Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3058/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 360 manat məbləğində mal üçün ödədiyi məbləğin və 500 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev, iş №2(007)-3028/21) iddia rədd edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fevral ayının əvvəllərində “Xalqlar Dostluğu” Metrostansiyası yaxınlığında yerləşən 55 saylı mebel dükanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh X1 2 qapılı 2 ədəd şkaf sifariş vermişdir. Biri vaxtında gəlib çıxmış, amma şkaf yığılmamışdır. İkinci şkafın 60 manat behini verib və nə vaxt gətiriləcəyi ilə maraqlanmış, lakin cavab almamışdır. Şkafı evə gətirəndə görmüşdür ki, rəfləri yoxdur. Rəflər göndərilmədiyindən cavabdehlə əlaqə yaratmağa çalışsa da nəticəsi olmamışdır. Usta ilə telefonda mübahisə edərkən oğlu telefonu əlindən almış və arxaarxaya gedib otağın ortasında olan yarımçıq yığılan şkafın karobkasına toxunarkən karobka yıxılmış və şkafın bir tərəfinin şurupları çıxmışdır. Bu hadisədən sonra o, cavabdehlə əlaqə saxlamış, mübahisə əsnasında şkafın bir tərəfinin qopmağını ona bildirmişdir. Cavabdeh ondan təzədən material almağa 60 manat pul tələb etmiş, o da ödəmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində irəli sürülən eyni məzmunlu dəlillərlə yanaşı birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olması, işin hallarının düzgün müəyyən olunmaması və qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozulması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması və s. ilə də əsaslandırılmışdır. Şikayətdə həmçinin qeyd olunmuşdur ki, cavabdeh tərəfindən get-gələ salınmağı, əsəb, sarsıntı keçirməyi təsdiq olunsa da məhkəmə qərəzli olaraq mənəvi ziyanı təmin etməmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehə qarşı 360 manat pul tələbinin rədd olunması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi cavabdehdən ona vurulmuş maddi zərərə görə 360 manatın və mənəvi zərərə görə 500 manatın tutulması barədədir. Birinci instansiya məhkəməsi MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad edərək iddia tələbini əsassız saymış və rədd etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları özü sübut etməlidir. Qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin maddi ziyanın əvəzinin ödənilməsi tələbinin rədd olunması hissəsində gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. İş materiallarından görünür ki, iddiaçı cavabdehin barəsində qeyd edilən hadisə ilə bağlı hüquq mühafizə orqanlarına çoxsaylı şikayətlərlə müraciət etmiş, AR DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin 04.03.2021 və 21.03.2021-ci il tarixli cavab məktubları ilə müraciətdə göstərilən xüsasatlar mülki xarakterli olduğundan, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə kollegiyası iddiaçının müraciətlərini, habelə daxili inamını rəhbər tutaraq hesab edir ki, cavabdehin üzərinə iddiaçıya vurulmuş maddi ziyana görə 360 manat məbləğində pul öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə aid hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən – cavabdehdən iddiaçının xeyrinə 360 manat pul tutulması tələbinin rədd olunması hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 360 (üç yüz altmış) manat məbləğində pul tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3058/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3058/2022
11.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver