Məhkəmə qərarları › İş №2(103)-306/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-306/2024

11.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-306/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi, mənəvi zərərin və hüquqi xidmət xərclərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3675/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakıları İşin halları

1. İddiaçı “Sol böyrəyin daşları. Soltərəfli İV dərəcə hidronefroz” diaqnozu ilə “Buta” Klinikasına müraciət etmiş və 18 fevral 2021-ci il tarixdə cavabdeh həkim Cavabdeh tərəfindən üzərində ümumi anesteziya altında “Soltərəfli perkutan nefrolitotripsiya” cərrahiyyə əməliyyatı icra edilmişdir.

2. Əməliyyatdan sonra İddiaçı yaddaş və nitq pozuntuları, halsızlıq müəyyən edildiyindən KT müayinəsindən keçirilmiş və sol beyin yarımkürəsində sol təpə payının orta beyin arteriyası hövzəsində (MCA) kortikosubkortikal yarımkəskin dövr işemik insult diaqnozu qoyulmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həkim olan cavabdehin səhv müalicə etməsi nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 1.000.000 manat, məhkəməyə müraciət etmək üçün aldığı hüquqi xidmətə görə çəkdiyi xərclərin əvəzi olaraq 5.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1980-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Ailəlidir, bir övladı var. Cavabdeh uroloq-androloqdur. Bakı şəhəri, Nəriman Nərimanov rayonu, X16 48 ünvanında yerləşən “Buta” klinikasında çalışır. 2020-ci ilin oktyabr ayında böyrək müayinəsi üçün həkim Cavabdeh müraciət etmiş və bildirmişdir ki, böyrəyi ilə bağlı şikayətləri var. Cavabdeh əvvəlcə kurs müalicə yazmış və bir müddət sonra əməliyyat edilməli olduğunu vurğulamışdır. O, xx.xx.2020-ci il tarixində ümumi dəyəri 200 manat məbləğində olan müxtəlif müayinələrdən və dəyəri 80 manat məbləğində olan “əməliyyat öncəsi paket qan analizi” müayinəsindən keçmişdir. Əməliyyata hazırlaşdığı ərəfədə “COVİD-19” virusuna yoluxduğu üçün əməliyyatın edilməsi təxirə salınmışdır. 2021-ci ilin fevral ayında yenidən əməliyyatına qərarlaşmış və xx.xx.2021-ci il tarixində bir daha 80 manat dəyərindəki əməliyyat öncəsi qan analizi müayinəsindən keçmişdir. Yoldaşı Nümayəndə2 həkimin köməkçisi ilə əlaqə yaratmış, əməliyyatla bağlı hər hansı bir problem olub-olmadığını, hansı tarixdə əməliyyat edilə biləcəyini soruşduqda, cavabdehin köməkçisi bildirmişdir ki, əməliyyatla bağlı heç bir narahatlıq yoxdur. Hər nə qədər qandakı şəkərin miqdarı bir qədər yüksək olsa da, sağlamlıq vəziyyəti qısa müddətdə əməliyyat edilməyə uyğundur. xx.xx.2021-ci il tarixində əməliyyat olunmuşdur. Əməliyyat müddəti adətən 2 saat çəkməli olduğu halda, əməliyyatı 5 saat 40 dəqiqə davam etmişdir. Əməliyyatdan sonra uzun müddət özünə gələ bilməmiş, yalnız 1,5 saat sonra həkimlər onu ayılda bilmişlər. Əməliyyatdan sonra nitqində və dərk etməsində problemləri yaranmışdır. Həyat yoldaşı bunu qeyd etdikdə onu otaqdan çıxarıb və bu halların normal olduğunu bildirmişlər. Yalnız ertəsi gün, xx.xx.2021-ci il tarixində (saat 17:00 radələrində) onun yoldaşının təkidlərindən sonra “Lazur” klinikasından Sevinc adlı bir nevrapatoloq həkimi gətirib müayinə etmişlər. Həkim onda sensor-mator afaziya, amneziya prosesinin müşahidə olunduğunu bildirmişdir. Həkimin təkidi ilə o KT müayinəsindən keçdikdən sonra məlum olmuşdur ki, beyində insult ocaqları var. Müayinə nəticəsindən məlumatlı olan Cavabdeh “Buta” klinikasının digər rəhbər şəxsi olan atası onunla maraqlanmayıb. Bütün müalicəni həyat yoldaşı həyata keçirmək məcburiyyətində qalmışdır. Bir neçə gün sonra xəstəxanadan evə buraxılıb və bildirilib ki, xəstənin vəziyyəti qənaətbəxşdir. Öz hesabına etdirilən MRT müayinəsi nəticəsində məlum olmuşdur ki, əməliyyat zamanı işemik, gemoragik insult keçirmişdir. Belə ki, beyninin sağ yarımkürəsində geniş zonada, eləcə də sol beyin yarımkürəsində nitq və dərk etmə bazası zədələnmişdir. Onu müayinədən keçirən nevropotoloq həkim bildirmişdir ki, vəziyyəti ağırdır. Üstəlik, o, bundan sonra hər an təkrarən və dəfələrlə insult keçirə bilmə riski ilə üzüzədir. Həkim qeyd etmişdir ki, onun qanında şəkərin miqdarı iki dəfə yüksək, trombositlərinin sayı həddindən artıq çox, həmçinin xolesterini yüksək olduğundan onun perkutan yolla, planlaşdırılmış əməliyyat edilməsi yanlış, hətta həyati təhlükəli bir qərar olmuşdur. Həyat yoldaşı onun sağlamlıq vəziyyətini, onun səhvi nəticəsində bunun baş verdiyini və hal-hazırki müalicələrə maddi imkanının olmadığını, cavabdehin səhvini düzəltməli olduğunu cavabdehə izah etdikdən, səhvini düzəltməli olduğunu bildirdikdən sonra yenidən xx.xx.2021-ci il tarixdə qeyri-rəsmi şəkildə “Buta” klinikasına yerləşdirilmişdir. Lakin bundan sonra da cavabdeh onun sağalması üçün heç bir addım atmamışdır. Müalicə həyat yoldaşının gətirdiyi həkimlər vasitəsilə həyata keçirilmişdir. Cavabdeh bir neçə dəfə dərman almaqla kifayətlənmişdir. xx.xx.2021-ci il tarixində isə, ümumiyyətlə, yerləşdirildiyi Buta klinikasından çıxarılmışdır. O vaxtdan etibarən cavabdeh sağlamlıq vəziyyətinə vurduğu zərərin təzmini mahiyyətində heç bir hərəkət etməmişdir. Hal-hazırda tamamilə əqli geriləmə yaşayır və əmək qabiliyyəti tam itmiş vəziyyətdədir. Sağalmasına da demək olar ki, heç bir ümid yoxdur. Bundan sonrakı həyatını əlilliyi olan şəxs kimi keçirmək məcburiyyətindədir. Sensor-mator afaziya, amneziya diaqnozu ilə daimi müalicə alır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində ******* (bir milyon) manat mabləğində maddi və mənəvi zərərə məruz qalıb. O, əməliyyat üçün cavabdehə ödəniş etsə də, bu məbləğin qarşılığı olan tibbi xidmət almamış, əksinə, cavabdeh öz təqsirli hərəkətləri ilə onun sağlamlıq vəziyyətində bərpaedilməz nəticələr meydana gətirmişdir. Hal-hazırda daimi əlilliyi olan şəxs kimi yaşamaq məcburiyyətindədir. Üstəlik, əməliyyatdan öncə o, ailənin təməl gəlir gətirəni olsa da, indi işləyə bilmədiyindən özünün və ailəsinin maddi vəziyyəti daimi şəkildə pisləşmişdir. İşlədiyi dövrdə yüksək əmək haqqı ilə işləmiş və hal-hazırda bu gəlirdən daimi olaraq məhrum olmuşdur. Digər tərəfdən əməliyyatın nəticələri onun bir fərd kimi özünü realizə edə bilmə imkanını əlindən almışdır. Faktiki olaraq, əqli geriləməsi olduğundan hər şeyi yenidən öyrənmək məcburiyyətindədir. Bu vaxta qədər yaxınları və çevrəsi tərəfindən daim hörmət edilən şəxsin hal-hazırda bu vəziyyətdə olması onun imicini və prestijini zədələmişdir. Bütün bu zərər cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş və cavabdehin əməli ilə ona dəyən zərər arasında səbəbli əlaqə olmuşdur. Cavabdeh özü də, əvvəlcə, əməliyyatdan sonra səhvin ona məxsus olduğunu qəbul edən (onun xəstəxanaya yerləşdirilməsi, müalicəsinə kömək edəcəyi vədi verməsi və s.) hərəkətlər etsə də, daha sonra bundan imtina etmişdir. Hazırkı iş üzrə ona dəyən zərər maddi zərərdən əlavə, ümumiyyətlə ölçülə bilməyəcək həddədir. Çünki o, cavabdehin təqsirli hərəkətləri nəticəsində bu vaxta kimi illər ərzində ailəsi və çevrəsi içərisində qazandığı prestijini itirmiş və ömur boyu sağalmayacağı halda müalicə almağa məhkum edilmişdir. Onun bundan yetkin bir fərd kimi özünü reallaşdırma imkanı əlindən alınmışdır. Cavabdeh həkim hər nə qədər, əvvəlcə bu səhvin ona məxsus olduğunu qəbul etsə də, daha sonra onunla maraqlanmamış və ödənişli əsasla aldığı xidmətin əvəzində nəinki sağlamlıq vəziyyətinin düzəlməsinə nail olmamış, əksinə bu vəziyyət daha da pisləşmişdir. Əməliyyatdan öncə hansı nasazlıqlarının olduğunu müəyyən etmək birbaşa cavabdehin peşə vəzifəsi olduğu halda o, bunu etməmiş və səhlənkarlıq göstərmişdir. Nəticədə onun qanında şəkərin miqdarı iki dəfə yüksək, trombositlərinin sayı həddindən artıq çox, həmçinin xolesterini yüksək olduğu halda o perkutan yolla əməliyyat edilmişdir.

5. Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə1 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlər tam əsassız və qanunsuzdur, ərizədə göstərilənlər həqiqəti əks etdirmir və Cavabdeh qarşı böhtandır. İddia tələbində qeyd olunanların heç bir hüquqi əsası yoxdur. Belə ki, Cavabdeh tərəfindən həyata keçirilmiş böyrək daşı əməliyyatı uğurla aparılmış və fəsadsız yekunlaşmışdır. Əməliyyatdan sonra iddiaçının səhhətində aşkarlanmış problemin və xəstəyə qoyulmuş “Sağ periventrikulyar nahiyyədə sağ putamenə də uzanan 15*9 mm ölçüdə xroniki dövr işemik ocaq və sol temporoparietooksipital nahiyyədə kortikosubkortikal sol orta beyin arteriyası (MCA) hövzəsində gec yarımkəskin dövr işemik insult”-u diaqnozunun “Böyrək daşı” əməliyyatı ilə heç bir səbəbli əlaqəsi yoxdur. Əməliyyatdan 5 ay öncə sidik axarı daşının kəskin ağrıları ilə gecə saatlarında Cavabdeh müraciət etmiş və dərman müalicəsi tövsiyəsi ilə sidik axarı daşını salmış və həkim Cavabdeh çox məmnun qalmışdır. Ondan sonra oktyabr 2020-ci ildə müayinə zamanı mərcanvari çox iri ölçülü böyrək daşı və İİİ – İV-cü dərəcə hidronefroz aşkarlanmışdır. Kəskin əlamətləri olmasına baxmayaraq İddiaçı dərhal əməliyyata götürülməmiş və dərman müalicəsi təyin edilmişdir. Gözəlovlar Araz həkimin müalicəsindən çox məmnun olmuşlar və bu səbəbdən tez-tez müayinə və müalicə üçün Araz həkimə müraciət etmişlər. Sonradan dekabr 2020-ci ildə koronavirus xəstəliyinə tutuldu. İddiaçı həyat yoldaşı Nümayəndə2 ilə birlikdə “Buta” Klinikasına 6 fevral 2021-ci ildə kəskin böyrək ağrıları və sidikdə qan ilə müraciət edərək təkidlə əməliyyata olunmasını istəmişdilər. İddiaçının müayinə zamanı sidiyində qan aşkarlandığına və kəskin ağrılarla müraciət etdiyinə görə xəstə əməliyyat olunmasını istəyirdi, əməliyyat öncəsi müayinə və analizlərdən keçmiş, klinik protokollar əsasında əməliyyata əks göstəriş olmayıb. Şəkərin və trombositlərin bu göstəriciləri ilə minlərlə xəstə əməliyyat olunur və bu əməliyyata əks göstəriş sayılmır. Ümumiyyətlə xəstənin vəziyyəti Avropa Uroloqlar Cəmiyyətinin protokollarına əsasən əməliyyata göstəriş sayılır (xəstəlik tarixçəsi və s. sənədlər məhkəməyə təqdim olunmuşdur). Əməliyyat öncəsi tibbi qaydalara uyğun olaraq xəstənin əməliyyata hazırlanması ilə əlaqədar müvafiq analizlər götürülmüş və analizin nəticələrinə görə tibbi qaydalara əsasən böyrək daşı əməliyyatı üçün əks göstəriş müəyyən olunmamışdır. İddiaçı özü və həyat yoldaşı Nümayəndə2 əməliyyatın və anesteziyanın riskləri barədə məlumatlandırılmış və bu barədə iltizam alınmışdır. Onlar əməliyyata razılıq vərəqəsini oxuyaraq əməliyyatın keçirilməsi barədə razılıq vərəqəsini imzalamışlar, (sənədlər məhkəməyə təqdim olunmuşdur). Əməliyyatın uzun zaman davam etməsi və xəstənin vəziyyətinə mənfi təsir göstərməsi barədə qeyd olunanlar əsassızdır. Belə ki, əməliyyatın davam edən müddətinin, iddiaçının səhhətində yaranmış problemlə əlaqələndirilməsi tamamilə yanlışdır. İddiaçının qeyd etdiyi hallar və məhkəməyə təqdim etdiyi arayışlar ehtimallara söykənir və tibb sahəsində mütəxəssis rəyini əvəz edə bilməz. Bundan başqa müxtəlif KT və MRT müayinələrində xəstədə xroniki dövr işemik insult ocaqları aşkarlanıb ki, bu da köhnədən gizli prosesin getdiyinin göstəricisidir. Bu sənədlər qoşmaya əlavə olunub. Bundan başqa iddia ərizəsində göstərilir ki, iddiaçı əməliyyatdan öncə “Covid-19” xəstəliyi keçirmişdir. Belə ki, Beynəlxalq tibb mütəxəssisləri, son vaxtlar göstərir ki, koronavirus xəstəliyinin əsas yaratdığı fəsadlardan biri də Beyində işemik insult ocaqlarının yaranmasıdır. İddiaçının həyat yoldaşı Nümayəndə2 atasının xərçəngdən əziyyət çəkməsi, atasının xərclərini özü çəkməsi, maddi durumunun aşağı olması səbəbi ilə humanizm göstərərək İddiaçı VİP palatada həftələrlə təmənnasız yatışı, müayinə və müalicələri Araz həkim tərəfindən qarşılanmışdır. İddiaçının MRT müayinəsi City Hospitalda edilib 27 fevral tarixində, xəstə Klinikanın ambulansı ilə Cavabdeh hesabına xəstə tərəfindən heç bir ödəniş olmadan City Hospitala aparılmış və həmin klinikada Araz doktorun ödəniş etməsi ilə MRT müayinədən keçirilmişdir. İddiaçını həyat yoldaşı Nümayəndə2 atasının xərçəng xəstəsi olduğunu və maddi vəziyyətinin yaxşı olmadığını bildirdiyi üçün iddiaçının müalicə və müayinə xərcləri ilə əlaqədar tərəflərindən maddi köməklik göstərilmişdir.

6. Məhkəmə-tibbi ekspertizasının 14 sentyabr 2021-ci il tarixli rəyinə əsasən müəyyən edilir ki, İddiaçı adına “Buta” Klinikasında tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi o, xx.xx.2021-ci il tarixdə “Sol böyrəyin daşları. Soltərəfli İV dərəcə hidronefroz” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra diaqnoz öz təsdiqini tapmış və diaqnoza uyğun olaraq onun üzərində həmin tarixdə ümumi anesteziya altında “Soltərəfli perkutan nefrolitotripsiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Lakin, əməliyyatdan öncə xəstədə şəkərli diabeti, arterial hipertenziyanı və hemoqramda olan bəzi dəyişiklikləri nəzərə alaraq endokrinoloqun, kardioloqun, hematoloqun konsultasiyasının, böyrək və sidik yollarının KT müayinəsinin aparılması məqsədəuyğun olardı. Ekspertizaya təqdim edilmiş tibbi sənədlərdə bu müayinələrin aparılması və ya nəticələri barədə qeydlərə rast gəlinmir. İddiaçı üzərində aparılmış “Soltərəfli perkutan nefrolitotripsiya” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Əməliyyatdan 12 saat sonra xəstədə hissəvi amneziya, baş ağrıları, ümumi halsızlıq müşahidə olunmuş və vəziyyətinə uyğun olaraq konsultasiya üçün nevropatoloqun baxışı keçirilmiş, kompüter tomoqrafıya müayinəsi aparılmışdır. Aparılan kliniki, laborator və instrumental müayinələrə əsasən, ona “Sol beyin yarımkürəsində sol təpə payının yarımkəskin dövr işemik insultu” diaqnozu düzgün təyin edilmişdir. İşemik və ya hemorragik insultlar baş beyin damarlarının anadangəlmə inkişaf anomaliyaları və ya sonradan qazanılmış serebro-vaskulyar xəstəliklər və s. digər bəzi xəstəliklər fonunda inkişaf edən patologiyalardır. Qeyd olunanları nəzərə alaraq, bu patologiyanın aparılmış əməliyyatla səbəbli əlaqəsi olmamışdır. İddiaçı sol beyin yarımkürəsində sol təpə payının yarımkəskin dövr işemik insultu ilə əlaqədar aparılmış müayinə və müalicələr onun vəziyyətinə, həmçinin səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. İddiaçının üzərində aparılmış əməliyyatın planlı olmasını nəzərə alaraq əməliyyat önü hazırlıq daha geniş həcmdə və konsultantların tövsiyələri nəzərə alınmaq şərti ilə aparılması məqsədə müvafiq olardı.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3675/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı, cavabdehin ona münasibətdə mülki hüquq pozuntusu törətməsini sübuta yetirə bilmədiyindən iddia əsaslı hesab edilə bilməz. Çünki Azərbaycan Respublikası “Məhkəmə Tibbi Ekspertiza və X4” X15 iş üzrə verdiyi 732/KEŞ nömrəli məhkəmə-tibbi ekspert rəyindən də göründüyü kimi işemik və ya hemorragik insultlar baş beyin damarlarının anadangəlmə inkişaf anomaliyaları və ya sonradan qazanılmış serebro-vaskulyar xəstəliklər və s. digər bəzi xəstəliklər fonunda inkişaf edən patologiyalardır. Cərrahiyyə əməliyyatından sonra iddiaçıda yaranmış patologiyanın əməliyyatla səbəbli əlaqəsi yoxdur. Bundan başqa müəyyənləşdirilmiş diaqnoza əsasən müalicə taktikası, yəni perkutan nefrolitotripsiya əməliyyatı cavabdeh tərəfindən düzgün seçilmişdir. Əməliyyatdan sonrakı dövrdə iddiaçının səhhətində baş vermiş erkən fəsad cavabdeh tərəfindən düzgün dəyərləndirilmiş, bu münasibətlə geniş müayinələr aparılmış və nevropatoloq tərəfindən vaxtında və adekvat konservativ tədbirlər görülmüşdür.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3675/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. “NB Lazur” Hospitalın nevropatoloqu X7 iddiaçının vəkili Vəkil1 verdiyi cavab məktubunda qeyd etmişdir ki, cavabdeh həkimi Cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıda əməliyyat sonrası yaranan fəsadları ilə əlaqədar onu təcrübəli həkim kimi “Buta” Klinikasına dəvət etmişdir. İlkin müalicənin təyin olunması üçün “Buta” Klinikasından tibbi sənədləri tələb etdikdən və sənədlərə baxış keçirdikdən sonra bir sıra qan göstəricilərinin əməliyyatdan öncə yüksək olduğunu müəyyən etmişdir. Protokol üzrə ümumi göstəriciləri nəzərə alaraq bu əməliyyatın keçirilməməsi qənaətinə gəlmişdir. Xəstənin (iddiaçının) vəziyyətini və “Buta” Klinikasının imkanları nəzərə alaraq müalicəni daha ixtisaslaşmış nevroloji klinikada davam etdirilməsini tövsiyə etmişdir. Tövsiyələrini istədiyi kimi yerinə yetirilmiş və 10 gün sonra MRT müayinəsi də olunmuşdur. “Ailə psixoloji və inkişaf Mərkəzinin” defektoloq, loqoped Vüsal Ağayevin iddiaçının vəkilinə verdiyi cavab məktubunda qeyd etmişdir ki, iddiaçı həmin Mərkəzin pasienti olmuşdur. İddiaçı ilə tanışlığı xx.xx.2021-ci il tarixdə, yəni əməliyyatdan 25 gün sonra, iddiaçının çağırışı ilə olmuşdur. xx.xx.2021-ci il tarixədək “Buta” Klinikasında iddiaçının müalicəsi davam etmiş, daha sonra isə hazırki dövrə qədər Mərkəzdə müalicə olmuşdur. 18-27 mart 2021-ci il tarixində “Buta” Klinikasında müvafiq səhiyyə ocağının təqdim etdiyi epikrizə əsaslanaraq, iddiaçının böyrəyində endotraxeal anesteziya altında sol tərəfli perkutan nefrolitotripsiya əməliyyatı icra olunmuşdur. Daha sonra iddiaçının qohumlarının bildirdiyinə görə, iddiaçı 6 saata yaxın əməliyyatda qalmış və anesteziyadan ayılıb palataya köçürüləndə doğmalarını tanımamış və danışa bilməmişdir. Ailə üzvlərinin söylədiklərinə görə 1 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində onların təkidi ilə kənar klinikadan nevropatoloq dəvət olunmuş və iddiaçının vəziyyəti aydınlaşmışdır. İddiaçının ağırlıq durumunu təsbit etmək üçün ilk gündən vacib olan MRT müayinəsi isə yalnız 10 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə aparılmışdır. İddiaçının beyinin sol hemisferinin gicgah-ənsə-arxa təpə nahiyəsində orta serebral arteriya hövzəsinə aid işemik insult (infarkt) sahəsi, sağ hemisferində mərciyəbənzər nüvənin arxa-yuxarı tərəfində paraventrikulyar sahədə yerləşən, kiçik ölçülərdə keçirilmiş infarkt ocağı aşkar edilmişdir. “Psixi Sağlamlıq Mərkəzi” X15 xx.xx.2021-ci il tarixli müayinədən görünür ki, iddiaçıya üzvi mənşəli (insult nəticəsində) şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur. Qulluq və nəzarətə ehtiyac var. Vaskulyar demensiya istisna olunmur. Qeyd edilməlidir ki, cavabdeh əməliyyatın video lent yazısını gizlətmişdir. Halbuki, təlimata əsasən bütün tibbi əməliyyatlar video çəkiliş ilə aparılmalı idi. Azərbaycan Respublikası “Məhkəmə Tibbi Ekspertiza və X4” X15 xx.xx.2021-ci il tarixli, 2870 nömrəli məktubla məhkəməyə daxil olmuş 732/KEŞ nömrəli məhkəmə-tibbi ekspertizanın rəyi məhkəməyə daxil olmuş, həmin məhkəmə tibbi ekspertizasının rəyi kifayət qədər ziddiyyətli olduğu halda məhkəmə həmin ekspertiza rəyinə qarşı öz fikirini bildirmək, əlavə və təkrar ekspertiza üçün vəsatət qadırmaq üçün iddiaçı tərəfə heç bir imkan verməmişdir. Belə ki, məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 “Asan imza” vasitəsi ilə elektron məhkəməyə ərizə yerləşdirərək həmin məhkəmə iclasının əvvəlcədən təyin edilmiş məhkəmə iclası ilə toqquşduğuna görə və bu səbəbdən də Vəkil1 Lənkəran şəhərində yerləşən Lənkəran Ağır Cinayətlər Məhkəməsində olacağını, buna görə də xx.xx.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, Rayon Məhkəməsi bu ərizəyə qətnamədə heç bir münasibət bildirmədən tələm-tələsik iddianın rədd edilməsi barədə qətnaməsini elan etmişdir. Ekspertizaya təqdim edilmiş tibbi sənədlərdə bu müayinələrin aparılması və ya nəticələri barədə qeydlərə rast gəlinmir. Ekspertiza rəyi həkim olan cavabdehin müdafiəsinə yönəlsə də, rəy özü-özünü inkar edir. Rəydə əməliyyatdan öncə xəstədə şəkərli diabeti, arterial hipertenziyanı və hemoqramda olan bəzi dəyişiklikləri nəzərə alaraq endokrinoloqun, kardioloqun, hematoloqun konsultasiyasının, böyrək və sidik yollarının KT müayinəsinin aparılması məqsədəuyğun olması, ekspertizaya təqdim edilmiş tibbi sənədlərdə bu müayinələrin aparılması və ya nəticələri barədə qeydlərə rast gəlinmədiyi göstərilir. Belə çıxır ki, həmin müayinələr aparılmış olsaydı nəticə öncədəngörünən ola bilərdi və iddiaçıda qeyd edilən fəsadlar baş verməzdi. Ekspertiza qeyd edir ki, əməliyyat texniki cəhətdən düzgün icra edilib, lakin həmin əməliyyatın tibbi cəhətdən düzgün olması, anesteziyanın miqdarı, xəstənin beş saatdan artıq əməliyyat olunmasına qarşı heç bir qeyd yoxdur. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, iddiaçı əməliyyata daxil olanda onda hər hansı işemik əlamətlər, amneziya, insult və digər fəsadlar aşkar edilməmişdir və iddiaçının hazırkı vəziyyəti əməliyyat və ondan dərhal sonra yaranmışdır. Belə olan halda məhkəmənin ekspertiza rəyinə əsaslanaraq iddiaçının əməliyyatdan dərhal sonra yaranmış vəziyyətlə əməliyyat arasında səbəbli əlaqənin olmaması nəticəsinə gəlməsi açıq-aşkar absurddur. Həmçinin ekspertiza rəyində göstərilir ki, iddiaçının üzərində aparılmış əməliyyatın planlı olmasını nəzərə alaraq əməliyyat önü hazırlıq daha geniş həcmdə və konsultantların tövsiyələri nəzərə alınmaq şərti ilə aparılması məqsədə müvafiq olardı. Deməli bu o nəticəyə gəlməyə imkan verir ki, əgər müayinə və konsultasiyalar lazımı şəkildə olmuş olsaydı infarktın qarşısını almaq olardı. Halbuki, əməliyyatdan öncə xəstədə şəkərli diabeti, arterial hipertenziyanı və hemoqramda olan bəzi dəyişiklikləri nəzərə alaraq endokrinoloqun, kardioloqun, hematoloqun konsultasiyasının, böyrək və sidik yollarının KT müayinəsinin aparılması və iddiaçının üzərində aparılmış əməliyyatın planlı olmasını nəzərə alaraq əməliyyat önü hazırlıq daha geniş həcmdə və konsultantların tövsiyələri nəzərə alınmaq şərti ilə aparılması cavabdehin vəzifəsi idi. Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2016-cı il, 100 saylı əmri ilə tibbi qeydiyyat sənədlərinin formaları (blankları) təsdiq edilmişdir. Beləliklə də Rayon Məhkəməsi iddiaçının xəstəlik tarixi olmadan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2010-cu il tarixli, 31 saylı qərarı ilə təsdiq edilmiş “Böyrəkdaşi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokoluna” əsasən, perkutan URS ayrı-ayrı hallarda ilkin terapiya kimi qəbul edilə bilər. Daşın çıxarılması üçün göstərişlər: tez-tez təkrar olunan obstruksiya; daşın kifayət qədər mütəhərrik olmaması; güclü, zəifləməyən ağrı. Daşların çıxarılması nəzərdə tutulmuş bütün pasiyentlərdə bakteriuriya skrininqinin aparılması, antibiotiklərə qarşı həssaslığın yoxlanması lazımdır. Əgər testin nəticələri bakteriuriyanı təsdiq edirsə, yaxud sidik əkməsində bakteriya artımı aşkarlanıbsa və ya infeksiyanın olmasına dair şübhə yaranıbsa, daşı çıxarmazdan əvvəl antibiotiklərlə müalicəyə başlamaq vacibdir. Lakin sidiyin böyrəkdən axını bərpa olunmamış antibiotik təyin etmək olmaz. Əgər klinik əhəmiyyətli infeksiya və obstruksiya mövcuddursa, onda aktiv müdaxilədən əvvəl drenaj prosedurları həyata keçirilməlidir (bir neçə gün ərzində stent və ya perkutan nefrostomiya). Daşın tam çıxarılması septik vəziyyət imkan verənədək təxirə salınmalıdır. Laparoskopik və ya açıq cərrahiyə üsulu o vaxt nəzərdən keçirilməlidir ki, EZDL, URS və ya perkutan URS yetərli olmasın, yaxud uğurlu keçəcəyi tərəddüd doğursun. Qanaxma ilə müşayiət edilən pozuntulara və antikoaqulyantlarla müalicəyə də diqqət yetirmək lazımdır. Salisil turşusu vasitələri ilə müalicəni daşı çıxarma prosedurundan 10 gün əvvəl dayandırmaq vacibdir. EZDL, PKL, URS və açıq cərrahi əməliyyat qan laxtalanması pozğunluğu olan pasiyentlərə əks-göstərişdir. EZDL, PKL hamilə qadınlara əks göstərişdir. URS və açıq əməliyyat həyati göstəriş olduğu halda tətbiq oluna bilər. Hamiləlik zamanı üstünlük verilən müalicə variantı sidik kisəsi-böyrək stentindən və ya perkutan nefrostomiyadan istifadə edilməsidir. Ürəyində elektron stimulyator olan pasiyentlərə EZDL tətbiqindən əvvəl kardioloqla məsləhətləşmək tövsiyə edilir. Daşların aktiv çıxarılmasına dair tövsiyələr daşın ölçüsü, yerləşməsi və forması müvafiq müalicə üsulunun seçilməsinə öz təsirini göstərir. Göründüyü kimi “Protokola” əsasən iddiaçı o halda əməliyyata alına bilərdi ki, onun əməliyyata alınması həyati əhəmiyyət daşısın. Digər hallarda “Protokolda” göstərilən tədbirlər həyata keçirilməli idi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində ilkin icraat

12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1991/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədi ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 X15 xx.xx.2022-ci il tarixli, 4693 saylı ekspert rəyini almışdır. Rəydə qeyd olunur ki, “Perkutan nefrolİtotripsiya” cərrahiyyə əməliyyatının icra olunma müddəti barədə səhiyyə sistemində hər hansı tibbi protokol, təlimat və qaydalar mövcud deyil. İddiaçının üzərində aparılmış “Perkutan nefrolitotripsiya” əməliyyatından öncə xəstədə şəkərli diabet, arterial hipertenziya və hemoqramda olan bəzi dəyişiklikləri nəzərə alaraq endokrinoloqun, kardioloqun, hematoloqun konsultasiyasının, böyrək və sidik yollarının KT müayinəsinin aparılması məqsədəuyğun olardı. Lakin, qeyd olunan konsultativ baxışların və instrumental müayinələrin keçirilməməsinə baxmayaraq əməliyyatın icrasına əks göstəriş olmamış, əməliyyatla əlaqədar hər hansı bir fəsad və ya ağırlaşma baş verməmişdir. İddiaçının adına “Buta” Klinikasında tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2021-ci il tarixdə “Buta” klinikasına müraciəti zamanı müvafiq müayinələrdən keçirilmiş və müayinə göstəricilərinə əsasən, əməliyyatın aparılmasına əks göstəriş olmamışdır. xx.xx.2021-ci il tarixdə aparılmış müvafiq müayinələrdən sonra iddiaçıya “Sol böyrəyin daşları. Sol tərəfli İV dərəcə hidronefroz” diaqnozu düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq onun üzərində həmin tarixdə ümumi anesteziya altında “Soltərəfli perkutan nefrolitotripsiya” cərrahiyyə əməliyyatı aparılmışdır. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. İddiaçıya “perkutan nefrolitotripsiya” əməliyyatının icrası ilə əlaqədar tərtib edilmiş xx.xx.2021-ci il tarixli anesteziya protokolu səhiyyə sistemində mövcud olan təlimat qaydalarına uyğun olmuşdur.

14. Kollegiya ekspert rəyinin əsaslılığını şübhə altına alan hər hansı xüsusatın olmadığını nəzərə alaraq hesab etmişdir ki, Rayon Məhkəməsi hazırki nəticəyə gəlməklə səhvə yol verməmişdir

15. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.

Kassasiya instasiyası məhkəməsində icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1516/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2022-ci il tarixli, 2(103)-1991/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

17. Kollegiya hesab etmişdir ki, apellyasiya məhkəməsi ekspert rəyini MPM-in 88, 101.7 və 103.1-ci maddələrinə uyğun qiymətləndirməmiş, o cümlədən nəzərə almamışdır ki, ekspert rəyində işin həlli üçün zəruri olan bütün suallara cavab verilməmişdir.

18. Belə ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq 25 may 2022-ci il tarixli qərardadla təkrar məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Həmin qərardada cavab olaraq hazırki qərarın 10-cu bəndində qeyd olunan məzmunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 X15 20 iyul 2022-ci il tarixli rəyi məhkəməyə təqdim olunmuşdur. Lakin həmin rəydən müəyyən olunur ki, məhkəmə tərəfindən ekspertin qarşısında qoyulmuş bir sıra suallar natamam araşdırılmış, sualların bir hissəsinə isə ümumiyyətlə cavab verilməmişdir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, ekspertin bu halla bağlı cavabı natamam və ziddiyyətli olmuşdur. Belə ki, ekspert əməliyyatdan əvvəl endokrinoloqun, kardioloqun, hematoloqun konsultasiyalarının, böyrək və sidik yollarının KT müayinəsinin aparılmamasına əməliyyatın icrasına əks göstəriş olmaması, əməliyyatla əlaqədar hər hansı bir fəsad və ya ağırlaşma baş verməməsini göstərdiyi halda, belə konsultasiyaların və müayinələrin zərurətinin (məqsədəuyğunluğun) nədən ibarət olmasını əsaslandırmamışdır.

20. Ekspertin qarşısında qoyulmuş suallardan “İddiaçı işemik insultun əməliyyatdan dərhal sonra baş verməsi nə ilə izah oluna bilər?” sualına cavab verilməmiş, ümumi olaraq işemik və ya hemorragik insultların nəzəri anlayışı bir cümlə ilə izah olunmuşdur. Daha sonra, iddiaçıda “İşemik insult” xəstəliyinin ilkin kliniki göstəricilərinin aşkar edilməsi anı da mübahisəlidir. Belə ki, iddiaçı tərəf iddiaçıda yaddaş və nitq pozuntularının əməliyyatdan dərhal sonra yarandığını, buna dərhal adekvat müayinə və müalicə tədbirləri aparılmamasını iddia etsə də, ekspert rəyində yalnız tibbi sənədlərə istinad edilməklə xəstədə hissəvi amneziya, baş ağrıları və ümumi halsızlıqdan ibarət əlamətlərin əməliyyatdan 12 saat sonra müşahidə olunduğunu göstərmişdir.

21. Ekspert tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli rəyin tədqiqi hissəsində tibbi sənədlərin və əvvəlki ekspert rəylərinin məzmununun sadalanmaqla kifayətlənmiş, əlavə tədqiqat aparılmamış və 20 iyul 2022-ci il tarixli rəyinin nəticəsi sözbəsöz köçürülmüşdür. Həmçinin məhkəmənin göstərişinə zidd olaraq, ekspert rəyində iddiaçının canlı olaraq müayinə edilməsi qeyd olunmamışdır. İddiaçı tərəf sonuncu məhkəmə iclasında təkrar məhkəmə komisyon tibbi ekspertizanın keçirilməsini xahiş etsə də, apellyasiya məhkəməsi vəsatəti təmin etməmiş və iş üzrə qətnamə qəbul etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ortada böyük bir cinayət vardır. Onun həyat yoldaşı bu gün artıq hər nə qədər özünü ifadə edə bilsə də, yeriyə bilsə də, öz ehtiyaclarını ödəyə bilsə də artıq qeyri-sağlam bir insandır. O, beynəlxalq ekspertizaya da müraciət etmişdir. Beynəlxalq ekspertizaya əsasən xəstənin əməliyyata görməzdən əvvəlki sağlamlıq vəziyyətini göstərən sənədlər varsa və xəstənin əməliyyatdan ayrılan kimi ümumi vəziyyətini göstərən sənədlər varsa ehtimala əsaslanan ümumi rəy verə bilirlər. Bütün ekspertlər qeyd edir ki, heç bir məhkəmə işində həkim ekspertlərə “səbəbli əlaqənin olması ilə bağlı” birbaşa sual verilə bilməz, hamı ehtimallar üzərində və təcrübələr üzərində dayanır. Əvvəlki məhkəmə iclasında iştirak edən ekspert uroloq qeyd etmişdir ki, xəstə əməliyyatdan əvvəl tam sağlam idi. Əgər heç bir problem yoxdursa nəyə görə klinika KT etmiş, yaxud MRT-nin zəruri olduğunu qeyd etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mütəxəssis Ehtiram həkim bildirdi ki, heç kim durduq yerdə işemik insult keçirə bilməz, yalnız ağır təkan zamanı, ağır əməliyyat zamanı bu baş verə bilər. Ekspert uroloq etiraf etdi ki, xəstə əməliyyat zamanı insult keçirə bilər, anesteziya səbəbindən insult keçirə bilər. Bunu isə həkim əməliyyatdan çıxandan sonra yazmalı idi, əgər yoxdursa cərrah təqsirkardır.

23. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

24. İştirak etdiyi məhkəmə iclasında izahatı alınmış ekspert X5 bildirmişdir ki, o məhkəmə-tibbi ekspertidir. Ümumiyyətlə, xəstənin ilkin müayinələrinə baxılan zaman müəyyən olunur ki, xəstədə 3-4-cü dərəcəli hidronefroz vardır. Yəni böyrəkdə daş olan zaman sidik axarlarının ağzının qapanması nəticəsində sidik böyrəkdən xaric olmur və böyrək ləyəni genişlənir. Böyrək ləyəni genişləndiyi təqdirdə sidik axarlarında daralmalar başlayır. Daralma olduğuna və eyni zamanda daşla qapandığına görə böyrək böyüməyə başlayır. 3-cü və 4-cü dərəcəli hidronefrozun olması, eyni zamanda daşın olması xəstə üçün əməliyyatı zəruri edir. Çətinlik ondan ibarət olur ki, daş mərcanvari olur, mərcanvari daşların litotripsiya üsulu ilə parçalanması bir qədər çətinlik törədir, ondan əlavə zaman alır. Yəni bu əməliyyatın çətinliyi bundan ibarətdir. Demək olar ki, bu müayinə üsulu daşın xaric edilməsinin ən rahat və yüngül üsullarından hesab edilir. Burada demək olar ki, həkimin cismani müdaxiləsi olmur. Burada müəyyən aparatlar vardır, həmin aparatlar daşlara fokuslandırılır və daşın parçalanması nəticəsində əmələ gəlir. Daşların parçalanaraq sidik axarı yolundan çıxarılması həcminə çatdırılması özü belə vaxt aparan bir prosesdir. Baş beyinin işemik insultu trombdan, emboldan, damar patalogiyasından və yaxud başqa səbəbdən əmələ gəldiyini restruktiv olaraq müəyyən etmək mümkün deyildir. Endorklinoloqun xəstəyə baxmamasının baş beyinə qan sızması ilə əlaqəsi yoxdur. Endorklinoloq xəstəyə əməliyyatdan öncə baxsa idi yaxşı olardı, lakin baxması məcburi deyildir. İşemik insultun baş verməsinə dair mütəxssis rəy verir. O qərar Səhiyyə Nazirliyinin protokolları və dərsliklərdə olan məlumatlarla nizamlanır. Xəstədə hidronefrozun olması, mərcanvari daş, sidik axarının daralması həmin əməliyyatın aparılmasına əks göstəriş deyildir. İnsultun əməliyyatdan 12 saat sonra keçirilməsi ilə bağlı bildirir ki, baş beyin qanamaları başlayır və 24 saat müddətində tam formalaşır və orada diaqnoz qoyulur ki, o hemoragik insultdur, yaxud işemik insultdur. Xəstədə 12 saatdan sonra restruktiv olaraq onun cərrahi əməliyyatda baş verməsi təyin edilə bilməz. Tibbi sənədlərə əsasən rəy verilmişdir. Xəstənin vəziyyəti həmin dövrdən başlayaraq yavaşyavaş ağırlaşmağa başlayır. MRT olunmaması səbəbi ondan ibarətdir ki, xəstə əməliyyatdan çıxmış, KT olunmuşdur. Daha sonra stabil vəziyyətdə müalicəyə ehtiyacı olduğundan MRT olunmamışdır. Lakin daha sonrakı dövrdə xəstənin müalicə dinamikasını izmləmək üçün MRT oluna bilərdi. Xəstədə olan əlamətlərlə “perkutant” üsulla əməliyyatın həyata keçirilməsi mümkündür. Bununla bağlı tibbi ədəbiyyatda və protokollarda əks göstəriş yoxdur. Baş verənlərin aparılmış əməliyyatla əlaqəsi yoxdur, insult istənilən vaxt baş verə bilər. İnsultun keçirilməsi ilə bağlı bildirir ki, bu daha çox damar patalogiyaları ilə bağlıdır. Litotripsiya əməliyyatı həyata keçirilməzdən əvvəl beyinə qan sıza bilər deyə beyin qan dövranının, damarlarının yoxlanması kimi bir göstəriş yoxdur, o istənilən vaxt yarana bilər. Əməliyyata girməmişdən qabaq endorklinoloqun xəstəyə baxması protokol qaydalarında nəzərdə tutulmamışdır. Xəstənin qan analizlərinə uyğun olaraq hemotoloq baxsa idi yaxşı olardı, bu protokolda nəzərdə tutulmayıbdır, lakin baxsa idi yaxşı olardı. Qan analizində olan göstərişlər əməliyyata əks göstərişlər deyildir.

25. İştirak etdiyi məhkəmə iclasında izahatı alınmış ekspert Fikrət Əhmədov bildirmişdir ki, Azərbaycan Respublikasında endoskopik uroloji əməliyyatların standartlaşmış protokolları, əməliyyat önü hazırlıqları, əməliyyat önü göstərişləri Səhiyyə Nazirliyində təsdiqlənmiş standartlaşmış şəkildə yoxdur, tənzimlənməmişdir. Xəstə əməliyyata girən zaman kardioloji problem çıxa bilər, nevropatoloji problem çıxa bilər, statistikaya görə bu cür əməliyyatlarda bu cür hadisələr ola bilər, qan itkisi ola bilər, yara, infeksiyası ola bilər. Həkim protokollarla, qaydalarla əməliyyatları həyata keçirir. Həkim əməliyyatda təkbaşına cavabdeh olmur, anestezioloq da orada olur. Anestezioloq da həkim qədər əməliyyatda məsuliyyət daşıyır. Araz həkimin burada kobud səhvi yoxdur, lakin səhvinin olubolmamasını anestezioloqla birlikdə müzakirə etmək olar. Mövcud praktikaya görə ilk 3 saatda əməliyyatı bitirməyə çalışmaq lazımdır, böyrəyin anatomik quruluşundan, daşın ölçüsündən, daşın sərtliyindən çox şey asılıdır. Əməliyyatın daha uzun müddət davam etməsinin səbəbi ondan ibarət ola bilər ki, həkim daşı daha çox təmizləmək istəyə bilər, qanamanı nəzarət almağa cəhd etməsindən asılı olaraq, yaxud hər–hansı xoşagəlməz hissə deşilmişdirsə həmin ümümi normallaşdırma cəhd etməsi və s. hamısı vaxt aparır. Anesteziya almış hər bir xəstə allergik reaksiyadan tutmuş kəllədaxili hər hansı hadisə keçirmə riski daşıya bilər, bunların hər hansı izahı yoxdur. Hüceyrə səviyyəsində bunu aydınlaşdırmaq olmaz. Xəstələr ağır çəkili olduğu zaman əməliyyat nisbətən anestezioloji cəhətdən daha çətin ola bilər. “Perkutant” üsulu kifayət qədər çətin bir əməliyyatdır, həyati risk daşıya bilər. Trombositlərin normadan cuzi miqdarda yuxarı olmasının səbəbi böyük ehtimalla əməliyyata ac girməsi ilə əlaqədar ola bilər. Trombositlərə anestezioloq baxır. Anestezioloq baxmasa idi pasiyent əməliyyata salınmazdı, narkoz verilməzdi. O, əməliyyatı bitirəndən sonra uroloji cəhətdən heç bir problem yoxdursa, əməliyyat rahat keçmişdirsə o zaman anestezioloqdan soruşur ki, xəstə stabildirmi? Deyir ki, bəli, stabildir, ayıldırsanmı? Bəli, ayıldır, xəstə ayılandan sonra öz otağına keçir. Bəzən xəstənin gec ayılması ola bilər. Anestezioloq cərrahı əməliyyat otağından çıxara bilər. Əməliyyat zamanı ciddi qanaxma olduğu zaman əməliyyat dayandırıla bilər. O düşünür ki, xəstənin əməliyyatdan əvvəl, əməliyyat zamanı və əməliyyatdan sonra ağrıları olmuşdur. Hər hansı ağrıdan təzyiq yüksələ bilər və təzyiq yüksəlməsindən beyin qanaxması baş verə bilər. Hər-hansı ağrıya görə təzyiq yüksələ bilər. Bu əməliyyatın səhv və ya düzgün keçirilməsinə əsas vermir. Əməliyyatın gedişi zamanı hər-hansı kobud səhv olmamışdır. Əməliyyatdan sonra işemik insultun keçirilməsi ilə bağlı anestezioloq cavab verə bilər. Əməliyyat zamanı çox ciddi qanaxmalı keçmişdirsə bu hallar baş verə bilər. Buna da anestezioloq cavab verə bilər. Ehtimallar əsasında demək olar ki, bu xəstənin əməliyyatı ağır oldu, təzyiqi qeyri-stabil oldu və s. nəticəsində işemik insult baş verə bilər və ya baş verə bilməz.

26. İştirak etdiyi məhkəmə iclasında izahatı alınmış mütəxəssis X9 bildirmişdir ki, o, Nümayəndə2 tərəfindən 2021-ci ilin mart ayında xəstəyə baxmaq üçün dəvət edilmişdir. Xəstəyə baxan zaman beyində anlamanın olmadığını müəyyən etmişdir. O, əməliyyatla bağlı heç bir şey deyə bilməz, yalnız xəstəni necə görübsə o barədə məlumat verə bilər. İddiaçı əməliyyatı fevral ayında olmuş, o, isə mart ayının 15-də Anarı görmüşdür.

27. İştirak etdiyi məhkəmə iclasında izahatı alınmış mütəxəssis X2 bildirmişdir ki, o, öz protokollarına əsasən deyə bilər ki, iki cür insult növü vardır, biri hemorragik insult digəri isə işemik insultdur. Xəstənin əməliyyatdan sonra vəziyyətinin kəskin dəyişməsi işemik insulta aid deyildir və bu hemorragik insulta aiddir. O, əməliyyatdan xeyli müddət keçəndən sonra xəstəni görüb. Əməliyyatla baş verənlər arasında səbəbli-əlaqənin olubolmamasını deyə bilməz. İşemik insultla əməliyyat arasındakı səbəbli əlaqəni o, müəyyən edə bilməz. MRT sənədlərindən görünür ki, xəstə hemorragik insult keçirmişdir. Hemorragik insultun əməliyyat vaxtı və ya əməliyyatdan sonra baş verməsini onlar müəyyən edə bilməz.

28. İştirak etdiyi məhkəmə iclasında izahatı alınmış mütəxəssis X6 bildirmişdir ki, o, İddiaçı reabilitasiya dövrünü aparmışdır. O, ilk dəfə pasiyenti 2021-ci ilin iyul ayında görmüşdür. İddiaçı əməliyyat zamanı insult keçirən birinci xəstəsi deyil, bu cür xəstələri çox olubdur. İddiaçı görən zaman vəziyyəti kafi idi, çünki lazimi reabilitasiya dövrünü tam başa vurmamışdır. Əməliyyatın düzgün və ya səhv keçirildiyini müəyyən edə bilməz.

29. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

34. 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 35.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 36.1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülkihüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 37.1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 38.1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. 39.1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 40.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

43. Hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.2 və 1112-ci maddələri təşkil edir. Mülki qanunvericiliyin bu maddələrinin mənasına görə cavabdehin yol verdiyi mülki hüququ pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə cəlb olunması üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Göründüyü kimi yalnız qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

44. Qeyd edilənlərə müvafiq olaraq, iddiaçı-zərərçəkmiş xəstəlik faktını (sağlamlığında zərərin baş verməsini), tibbi yardım göstərilərkən profil üzrə müəyyən protokollarda qeyd edilən tələblərin pozulmasını (zərər verənin qeyri-qanuni davranışını), onun tibb müəssisəsində olduğu müddətdə sağlamlığına dəymiş zərərin cavabdehin törətdiyi pozuntularla əlaqədar (zərər verənin qanunsuz davranışı ilə səbəbli əlaqənin mövcudluğunu) baş verməsini sübut edə bilsə, cavabdeh isə zərərin vurulmasında təqsirli olmadığını sübut edə bilməsə mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə, yəni vurulmuş zərərin ödənilməsinə cəlb olunması üçün müəyyən əsaslar yaranacaqdır.

45. Səbəbli əlaqə müəyyən edilərkən nəzərə alınmalıdır ki, səbəb və nəticə arasındakı əlaqə obyektiv (yəni, ehtimal edilən yox, həqiqətən mövcud olmalıdır), konkret (yəni bu hal üçün nəzərdən keçirilməli); vasitəsiz olmalıdır. Beləliklə, zərər verənin qanunsuz davranışı ilə baş vermiş zərər arasında səbəbli əlaqənin mövcudluğu o halda müəyyən edilmiş hesab edilir ki, xəstəyə göstərilmiş tibbi xidmətlərin keyfiyyətsiz olması onun sağlamlığına dəymiş zərərin yaranmasının nəticəsi olaraq öz təsdiqini tapsın. Məhkəmə təcrübəsi göstərir ki, şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsinə dair işlərə baxılarkən, səbəbli əlaqənin mövcud olub-olmadığının müəyyən edilməsi, sübut növü hesab edilən ekspert rəyi vasitəsilə mümkün olur.

46. Belə ki, İddiaçı iddia ərizəsində “Sol böyrəyin daşları. Soltərəfli İV dərəcə hidronefroz” diaqnozu ilə “Buta” Klinikasına müraciət etdiyini, 18 fevral 2021-ci il tarixdə cavabdeh həkim Cavabdeh tərəfindən üzərində ümumi anesteziya altında “Soltərəfli perkutan nefrolitotripsiya” cərrahiyyə əməliyyatı icra edildiyini, əməliyyatdan sonra onda yaddaş və nitq pozuntuları, halsızlıq müəyyən edildiyindən KT müayinəsindən keçirildiyini və sol beyin yarımkürəsində sol təpə payının orta beyin arteriyası hövzəsində (MCA) kortikosubkortikal yarımkəskin dövr işemik insult diaqnozu qoyulduğunu, bunun cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyini, beləliklə də cavabdehin əməli ilə ona dəyən zərər arasında səbəbli əlaqənin mövcud olduğunu qeyd etmişdir.

47. İddiaçının iddianın dəlili kimi istinad etdiyi bu halların, yəni İddiaçı sağlamlığında yaranmış problemlər ilə Cavabdeh tərəfindən üzərində icra edilmiş cərrahiyə əməliyyatı arasında hər hansı səbəbli əlaqənin mövcud olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə (birinci və apellyasiya instnasiyası məhkəmələri) tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-tibbi ekspertizası (ilkin və təkrar) təyin edilmiş, tərtib edilmiş ekspert rəylərinə əsasən iddianın əsassız olduğu barədə qənaətə gəlinmişdir. Buna baxmayaraq, sözügedən rəylərin natamam və ziddiyyətli olduğunu, məhkəmələr tərəfindən qoyulmuş bir sıra sualların natamam araşdırıldığını, sualların bir hissəsinə isə ümumiyyətlə cavab verilmədiyini qeyd etmiş Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-1516/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2022-ci il tarixli, 2(103)-1991/2022 nömrəli qətnaməsini ləğv etmiş və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarmışdır.

48. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlərə əməl edən məhkəmə kollegiyası tərəfindən iş üzrə komision məhkəmə-tibbi ekspertizası təyin edilmiş, daha sonra isə rəyin tərtibatında iştirak etmiş ekspertlərin dindirilməsi zəruri hesab edilmişdir.

49. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin Nəsimi rayon şöbəsində İddiaçı məhkəmə-tibbi müayinəsi keçirilmiş, müayinə zamanı onun nitq qabiliyyətinin pozulması müəyyən edilmiş, bədən səthində tibbi manipulyasiya yerləri istisna olmaqla hər hansı bir xəsarət aşkar edilməmişdir.

50. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin 729/KEŞ saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, “Perkutan nefirolitotripsiya” cərrahiyyə əməliyyatının konkret icra olunma müddəti yoxdur; bu barədə Səhiyyə sistemində hər hansı tibbi protokol, təlimat və qaydalar mövcud deyildir. Ümumiyyətlə, bütün cərrahi əməliyyatların icra olunma müddəti əməliyyatın xarakterindən və gedişindən, cərrahın taktika və texnikasından asılı olaraq müxtəlif ola bilir. “Perkutan nefrolitotripsiya” əməliyyatı icra olunan zaman müvafiq ədəbiyyat mənbələrinə və cərrahi təcrübəyə əsasən qanitirmə, daxili orqanların yaralanması, sidik kisəsinin perforasiyası, sidik kanalının obstruksiyası, daş fraqmentlərinin qalması, sidik yollarının infeksiyalannın kəskinləşməsi, açıq əməliyyata keçmək və böyrəyin çıxarılması zəruriyyətinin yaranması kimi fəsadlar yarana bilər. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, onun üzərində icra edilmiş “Perkutan nefrolitotripsiya” əməliyyatından 12 saat sonra xəstədə hissəvi amneziya, baş ağrıları, ümumi halsızlıq müşahidə olunmuş və vəziyyətinə uyğun olaraq konsultasiya üçün nevropatoloqun baxışı keçirilmiş, kompüter tomoqrafiya müayinəsi aparılmışdır. Aparılan kliniki, laborator və instrumental müayinələrə əsasən, ona “Sol beyin yarımkürəsində sol təpə payının yarımkəskin dövr işemik insultu” diaqnozu təyin edilmişdir; İşemik insult baş beyin damarlarının anadangəlmə inkişaf anomaliyaları və ya sonradan qazanılmış serebro-vaskulyar xəstəliklər, beyin arteriyalarının aterosklerozu, hipertoniya xəstəliyi, qan dövranı sistemi xəstəlikləri, ürək-damar xəstəlikləri, şəkərli diabet, müxtəlif etiologiyalı infeksion xəstəliklər və digər xəstəliklər fonunda inkişaf edən patologiyadır. Qeyd olunanları nəzərə alaraq demək olar ki, bu patologiyanın aparılmış əməliyyatla səbəbli əlaqəsi olmamışdır. İddiaçı adına “Buta Klınikası”nda tərtib edilmiş tibbi sənədlərdən görünür ki, onun üzərində aparılmış “Perkutan nefrolitotripsiya” cərrahiyyə əməliyyatından sonrakı dövrdə, yəni əməliyyatdan 12 saat sonra xəstədə hissəvi amneziya, baş ağrıları, ümumi halsızlıq müşahidə olunmuş və vəziyyətinə uyğun olaraq həkim nevropatoloqun baxışı, o cümlədən kompüter tomoqrafiya müayinəsinin operativ surətdə aparılması məqsədəuyğun olardı. Lakin, qeyd olunan patoloji prosesin keçirilmiş cərrahiyyə əməliyyatından sonraki fəsad və ya ağırlaşması kimi qiymətləndirilmir. İddiaçı adına “Buta Klinikası”nda tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2021-ci il tarixdə “Buta Klinikası”na müraciəti zamanı müvafiq müayinələrdən keçirilmiş və müayinə göstəricilərinə əsasən, əməliyyatın aparılmasına əks göstəriş olmamışdır. Əməliyyatın aparılmasına əks göstəriş kimi konkrementin əlçatmaz və ya çatmaq üçün çətin, mürəkkəb yerlərdə yerləşməsi, bundan başqa isə hemorragik diatezlər və digər qan xəstəlikləri, sidik kanalının infeksiyaları, splenomeqaliya, yoğun bağırsağın interpozisiyası, piylənmənin bəzi formaları və s. patologiyalar göstərilir. İddiaçı adına “Buta Klinikası”nda tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2021-ci il tarixdə “Buta Klinikası”na müraciəti zamanı müvafiq müayinələrdən keçirilmiş və müayinə göstəricilərinə əsasən əməliyyatın aparılmasına əks göstəriş olmamışdır. İddiaçı “perkutan nefrolitotripsiya” əməliyyatının icrası ilə əlaqədar tərtib edilmiş xx.xx.2021-ci il tarixli anesteziya protokolu Səhiyyə sistemində mövcud olan təlimat qaydalarına uyğun olmuşdur.

51. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin 729/KEŞ saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinin tərtibatında iştirak etmiş və dindirilməsi zəruri hesab edilmiş ekspertlərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, baş beyinin işemik insultu trombdan, emboldan, damar patalogiyasından və yaxud başqa səbəbdən əmələ gəldiyini restruktiv olaraq müəyyən etmək mümkün deyildir. Endokrinoloqun xəstəyə baxmamasının baş beyinə qan sızması ilə əlaqəsi yoxdur. Endorkrinoloq xəstəyə əməliyyatdan öncə baxsa idi yaxşı olardı, lakin baxması məcburi deyildir. İnsultun əməliyyatdan 12 saat sonra keçirilməsi ilə bağlı bildirmişdir ki, xəstədə 12 saatdan sonra restruktiv olaraq onun cərrahi əməliyyatda baş verməsi təyin edilə bilməz. Tibbi sənədlərə əsasən rəy verilmişdir. MRT olunmaması səbəbi ondan ibarətdir ki, xəstə əməliyyatdan çıxmış, KT olunmuşdur. Daha sonra stabil vəziyyətdə müalicəyə ehtiyacı olduğundan MRT olunmamışdır. Lakin daha sonrakı dövrdə xəstənin müalicə dinamikasını izləmək üçün MRT oluna bilərdi. Xəstədə olan əlamətlərlə “perkutant” üsulla əməliyyatın həyata keçirilməsi mümkündür. Bununla bağlı tibbi ədəbiyyatda və protokollarda əks göstəriş yoxdur. Baş verənlərin aparılmış əməliyyatla əlaqəsi yoxdur, insult istənilən vaxt baş verə bilər. Bu daha çox damar patalogiyaları ilə bağlıdır. Litotripsiya əməliyyatı həyata keçirilməzdən əvvəl beyinə qan sıza bilər deyə beyin qan dövranının, damarlarının yoxlanması kimi bir göstəriş yoxdur, o istənilən vaxt yarana bilər. Əməliyyata girməmişdən qabaq endokrinoloqun xəstəyə baxması protokol qaydalarında nəzərdə tutulmamışdır. Xəstənin qan analizlərinə uyğun olaraq hemotoloq baxsa idi yaxşı olardı, bu da protokolda nəzərdə tutulmayıb. Qan analizində olan göstərişlər əməliyyata əks göstərişlər deyildir.

52. Həmin izahatlardan həmçinin müəyyən edilir ki, Azərbaycan Respublikasında endoskopik uroloji əməliyyatların standartlaşmış protokolları, əməliyyat önü hazırlıqları, əməliyyat önü göstərişləri Səhiyyə Nazirliyində təsdiqlənmiş və standartlaşmış şəkildə yoxdur, tənzimlənməmişdir. Həkim protokollarla, qaydalarla əməliyyatlar həyata keçirir. Mövcud praktikaya görə ilk 3 saata əməliyyatı bitirməyə çalışmaq lazımdır, əməliyyatın daha uzun müddət davam etməsinin səbəbi böyrəyin anatomik quruluşundan, daşın ölçüsündən, daşın sərtliyindən asılı ola bilər. Anesteziya almış hər bir xəstə allergik reaksiyadan tutmuş kəllədaxili proseslərə qədər hər hansı hadisə keçirmə riski daşıya bilər, bunların hər hansı izahı yoxdur. Hüceyrə səviyyəsində bunu aydınlaşdırmaq olmaz. Xəstələr ağır çəkili olduğu zaman əməliyyat nisbətən anestezioloji cəhətdən daha çətin ola bilər. Trombositlərə anestezioloq baxır. Anestezioloq baxmasa idi pasiyent əməliyyata salınmazdı, narkoz verilməzdi. Hər hansı ağrıdan təzyiq yüksələ bilər və təzyiq yüksəlməsindən beyin qanaxması baş verə bilər. Bu əməliyyatın səhv və ya düzgün keçirilməsinə əsas vermir. Trombositlərin normadan cuzi miqdarda yuxarı olması müəyyən olunur. Bunun səbəbi böyük ehtimalla xəstənin əməliyyata ac girməsi ilə əlaqədar ola bilər.

53. Məhkəmə kollegiyası tərəfindən iş üçün əhəmiyyətli olan hallardan biri olan iddiaçının üzərində aparılmış əməliyyatın planlı olması nəzərə alınaraq, əməliyyatönü hazırlığın daha geniş həcmdə və konsultantların tövsiyələri nəzərə alınmaq şərtilə aparılmalı olub-olmaması barədə məsələ araşdırılmış, İddiaçı adına “Buta Klinikası”nda tərtib edilmiş sənədlərdən onun xx.xx.2021-ci il tarixdə “Buta Klinikası”na müraciəti zamanı müvafiq müayinələrdən keçdiyi və müayinə göstəricilərinə əsasən, əməliyyatın aparılmasına əks göstərişin olmadığı müəyyən edilmişdir. Həmçinin ekspertlərin verdiyi izahatlarından müəyyən edilmişdir ki, xəstənin qanında şəkərin və xolesterinin miqdarı, trombositlərinin sayı onun perkutan yolla, planlaşdırılmış əməliyyat edilməsinə əks göstəriş kimi nəzərə alına bilməz. Əməliyyat öncəsi tibbi qaydalara uyğun olaraq xəstənin əməliyyata hazırlanması ilə əlaqədar müvafiq analizlər götürülmüş, iddiaçı əməliyyatın və anesteziyanın riskləri barədə məlumatlandırılmış, ondan bu barədə iltizam alınmışdır. İddiaçı “perkutan nefrolitotripsiya” əməliyyatının icrası ilə əlaqədar tərtib edilmiş xx.xx.2021-ci il tarixli anesteziya protokolu da səhiyyə sistemində mövcud olan təlimat qaydalarına uyğun olmuşdur.

54. Digər mütəxəssislərin xəstəyə baxmamasının baş beyinə qan sızması ilə əlaqəsi yoxdur, onların xəstəyə baxması məcburi, habelə xəstənin həmin müayinələrdən keçməməsi hər hansı tibbi protokol, təlimat və qaydalara zidd deyildir. İşemik insultun baş beyin damarlarının anadangəlmə inkişaf anomaliyaları və ya sonradan qazanılmış serebro-vaskulyar xəstəliklər və digər xəstəliklər fonunda inkişaf edən patologiya olmaqla, aparılmış əməliyyatla səbəbli əlaqəsi yoxdur. İddiaçıda işemik insultun əməliyyatdan dərhal sonra baş verib-verməməsinin, həmçinin işemik insult xəstəliyinin ilkin kliniki göstəricilərinin aşkar edilməsi anının müəyyən edilməsi, habelə əməliyat sonrakı vəziyyətin proqnozlaşdırılması mümkün deyildir. Qeyd olunan patoloji prosesin keçirilmiş cərrahiyyə əməliyyatından sonraki fəsad və ya ağırlaşması kimi qiymətləndirilə bilməz.

55. Göründüyü kimi işdə olan sübutlar əsasında iddiaçıya tibbi yardımın göstərilməsinin prosedurların, standartların, klinik protokolların, qanunla müəyyən edilmiş digər şərtlərin və ya onların keyfiyyətinə adətən qoyulan tələblərin pozulması ilə həyata keçirildiyini təsbit etmək mümkün olmamışdır. Həmçinin xəstənin müalicəsinin keyfiyyəti, profil üzrə tibbi prosedurlara riayət edilməsi, xəstəliyin gedişatının dinamikası və həkimin gördüyü tədbirlər haqqında məlumat mənbəyi olan tibbi sənədlərə əsasən iddiaçının sağlamlığında yaranmış zərərlə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması, bundan başqa cavabdehin davranışının qanunsuz və təqsirli olması müəyyən edilməmişdir. Əksinə işdə olan sübutlara əsasən iddiaçının üzərində icra edilmiş əməliyyatın texniki cəhətdən düzgün həyata keçirildiyi müəyyən edilir.

56. Halbuki yuxarıda sadalanan maddələrin tələblərinə uyğun olaraq qeyd edilməlidir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, mövcud vəziyyətdə cavabdehin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.

57. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz.

58. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

59. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3675/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar