Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3052/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı və onun nümayəndəsi Nümayəndə1 Malikəjdər qızının, Cavabdeh2, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(004)-80/2024 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı üzərində 2019-cu ilin sentyabr ayında Cavabdeh1 MMC klinikada Cavabdeh2 tərəfindən rinoplastika (burun kiçiltmə) əməliyyatı icra olunmuşdur. Hazırda iddiaçı yanlış tibbi əməliyyatı nəticəsində burnunda müəyyən fəsadlar yaranmasını bildirməklə cavabdehlərdən vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin sentyabr ayında Cavabdeh1 MMC adlanan klinikada İddiaçı üzərində Cavabdeh2 tərəfindən rinoplastika (burun kiçiltmə) əməliyyatı icra olunmuşdur. Lakin, Cavabdeh2 yanlış tibbi əməliyyatı nəticəsində iddiaçının burnunda müəyyən fəsadlar yaranmış və o, tibbi problemlərin aradan qaldırılması məqsədilə ümumilikdə 2 (iki) dəfə xx.xx.2020-ci il tarixdə “Davinçi” hospitalda 500 manat dəyərində, xx.xx.2023-cü il tarixdə isə “Antromed” tibb mərkəzində 4500 manat dəyərində yenidən tibbi əməliyyat olunmuşdur. Nəticədə, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya ümumilikdə 6300 (1300+500+4500) manat maddi zərər vurulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(004)- 80/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada ümumilikdə 5800 (beş min səkkiz yüz) manat pul və ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 871/KEŞ nömrəli rəyinə istinad edərək qeyd etmişdir ki, rəyə əsasən əməliyyat üzrə cavabdehlər həkim və tibb müəssisəsinin (klinikaya münasibətdə obyektiv və subyektiv təqsir) təqsiri müəyyən edilir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 apellyasiya şikayətində qeyd etmişdir ki, icra edilən əməliyyatın yanlış olması həkim səhvi haqqında ekspertiza rəyində heç bir fakt yoxdur. Pasient əməliyyatdan sonrakı ağırlaşma barədə xəbərdar edilib və razılığı alınmışdır. Aydın olmayan məqamlarda ekspertlərin məhkəməyə dəvət olunması ilə bağlı vəsatət rədd edilib, həmçinin, təkrar ekspertiza keçirilməsi ilə bağlı verilən vəsatət rədd edilmişdir. Bundan başqa, ekspertlərin rəyində aparılan cərrahi müdaxilə sonrası hansı səbəblərdən-mikrob düşməsi, pasientin burnunu qorumaması tövsiyələrə əməl olunmaması və sair qeyd olunmamışdır. X4 klinikasında ekspertiza rəyinə əsasən heç bir çəpər əyriliyi aşkar edilmədiyi halda ikinci əməliyyat olunduğu “Artromed” klinikasında ona çəpər əyriliyi diaqnozu nəyə əsasən qoyulmuşdur. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı özü tələbində qeyd etmişdir ki, 2019-cu il tarixdə "xxxx" MMC-də əməliyyat olunduqdan sonra uzun müddət keçmiş və fərqli vaxtda fərqli klinikalarda daha 2 əməliyyat keçirtmişdir. Buna görə, "xxxx" MMC-ni təqsirləndirilməsi tam əsassızdır. Bundan əlavə 2019-cu ildə "xxxx" MMC əməliyyatın keçirilməsi üçün lazım olan bütün şəraiti təmin etdiyindən və həkim personalı lazımi qaydada təlimatlandırıldığından "xxxx" MMC sonrakı tibbi əməliyyatların keçirilməsində heç bir məsuliyyət daşımır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı "xxxx" MMC-də cəmi 250 manat icarə haqqı ödəmiş və ən pis halda 250 manat civarında məsuliyyət daşıya bilərdi və iddiaçı sonrakı əməliyyatların da nəticəsindən razı olmadığından hər bir müəssisə özlərinə edilmiş ödəniş həcmində məsuliyyət daşıya bilər və ona görə də digər müəssisələr 3-cü şəxs qismində məhkəmə iclasına cəlb edilməli idilər. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3052/2024 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 X5 20 iyun 2024-cü il tarixli məktubu ilə 522/KEŞ saylı ekspert rəyi daxil olduqdan sonra mülki iş üzrə icraat təzələnmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətlərinə etiraz təqdim edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları və ya prosessual hüquq normaları pozulmamış, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübut edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş neticələri işin hallarına uyğun olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahat verərək tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə1 ayrı-ayrılıqda apelyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətlərində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 871/KEŞ nömrəli rəyinə əsasən ekspert qarşısına qoyulmuş 6 (altı) sual cavablandırılmışdır. Müvafiq rəyin nəticə hissəsinə əsasən müəyyən edilir ki, ..... İddiaçı üzərində icra edilmiş “rinoplastika” cərrahi əməliyyatı səhiyyə sisteminin qüvvədə olan 70 saylı əmrinin mövcud təlimat qaydalarının pozulması kimi qiymətləndirilir..... İddiaçı xx.xx.2022-ci il tarixdə mütəxəssis müayinəsi zamanı onun burnunun sağ qanadında estetik olaraq görüntü pozğunluğunun olduğu müəyyən edilmişdir ki, bunun da icra edilmiş cərrahiyyə əməliyyatından sonra yaranması istisna edilmir...... Birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən həmin rəyə istinad edərək qeyd etmişdir ki, rəyə əsasən əməliyyat üzrə cavabdehlər həkim və tibb müəssisəsinin (klinikaya münasibətdə obyektiv və subyektiv təqsir) təqsiri müəyyən edilir. Cavabdeh2 apellyasiya şikayətində qeyd olunan rəyi mübahisələndirmiş, digər cavabdeh isə apellyasiya şikayətində həmçinin bildirmişdir ki, "xxxx" MMC əməliyyatın keçirilməsi üçün lazım olan bütün şəraiti təmin etdiyindən və həkim personalı lazımi qaydada təlimatlandırıldığından "xxxx" MMC sonrakı tibbi əməliyyatların keçirilməsində heç bir məsuliyyət daşımır. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi baxışı təyin edilmiş məhkəmə-tibbi ekspertizası zamanı iddiaçı iştirak etməmiş, tədqiqat tibbi sənədlər əsasında aparılmış, məhkəmə nəticəsini təqdim edilmiş sənədlər əsasında verilmiş və müayinə zamanı iddiaçının burnunun sağ qanadında estetik olaraq görüntü pozğunluğunun olması qeyd edilmiş və bunun da icra edilmiş cərrahiyyə əməliyyatından sonra yaranması istisna edilməməsi bildirilməsi ilə əsaslandırmış, daha sonra rəydə “rinoplastika” cərrahi əməliyyatl səhiyyə sisteminin qüvvədə olan 70 saylı əmrinin mövcud təlimat qaydalarının pozulması kimi qiymətləndirilməsi qənaətinin açıqlanmamasına, sual qoyulmasına baxmayaraq həmin əmrin tarixinin qeyd edilməməsinə diqqət yetirməmiş, özü tərəfindən həmin əmrin məzmunu və əməliyyatlar olunan tarixlərdə qüvvədə olub-olmaması yoxlanılmamışdır. Belə olan halda, apellyasiya baxışı zamanı xüsusi bilik tələb edən sualların izah edilməsi zərurəti yarandığından, eləcə də birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilsə də təqdim edilmiş rəy kifayət qədər aydın və tam olmadığından hazırki mülki iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması məqsədi ilə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 X5 20 iyun 2024-cü il tarixli, 522/KEŞ saylı ekspert rəyindən görünür ki, "İstanbul" Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2019-cu il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona "Burun çəpərinin əyriliyi. Xarici burun deformasiyası" diaqnozu təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində "Rinoplastika" cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2019-cu il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. “Davinci Hospital"da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2020-ci il tarixdə onun üzərində "Revizion rinoplastika" cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə mütəxəssis müayinəsi zamanı onun burnunun sağ qanadında estetik olaraq görüntü pozğunluğunun olduğu müəyyən edilmişdir ki, bunun da icra edilmiş cərrahiyyə əməliyyatından sonra yaranması istisna edilmir. "Artromed" X6 Səmədlinin adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixdə onun üzərində "Qabırğa qığırdağından allotransplantat hazırlanaraq revizion septorinoplastika və inf. konxaların sumbukoz RF destruksiyası" cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı üzərində icra edilmiş "Rinoplastika" cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş "Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları"nın 24.1 bəndinin tələblərinin ("ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi") pozulması kimi qiymətləndirilir. İş materiallarından görünür ki, yanlış tibbi əməliyyatı nəticəsində iddiaçının burnunda müəyyən fəsadlar yaranmışdır. Aparılmış ekspertiza tədqiqatlarının nəticəsi ilə də müəyyən edilmişdir ki, həmin fəsadlar məhz icra edilmiş cərrahiyyə əməliyyatından sonra yaranmışdır. Həmin halın müəyyən edilməsi isə xüsusi bilik tələb etdiyindən və hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən və bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, qeyd olunan ekspert rəyi mötəbər sübut kimi qəbul edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində cavabdehlərin təqsiri olmaması barədə dəlilləri qeyd edilsə də, həmin dəlillər öz təsdiqini tapmamışdır. Çünki qeyd olunan rəylə İddiaçı üzərində icra edilmiş "Rinoplastika" cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş "Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları"nın 24.1 bəndinin tələblərinin ("ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi") pozulması kimi qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra edilməməsi nəticəsində iddiaçıya maddi ziyan vurulduğundan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin vurulmuş ziyanın məbləği hissəsində mübahisələndirilməsi ilə bağlı qeyd edir ki, iddiaçının "xxxx" MMC-də cəmi 250 manat icarə haqqı ödəməsini apellyator etiraf etsə də, bu onun 250 manat civarında məsuliyyət daşıya bilməsinə dair dəlilinin əsaslı olması demək deyildir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh2 izahatında sözügedən klinikada əməliyyat olunması üçün iddiaçının 1300 manat ödəməsini göstərmişdir. Bundan da əlavə, Cavabdeh2 yanlış tibbi əməliyyatı nəticəsində iddiaçının burnunda müəyyən fəsadlar yaranması və tibbi problemlərin aradan qaldırılması məqsədilə xx.xx.2020-ci il tarixdə “Davinçi” hospitalda xx.xx.2023-cü il tarixdə isə “Antromed” tibb mərkəzində yenidən tibbi əməliyyat olunması, sonrakı əməliyyatların ilkin tibbi əməliyyatın nəticəsi olmaqla aralarında səbəbli-əlaqənin olması müəyyən edilməsini, eləcə də xx.xx.2020-ci il tarixdə “Davinçi” hospitalda 500 manat dəyərində tibbi əməliyyatın həyata keçirilməsi barədə sənəd, sübut təqdim olunmamasını nəzərə aldıqda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada ümumilikdə 5800 (beş min səkkiz yüz) manat pul tutulmasına dair birinci instansiya məhkəməsinin nəticəsini məhkəmə kollegiyası əsaslı sayır.
Bundan başqa cavabdeh "xxxx" MMC apellyasiya şikayətində göstərmişdir ki, 2019-cu ildə "xxxx" MMC əməliyyatın keçirilməsi üçün lazım olan bütün şəraiti təmin etdiyindən və həkim personalı lazımi qaydada təlimatlandırıldığından "xxxx" MMC sonrakı tibbi əməliyyatların keçirilməsində heç bir məsuliyyət daşımır. Məhkəmə kollegiyası həmin dəlillərə münasibətdə bildirir ki, mülki qanunvericiliyin tələblərinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmçinin birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırda isə əməliyyat üzrə cavabdehlər həkim və tibb müəssisəsinin (klinikaya münasibətdə obyektiv və subyektiv təqsir) təqsiri müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2019-cu ilin sentyabr ayında Cavabdeh1 MMC adlanan klinikada İddiaçı üzərində Cavabdeh2 tərəfindən “Rinoplastika” (burun kiçiltmə) əməliyyatı icra olunarkən onunla klinika arasında əmək müqaviləsi bağlanmamışdır. Belə ki, kollegiyanın sorğusu əsasında rəsmi e-mail ünvanı vasitəsilə X3 Bakı şəhər İdarəsi tərəfindən təqdim edilmiş 09 avqust 2024-cü il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında belə bir müqavilə 2019-cü ilin oktyabr ayında bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Faktiki olaraq əmək funksiyalarının yerinə yetirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında faktiki əmək münasibətləri olması qənaətinə gələ bilər. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Məhkəmə kollegiyası göstərilən nəticələrə gələrkən nəzərə almışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1112-ci maddəsinin tələbləri baxımından tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrdə sübutetmə yükü zərərvuranın üzərinə düşür və məhz zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. "xxxx" MMC isə, onunla əvvəl faktiki, daha sonra isə rəsmi əmək münasibətində olan həkimin iddiaçının üzərində həyata keçirdiyi cərrahiyyə əməliyyatından sonra iddiaçıda fəsadların həkimin təqsirli hərəkətlərinin nəticəsi olmadığını sübuta yetirə bilməmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mübahisələndirilən hissəsində gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(004)- 80/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Məmməd Məmmədov