Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3051/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bakı şəhər Nizami Rayon İcra şöbəsinə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X2” MMC-nə və "xxxx" Azərbaycan ASC-nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: hərrac, hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Nizami Rayon İcra şöbəsinə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X2” MMC-yə və "xxxx" Azərbaycan ASC-yə qarşı “hərracın yekunları üzrə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 14 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19.09.2017-cı il tarixli qətnaməsi ilə İddiaçı 38 910 ABŞ dolları əsas, 7124 ABŞ dolları faiz və 483 ABŞ dolları cərimə borcunun, habelə dövlət rüsumlarının əvəzi olaraq 60 manatın tutularaq "xxxx" Azərbaycan ASC-nə ödənilməsi, Bakı şəhəri Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 45 nömrəli evin 83 saylı mənzilinə tutma yönəldilməsi və həmin mənzilin ilkin satış qiyməti 110 000 manat olmaqla açıq hərracdan satılması, banka ödənilməli olan məbləğlərin mənzilin satışı hesabına ödənilməsi, bankın tələbi ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması, mənzil satıldıqdan sonra İddiaçı oradan 1 aydan gec olmayaraq çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq 26.10.2017-ci il tarixdə icraya yönəldilmişdir.
2. Nizami rayon İcra və probasiya şöbəsinin “Daşınar və Daşınmaz Əmlakların Satışı X2” MMC tərəfindən həmin icra sənədinin icrası ilə bağlı hərraclar keçirilmiş, əmlak hərracda satılmadığından tələbkar banka təklif olunmuş, 22.12.2020-ci il tarixdə bankın mülkiyyətinə keçirilmişdir.
3. İddiaçı Nizami Rayon İcra şöbəsinə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X2” MMC-yə və "xxxx" Azərbaycan ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin sifarişi əsasında “Daşınar və Daşınmaz Əmlakların Satışı X2” MMC-nin təşkilatçılığı ilə baş tutan hərracın yekunları barədə 27 noyabr 2020-ci il tarixli 45/01 nömrəli protokolun etibarsız hesab edilməsi, 08.02.2014-cü il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Nizami Rayon icra və probasiya şöbəsinin sifarişi ilə mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 45 saylı evin 83-cü mənzili qanunsuz olaraq, iştirakı təmin edilmədən, ona məlumat verilmədən hərraca çıxarılaraq satılmış, hərracın nəticələrinə uyğun olaraq həmin əmlak üzərində "xxxx" Azərbaycan ASC-nin mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Hərracların keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır, halbuki, Mülki Məcəlləyə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməli, bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilən digər məlumatlar olmalıdır. Məcəllədə müəyyənləşdirilən qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 16.11.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin sifarişi əsasında və “Daşınar və Daşınmaz Əmlakların Satışı X2" MMC-nin təşkilatçılığı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 45 saylı evin 83-cü mənzili ilə əlaqədar keçirilmiş hərracın yekunları barədə 27 noyabr 2020-ci il tarixli 45/01 nömrəli protokolun etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin aradan qaldırılması və mənzilin Cavabdeh3 ASC-nin mülkiyyətinə keçməsinə dair 08.02.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət olunmuşdur.
6. Birinci instansiya məhkəməsi qənaətini belə əsaslandırmışdır ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı X2” MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 45 saylı evin 83-cü mənzilinə dair hərracların keçirilməsi və qiymətləndirilməsi qaydaları “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin tələbləri pozulmaqla keçirilmiş, hərracın keçirilməsi barədə məlumatlara şəxslərin, xüsusən də iddiaçının əlçatımlılığı olmamış, hərracın keçirilməsi faktiki olaraq formal xarakter daşımışdır. “Daşınar və Daşınmaz Əmlakların Satışı X2” MMC tərəfindən qeyd edilən halların əksini təsdiq edən hər hansı bir sübut, o cümlədən hərracın keçirilməsi və nəticələrindən irəli gələn hərəkətlərin həyata keçirilməsi zamanı həmin sahədə mövcud olan qanunvericilik normalarına əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan sübutlarla 1-ci və 2-ci hərracların hansı səbəblərdən baş tutmamasını, həmin hərraclarda kimlərin iştirak etməsini və qanunda nəzərdə tutulan hərracların keçirilməsi üçün zəruri hesab edən halları müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan hallar “Daşınar və Daşınmaz Əmlakların Satışı X2” MMC tərəfindən hərracın keçirilməsinin və təşkilinin pozulması kimi qiymətləndirilməli, bu səbəblə də keçirilmiş hərrac etibarsız hesab edilməli, onun nəticələri ləğv olunmalıdır.
7. Birinci instansiya məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərardadı ilə qətnaməyə düzəliş edilmiş, qətnamənin nəticə hissəsinin aşğıdakı kimi oxunması qərara alınmışdır: “İddia təmin olunsun. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin sifarişi əsasında və “Daşınar və Daşınmaz Əmlakların Satışı X2" MMC-nin təşkilatçılığı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 45 saylı evin 83-cü mənzili ilə əlaqədar keçirilmiş hərracın yekunları barədə 27 noyabr 2020-ci il tarixli 45/01 nömrəli protokol etibarsız hesab edilsin. Onun hüquqi nəticələri aradan qaldırılmaqla Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 45 saylı evin 83-cü mənzilinin Cavabdeh3 ASC-nin mülkiyyətinə keçməsinə dair 22.12.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin”.
8. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh3 ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı, Suraxanı Rayon Məhkəməsinin 19.09.2017-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini aldığını bilmiş və icra icraatı zamanı Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qərarının ləğv edilməsi barədə şikayət vermiş, həmin şikayətdə əlaqə nömrələrini göstərmişdir. Hərracın keçirilməsinə dair bildirişlər də iddiaçının iddia ərizəsində göstərdiyi, yəni məhkəmə qətnaməsində olan ünvana göndərilmiş, eyni zamanda hərracın təşkili haqqında “Birja yenilikləri” qəzetində elan verilmiş, o cümlədən bildirişlərin məzmununu əks etdirən məlumatlar "sms” göndərmə üsulu ilə ona göndərilmişdir. Üstəlik məhkəmə baxışı zamanı iddiaçıya hərrac bildirişlərində olan nömrələrin kimə məxsusluğu ilə bağlı ünvanlanan suala cavab olaraq o, nömrələrin vəkilinə məxsus olduğunu bildirmiş, beləliklə onun hərracdan məlumatlı olduğu və əmlakı hərracdan almağa kifayət qədər vaxtının olduğu müəyyənləşdirilmişdir. Mülki Məcəllənin 416-cı maddəsinin dispozisiyası imperativ deyil və hərracın yekunları barədə protokolun mütləq etibarsız hesab olunmasını nəzərdə tutmur. İddiaçı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə çalışır və belə olan halda isə icra icraatının əsassız olaraq, sonsuzadək davam etməsi nəticəsində Bankın hüququnun bərpası təmin olunmayacaqdır. Bank hərracın təşkilatçısı olmadığından, hərracın keçirilməsi zamanı baş verən pozuntuların məsuliyyətini daşıya bilməz və iddianın təmin olunması vicdanlı alıcı olaraq bankın hüquqlarını pozur. b) Apelyasiya baxışı zamanı keçirilən məhikəmə iclası və verilən izahatlar
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir.
11. İşə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış Nizami Rayon İcra şöbəsi və “Daşınar və Daşınmaz Əmlakların Satışı X2” MMC nümayəndələrini məhkəməyə göndərməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
13. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
14. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
15. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
16. Maddə 43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
22. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
23. İş materiallarından aydın olur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19.09.2017-cı il tarixli qətnaməsi icraya yönəldildikdən sonra Nizami rayon İcra və Probasiya Şöbəsi mənzilin hərracda satışının təşkili üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı X2” MMC-nə sifariş vermiş, adı çəkilən MMC tərəfindən “Birja Yenilikləri” qəzetinin 14.10.2020-ci il tarixli buraxılışında Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsində yerləşən 45 saylı evin 83 saylı mənzilinin ilkin satış qiyməti 110 000 manat müəyyən edilməklə 10.11.2020-ci il tarixdə açıq hərracının keçiriləcəyi barədə elan verilmiş, bununla bağlı tərəflərə, o cümlədən İddiaçı 15.10.2020-ci il tarixdə bildiriş göndərilmiş, bildiriş ona çatdırılmış, həmin qəzetin 11.11.2020-ci il tarixli buraxılışında ilkin hərracın baş tutmadığı qeyd olunmaqla mənzillə bağlı ikinci hərracın 23.11.2020-ci il tarixdə keçiriləcəyi (ilkin satış qiymətindən 15% aşağı qiymətlə) haqqında elan yerləşdirilmiş və icra icraatının tərəflərinə bildirişlər ünvanlanmış, müvafiq bildiriş 12.11.2020-ci il tarixdə İddiaçı çatdırılmış, mənzil təkrar hərracda da satılmadığından əmlakı təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 70 125 manata alıb-almayacağı məsələsinə münasibət bildirməsi üçün Banka 24.11.2020-ci il tarixdə təklif məktubu göndərilmiş, eyni zamanda “Cumhuriyyət” qəzetinin 24.11.2020-ci il tarixli buraxılışında hərracın baş tutmadığı barədə elan verilmişdir.
24. Göründüyü kimi, əmlakın satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona yazılı bildirişlərin göndərilməməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq üçün əsas mövcud deyildir.
25. Bu qənaətə gələrlən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2754/2021 saylı iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi və buna bağlı olaraq 04 fevral 2022-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı Nizami Rayon İcra şöbəsinə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X2” MMC-yə və "xxxx" Azərbaycan ASC-yə qarşı “hərracın yekunları üzrə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov