Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-305/2025 01.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X13 Sanayi ve Ticaret” Anonim Şirkətinə qarşı irəli sürülmüş və iddiaçının ölümündən sonra onun prosessual hüquq varisi X7 tərəfindən müdafiə olunmuş “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 yanvar 2022-ci il tarixli qətnamədən (24 yanvar 2022-ci il tarixdə qəbul edilmiş əlavə qətnamə nəzərə alınmaqla) İddiaçı verdiyi, onun ölümündən sonra isə onun prosessual hüquq varisi X7 tərəfindən müdafiə olunmuş apellyasiya şikayətinə əsasən işə, iddiaçının prosessual hüquq varisi X4 vəkili (nümayəndəsi) Vəkil4, cavabdeh “X13 Sanayi ve Ticaret” Anonim Şirkətinin vəkili (nümayəndəsi) Vəkil3, cavabdehin nümayəndəsi X2, apellyasiya icraatı zamanı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, “X13 Sanayi ve Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ona vurduğu maddi ziyanın əvəzi olaraq 720.000 manat, mənəvi ziyanın əvəzi olaraq 30.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 2005-ci ildə Şamaxı rayonunun Çıraqlı kəndi ərazisində 5,25 ha torpaq sahəsi almış və həmin torpaq sahəsində balıq yetişdirmək üçün göl hazırlatmışdır. Həmin göldə balıq saxlamaq üçün lazımi təşkilatlara müraciət edilərək sənədləşmə işləri aparılmışdır. İddiaçı öz qohumu Azər Badurayev ilə balıqları saxlayıb, yetişdirib, satdıqdan sonra gəlirini bölüşmək barədə razılaşmışdır. 2017ci ildə cəmi 3.000 kq olan, 40.000 ədəd 25 qramlıq və 2.000 kq damazlıq balıq alınıb həmin gölə buraxılmışdır. Balıqların saxlanması üçün xx.xx.2019-cu il tarixə kimi 30.000 kq miqdarında balıq yemi alınıb balıqların yemlənməsinə sərf edilmişdir. Cavabdeh tərəfindən Bakı-Qazax yolunun Qobustan, Şamaxı rayonları ərazisinin yenidən çəkilməsi zamanı torpaq sahələrinin hamarlanması və qazılması zamanı cavabdeh tərəfindən torpaqların sökülüb yığılması nəticəsində böyük həcmli sututar alınmışdır. Həmin suların yığılması nəticəsində başqa sahələrə böyük təhlükə yaranmışdır. İddiaçının qohumu olan Azər Badurayev tərəfindən cavabdehə və aidiyyəti qurumlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bu böyük təhlükənin qarşısının alınması üçün əsaslı tədbir görülməmişdir. Cavabdehin yaratdığı təhlükə xx.xx.2019-cu il tarixdə reallaşmış, həmin zaman yağmış intensiv yağışlar nəticəsinə cavabdeh tərəfindən torpaqların sökülüb yığılması nəticəsində yaranmış böyük həcmli sututarın müəyyən hissəsinin aşınması nəticəsində yaranan selə görə iddiaçıya məxsus göl dağılmış, sel nəticəsində göldə saxlanan balıqların bir hissəsi məhv olmuş, qalan hissəsini isə sel aparmışdır. Bununla da iddiaçının saxlayıb yetişdirdiyi 70 ton balıq məhv olmuşdur. Cavabdeh tərəfindən həmin gölün qismən bərpa olunmasına baxmayaraq iddiaçıya dəymiş ziyan hal-hazıra kimi ödənilməmişdir. İddiaçı hesab edir ki, ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cəmi 720.000 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, cavabdehin bu kimi qanunsuz hərəkəti iddiaçını çox həyəcanlandırmış, nəticədə o, əsəb gərginliyi keçirmiş, onun səhhətində problemlər yaranmış və o, hətta müalicə almaq məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 30.000 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir.
3. İddia ərizəsində cavabdeh qismində göstərilmiş “X13 Sanayi və Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Rayon Məhkəməsi tərəfindən əsl cavabdeh “X13 Sanayi və Ticaret” Anonim Şirkəti ilə əvəz edilmişdir. b) iş üzrə qəbul edilmiş məhkəmə aktları
4. İşə baxmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qətnamə (iş № 2(011)-16/2022) ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2022-ci il tarixli əlavə qətnamə ilə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddiaçıdan alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət etmişdir.
6. İddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (iş № 2(103)-2911/2022) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
7. Cavabdehin həmin qətnamədən verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar (iş № 2(102)-5035/2022) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır.
8. İşə apellyasiya qaydasında yenidən baxılan zaman, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı vəfat etmişdir. Buna görə də, o, prosessual hüquq varisi X7 ilə əvəz olunmuşdur. İddiaçının prosessual hüquq varisi Nazim Eyyubov həm iddia ərizəsini, həm də iddiaçının Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti müdafiə etmiş, iş üzrə icraatın davam etdirilməsini xahiş etmişdir.
9. Mülki işə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)-1665/2023) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin və qətnamənin tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli əlavə qətnamənin ləğv olunmasını, iddianın qismən təmin edilməsini, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 594.024,5 manat, mənəvi ziyanın əvəzi olaraq 3.000 manat, dövlət rüsumlarının əvəzi olaraq 134,40 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini, iddianın qalan hissəsinin təmin edilməməsini qət etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddianın tam həcmdə rədd edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Belə ki, işin müəyyən edilmiş mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ona ayrılan torpaq sahəsində balıqçılıq təsərrüfatı yaratmış və orada balıq yetişdirməklə məşğul olmuş, xx.xx.2019-cu il tarixində həmin sututarın bəndinin dağılması səbəbi ilə göldə saxlanan balıqlar məhv olmuş, nəticədə iddiaçıya ziyan dəymişdir. Bu baxımdan iş üzrə müəyyən edilməli olan hal, iddiaçıya məxsus sututarının bəndinin cavabdehin təqsiri ucbatından dağılıb-dağılmadığıdır və kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, bu halın müəyyən edilməsi iddia tələbinin faktiki və hüquqi əsasının yaranması, yəni hadisənin cavabdehin təqsiri ucbatından baş veribvermədiyinin aydınlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Rayon Məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatı əsasında ekspertin gəldiyi nəticəni (“X13 Sanayi və Ticarət Anonim Şirkəti”nin yol tikinti işlərini aparması zamanı artıq torpaq qatının iddiaçının istifadəsində olan sututara gələn su arxının qarşısını torpaqla doldurması nəticəsində sututara ziyan vurulduğu) işin digər faktiki halları ilə birlikdə qiymətləndirən Məhkəmə hesab edir ki, iddiaçıya məxsus sututarın (balıq gölünün) bəndinin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində dağıldığı sübuta yetirilmişdir. Buna görə də Məhkəmə təkrar apellyasiya baxışı zamanı əldə olunmuş ekspert rəyini (rəydə 3-cü və 5-ci suallara əmtəəşünaslıq ekspertinin verdiyi cavabları) işdəki digər sübutlarla birgə qiymətləndirərək hesab edir ki, iddiaçıya məxsus olmuş sututardakı (göldəki) balıqların məhv olmasına görə ona (278.754,5 + 277.770=) 556 524,5 manat ziyan dəydiyi qənaətinə gəlmək mümkündür. Bununla belə Məhkəmə, iddiaçıya məxsus göldə olan balıqların yemlənməsi üçün 2 il ərzində ümumilikdə 456.000 manat xərcləndiyi barədə ekspertin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, iddiaçının özünün təqdim etdiyi sənədlərlə həmin məbləğin cəmi 37.500 manat təşkil etdiyi müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, müvafiq halı sübutetmə yükü iddiaçının üzərinə düşür – onun təqdim etdiyi sübutlara görə isə balıqların yemlənməsi üçün məhz 37.500 manatlıq taxıl alınmışdır. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Məhkəmə, iddiaçıya məxsus sututarının (gölün) bərpası və əsaslı təmiri üçün 42.006,81 manat vəsaitin tələb olunması ilə bağlı onun təqdim etdiyi sübutu nəzərə almır – belə ki, iddiaçı iddia ərizəsində gölün cavabdeh tərəfindən qismən bərpa olunduğunu bildirmiş, bərpa edilməyən hissə üçün nə qədər vəsait tələb olunduğuna dair isə heç bir sübut təqdim etməmişdir. Məhkəmə, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsaslı hesab edir. Bununla belə Məhkəmənin qənaətinə görə, mənəvi ziyan məbləği şişirdilmişdir. Buna görə də, Məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 3.000 manat həcmində müəyyənləşdirilməsi iddiaçının mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.
11. İş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar (iş № 2(102)-1478/2024) ilə kassasiya şikayətlərinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, yəni vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi cavabdehdən iddiaçının xeyrinə 594.024,50 manat məbləğində pulun tutulması hissəsində ləğv edilməsini, həmin hissədə apellyasiya şikayətinə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını qərara almışdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. İlk olaraq, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyriəmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə aparılan dəyərləndirmə bu Qərarda qeyd olunan xüsusatları əhatə etməmişdir. Belə ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu da öz qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bu kontekstdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, həmin məhkəmə öz yekun aktında gəldiyi nəticəni təkrar apellyasiya baxışı zamanı əldə olunmuş xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə əsaslandırmış, həmin rəylə iddiaçıya məxsus olmuş sututardakı (göldəki) balıqların məhv olmasına görə ona (278.754,5 + 277.770=) 556.524,5 manat məbləğində ziyan dəyməsi barədə gəlinən nəticə hissədə razılaşdığı halda, eyni rəydə ekspertin mərhum iddiaçıya məxsus olmuş göldə olan balıqların yemlənməsi üçün 2 il ərzində ümumilikdə 456.000 manat xərcləndiyinə dair gəldiyi nəticəni əsaslı hesab etməmiş, bu qənaətini iddiaçı tərəfin təqdim etdiyi sənədlərlə həmin məbləğin cəmi 37.500 manat təşkil etməsi ilə əsaslandırmış, habelə, 37.500 manat məbləğdə xərci 556.524,5 manat gəlirdən çıxmalı olduğu halda, hər iki məbləği toplamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mötəbər sübut növü kimi istinad etdiyi ekspert rəyinin iddiaçının lehinə olan hissəsini müzakirəsiz qəbul etmiş, sonuncunun əleyhinə olan hissəsini isə sırf iddiaçı tərəfin mülahizəsinə dayanaraq rədd etmiş, bu qiymətləndirmə ilə də açıq ziddiyyətə düşmüşdür. Halbuki, apellyasiya instansiyası məhkəməsi çəkişmə prinsipinə riayət etməklə, tərəflərin iştirakı ilə qeyd edilən hallar üzrə lazımi araşdırma apararaq, işdəki sübutlara və tərəflərin dəlillərinə əsaslandırılmış şəkildə qiymət verməli, prosessual qanunvericiliyə əsasən qəbul etdiyi qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı idi. Məhkəmə kollegiyası, bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə xx.xx.1987-ci il tarixli Qərar, §53; Suominen Finlandiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X6rşı iş üzrə xx.xx.1994-cü il tarixli Qərar, §30; Buzescu Rumıniyaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli Qərar, §67). Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi təmin olunan (cavabdehdən 594.024,5 manat alınaraq iddiaçıya ödənilməsi) hissədə ləğv edilməlidir. Eyni əsaslarla iddiaçının kassasiya şikayəti iddianın vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinin tam təmin olunması hissədə əsaslı sayıla bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi zərərin əvəzinin ödənilməsi tələbi rədd olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının kassasiya şikayətinin mənəvi zərərin az tutulması barədə dəlili də əsassızdır. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məqsədlə tutulan məbləğ işin hallarına uyğun, ağlabatan və ədalətli olmuşdur. Cavabdeh də kassasiya şikayətində mənəvi zərərin qətnamə ilə ondan tutulan məbləği ilə bağlı konkret etiraz (dəlil) irəli sürmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi sözügedən hissədə də dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən bu Qərarda şərh edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə maddi hüquq normalarının tələblərinə əsasən dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Hazırkı mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi təmin olunan (cavabdehdən iddiaçının xeyrinə 594.024,50 manatın tutulması) hissədə ləğv edilməli, iş eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. c) apellyasiya baxışının hədləri barədə məlumat
13. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında, habelə həmin qərarla Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmış hissəsində göstərilənləri nəzərə alaraq bildirir ki, hazırkı apellyasiya baxışının predmeti iddiaçıya məxsus göldə olmuş balıqların tələf olması nəticəsində iddiaçıya dəymiş maddi zərərin məbləğinin müəyyənləşdirilməsidir.
14. İddia tələbinin qalan hissələri, yəni iddianın “gölün dağılması nəticəsinə iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi hissəsi”, həmçinin “gölün dağılması və göldə olan balıqların məhv olması səbəbindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi” hazırkı apellyasiya baxışının predmetini təşkil etmir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
15. İddiaçının prosessual hüquq varisinin vəkili (nümayəndəsi) Vəkil4 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, apellyasiya baxışının sonuncu iclasında iştirak etməmişdir. Belə ki, iddiaçının prosessual hüquq varisinin vəkili (nümayəndəsi) ərizə ilə Məhkəməyə müraciət edərək, cinayət işi üzrə müdafiə etdiyi şəxslə bağlı keçiriləcək istintaq hərəkətlərində iştirak etməsi ilə bağlı hazırkı iş üzrə təyin edilmiş iclasın təxirə salınmasını xahiş etmişdir. Ərizəyə qeyd edilən istintaq hərəkətlərinin keçirilməsini təsdiq edə biləcək sənədlər (vəkilinin orderi, istintaq orqanın bildirişi və s.) əlavə edilmədiyindən, Məhkəmə, iddiaçının prosessual hüquq varisinin vəkilinin (nümayəndəsinin) prosessə gəlməsini üzürsüz hesab etmiş və iclası onun iştirakı olmadan keçirmişdir.
16. Cavabdehin nümayəndələri Elşən Səlimli və (vəkil) Vəkil3 apellyasiya baxışı iclaslarında iştirak edərək, şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin qətnaməsinin məzmununa uyğun izahat verdilər. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil3 apellyasiya baxışının sonuncu iclasında iştirak etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, iclası onun iştirakı olmadan keçirmişdir.
17. Apellyasiya icraatı zamanı Məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs işin baxılmasına cəlb edilmişdir.
18. Maraqlı şəxs apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, izahatında bildirmişdir ki, o, iddiaçı olan xalası ilə birlikdə balıqçılıq təsərrüfatının həyata keçirmək qərarına gəlmişlər. Bunun üçün o özü təxminən 50.000 manata yaxın, qalası isə 100.000 manata yaxın vəsait qoymuşlar. Balıqlara verilən yemin əsas hissəsini xalasına məxsus əkin sahəslərindən əldə etdikləri dənli bitkilər hesabına qarşılayırdılar. Əlavə olaraq balıqlara 30-40 tona yaxın yem almışdır. İddia ərizəsində qeyd edilənləri təsdiqləyir. Maraqlı şəxs apellyasiya baxışının sonuncu iclasında iştirak etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, iclası onun iştirakı olmadan keçirmişdir. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
19. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti apellyasiya baxışının predmetini təşkil edən hissədə qismən təmin edilməli, həmin hissədə qətnamə ləğv edilməli və iddia həmin hissədə qismən təmin edilməlidir.
20. Belə ki, iddiaçı, ona vurulmuş həm maddi, həm də mənəvi ziyanın əvəzinin ödənilməsi barədə tələbin onun tərəfindən cavabdehə qarşı irəli sürülməsinin səbəbini eyni faktdan, yəni cavabdehin etdiyi hərəkət nəticəsində ona məxsus gölün dağılması və göldə olan balıqların məhv olması faktından yarandığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası mənəvi ziyanın qismən təmin edilməsi hissəsində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsini dəyişdirmədən saxlamış, balıqların məhv edilməsi ilə bağlı iddiaçıya dəymiş maddi ziyanın qismən təmin edilməsi hissəsində isə qətnaməni ləğv edərək təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyindən belə anlaşılır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus göldə olmuş balıqların məhv olması ilə bağlı iddiaçıya ziyanın dəyməsi işin müəyyən edilmiş halıdır (bax: qətnamənin 11-13-cü bəndləri).
21. Rayon Məhkəməsi vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi hissəsində iddianı tam rədd edərək, maddi ziyanın vurulmadığı qənaətinə gəlmişdir.
22. Belə olan halda, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu qənaəti işin müəyyən edilmiş hallarına uyğun olmadığından əsassızdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
24. Beləliklə, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi vurulmuş maddi ziyanın ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə işdə olan sübutlar əsasında maddi ziyanın həcmi müəyyən edilərək yeni qətnamə qəbul edilməlidir.
25. İddiaçı tərəf bildirir ki, iddiaçı, 2017-ci ildə cəmi 3.000 kq olan, 40.000 ədəd 25 qramlıq və 2.000 kq damazlıq balıq alıb həmin gölə buraxmışdır. Balıqların saxlanması üçün xx.xx.2019-cu il tarixə kimi 30.000 kq miqdarında balıq yemi alınıb balıqların yemlənməsinə sərf edilmişdir. Həmin ərazidə yol tikintisini həyata keçirən cavabdehin yaratdığı sututar xx.xx.2019-cu il tarixdə dağılmış və sel, iddiaçıya məxsus gölü və göldə olan 70 ton balıqları məhv etmişdir.
26. Məhkəmə bildirir ki, iddiaçı tələbi özü-özlüyündə əsaslıdır. Çünki iddiaçıya mənəvi zərərin vurulduğu müəyyən edilmişdirsə, deməli ona maddi ziyanın vurulduğu da müəyyən edilməlidir. Maddi ziyanın hansısa həcmi olmalıdır və ziyanın həcmini müəyyən etmək artıq Məhkəmənin vəzifəsinə çevrilmişdir.
27. Apellyasiya baxışının predmeti olan hissədə tələbin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1097.1-ci maddələri təşkil edir.
28. Mülki Məcəllənin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3.).
29. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Məhkəmə iddiaçının təqdim etdiyi 2.000 kq balıq körpəsi alınması ilə bağlı qaimə-fakturaya münasibətdə qeyd edir ki, qaimə-faktura ciddi hesabat blankı olmaqla özündə vacib əhəmiyyətli informasiyanı əks etdirməlidir. Məhkəməyə təqdim olunmuş qaimə-fakturada alınmış məhsulun nə növü, nə də qiyməti əks etdirilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən ciddi hesabat blankı sayılan sənədlərin forma və məzmununa uyğun tərtib edilməməsi onun etibarsızlığına gətirib çıxaran amillərdən sayılır.
32. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X8 öz ifadəsində bildirmişdir ki, o, sürücüdür. Balıqların Neftçaladan iddiaçıya məxsus və Şamaxı rayonuna yerləşən gölə 2 ton balığın daşınmasını həyata keçirmiş, hər tona görə ona 450 manat daşınma haqqı ödənilmişdir.
33. Məhkəmə şahidin ifadəsini yetərli sübut hesab etmir. Belə ki, şahid apardığı balıqların növünü və sayını dəqiq bildirməmiş, apardığı balıqların sayını və xalis çəkisini təsdiq edən başqa mötəbər yazılı sübut təqdim edilməmişdir.
34. Rayon Məhkəməsi tərəfindən hazırkı iş üzrə keçirilmiş məhkəmə baxışı iclaslarında iştirak etmiş digər şahidlər və iddiaçının nümayəndəsi sel nəticəsində iddiaçıya məxsus göldə saxlanılan külli miqdarda balıqların məhv edilməsini göstərsələr də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişlər.
35. İş materiallarına əlavə edilmiş videogörüntülərə münasibətdə Məhkəmə qeyd edir ki, görüntüyə əsasən balıqların növünü və miqdarını müəyyən etmək mümkünsüzdür.
36. Daha sonra iddiaçının nümayəndəsi izahatlarında göldə saxlanılan balıqların taxıl vasitəsilə yemləndiyinə istinad etmiş və məhkəməyə müxtəlif dövrlərə aid "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən tərtib olunmuş qaimə-fakturalar təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin göldə balıqlar saxlanıldığı təqdirdə onları taxılla yemləmək mümkündür. Hesab-fakturalara münasibətdə Məhkəmə hesab edir ki, onlar ciddi hesabat blanklarının tələblərinə uyğun şəkildə tərtib olunmuş və məhkəmə tərəfindən sübut qismində qəbul edilə bilər. Lakin məhkəmə qeyd edir ki, taxılın hansı təyinat üzrə istifadə olunması hər hansı sənəddə öz əksini tapmamışdır.
37. Rayon Məhkəməsində araşdırma zamanı iddiaçının istinad etdiyi göldə balıqçılıq təsərrüfatının həyata keçirilməsi üçün şəraitin mövcud olub-olmaması yönündə araşdırmalar aparılmış və kompleks ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən, cavabdeh Şirkətin yol tikinti işlərinin aparılması zamanı artıq torpaq qatının iddiaçının istifadəsində olan sututara gələn su arxının qarşısının torpaqla dolması nəticəsində sututara ziyan vurulduğu müəyyən edilmişdir. Həmin ekspert rəyinə əsasən istinad edilən ünvanda hal-hazırda balıqçılıq təsərrüfatı üçün şərait mövcud deyildir. Lakin rəydə həmçinin qeyd edilmişdir ki, Şamaxı rayonunun ərazisində yerləşən və iddiaçıya məxsus 5,94 ha torpaq sahəsində dərinliyi 3 metrdən yuxarı olan balıqçılıq təsərrüfatının mövcud olduğu halda 23.760 ədəd çəki, 1.782 ədəd qalınalın (tolstolob), 1.188 ədəd ağ amur (belamur) növü, ümumi sayı 26.730 ədəd olan balıqlar saxlanıla bilərdi.
38. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən verilmiş xx.xx.2019cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 202 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydasına” uyğun olaraq adıçəkilən şəxslər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər hansı müraciət daxil olmamış və Nazirlikdə onların adına balıqçılıq subyekti qeydə alınmamışdır.
39. Eyni zamanda, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçıya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və X10 tərəfindən verilmiş rəydə iddiaçının istifadəsindəki torpaq sahəsindəki gölün kənd təsərrüfatı məqsədilə istifadə edildiyi, həmin sututarın balıqçılıq məqsədilə istifadə edilən su hövzəsi obyekti kimi qeydiyyata alınmadığı göstərilmişdir.
40. Bütün istinad edilənlər Məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, sözügedən taxıl təkcə balıqların yemlənməsi üçün deyil, digər məqsədlərə də sərf oluna bilərdi. Belə ki, yuxarıda göründüyü kimi torpaq sahəsi kənd təsərrüfatı məqsədilə istifadə üçün ayrılmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, iş üzrə üçüncü şəxs olan Maraqlı şəxs Məhkəməyə verdiyi izahatından görünür onun xalası olan iddiaçının əkin sahələri olmuş və həmin sahələrdə dənli bitkilər əkilirdi.
41. Bundan əlavə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan da görünür ki, Bakı-Şamaxı yolunun Qobustan və Şamaxı rayonu ərazisinə düşən hissəsində cavabdeh tərəfindən aparılan tikinti işləri zamanı, tikinti altından çıxan artıq torpaq Acıdərə adlanan əraziyə boşaldılmış, yağış suların nəticəsi ilə toplanmış torpaq sahəsi aşağı sahələrə sürüşmüş və təbii axar suların qarşısını kəsərək göl yaratmışdır. İddiaçıya məxsus gölə sel suları gəlməsi zamanı daşma təhlükəsi ola bilərdi.
42. İş materiallarından müəyyən edilir ki, iddiaçı, vergi ödəyicisi olaraq 2013-cü il tarixdə qeydiyyata alınmış, onun VÖEN-i 2014-cü ildən xx.xx.2019-cu il tarixinədək dayandırılmış və həmin tarixdən sonra uzadılmamışdır.
43. Cavabdehin nümayəndələri izahatlarında iddiaya etiraz edərək, baş vermiş sel hadisəsi ilə cavabdeh təşkilatın gördüyü iş arasında səbəbli əlaqənin olmadığını, eləcə də göldə ümumiyyətlə balıqların mövcud olması, mövcud olduğu təqdirdə onların növü və miqdarı barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmadığını bildirmişdir.
44. Əvvəlki apellyasiya icraatı zamanı 2019-cu ilin 10-20 aprel tarixlərində Şamaxı rayonunun Çıraqlı kəndi ərazisində müşahidə olunmuş hava şəraiti, sel olaraq qiymətləndirilə biləcək təbiət hadisəsinin qeydə alınıb-alınmadığı, əgər alınmışdırsa onun səbəbi və yağış və ya dolu kimi digər hadisələrlə müşaiyət edilib-edilmədiyi barədə məlumat əldə olunması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə sorğu göndərilərək müvafiq cavab alınmış, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 14 saylı Şamaxı Ərazi İdarəsindən iddiaçıya məxsus balıq gölünün 2019-cu ilə olan ortofoto (aerokosmik çəkiliş) görüntüləri əldə edilmiş, habelə mübahisənin mahiyyəti üzrə düzgün həll olunması üçün iş üzrə əlavə tikinti-texniki, əlavə əmtəəşünaslıq və əlavə bioloji ekspertizalar təyin olunmuşdur.
45. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş arayışda göstərilmişdir ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində Şamaxı rayonunun Çıraqlı kəndində sel və ya su basma hadisəsi qeydə alınmasa da, ərazinin relyefi və iqlim şəraiti, o cümlədən aprelin 13də leysan xarakterli yağışın yağması və çayda sululuğun normadan çox olması (2,1- 2,6 dəfə) səbəbindən, ərazidə suvarma və digər məqsədlər üçün istifadə olunan kiçik arx və kanalların dolması qısamüddətli subasma hallarına səbəb olmuşdur.
46. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Şamaxı rayonunun Çıraqlı kəndi ərazisində iddiaçıya məxsus sututarın 2019-cu ilə olan ortofoto məlumatlarından görünür ki, həmin ərazidə göl mövcud olmuşdur. İddiaçının istifadəsində olan balıq gölün dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara 2017-ci ildə 30.000 ədəd 25 qramlıq çəki balığı, 4.000 ədəd 25 qramlıq belamur balığı, 6.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 2 il ərzində proteini 23% olan (2 il x 180.000=) 216.000kq yem verilərsə, 30.000 ədəd 25 qramlıq çəki balığına 1 ilə təxminən 6% təbii ölüm tətbiq edildikdə, həmin (30.000 – 6% - 6%=) 26.508 ədəd çəki balığının ümumi çəkisi 2 ilə təxminən 39.762 kq olar. Həmçinin (4.000 – 6% - 6%=) 3.534 ədəd belamur balığının ümumi çəkisi 2 ilə təxminən (6.000 – 6% - 6%) 5.301 ədəd xanı balığının ümumi çəkisi 2 ilə təxminən 7.951 kq olar. 2.000 kiloqram damazlıq balığa 2 il ərzində proteini 23% olan (1.000 ədəd balıq x 24 kq=) 24.000 kq. yem verilərsə, 1 ilə təxminən 6% təbii ölüm tətbiq edildikdə (1.000 – 6% - 6%=) 883 ədəd həmin damazlıq balıqların ümumi çəkisi 2 ilə təxminən 3.532 kq olar. Dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara 2017-ci ildə 30.000 ədəd 25 qramlıq çəki balığı, 4.000 ədəd 25 qramlıq belamur balığı, 6.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 2 il ərzində proteini 23% olan (2 il x 180.000 kq=) 216.000 kq yem sərf olunar. 2.000 kq damazlıq balığa 2 il ərzində proteini 23% olan (1.000 ədəd balıq x 24 kq=) 24.000 kq yem sərf olunar. Dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara 2018-ci ildə 60.000 ədəd 25 qramlıq çəki balığı, 8.000 ədəd 25 qramlıq belamur balığı, 12.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 1 il ərzində proteini 23% olan 216.000 kq yem verilərsə, 60.000 ədəd 25 qramlıq çəki balığına 1 ilə təxminən 6% təbii ölüm tətbiq edildikdə, həmin 56.400 ədəd çəki balığının ümumi çəkisi 1 ilə təxminən 42.300 kq olar. Həmçinin (8.000 – 6%=) 7.520 ədəd belamur balığlnın ümumi çəkisi 1 ilə təxminən 5.640 kq, (12.000 – 6%=) 11.280 ədəd xanı balığının ümumi çəkisi 1 ilə təxminən 8.460 kq olar. Balıqların ümumi dəyəri və onlara sərf edilməli olan yemlərin ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - çəki balığının ümumi çəkisi 2 ilə təxminən 39.762 kq x 5 manat = 198.810 manat; - belamur balığının ümumi çəkisi 2 ilə təxminən 5.301 kq x 5 manat = 26.505 manat; - xanı balığının ümumi çəkisi 2 ilə təxminən 7.951 kq x 4,5 manat = 35.779,50 manat; - 883 ədəd damazlıq balıqların ümumi çəkisi 2 ilə təxminən 3.532 kq x 5 = 17.660 manat. Ümumilikdə 278 754,50 manat. - 2 il ərzində proteini 23% olan (2 il x 108.000 kq yem) x 1 man = 216 000 manat; - 2.000 kiloqram damazlıq balığa 2 il ərzində proteini 23 % olan (1.000 ədəd balıq x 24 kq yem) x 1 manat = 24.000 manat. Ümumilikdə 240 000 manat. - çəki balığının ümumi çəkisi 1 ilə təxminən 42.300 kq x 5 manat = 211.500 manat; - belamur balığının ümumi çəkisi 1 ilə təxminən 5.640 kq x 5 manat = 28.200 manat; - xanı balığının ümumi çəkisi 1 ilə təxminən 8.460 kq x 4,5 manat = 38.070 manat. Ümumilikdə 277.770 manat. 1 il ərzində proteini 23 % olan 216 000 kq. yem x 1 = 216.000 manat.
47. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, balıq təsərrüfatının fəaliyyət göstərməsi üçün əlavə xərclər tələb olunur: balıqların sututara buraxılması, mühafizə xidməti, yemləmə işləri, işıqlandırma, satış üçün sonda balıqların tutulması və sair.
48. Əvvəlki icraatda apellyasiya instansiyası məhkəməsi bu kontekstdə ekspert rəyini (rəydə 3-cü və 5-ci suallara əmtəəşünaslıq ekspertinin verdiyi cavabları) işdəki digər sübutlarla birgə qiymətləndirərək hesab etmişdir ki, iddiaçıya məxsus olmuş sututardakı (göldəki) balıqların məhv olmasına görə iddiaçıya (278.754,5 + 277.770=) 556.524,5 manat məbləğində maddi ziyan dəydiyi qənaətinə gəlmək mümkündür.
49. Bununla belə apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus göldə olan balıqların yemlənməsi üçün 2 il ərzində ümumilikdə 456.000 manat xərcləndiyi barədə ekspertin gəldiyi nəticəni əsaslı hesab etməmiş; belə ki, iddiaçının özünün təqdim etdiyi sənədlərlə həmin məbləğin cəmi 37.500 manat təşkil etdiyi müəyyən olunmuşdur.
50. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsinin əsaslılığını yoxlamış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, həmin məhkəmə öz yekun aktında gəldiyi nəticəni təkrar apellyasiya baxışı zamanı əldə olunmuş xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə əsaslandırmış, həmin rəylə iddiaçıya məxsus olmuş sututardakı (göldəki) balıqların məhv olmasına görə ona (278.754,50 + 277.770=) 556.524,50 manat məbləğində ziyan dəyməsi barədə gəlinən nəticə hissədə razılaşdığı halda, eyni rəydə ekspertin mərhum iddiaçıya məxsus göldə olan balıqların yemlənməsi üçün 2 il ərzində ümumilikdə 456.000 manat xərcləndiyinə dair gəldiyi nəticəni əsaslı hesab etməmiş, bu qənaətini iddiaçı tərəfin təqdim etdiyi sənədlərlə həmin məbləğin cəmi 37.500 manat təşkil etməsi ilə əsaslandırmış, habelə, 37.500 manat məbləğdə xərci 556.524,50 manat gəlirdən çıxmalı olduğu halda, hər iki məbləği toplamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mötəbər sübut növü kimi istinad etdiyi ekspert rəyinin iddiaçının lehinə olan hissəsini müzakirəsiz qəbul etmiş, sonuncunun əleyhinə olan hissəsini isə sırf iddiaçı tərəfin mülahizəsinə dayanaraq rədd etmiş, bu qiymətləndirmə ilə də açıq ziddiyyətə düşmüşdür. Halbuki, apellyasiya instansiyası məhkəməsi çəkişmə prinsipinə riayət etməklə, tərəflərin iştirakı ilə qeyd edilən hallar üzrə lazımi araşdırma apararaq, işdəki sübutlara və tərəflərin dəlillərinə əsaslandırılmış şəkildə qiymət verməli, prosessual qanunvericiliyə əsasən qəbul etdiyi qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı idi.
51. Təkrar apellyasiya baxışı zamanı cavabdeh Şirkətin nümayəndəsi Vəkil3 vəsatətlə Məhkəməyə müraciət edərək, əlavə əmtəəşünaslıq və bioloji ekspertizalar təyin edilməsini Məhkəmədən xahiş etmişdir.
52. Vəsatət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyasının mövqeyinə görə balıqların yemlənməsi üçün xərclər balıqların dəyərindən çıxılmalı idi. İddiaçı tərəf məhkəməyə balıqların yemlənməsi ilə bağlı olaraq saxtalaşdırılmış, yəni arxa tarixli tərtib edilmiş sənəd (062684 №-li qaimə) təqdim etmişdir. Həmin saxtalaşdırılmış sənəd iddiaçı tərəfindən guya buğda alışını təsdiq edir. Həmçinin iş materiallarında olan 827151 №-li qaiməyə görə iddiaçı xx.xx.2018-ci il tarixdə 30.000 kq taxıl almışdır. Lakin alınan buğdanın təyinatının məhz balıq yemi kimi istifadə olunması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Qeyd edilən hal 30.000 kq taxılın qəti olaraq sututarda saxlanılan balıqların yemlənməsi üçün istifadə olunduğunu müəyyən etmir. Taxılın kənd təsərrüfatında çox təyinatlı istifadə oluna bilməsi məlumdur. Hazırkı iş üzrə obyektiv araşdırılmanın təmin edilməsi, işin tam və hərtərəfli araşdırılması üçün iş üzrə əlavə əmtəəşünaslıq və bioloji ekspertizalar təyin edilməlidir.
53. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları əsas götürməklə, cavabdeh tərəfin vəsatətini nəzərə alaraq, iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılması məqsədi ilə Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki, əmtəəşünaslıq, bioloji və mühasibatlıq ekspertizaları təyin edilmiş, ekspertizaların keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
54. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/9545- 7/1910 nömrəli ekspert rəyi ilə aşağıdakı nəticələrə gəlinmişdir: “Dərinliyi 3 metrdən yuxarı olmaq şərti ilə tədqiqat obyekti olan sututara 2017-ci ildə 30.000 ədəd 25 qramlıq çəki balığı, 4.000 ədəd 25 qramlıq belamur balığı, 6.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 2 il ərzində proteini 23 % olan (2 il x 108000 kq=) 216000kq yem verilərsə, 30.000 ədəd 25 qramlıq çəki balığına 1 ilə təxminən 6 % təbii ölüm tətbiq edildikdə, həmin (30.000-6%-6%=) 26.508 ədəd çəki balığının ümumi çəkisi 2 ilə təxminən 39.762 kq olar. Həmçinin (4000-6%-6%=) 3.534 ədəd belamur balığının ümumi çəkisi 2 ilə təxminən 5.301 kq, (6.000-6%-6%) 5.301 ədəd xanı balığının ümumi çəkisi 2 ilə təxminən 7.951 kq olar. 2.000 kq damazlıq balığa 2 il ərzində proteini 23 % olan (1000 ədəd balıq x 24 kq=) 24.000 kq yem verilərsə, 1 ilə təxminən 6 % təbii ölüm tətbiq edildikdə (1000-6%-6%=) 883 ədəd həmin damazlıq balıqların ümumi çəkisi 2 ilə təxminən 3.532 kq olar. Dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara 2017-ci ildə 30.000 ədəd 25 qramlıq çəki balığı, 4.000 ədəd 25 qramlıq belamur balığı, 6.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 2 il ərzində proteini 23 % olan (2 il x 108.000 kq=) 216.000 kq yem sərf olunar. 2.000 kq damazlıq balığa 2 il ərzində proteini 23 % olan (1000 ədəd balıq x 24 kq) 24.000 kq yem sərf olunar. Dərinliyi 3 metrdən yuxarı olduğu təqdirdə tədqiqat obyekti olan sututara 2018-ci ildə 60.000 ədəd 25 qramlıq çəki balığı, 8.000 ədəd 25 qramlıq belamur balığı, 12.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 1 il ərzində proteini 23 % olan 216.000 kq yem verilərsə, 60.000 ədəd 25 qramlıq çəki balığına 1 ilə təxminən 6 % təbii ölüm tətbiq edildikdə, həmin (60.000-6%=) 56.400 ədəd çəki balığının ümumi çəkisi 1 ilə təxminən 42.300 kq olar. Həmçinin (8.000-6%=) 7.520 ədəd belamur balığının ümumi çəkisi 1 ilə təxminən 5.640 kq, (12.000-6%=) 11.280 ədəd xanı balığının ümumi çəkisi 1 ilə təxminən 8.460 kq olar. Dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara 2018-ci ildə 60.000 ədəd 25 qramlıq çəki balığı, 8.000 ədəd 25 qramlıq belamur balığı, 12.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 1 il ərzində proteini 23 % olan 216.000 kq yem sərf edilər. Dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara xx.xx.2018-ci il tarixində (5.000 ədəd x 25 qram=) 125 kq balıq körpəsi alınıb buraxılarsa, həmin balıqların xx.xx.2019-cu il tarixə təbii qidalanma ilə 1 hektar ərazidə ümumi çəkisi təxminən 250 kq ola bilərdi. Balıq körpələri erkən yaşda zooplanktonla qidalanır, 5-10 santimetrə çatdıqda isə ancaq fitoplanktonla qidalanmağa başlayır və bu mərhələdə balıqların qəlsəmə qövslərində fitoplanktonu süzən aparat formalaşır. Məsələn: 25 q kütləyə malik olan balıq 1 saatda 32 litr suyu 1.300 mq yosunu filtrdən keçirdir. Dərinliyi 3 metrdən yuxarı olduğu təqdirdə tədqiqat obyekti olan sututara 2018-ci ildə 60.000 ədəd 25 qramlıq çəki balığı, 8.000 ədəd 25 qramlıq belamur balığı, 12.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə yalnız buğda (xx.xx.2018-ci il tarixdən yemlənmə başlamaqla) və təbii qidalanma ilə, yəni 1 il ərzində 480000 kq yem verilərsə, 60000 ədəd 25 qramlıq çəki balığına 1 ilə təxminən 6 % təbii ölüm tətbiq edildikdə, həmin (60.000-6%=) 56.400 ədəd çəki balığının ümumi çəkisi 1 ilə təxminən 56.400 kq olar. Həmçinin (8.000-6%=) 7.520 ədəd belamur balığının ümumi çəkisi 1 ilə təxminən 7.520 kq, (12.000-6%=) 11.280 ədəd xanı balığının ümumi çəkisi 1 ilə təxminən 11.280 kq olar. Rəyin bioloji tədqiqat hissəsində göstərilənlərdən istifadə edilməklə, ekspertiza təyini haqqında qərardadda qeyd edilən balıqların ümumi dəyəri və onlara sərf edilməli olan yemlərin ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - çəki balığının ümumi çəkisi 2 ilə təxminən 39.762 kq x 5 manat = 198.810 manat; - belamur balığının ümumi çəkisi 2 ilə təxminən 5.301 kq x 5 manat = 26.505 manat; - xanı balığının ümumi çəkisi 2 ilə təxminən 7.951 kq x 4,5 manat = 35.779 manat; - 883 ədəd damazlıq balıqların ümumi çəkisi 2 ilə təxminən 3.532 kq x 5 manat = 17.660 manat. Ümumilikdə 278.754,50 manat. - 2 il ərzində proteini 23% olan 216.000 kq (2 il x 108 000) yem x 1 man = 216.000 manat; - 2.000 kiloqram damazlıq balığa 2 il ərzində proteini 23 % olan 24.000 kq. (1000 ədəd balıq x 24 kq) yem x 1 manat = 24.000 manat. Ümumilikdə 240.000 manat. - çəki balığının ümumi çəkisi 1 ilə təxminən 42.300 kq x 5 manat = 211.500 manat; - belamur balığının ümumi çəkisi 1 ilə təxminən 5.640 kq x 5 manat = 28.200 manat; - Xanı balığının ümumi çəkisi 1 ilə təxminən 8.460 kq x 4,5 manat = 38.070 manat. Ümumilikdə 277.770 manat. 1 il ərzində proteini 23 % olan 216.000 kq. yem x 1 manat = 216.000 manat. Bioloji tədqiqatın nəticələri və yuxarıda göstərilənləri nəzərə alsaq, dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara xx.xx.2018-ci il tarixində (5.000 ədəd x 25 q=) 125 kq balıq körpəsi alınıb buraxılarsa, həmin balıqların xx.xx.2019-cu il tarixə təbii qidalanma ilə onların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən (250 kq x 5 man=) 1.250 manat müəyyən olunar. - 1 il ərzində 480.000 kq yem verilərsə 480.000 kq x 0,45 man = 216.000 manat; - çəki balığının ümumi çəkisi 1 ilə təxminən 56.400 kq x 5 man = 282.000 manat; - belamur balığının ümumi çəkisi 1 ilə təxminən 7.520 kq x 5 man = 37.600 manat; - xanı balığının ümumi çəkisi 1 ilə təxminən 11.280 kq x 4,5 man = 50.760 manat. - Qeyd edilən 23.760 ədəd çəki, 1.782 ədəd qalınalın (tolstolob), 1.188 ədəd ağ amur (belamur) növü balıqların çəkisi məlum olmadığından həmin balıqlar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Qeyd: Balıq təsərrüfatının fəaliyyət göstərməsi üçün əlavə xərclər tələb olunur: balıqların sututara (gölə) buraxılması, mühafizə xidməti, yemləmə işləri, işıqlandırma, satış üçün sonda balıqların tutulması və sair.”
55. Rəydə həmçinin qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış tədqiqatda qeyd olunanlara əsasən, yəni ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmədiyindən məhkəmə-mühasibat ekspertizası üzrə də ekspert qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmadı. O cümlədən qeyd edilir ki, bioloji və əmtəəşünaslıq ekspertizaları üzrə aparılmış tədqiqatın nəticəsi isə xx.xx.2025-ci il tarixli, 9/9545-7/1910 nömrəli rəydə öz əksini tapmışdır.
56. Məhkəmə işdə olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı iddia üzrə sübutetmə yükü birbaşa iddiaçıya aid olduğundan, iddiaçı iddia edilən maddi ziyanın məbləğini dəqiq müəyyən etməyə imkan verən yetərli sübutları təqdim etmədiyindən, vurulmuş maddi ziyanın məbləği Məhkəmə tərəfindən konkret hallar və təqdim edilmiş məlumatlar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.
57. Belə ki, ağlabatan əvəzin ödənilməsi ilk növbədə pozulmuş hüququn bərpasına imkan yaratmış olur. Digər tərəfdən Məhkəmə ağlabatanlıqla ehtimal edilən hüququ təmin edərkən ziyanın obyekti olan balıqların canlı olması və lazımi qaydada qulluq göstərilmədiyi təqdirdə təbii ölümə də məruz qala bilmələri ehtimalını, cavabdehin təqsirinin ehtiyatsızlıq (etinasızlıq) formasında özünü göstərməsini, iddiaçı üçün riskin dərəcəsi, cavabdehin maddi vəziyyəti kimi faktorları nəzərə almağı əhəmiyyətli hesab edir.
58. Bu baxımdan Məhkəmə yuxarıda göstərilənləri, o cümlədən yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğin 100.000 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. f) apellyasiya baxışının nəticəsi
59. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissəsində Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Apellyasiya baxışının predmeti olan hissəsində apellyasiya şikayətinin dəlilləri və iddia tələbi qismən əsaslıdır.
60. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında baxışın predmeti olan hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
61. Buna görə də, apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə qismən təmin edilməli, hazırki iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinin rədd edilməsi hissəsində, əlavə qətnaməsi isə tamamilə ləğv edilməli, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş və iddiaçının ölümündən sonra onun prosessual hüquq varisi tərəfindən müdafiə olunan iddia hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsində, yəni göldə olmuş balıqların məhv olması nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi hissəsində iş üzrə yeni qətnamə qəbul edilməklə, həmin tələb qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq 100.000 manat məbləğində pul cavabdehdən tutularaq mərhum iddiaçının prosessual hüquq varisinə ödənilməsi, apellyasiya baxışının predmeti olan qalan hissədə iddia təmin edilməməsi qət edilməlidir.
62. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş və onun ölümündən sonra prosessual hüquq varisi X7 tərəfindən müdafiə olunan apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 yanvar 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın “göldə olmuş balıqların məhv olması nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə” tələbin rədd edilməsi hissəsində, iş üzrə qəbul edilmiş 24 yanvar 2022-ci il tarixli əlavə qətnamə isə tamamilə ləğv edilsin. İddiaçı tərəfindən cavabdeh “X13 Sanayi ve Ticaret” Anonim Şirkətinə qarşı irəli sürülmüş və onun ölümündən sonra prosessual hüquq varisi X7 tərəfindən müdafiə olunan iddianın hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsində, yəni “göldə olmuş balıqların məhv olması nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi hissəsində” iş üzrə yeni qətnamə qəbul edilməklə, həmin tələb qismən təmin edilsin. Göldə olmuş balıqların məhv olması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 100.000 (yüz min) manat məbləğində pul cavabdeh “X13 Sanayi ve Ticaret” Anonim Şirkətindən tutularaq mərhum İddiaçı prosessual hüquq varisi X5 ödənilsin. Apellyasiya baxışının predmeti olan qalan hissədə iddia təmin edilməsin. Nəzərə alınsın ki, iddianın “gölün dağılması nəticəsinə iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi hissəsi”, həmçinin “gölün dağılması və göldə olan balıqların məhv olması səbəbindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi” hazırkı apellyasiya baxışının predmeti olmamışdır. İddia ərizəsinin və apelllyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının cəminin (134 manatın) yarısı, yəni 67 (altmış yeddi) manat cavabdeh “X13 Sanayi ve Ticaret” Anonim Şirkətindən tutularaq mərhum İddiaçı prosessual hüquq varisi X5 ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyərinin (320 manat) ödənilməsi məqsədi ilə mərhum İddiaçı prosessual hüquq varisi X3 160 (yüz altmış) manat və cavabdeh “X13 Sanayi ve Ticaret” Anonim Şirkətindən 160 (yüz altmış) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hazırki qətnamədən, qətnamə iş üzrə tərəflərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.