan bütün məlumatlar, göstəricilər, eləcə də evin yerləşdiyi, dövlət mülkiyyətində olan, iddiaçıya istifadə hüququ ilə məxsus olan 0,01844 ha torpaq sahəsi ilə birlikdə nəzərə alınmaqla qiymətləndirilmişdir. Əks halda, yəni həyətyanı tikili və qurğuları da nəzərə alınmaqla cəmi 133 kv.metr olan fərdi yaşayış evinin 458 000 (dörd yüz əlli səkkiz min) manat dəyərində olması inandırıcı və ağlabatan deyildir. Ona görə də, iddiaçı mübahisəli, hazırda sökülmüş fərdi yaşayış evinin ikidə bir hissəsinin mülkiyyətçisi olduğundan, həmin məbləğin yarısı, yəni 229 000 (iki yüz iyirmi doqquz min) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticəyə əsasən isə iddiaçı həyətyanı torpaq sahəsindən məhrum edilməsinə görə 490 000 (dörd yüz doxsan min) manat maddi ziyan tələb etsə də, bu tələb əsaslı hesab edilə bilməz. Çünki, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 Çıxarışda göstəriləndən əlavə ona hansısa ölçüdə həyətyanı torpaq sahəsinin məxsus olması mötəbər sübutlarla təsdiq olunmur. Yəni, iddiaçının adına istifadə hüququ ilə məxsus olan 0,01844 ha. torpaq sahəsindən əlavə, hansısa ölçüdə həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir hüquqla onun adına qeydiyyatdan keçməmişdir. Belə vəziyyətdə, yəni həyətyanı torpaq sahəsi hesab edib iddia etdiyi, lakin hansısa hüquqla ona məxsus olmayan torpaq sahəsinə görə tələb edilən maddi zərər təmin oluna bilməz.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin əsası kimi hər hansı maddi hüquq normalarına istinad etməmişdir.Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, məhkəmə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qətnaməsinin maddi ziyanın məbləği hissəsində dəyişdirilməsi və İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi nəticələrinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin 01 avqust 2019-cu il tarixli yekun rəyini (məlumatını) mötəbər rəy hesab edərkən mübahisə predmeti olan (hazırda sökülmüş) evin həyətyanı tikili və qurğuları, həmçinin evə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda olan bütün məlumatlar, göstəricilər, eləcə də evin yerləşdiyi, dövlət mülkiyyətində olan, iddiaçıya istifadə hüququ ilə məxsus olan 0,01844 ha torpaq sahəsi ilə birlikdə nəzərə alınmaqla qiymətləndirilməli olmasına istinad edərkən iş üzrə sonuncu ekspert rəyinə 3 dəfə dəqiqləşmə verilməsi və hər dəfə də yol verilmiş müəyyən səhvlərin nəzərə alınmalı olması baxımından bu rəyin mötəbər və tutarlı sübut növü kimi qiymətləndirilməsinə kifayət qədər əsas olmamasına düzgün hüquqi qiymət verməmişdir.Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olmaqla həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın.Həmçinin də, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. ...Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 çıxarışda göstəriləndən əlavə ona hansısa ölçüdə həyətyanı torpaq sahəsinin məxsus olması mötəbər sübutlarla təsdiq olunmamasına istinad edərək iddiaçının həyətyanı torpaq sahəsindən məhrum edilməsinə görə 490.000 (dörd yüz doxsan min) manat maddi ziyan tələbini əsaslı saymamışdır. Buna səbəb kimi, apellyasiya məhkəməsi iddiaçının adına istifadə hüququ ilə məxsus olan 0,01844 ha. torpaq sahəsindən əlavə, hansısa ölçüdə həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir hüquqla onun adına qeydiyyatdan keçməməsini göstərmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli evin texniki pasportunun göstəricilərini nəzərə almamışdır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1996-cı ilin iyun ayında tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportundan görünür ki, iddiaçının mülkiyyətinin yerləşdiyi ünvanda cəmi tikintinin sahəsi 192,0 kv.m., cəmi meydançanın (tikilinin altında olan və həyətyanı sahə bilikdə) 332,7 kv.m torpaq sahəsi istifadəsində olmuşdur”.

ç) Təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiya məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-3809/2020 saylı qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova, F.F.Babayev) iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-380/2018 saylı qətnaməsinin İddiaçı “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 490.000 manatın, mənəvi zərərin əvəzi qismində 50.000 manatın ödənilməsi” tələblərinin təmin olunmaması hissəsində ləğv olunması, həmin iddia tələblərinin qismən təmin edilməsi, istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 manat, mənəvi zərərin əvəzi qismində 500 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi, qeyd olunan iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin “vurulmuş maddi ziyana görə 288.000 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi” hissəsində dəyişdirilməsi, Cavabdeh MMC-dən 283.200 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin təqdim edilməsi ilə bağlı dövlət rüsumu qismində ödədiyi 15,40 manat Cavabdeh MMC-dən alınaraq İddiaçı, təkrar apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmənin xərci olan 150 (yüz əlli) manat isə alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab №: AZ38ATAZ********************, "xxxx" ASC-nin Nəsimi filialı) köçürülmüşdür.

d) Təkrar kassasiya baxışı zamanı kassasiya instansiya məhkəməsində icraat

12. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-1676/2021 saylı qərarı ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov, V.Həsənov) iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-3809/2020 nömrəli qətnaməsinin kassasiya şikayətləri ilə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

e) Əlavə kassasiya instansiyası məhkəməsində icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh MMC-nin əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmasından imtina olunmuşdur.

ə) Konstitusiya məhkəmə icraatı

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 fevral 2022ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı mülkiyyətində olan evindən və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, habelə xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,05 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsinə dair” hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmayan hesab edilməsi, müvafiq məhkəmə aktı həmin hissədə icra edilməməsi və işə həmin hissədə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır.

16. Qərarda göstərilmişdir ki, mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərar (bundan sonra – Nazirlər Kabinetinin Qərarı) qəbul etmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nazirlər Kabinetinin Qərarını rəhbər tutaraq, onun icrası məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Rayon İcra Hakimiyyətinə ünvanlanmış 19 iyul 2016-cı il tarixli Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq həmin rayonun Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilməsi barədə 3 noyabr 2016-cı il tarixli 208 nömrəli Sərəncamı (bundan sonra – Sərəncam) qəbul etmişdir. Həmin Sərəncamın 2.2-ci bəndinə əsasən, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında Cavabdeh MMC-yə tapşırılmışdır. Ş.Əzizbəyov küçəsi dalan 15 ev 7 ünvanında yerləşən mübahisəli ev və torpaq sahəsi də Cavabdeh MMC-nin icarəsinə verilmiş söküntüyə məruz qalan əraziyə daxil olmuşdur. Nazirlər Kabinetinin adıçəkilən Qərarı da insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi məqsədini daşıyır. Bu istiqamətdə hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması tikinti şirkətlərinin üzərinə bir vəzifə kimi qoyulur.

17. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 1 sentyabr 2020-ci il tarixli qətnaməsində Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun həqiqiliyini və mötəbərliyini (müxtəlif tarixli həmin sənədlərin surət olmaqla lazımi qaydada təsdiq olunubolmamasını və s.) araşdırmadan, mübahisəli həyətyanı sahə üzərində həyata keçirilən istifadə hüququnun qanuni olub-olmamasını tədqiq etmədən, Siyahının 2.4-cü bəndini və “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsini tətbiq etmişdir. Halbuki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə aşağıdakı imkanları təqdim etmişdir: - işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə - mütəxəssislərə müraciət etmək; - yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; - işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək və s. (Mülki Prosessual Məcəllənin 64.1, 79.1 və 97.1-ci maddələri).

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə iş üzrə həyətyanı torpaq sahəsinin ½ hissəsi ilə bağlı həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş və mübahisənin qanuni həllinə yönəlmiş yuxarıda göstərilən müvafiq maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

19. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın (bundan sonra – Siyahı) 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar evlərə dair mülkiyyət hüququnu təsdiq edən sənəd kimi müəyyən edilmişdir.

20. Xüsusilə vurğulanmalıdır ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəd kimi texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərilmişdir (Siyahının 2.4-cü bəndi).

21. Beləliklə, Azərbaycan SSR-in qanunvericiliyinə əsasən Azərbaycan SSR-in ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair mülkiyyət hüququ evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar ilə müəyyən edildiyi halda, mülkiyyət hüquqları qeydiyyata alınmış həmin yaşayış evinin torpaq sahəsinə münasibətdə isə bu sənəd kimi (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) texniki pasport çıxış edir.

22. Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport ilə İddiaçı mülkiyyətinin yerləşdiyi ünvanda torpağın ümumi sahəsi 332,7 kv.m (tikilinin altında olan və həyətyanı sahə ilə birlikdə), açıq torpaq sahəsi 140,7 kv.m, tikintinin sahəsi isə 192,0 kv.m göstərilmişdir.

23. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən verilmiş Çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi 14 noyabr 2009-cu ildən İddiaçı xüsusi mülkiyyətinə, 0,01844 ha torpaq sahəsi isə ½ hissədə onun istifadəsinə verilmişdir.

f) Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli 13(102)-3(k)/2022 saylı qərarı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətində olan evindən və istifadəsinə olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, habelə xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1676/2021 nömrəli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-3809/2020 nömrəli qətnaməsi “İstifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsinə dair” hissəsində ləğv edilməsi, iş həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

g) Təkrar apellyasiya baxışı zamanı məhkəmə iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” hissəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh evə görə nəzərdə tutulmuş puldan ona 40.000 ödəniş etmiş, sonra isə icra məmuruna müraciət etmişlər ki, ayda 10.000 manat ödəsin.

26. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

28. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

29. Dövlət orqanlarının əmlakdan dinc istifadəyə hər hansı müdaxiləsinin qanuni olmasını tələb edir. Həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir (İatridis Yunanıstana qarşı iş üzrə 1999-cu il 25 mart tarixli Qərar § 58; Yunanıstanın keçmiş kralı və digərləri Yunanıstana qarşı iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərar; Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar).

30. Mülkiyyətə müdaxilənin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmə şərti dövlətdaxili hüquq normalarında özbaşınalıqdan müdafiəni təmin edən kifayət qədər əlçatan və dəqiq normaların mövcud olmasını və onlara riayət edilməsini tələb edir (X1rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərar § 110; Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərar § 95).

31. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərar § 93).

32. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

33. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

34. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: Bənd 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar evlərə dair mülkiyyət hüququnu təsdiq edən sənəd kimi müəyyən edilmişdir. Bənd 2.4. Üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqmüəyyənedici sənəd kimi göstərilmişdir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

36. Hazırki apellyasiya baxışının həddini iddianın “iddiaçının istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzinin Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsinə dair” hissəsi təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin “istifadədə olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” ilə bağlı dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti həmin hissədə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 490.000 manatın ödənilməsi” tələbinin təmin olunmaması hissəsində ləğv olunmalı və həmin iddia tələbi qismən təmin edilməlidir.

38. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarındakı hüquqi mövqelərini, işin hallarını, təqdim olunmuş sübutları, eləcə də qanunvericiliyin normalarını nəzərə alaraq iddiaçı tərəfindən təqdim olunmuş mübahisəli danışmaz əmlaka dair tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”, həmçinin orada qeyd edilmiş 140,7 kv.m açıq torpaq sahəsi ilə bağlı müəyyən zəruri (texniki) suallara aydınlıq gətirilməsi üçün xx.xx.2022-ci il tarixli, 2(103)-5479/2022 saylı qərardadı ilə texniki ekspertiza təyin etmiş, mütəxəssis (ekspert) qismində Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssislərinin cəlb olunması qərara alınmışdır.

39. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyə əsasən:

1. İş materiallarına Bakı Şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş iyul 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” əlavə edilsə də, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv qovluğunda Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” mövcuddur. Hər iki pasportda qeyd olunan məlumatlar eynilik təşkil edir.

2. İyul 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”da 140,7 kv.m açıq torpaq sahəsi öz əksini tapmışdır.

3. 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un tərtib olunmasına əsas olmuş hüquqmüəyyənedici sənədlər 1 saylı Bakı Ərazi İdarəsinin arxiv qovluğunda aşkar edilməmişdir.

4. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndində qeyd olunan əsasa, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv qovluğunda mövcud olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” isə həmin Siyahının 1.11-ci bəndində qeyd olunan əsasa aiddir və həmin texniki pasportlar qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydı alınması üçün əsasdır.

5. İyul 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”da qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı mülkiyyətçinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti olmadığından daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda həmin sahə qeyd olunmamışdır.

40. Göründüyü kimi, işdə olan “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un həqiqiliyi və mötəbərliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş, həmin texniki pasportun qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydı alınması üçün əsas olduğu, lakin, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı mülkiyyətçinin İdarəyə müraciəti olmadığından daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda həmin sahənin qeyd olunmadığı bildirilmişdir.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 490.000 manatın ödənilməsi” tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir.

42. Belə ki, yuxarıda qeyd edilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”dan görünür ki, iddiaçının mülkiyyətinin yerləşdiyi ünvanda cəmi meydançanın (tikilinin altında olan və həyətyanı sahə bilikdə) sahəsi texniki pasportun göstəricilərinə əsasən 332,7 m2, açıq torpaq sahəsinin ölçüsü isə 140,7 m2 təşkil etmişdir.

43. "xxxx" MMC tərəfindən verilmiş rəydə həmin 140,7 m2 açıq torpaq sahəsinin bazar dəyərinin 330.645 manat (140,7 x 2.350 manat) təşkil etdiyi nəticəsinə gəlinmişdir.

44. Kollegiyanın qənaətinə görə, hər nə qədər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarında, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsi, yaxud həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması nəzərdə tutulmuşdur, belə olan halda, iddiaçının mülkiyyətinin yerləşdiyi ünvanda onunla digər mülkiyyətçinin qanuni istifadəsində olmuş torpaq sahəsinin qiymətləndirici rəyi əsasında müəyyənləşdirilmiş dəyərinin ½ hissəsi, yəni 165.322,5 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393 və 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-380/2018 saylı qətnaməsi İddiaçı “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 490.000 manatın ödənilməsi” tələbinin təmin olunmaması hissəsində ləğv olunsun. Həmin iddia tələbi qismən təmin edilsin. İstifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 (bir yüz altmış beş min üç yüz iyirmi iki manat, əlli qəpik) manat Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilsin. Qeyd olunan iddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar