Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3051/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (həyat yoldaşı) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qəbul etdiyi 2(010)-4103/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehdən onun avtomobilinə dəyən zərərin əvəzinin tam məbləğdə, yəni 20.616,45 AZN, iddianın verilməsi ilə bağlı ödənilən 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 2019-cu il tarixində cavabdehin günahından törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan Toyota Prado markalı 90UN059 qeydiyyat nişanlı minik avtomobilə böyük həcmdə zərər dəymişdir. Belə ki, o, xx xxxxx 2019-cu il tarixində Heydər Əliyev prospektində əlavə yoldan köməkçi yola hərəkət etdiyində, qarşısında "xxxx" MMC-yə məxsus İveco Urbanway markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtobus saxlamış və o da avtobusun arxasından avtomobili saxlamışdır. Arxadan gələn və cavabdeh tərəfindən idarə edilən Mercedez Benz 190 markalı 90DP388 dövlət qeydiyyat nişanlı avtomobil ("Mercedes NV") avtomobili vurmuşdur. Nəticədə, avtomobil hərəkətə gələrək avtobus ilə toqquşmuşdur. Toqquşma nəticəsində avtomobilin ön və arxa hissələri ciddi zədələnmiş və bu barədə qeyd DYP tərəfindən verilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə x xxx 2019-cu il tarixli Arayışın 2.4 bəndində öz əksini tapır. Azərbaycan Respublikasının Bakı şəhəri Dövlət X4 tərəfindən hadisə ilə bağlı aparılmış araşdırmaya əsasən hadisə cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsində baş verib. Bütün bunlar DYP-in İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli Qərarında birbaşa göstərilir. Həmin qərardan cavabdeh tərəfindən şikayətin verildiyi barədə heç bir məlumat yoxdur. x xxxxxx 2011-ci il tarixdə verilmiş və x xxxxxx 2021-ci il tarixədək etibarlı olan AB No 418945 nömrəli sürücülük vəsiqəsinə malik olan cavabdeh hadisə törədilməsində iştirak edən Mercedes NV-ni x xxxx 2008-ci il tarixində ona verilmiş etibarnamə əsasında idarə edirdi. Toyota istehsalçısının rəsmi servis mərkəzi olan Toyota Bakı Mərkəzi tərəfindən verilmiş Qiymətləndirmə Aktına əsasən avtomobilin təmiri 24.885 AZN məbləğində dəyərləndirilib. Belə ki, avtomobili təmir edib işlək vəziyyətə qaytarmaq həmin məbləğdə xərc tələb edir və həmin xərc faktiki iddiaçıya dəyən zərərin məbləğidir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ona xxxx sığorta tərəfindən 4,268.55 AZN sığorta ödənişi edildiyindən, əvəzi ödəniləcək zərərin məbləği müvafiq olaraq azalaraq 20.616,45 AZN təşkil edir. Qeyd edilənlərə əsasən cavabdehdən onun avtomobilinə dəyən zərərin əvəzinin tam məbləğdə, yəni 20.616,45 AZN, iddianın verilməsi ilə bağlı ödənilən 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4103/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 11.212,45 manat məbləğində pulun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 AZN dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən, iddianın təmin olunduğu hissədə ləğv edilərək iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüuquq normalarının pozulması ilə qəbul edildiyindən iddianın təmin edildiyi hissədə ləğv edilməlidir. Belə ki, iddiaçı tərəfindən tələb olunan və ekspert rəyində göstərilən məbləğ şişirdilmişdir. Həmçinin iddiaçının avtomaşınına baxış keçirilən zaman onun iştirakı təmin olunmalı, tərəflərin iştirakı ilə baxış keçirilməli, qüsür aktı tərtib olunmalı, zədələnmiş hissələr qeydə alınmalı və qüsür aktı əsasında dəymiş maddi ziyan hesablanmalıdır. Avtomobilə dəymiş ziyanın miqdarının müəyyənləşdirilməsi üçün ekspert avtomobilə baxış keçirməli idi. “Babək Servis” tərəfindən iddiaçıya məxsus maşına verilmiş qüsur aktındakı rəqəmlər həddən artıq şişirdilmişdir. Bu məqsədlə iş üzrə məhkəmə avtotexnikiəmtəəşünaslıq ekspertizası təyin edilməli və iddiaçıya yalnız qəza nəticəsində yetirilmiş zərərin miqdarı müəyyən edilməli, avtomaşın təmir olunduğu halda iddiaçı tərəfindən məhkəməyə ödənilmiş məbləğlərlə bağlı qəbzlər təqdim edilməlidir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak iddiaçının nümayəndəsi (həyat yoldaşı) X2 işə cavabdehin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinin tələbinə görə hazıki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (həyat yoldaşı) X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdi ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. Apellyasiya şikayətində məhkəmə tərəfindən hər hansı normaların və ya məhkəmə təcrübəsinin pozulduğu əsaslandırılmamışdır. Belə ki, cavabdehin “avtomaşına baxış keçirilən zaman onun iştirakının təmin edilməməsi” barədə dəlilinə münasibətdə bildirilmişdir ki, hadisədən sonra cavabdeh tərəfindən DYP-nin əməkdaşlarına verilmiş telefon nömrəsi ilə dəfələrlə əlaqə saxlanılsa da, bu mümkün olmamışdır. Həmçinin cavabdeh hadisədən sonra da onunla əlaqə saxlamamışdı. Cavabdehin “avtomobilə dəymiş ziyanın miqdarının müəyyənləşdirilməsi məqsədilə zədələnmiş hissələrin müəyyən edilməsi üçün ekspertin avtomobilə baxış keçirməklə müəyyən edilməli, dəyişməli olan hissələrin hansının təmir etdirməklə bərpa edilməsi müəyyən edilməli idi” barədə dəlilinə münasibətdə bildirilmişdir ki, cavabdeh bu halların müəyyən edilməsi məqsədilə məhkəmədə vəsatət verə bilərdi. Lakin cavabdeh tərəfindən hər hansı vəsatət verilməmişdir. Digər tərəfdən avtomobilin təmirinə çəkilmiş xərcləri əks etdirən qəbzlərin olmaması zərərin əvəzinin ödənilməsi tələbini mümkünsüz etmir. Bununla bağlı iddiaçının nümayəndəsi (həyat yoldaşı) apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin (həyat yoldaşının) izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın cavabdehə qarşı təmin olunmuş hissəsində mübahisələndirildiyindən qətnamənin qanuniliyi və əsaslılığı məhz həmin hissədə yoxlanılır. Belə ki, məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdi ki, AC N seriyalı, 221685 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Toyota Prado markalı 90UN059 qeydiyyat nişanlı minik avtomobili İddiaçı məxsusdur. xx.xx.2019-cı il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, “xxxx” ASC tərəfindən İddiaçı hesabına 4.268,55 manat ödəniş edilmişdir. “Toyota Bakı Mərkəzi” tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli qiymətləndirmə aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı «Toyota Prado markalı 90UN059 qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 24.885 manat həcmində müəyyən edilmişdir. “Babək Avtoservis” tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli qüsur aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı «Toyota Prado markalı 90UN059 qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 19.534 manat həcmində müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı İXP seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hazırkı işə birinci instansiya qaydasında baxılarkən təqdim olunmuş qüsur aktlarında göstərilən rəqəmlər arasında fərq olduğundan avtomobilə dəymiş ziyanın məbləğinin dəqiq müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 26037 saylı xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Toyota Prado” **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 15.481 manat müəyyən edilmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 26037 saylı rəyindən çıxış edərək hesab etmişdir ki, 2013-cü il buraxılışlı “Toyota Prado” **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 15.481 manat təşkil edir. Həmçinin məhkəmə “xxxx” ASC tərəfindən İddiaçı hesabına “Toyota Prado” **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta haqqı olaraq 4268,55 manat pulun ödənilməsini nəzərə alaraq hesab etmişdir ki, vurulmuş zərərin əvəzi olaraq 11212,45 manat pul Cavabdeh tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edildiyi hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1). Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edildiyi halda cavabdehin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulmalıdır. Məhkəmə araşdırmaları zamanı və işdə olan İXP ******* saylı xx.xx.2018-ci il tarixli “inzibati xəta haqqında” protokolun və ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın surətindən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə “Mercedes 190” markalı 90DP388 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən təqsirli bilinmiş və buna görə 40 manat məbləğində cərimə olunmuşdur. İş üzrə iddiaçıya məxsus 2013-cü il buraxılışlı “Toyota Prado” **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ekspert rəyinə əsasən 15.481 manat təşkil etdiyindən və “xxxx” ASC tərəfindən İddiaçı hesabına avtomobilinin icbari sığorta haqqı olaraq 4268,55 manat məbləğində pul vəsaiti ödənildiyi üçün birinci instansiya məhkəməsi düzgün olaraq vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 11212,45 manat (15481 manat – 4268,55 manat = 11212,45 manat) pulun tutulması qənaətinə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qətnamənin ləğvi olunması üçün əsas vermir. Belə ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi “zərərin məbləğinin müəyyən edilməsi üçün avtomobilə baxış keçirilməklə iş üzrə ekspertizanın keçirilməsi” barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, əvvəla məhkəmə proseslərində iddiaçı tərəfindən avtomobilin artıq təmir olunduğu bildirilmiş, digər tərəfdən iddiaçıya məxsus avtomobilə dəymiş zərərin miqdarının müəyyən edilməsi məqsədilə təqdim olunmuş hər iki qüsur aktı arasında təhlil aparılmaqla keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspert rəyini şübhə altına alan, başqa sözlə, həmin zərərin məbləğinin ekspert rəyində göstərilən məbləğdən daha az miqdarda olması barədə hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı Kollegiya işdə olan ekspert rəyini MPM-nin tələblərinə uyğun olaraq mötəbər sübut kimi qiymətləndirərək iş üzrə müvafiq ekspertizanın keçirilməsinə zərurət görməmişdir. Digər tərəfdən, cavabdeh apellyasiya baxışı zamanı öz mövqeyini əsaslandırmaq üçün nəinki müvafiq sübutlar təqdim edə bilmiş, hətta məhkəmə iclasında bu barədə lazımi qaydada xəbərdar olunsa da, iştirakını təmin etməmişdir. Halbuki MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4103/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edillsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2(103)-3051/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3051/2020
22.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver