Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3057/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" 2(007)-3178/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14000 (on dörd min) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə bir neçə il olar ki, tanış olmuşdur. Bir müddətdən sonra cavabdeh icarəyə mağaza işlətmək üçün ondan borc pul istəmişdir. O, cavabdehin səmimiliyinə inanaraq 14000 (on dörd min) manat məbləğində pul vermişdir. Cavabdeh almış olduğu pulu hissə-hissə qaytaracağına söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. İndiyədək ona 150 (yüz əlli) manat pul vermişdir. Onun səmimiliyimdən sui-istifadə edib, onu aldatmışdır. Hər dəfə müxtəlif bəhanələrlə bundan boyun qaçırır. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüş və əsəb xəstəliyinə düçar olmuşdur, sağlamlığına zərər vurmuşdur. Ailəsinin dağılmasına və söz söhbətə səbəb olmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 13850 (on üç min səkkiz yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi, 7000 (yeddi min) manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2017-ci il tarixdə İddiaçı cavabdeh 1500 manat borc pul götürmüşdür. İddiaçı cavabdehin tanışına da faizə borc pul vermişdir. Ümumilikdə İddiaçı 7000 (yeddi min) manat məbləğində pul götürülüb. Hər ay 700 manat faiz pul ödənilmişdir, sonradan cavabdehin tanışı ümumiyyətlə ödəniş etməmişdir. İddiaçı cavabdehə 14000 manat borcunun olduğunu demişdir. Cavabdehin həmin pulu ödəməyə imkanı olmamışdır. 2019-cu ildə cavabdehdən Bakı şəhəri Xətai rayon 34-cü Polis Şöbəsinə şikayət etmişdir. Həmin ərizədə özü də 2017-ci ildə cavabdehə pul verdiyini 1150 manat pulu qaytardığını qeyd etmişdir. İş polis bölməsində olanda İddiaçı cavabdehə təzyiq edərək guya ondan 14000 (on dörd min) manat borc pul götürdüyünə dair qəbzə imza etdirmişdir. Lakin cavabdehin və borc götürmüş tanışının ödədiyi faizi nəzərə almasaq, İddiaçı cəmi 7000 manat (tanışına ona görə pul vermişdi) borcları var. Cavabdeh həmin pulu ödəməkdən imtina etmir, lakin ödənilməyən faizləri hesablayıb ondan 14000 manat pul tələb etməsi də ədalətsizlikdir. İddiaçı Xətai RPİ-nin 34-cü polis şöbəsində cavabdehə 2017-ci ildə 14000 manat məbləğində borc pul verdiyini, cavabdehin 1150 manat pul qaytardığına dair ərizə vermişdir. Lakin məhkəməyə müraciətində cavabdehə guya 19 aprel 2019-cu il tarixdə 14000 manat məbləğində borc pul verdiyini və cavabdehin 150 manat pul qaytardığını bildirmişdir. Məhkəmə bu ziddiyətə aydınlıq gətirməmişdir, iddiaçının izahatına uyğun qətnamə qəbul etmişdir. Məhkəmə ümumiyyətlə iddiaçının 14000 manat məbləğində pulu cavabdehə hansı səbəbdən notarial qaydada müqavilə əsasında da verilmədiyinə aydınlıq gətirməmişdir. İddiaçı Xətai RPİ-nin 34-cü X1 Cəmilənin şikayət ərizəsi əsasında toplanmış materialları məhkəməyə göndərsə də, məhkəmə həmin sənədlərə hüquqi qiymət verməmiş, yalnız iddiaçının izahatına və hansı şəraitdə yazılması məlum olmayan qəbzə əsaslanmışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçı cavabdehə 14000 manat məbləğində borc pul vermişdir, cavabdeh həmin məbləğin 1150 manat hissəsini qaytarmış, qalan məbləği isə müxtəlif bəhanlərlə ödəməkdən yayınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı cavabdehin nümayəndəsi və vəkili Vəkil2 26.04.2022-ci il tarixli məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh iddiaçıdan tanışı birlikdə cəmi 7000 manat məbləğində borc pul almışdır, hər ay pul ödəsələr də, ödənilən pul əsas borcdan silinməmişdir, sonradan cavabdehin tanışı olan şəxs iddiaçıya olan borcu qaytarmaqdan imtina etmişdir, beləliklə də borc məbləğini ödəmək cavabdehin öhdəliyində qalmışdır. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən iddiaçının xeyrinə tutulacaq məbləğ hissəsində dəyişdirilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşdə olan Cavabdeh tərəfindən tərtib edilmiş 19.04.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh həmin qəbzdə İddiaçı 14000 manat faizə pul aldığını və hissə-hissə ödəyəcəyinə söz verdiyini, həmin qəbzi heç bir basqı altında yazmadığını qeyd etmişdir. İşdə olan Bakı şəhər Baş Polis İdarəsinin 13.07.2020-ci il tarixli 044-36187 Y-3220 saylı məlumatından görünür ki, İddiaçı müraciəti əsasında aparılan araşdırma zamanı müraciətində qeyd etdiyi xüsusatların mülki xarakterli olduğu müəyyən olunmuşdur. Odur ki, mübahisənin həlli ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İddiaçı Bakı şəhəri Xətai Rayon Polis idarəsinin 34-cü Polis Şöbəsinə ünvanlandığı 14.12.2019-cu il tarixli şikayətində Cavabdeh hissə-hissə olaraq ümumilikdə 14000 manat məbləğində borc verdiyini, sonradan həmin puldan 1150 manatın qaytarıldığını, qalan pulun isə qaytarılmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsaslanmaqla hesab edir ki, İddiaçı tərəfindən 19.04.2019-cu il tarixdə Cavabdeh 14000 manat məbləğində borc pul verilmişdir. Lakin cavabdeh iddiaçıdan aldığı pulu hazırkı vaxtadək geri qaytarmamışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Lakin kollegiya bildirir ki, sonradan cavabdeh tərəfindən iddiaçıya 1150 manat məbləğində pulun geri qaytarılması iş materialları və iddiaçının vəkilinin izahatı ilə müəyyən edildiyi üçün cavabdehdən 12850 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, apellyasiya şikayətində qeyd edilən halların əsaslı olması barədə cavabdeh hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0, 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(007)- 3178/2021 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh 12850 (on iki min səkkiz yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3057/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3057/2022
24.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver