Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3058/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2654/2025 saylı, 02 aprel 2025-ci il tarixli qərardadından İddiaçı şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC və Mingəçevir şəhər İcra və Probasiya şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatların qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2654/2025 saylı, 02 aprel 2025-ci il tarixli qərardadı ilə İddiaçı "xxxx" ASC və Mingəçevir şəhər İcra və Probasiya şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatların qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilməsi qərara alınmış və İddiaçı izah edilmişdir ki, məhkəmə qərarı əsasında verilmiş icra sənədi üzrə icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) sənədin verilməsinə səbəb olmuş məhkəmə aktını qəbul etmiş məhkəməyə şikayət verə bilər. Məhkəmə qənaətində göstərir ki, iddia ərizəsinə əlavə edilmiş, Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh xx.xx.2024-cü il tarixli 127 və xx.xx.2024-cü il tarixli 127/1 nömrəli məktublarının surətindən müəyyən edilir ki, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin 232919/2018- 3-16-003 saylı, xx.xx.2024-cü il tarixli sifariş məktubuna və Mingəçevir şəhər Məhkəməsinin 2(051)-3233/17 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC-yə məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti 65 A ünvanında yerləşən qeyri-yaşayış binasının tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətini əks etdirən xx.xx.2024-cü il tarixli, 103 saylı və xx.xx.2024-cü il tarixli, 103/1 saylı hesabatlar tərtib olunmuşdur. Hazırda İddiaçı qeyd olunan hesabatların qanunsuz hesab edilərək ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı hazırki iddia ərizəsi ilə iddia icraatı qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə haqlı olmamışdır. Qeyd edilmiş Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından və ya onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Hazırki iddia ərizəsində iddiaçı əmlakın qiymətləndirilməsi barədə hesabatların qanunsuz hesab edilərək ləğv edilməsi tələbini qoymuşdur. Lakin hazırki iş Mingəçevir İcra və Probasiya şöbəsinin icraatında olmaqla, icra məmuru tərəfindən icra hərəkətləri davam etdirilir və icraat yekunlaşdırılmamışdır. Belə olan halda, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Beləliklə də, müəyyən edilir ki, icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət məhkəmə araşdırmasının tərkib hissəsi sayılır və həmin məsələ ilə bağlı icra sənədinin verilməsinə səbəb olmuş məhkəmə aktını qəbul etmiş məhkəməyə şikayətlə müraciət edilməli, həmçinin İddiaçı məhkəməyə iddia ərizəsi ilə deyil, icra məmurunun qərarlarından, yaxud icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət formasında məhkəməyə müraciət etməlidir. Qeyd olunanlara əsasən iddiaçının hazırkı ərizəsinə iddia icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlilidir. Qərardaddan İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) şikayət verərək ləğv edilməsini və iddiasına mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətdə göstərib ki, işdən də görünür ki, mübahisələndirilən məsələ icra məmurunun hərəkətləri olmayıb, qiymətləndirici təşkilatın qanunsuz rəyləridir. Başqa bir ifadə ilə icra məmurunun hər hansı bir hərəkəti qanunsuz deyil və onun hüquqlarını pozmur ki, həmin qərarlardan şikayət versin. Onun hüquqlarını pozan, qanunsuz olan qiymətləndirici təşkilatın, yəni Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh xx.xx.2024-cü il tarixli 127 və xx.xx.2024-cü il tarixli 127/1 nömrəli rəyləridir. Məhz ona görə də həmin təşkilata qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd edilən qanunsuz rəylərin ləğv olunmasını xahiş etdi. Həmin iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qanunvericiliyin tələbidir. Ona görə də məhkəmədən qərardadın ləğv edilərək ərizəsinin təmin edilməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2654/2025 saylı, 11 aprel 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. “İcra məmurları haqqında” Qanunun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. “İcra haqqında” Qanunun 26-ci maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas deyildir. Çünki Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3233/17 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin 232919/2018- 3-16-003 saylı, xx.xx.2024-cü il tarixli sifariş məktubuna əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli, 103 saylı və xx.xx.2024-cü il tarixli, 103/1 saylı hesabatlar tərtib etmişdir. Demək ki, mübahisə həllini tapmış, yekun məhkəmə aktı qəbul edilərək icraya yönədilmişdir. Hal-hazırda sözügedən icra sənədi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icraatındadır və iddiaçının da həmin icra sənədi üzrə borclu kimi icra sənədini icra edən icra məmuruna hazırkı iddia tələbində göstərilənlərlə əlaqədar müraciət etmək hüququ vardır. Çünki iddiaçının mübahisələndirmək istədiyi hesabatlar icra məmurunun icraatında olan icra sənədi üzrə sifarişi əsasında alınıb və bu cür vəziyyətdə həmin rəylərin mübahisələndirilməsi müstəqil iddianın predmeti ola bilməz. Qanunvericiliyin də belə bir tələbi yoxdur. Məhz buna görə də iddiaçıya izah edilib ki, icra icraatı çərçivəsində icra sənədini vermiş məhkəməyə müraciət etsin. Göründüyü kimi, birinci instansiya məhkəməsi öz qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edərkən iddiaçıya icra məmurunun hərəkətlərindən icra icraatı çərçivəsində mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilməsini izah etmişdir. Lakin iddiaçı bu göstərişlərə məhəl qoymayaraq qərardaddan şikayət vermək qərarına gəlmişdir. Ancaq nail olmaq istədiyi məqsədə çatmaq üçün seçdiyi vasitə düzgün olmamışdır. Çünki bu cür tələbə iddia icraatı qaydasında baxılmasının mümkünsüzlüyünü birinci instansiya məhkəməsi kifayət qədər aydın və anlaşılan şəkildə öz qərardadında göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il tarixli 02/2021 nömrəli qərardadında da göstərilib ki,... borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Məhkəmə təcrübəsinin vahidliyini təmin edən bu Qərardadda formalaşan hüquqi mövqeyə görə qiymətin mübahisələndirilməsi qaydası ilə bağlı isə qeyd edilməlidir ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2654/2025 saylı, 02 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2654/2025 saylı, 02 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3058/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3058/2025
12.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver