Məhkəmə qərarları › İş №2(103)-3053/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3053/2022

28.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3053/2022 28.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmək pensiyasının və müvafiq müavinətlərin ona ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı, 19.11.2021-ci il tarixli qərardadına əsasən şikayət geri qaytarılmışdır. Bu qərardaddan İddiaçı şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-8661/2021 saylı, 19.11.2021-ci il tarixli qərardadının və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı, 18.11.2021-ci il tarixli qərardadının ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, iddiaçı cavabdehin inzibati aktını mübahisələndirmir, iddia ərizəsində ifadə edilmiş “Cavabdehin məsul işçiləri xidməti vəzifələrindən sui istifadə edərək məni aclığa məhkum ediblər” iddianın əsası iddianın aidiyyət üzrə ya AR MPM-nin predmeti ya da AR CPM-nin predmeti ola bilərdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı, 22.11.2021-ci il tarixli qərardadına əsasən şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı, 19.11.2021-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı, 18.11.2021-ci il tarixli qərardadı dəyişdirilmiş, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmək pensiyasının və müvafiq müavinətlərin ona ödənilməsi və s.” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. Həmin qərardaddan da İddiaçı şikayət verərək, e-2(011)- 8661/2021 saylı işin Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı, 29.11.2021-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12238/2021 saylı, 24.12.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı, 22.11.2021-ci il tarixli qərardadı ləğv edilmiş, və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı, 03.02.2022-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2243/2022 saylı, 21.02.2022-ci il tarixli qərardadına əsasən İddiaçı şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı, 19.11.2021- ci il tarixli qərardadı ləğv edilmiş və iddia ərizəsinin geri qaytarılması barədə 18 noyabr 2021- ci il tarixli qərardaddan verilmiş şikayətə baxılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı, 03 mart 2022-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı və şikayəti ilə eyni məzmunda əsaslandırdığı ərizəsində iddiasının təmin edilməsini yenidən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı cavabdeh kimi göstərdiyi ƏƏSMN-dən əmək pensiyasının və müvafiq müavinətlərin ona ödənilməsini tələb edir ki, burada da inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Demək, inzibati orqanın hazırki iddia üzrə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etməsini yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Hazırki işdə inzibati orqan xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak edə bilməz. Çünki, iddiaçı əmək pensiyasının və müvafiq müavinətlərin ödənilməsini tələb edir. Bu vəsaitlər isə cavabdehin deyil, dövlət büdcəsinin vəsaitidir. Dövlət büdcəsinin vəsaiti olan pensiyanın və müavinətin ödənilməsində cavabdehin dizpozitiv səlahiyyətləri yoxdur. Başqa sözlə cavabdehə pensiyanın yaxud müavinətin öz iradəsinə uyğun ödəməsi ilə bağlı hər hansı bir səlahiyyət verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarının 3.1-ci bəndində göstərilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ancaq hazırki işdə cavabdeh kimi göstərilən inzibati orqan iddiaçı ilə bərabər mövqedədirmi, öz iradəsini ifadə etməkdə sərbəstdirmi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmirmi? Əlbətdə ki, bu ritorik sual olsa da, cavabın aydınlaşdırılması tələb olunur. Yəni, hazırki tələb üzrə cavabdeh iradə ifadə etməkdə sərbəst deyil, çünki, sərbəst olması o demək olardı ki, bu cür iddianı etiraf da edə bilər, başqa sözlə tələb edilən pensiyanı yaxud müavinəti öz iradəsini ifadə etməkdə sərbəst olduğu üçün qanunsuz olsa da etriaf da edə bilər. Lakin bu cür vəziyyətin baş verməsinə görə inzibati orqan hüquqi məsuliyyətə cəlb oluna bilər. Çünki, dövlətin ona verdiyi icrası məcburi olan səlahiyyətləri aşmaq yaxud ondan sui istifadə etmək ciddi hüquqi məsuliyyət yaradır. Qeyd olunuduğu hazırki işdə tərəflər xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etmir, onların arasındakı münasibətlər də xüsusi hüquq münasibətləri olmadığından bu münasibətlərdən yaranan mübahisələrə də mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Görünüdyü kimi, iddiaçı birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşmayaraq qərardaddan şikayət vermişdir. Lakin iddianın yolverilməzliyinə görə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan bir tələblə rayon məhkəməsinə müraciət edərək bu istəyinə necə nail olacağını qanuna istinad etməklə əsaslandırmamış, dolayısı ilə, nail olmağa çalışdığı məqsəd üçün düzgün vasitə (yol) seçməmişdir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar