Məhkəmə qərarları › İş №2(103)-3060/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3060/2025

14.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3060/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-126/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı - Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 600,720 ABŞ dolları məbləğində pulun və 1300,61 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh 18 mart 2010-cü il tarixində ona belə bir məzmunlu qəbz vermişdir: “Mən Cavabdeh bu qəbzi verirəm İddiaçı ondan ötrü ki, ünvan 1 ünvanında yerləşən ("xxxx" firmasına məxsus) ümumi sahəsi 2002,4 kv.metr olan 4 mərtəbəli qeyri-yaşayış sahəsi və zirzəmidən ibarət ofis binasının mülkiyyətimə keçəcək olan ümumi sahəsi 1516,8 kv. metrdən ibarət hissəsinin (yəni ümumi sahəsi 264,7 kv.metr olan zirzəmi, ümumi sahəsi 417,1 kv.metr olan ikinci mərtəbə, ümumi sahəsi 414,2 kv.metr olan üçüncü mərtəbə və ümumi sahəsi 420,8 kv. metr olan dördüncü mərtəbədən ibarət sahə olmaqla) gələcəkdə götürüləcək kredit qarşılığında təminat kimi xeyrinə ipotekaya qoyulacaq "xxxx" ASC-nin mülkiyyətinə tam və ya qismən keçdiyi təqdirdə, həmin əmlakın 400,48 kv.metr (İddiaçı aid hesab olunan hisssə) hissəsinin dəyəri, yəni 1 kv.metr 1500 ABŞ dolları hesablanmaqla, ümumilikdə 600.720 (altı yüz min yeddi yüz iyimi) ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı tərəfimdən ödəniləcəkdir. Bu qəbz imzalandığı gün-18 mart 2010-cu il tarixdən hüquqi qüvvəyə minir və bu qəbz üzərimə götürdüyüm bütün öhdəliklər tam icra olunanadək yəni (icra edilmə müddətindən asılı olmayaraq ) qüvvədədir.” İddiaçı hesab edir ki, cavabdeh 18 mart 2010-cu il tarixli qəbzdə göstərilənlərə əməl etməli və ona 600.720 ABŞ dollar məbləğində pul ödəməlidir.

3. Səbail Rayon Məhkəməsinin 2(009)-126/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim İlkin Rüstəmli) ilə iddia təmin edilmiş, 600.720 (altı yüz min yeddi yüz iyirmi) ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilməsi, 1300,61 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 205 manat vəsaitin cavabdehdən tutulub dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN**********; AZ41NABZ********************, X2, KOD210005; VÖEN**********; MüxbirhesAz41NABZ**********0 ********** S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməsi qərara alınmışdır.

4. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, sözügedən qətnaməni məhkəmə yalnız Mülki Məcəllənin 324-385-ci maddələrinin tələblərinə istinadən qəbul etməklə haqlı olmamışdır. Məhkəmə hesab etsə də ki, tərəflər arasında öhdəliyinin yaranmasına səbəb kimi 18 mart 2010-cu il tarixli qəbzi çıxış edir, onu əsas öhdəlik kimi əsaslandırmaqla da qanunsuzluğa yol vermişdir. Məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında belə bir öhdəliyin yaranması üçün mütləq şəkildə notarial qaydada imzalanmış müqavilə bağlanmalı, ən azından dəyəri əmlakda olan payına nisbətdə müəyyən edilən həmin müəssisənin firma blankında və onun möhürü ilə təsdiq edilməli, gələcəkdə hər hansı mücərrəd hüquqları nəzərdə tutmamalı idi. Həmçinin, məhkəmə işdə olan sənədlərin texniki ekspertiza rəyini təhrif etməklə haqlı olmamış, qanunsuzluğa yol vermişdir. Məhkəmə xx.xx.2010-cu il tarixli qəbzi əsas öhdəlik kimi qəbul edərək nəzərə almamışdır ki, hüquqi şəxsin əmlakına dair sərəncam verici istənilən rəsmiləşmə onun idarəetmə orqanı olan MMC-nin ümumi yığıncağının qərarı ilə tənzimlənməli idi. Məhkəmə nəzərə almamışdır ki, həmin qəbzin tərtib edilməsi qaydası, üslubu, həmçinin həmin öhdəliyi yarada biləcək hüquqi şəxsin və möhürünün fərqli olması belə bir öhdəliyin yaranmasına əsas ola bilməzdi. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-yə aid firma blankları, onun möhüründən də açıq aşkar görünür ki, (bunu ekspertiza da təsdiq etmişdir) 2010-cu ildə firma blankları və möhür fərqli olmuşdur. Bu ziddiyyətlə bağlı məhkəmə hər hansı münasibət bildirməməklə qanunsuzluğa yol vermişdir. Belə bir öhdəliyin tərəflər arasında yaranması üçün mütləq şəkildə müqavilə olmalı tərəflərin hüquq və öhdəlikləri detallı şəkildə əks olunmalı idi. Məhkəmə növbəti yanlışlıq edərək guya öhdəlik yaradan 18 mart 2010-cu il tarixli qəbzə dolayısı ilə yazılı əqd kimi qiymət verməyə çalışsa da, burada nəzərə almışdır ki, həmin qəbzin imzalanması tarixinə MM-dən 332-ci maddə “sadə yazılı formada bağlanan əqdlər” xaric edilmiş, qüvvədən düşmüşdür. Əgər tərəflərin (hər biri müəssisənin təsisçiləri olmaqla) "xxxx" Firmasında paylarının müəyyənləşdirilməsi və yaxud birinin digərinə hər hansı əşya müqabilinə güzəşti ilə bağlı həqiqətən də razılığa gəlmiş olsaydılar, bununla onlar ilkin standart şərtləri özündə əks etdirən müqavilə bağlamalı, hər iki tərəfin imzası ilə təsdiq etməli idilər. Yəni, öhdəliyin əsasını təşkil edən "xxxx" Firmasının payçıları həmin paya aid olmayan başqa bir hüquqi şəxsin imzalanan dövrə mövcud olmayan firma blankında hüququ və vəzifələrini sadalaya bilməzdilər. Bir daha qeyd edilir ki, əgər belə bir qəbz olmuş olsaydı, bu ən azından "xxxx" Firmasının blankında olmuş, onun möhürü ilə təsdiq edilməli idi. Qanunverici nəzərdə tutur ki, ümumi mülkiyyət hüququndakı pay, əgər tərəflərin razılaşmasında ayrı vaxt nəzərdə tutulmayıbsa, müqavilənin bağlandığı andan müqavilə üzrə əldə edənə keçir. Burada isə açıq-aşkar görünür ki, tərəflər arasında hər hansı müqavilə bağlanmamışdır. Belə olan halda isə hansı öhdəlikdən söhbət getdiyi aydın deyildir. MMC-in idarə edilməsi MM-nin tələblərinə uyğun olaraq onun iştirakçılarının ümumi yığıncağı ilə həyata keçirilir. Xüsusən də MMCnin əmlakına dair hər hansı sərəncamverici qərarlar mütləq qaydada iştirakçıların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarla tənzimləndiyindən belə bir qəbzin əsas öhdəlik olaraq təsisçinin birinin digərinə hüquq verməsi və yaxud öhdəlik götürməsi yolverilməzdir. Bunu birinci instansiya məhkəməsi nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi sübutların qiymətləndirilməsi tələblərinə cavab vermir. Belə ki, qətnamədə hansı faktiki halların məhkəmədə araşdırılan hansı sübutlar əsasında müəyyənləşdirildiyi göstərilməmiş və ya qətnamədə qeyd olunan dəlillər müəyyən edilən faktiki hallara uyğun olmamışdır. O cümlədən, birinci instansiya məhkəməsi hazırki mülki iş üzrə təyin edilmiş həm də sənədllərin texniki ekspertizasının nəticələrini təhrif etməklə qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edir ki, “18 mart 2010-cu il tarixli qəbzin üzərində olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur”. Halbuki, elə həmin rəyin nəticəsi olaraq müəyyən edilmişdir ki, “18 mart 2010-cu il tarixli qəbzin üzərində ki möhür sərbəst əks nümunələri ilə eynilik təşkil etmir, həmçinin, blanklar eyni formada tərtib olunmamışdır”. Hesab edirik ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin, iddia tələbinə dair edilmiş etirazın dəlillərinə münasibət bildirilib hüquqi qiymət verilmədiyindən; eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından – MPM-in 217.1-217.3-cü maddələrinin tələbləri pozulmuş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Məhkəmə səhv nəticəyə gələrək yuxarıda sadalanan dəlillərin əksinə qanunsuz və tam əsassız qətnamə qəbul etmiş, əslində öz qətnaməsində sübutları tam və hərtərəfli araşdırmamış, bununla bağlı əsassız olaraq iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Hətta hesab etsək ki, belə bir qəbz həqiqətən də tərəflər üçün öhdəlik yaratmışdır, 400.48 kv.m olan qeyriyaşayış sahəsinin nə üçün məhz 1kv.m-nın 1500 ABŞ dolları kimi hesablanmalı olması, 2010-cu il tarixinə olan 1 ABŞ dollarının məzənnəsinin 0.78 manat olması ilə hazırkı halda 1 ABŞ dollarının 1.70 manata bərabər olmaqla cavabdehin külli miqdarda yüklənməsinə gətirib çıxarması işin halları ilə uyğun gəlmir. Həmçinin, uyğun olmayan həm də o haldır ki, nə üçün "xxxx" Firmasının təsisçilərinin bununla bağlı hər hansı qərarı qəbul edilməmişdir. Sözügedən qətnaməni məhkəmə yalnız iddiaçının verdiyi izahata əsasında qəbul etmiş. Halbuki, Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, o, 1990-cı illərdən iş adamı kimi böyük bizneslə məşğul olur, böyük xeyriyyəçilik işləri görmüş, kitablar nəşr etdirmiş, film çəkdirmişdir. O, əvvəlcə "xxxx" və sonra isə “Consern İnterTuran” şirkətlərini qurmuşdur. İddiaçı onun qardaşıdır, o iddiaçını özünün şirkətində işlə təmin etmiş, onun və ailəsinin bütün problemlərini həll etmiş, xərclərini qarşılamış, 1995-ci ildə iddiaçı onun etimadından istifadə edərək onu aldatmış, bu səbəbdən də onu şirkətindən qovmuş, sonradan bacılarının yalvarması və xahiş-minnətindən sonra məcbur qalıb 2000-ci ildə onu yenidən şirkətə işə götürmüş, onun üçün hər cür şərait yaratmış, lakin müəyyən etmişdir ki, o yenə də düz olmayan işlərlə məşğuldur, bu səbəbdən də 2013-cü ildə onu yenidən işdən qovmuş, iddiaçının bütün işi dedi-qodu və intriqalarla məşğul olmaq idi, rəhbərlik etdiyi şirkətin bir cox ölkələrdə filialları mövcud olmuş, filiallarda biznesin səmərəli təşkili üçün özünün imzası olan firmaya məxsus blanklar olmuşdur, o cümlədən də iddiaçıda da belə blanklar olmuşdur. Bildiyi qədərincə iddiaçıda onun imzası olan şirkətə məxsus 10 ədəd köhnə blank olub, onlardan birindən hazırkı işdə arxa tarixə saxta məlumatlar yazmaqla istifadə edərək bu uydurma iddianı irəli sürmüşdür, qalan 9 blankdan nə zaman və nə məqsədlə istifadə edəcəyi bilinmir, iddiaçının məhkəməyə təqdim etdiyi həmin blank özü saxtadır, çünki həmin tarixdə şirkətin blankları tamam fərqli olmuşdur, onun imzasını da oxşadaraq saxta sənəd verərək məhkəmələri aldatmağa çalışır, iddiaçının buna qədər də ona qarşı böyük məbləğdə pul tələbinə dair uydurma iddiaları olmuş, həmin iddialar rədd edilmişdir, əgər həmin qəbz onda olsaydı, elə həmin işlərdə iddiaçı ondan istifadə edərdi, həmin sənəddəki imza onun deyil, hətta imza onun olsa belə, o iddiaçıya belə bir sənəd verməmişdir və verə də bilməzdi, diqqət yetirildikə bəlli olur ki, həmin sənəddə əks olunan məlumatlar məntiqsiz və absurddur, çünki qəbzdə istinad olunan kredit və ipoteka müqaviləsi qəbzin yazılması tarixindən 8-9 ay sonrakı tarixdə bağlanmışdır, bu da onu göstərir ki, iddiaçı həmin sənədi saxtalaşdırmışdır, həmin sənəd üzrə təkrar ekspertiza keçirilməli olduğunu bildirdi.

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin müdafiə edərək şikayətin məzmununa uyğun izahat verdi və cavabdehin bildirdiklərini təsdiq edərək şikayətin təmin olunmasını xahiş etdi, eləcə də iş üzrə iddiaçının istinad etdiyi qəbzdəki imzanın cavabdehə aid olmasının yoxlanılması üçün təkrar xətşünaslıq ekspertizası keçirilməsinin zəruri olduğunu bildirdi və eyni zamanda "xxxx" firmasının təsisçilərinin ümumi yığıncağının xx.xx.2011-ci il tarixli, təsisçilər X7, Cavabdeh, İddiaçı tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş, 4 vərəqdən ibarət 1 saylı Protokolu təqdim etdərək, həmin protokolda əks olunan məlumatların iddiaçının tələbinin əsası kimi təqdim etdiyi xx.xx.2010-cü il tarixli qəbzin məhz sonradan tərtib olunduğunu birbaşa təsdiq etdiyini, həmin protokolun üzrlü səbəb kimi cavabdehin yaşlı və xəstə olması, həm də onu rayon məhkəməsində təmsil edən vəkilin məsələyə səthi yanaşması, bir də ki, həmin sənədin şirkətin çoxsaylı sənədləri içərisindən rayon məhkəməsində işə baxılmasından sonra aşkar olunması səbəbindən rayon məhkəməsinə təqdim edilə bilməməsini nəzərə alaraq, apellyasiya icraatı zamanı onun qəbul edilməsini və digər sübutlarla birlikdə qiymətləndirilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmamasını, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və qeyd etdi ki, cavabdeh onun qardaşı olsa da, münasibətləri pozulmuşdur, şirkət təkcə cavabdehin deyil, onun və rəhmətə getmiş qardaşının olmuşdur, o özü ömrünün böyük bir hissəsini həmin şirkətin inkişafı və böyüməsinə sərf etmişdir, cavabdeh bütün fəaliyyəti dövründə digərləri kimi onun da haqqını yemiş, qardaşı olan cavabdeh bütün fəaliyyəti dövründə saxta və firıldaq işlərlə məşğul olmuş, onun barəsində bir neçə cinayət işi gedir, həmin işlər də başqa şəxsləri aldadaraq əmlaklarını əlindən alması ilə bağlıdır, hazırkı iddiasında əsas kimi təqdim etdiyi sənəd doğru-düzgün sübutdur, oradakı imza da cavabdehə məxsusdur, rayonda keçirilən ekspert rəyi də bunu təsdiq edir, cavabdehin bütün fəaliyyəti aldatma və yalan üzərində qurulub, özünün bundan əvvəlki iddiasındakı tələbinin bu tələblə əlaqəsi yoxdur, bu işləri əlaqələndirmək lazım deyil, rayon məhkəməsində ekspertiza keçirilmiş və rəy verilmişdir, təkrar ekspertizanın keçirilməsinə lüzum yoxdur. İddiaçı bundan əlavə cavabdehin vəkilinin apellyasiya icraatı zamanı təqdim etdiyi "xxxx" firmasının təsisçilərinin ümumi yığıncağının xx.xx.2011-ci il tarixli, 1 saylı Protokolunun sübut kimi qəbul edilməsinə qəti etiraz edərək, onun gecikmiş sübut olaraq qəbulundan imtina edilməli olduğunu bildirdi.

9. Məhkəmə kollegiyasının iclasında ekspert Ü.Mayılov ekspertiza rəyinə uyğun izahat verərək bildirdi ki, xx.xx.2010-cu il tarixli qəbzin sonunda icra olunmuş imza Cavabdeh tərəfindən deyil, onun imzasına oxşadılmaqla başqa şəxs tərəfindən imza edilmişdir. İş materiallarındakı ekspertiza rəylərində bir sıra ziddiyyətlər var. Məhkəmə Ekspertizası Mərkəzi bu imzaya 5 əlamətə əsasən rəy verib. Ekspertiza keçiriləndə bir sıra fərqli əlamətlər tapılıb, lakin qiymətləndirilməyib. Alternativ Ekspertizanın rəyi ilə bağlı iddiaçının vəsatətində qeyd edilən iradla razıdır. Verilmiş rəy ekspertiza metodikasına uyğun deyildir. Həmçinin rəydə titrəmələrlə bağlı hissə qeyd edilmişdir ki, bu hissə ilə də razı deyil. Titrəmə imzanın saxta olması üçün əsas deyil. Yoxlanan imza mürəkkəb olduğundan, onun əvvəlki mütəxəssislər tərəfindən beş əlamətə əsasən yoxlanılması xətt ekspertizası ilə bağlı nəzəri və təcrübi baxımdan düzgün sayılmır, özünün bu sahədə 40 ildən çox təcrübəsi var, hazırladığı rəydə imzanın mürəkkəbliyi nəzərə alınmaqla 9 əlamət üzrə tədqiqat aparmış və birmənalı olaraq imzanın sənəddə qeyd edilən şəxs tərəfindən deyil, oxşadılmaqla başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Ekspert eyni zamanda xətşünaslıq ekspertizası təcrübəsinə əsasən imza və sair yazıların oxşadılmasının üç fərqli üsulunun olduğunu və onların hər birinə dair tədqiqat metodları barədə məlumat verdi.

10. Məhkəmə cavabdehin vəkilinin apellyasiya icraatı zamanı təqdim etdiyi "xxxx" firmasının xx.xx.2011-ci il tarixli 1 saylı Protokolunu yeni sübut kimi qəbulundan MPM-in 372.2-ci maddəsinin tələbinə və iddiaçının buna qəti etirazına əsasən imtina etmişdir. Sübutların tədqiqi:

11. 10.08.1992-ci il tarixli Sərəncamın surətindən görünür ki, həmin sərəncamla “Xarrat” kooperativinin 22 iyul 1992-ci il tarixli protokolu ilə kooperativ ləğv olunmuş və onun bazasında X16-İstehsalat informasiya kommersiya şirkətinin nəzdində "xxxx" Firması yaradılmışdır.

12. Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, "xxxx" firması xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

13. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışından görünür ki, "xxxx" firmasının təsisçiləri Cavabdeh, X11 və X6 olmaqla, onların nizamnamə kapitalında mayalarının miqdarı Cavabdeh - 55%, X11 - 25% və X6 - 20% müəyyən edilmişdir.

14. 18 mart 2010-cu il tarixli qəbzdə qeyd edilir ki, “Mən Cavabdeh bu qəbzi verirəm İddiaçı ondan ötrü ki, ünvan 1 ünvanında yerləşən ("xxxx" firmasına məxsus) ümumi sahəsi 2002,4 kv.metr olan 4 mərtəbəli qeyri-yaşayış sahəsi və zirzəmidən ibarət ofis binasının mülkiyyətimə keçəcək olan ümumi sahəsi 1516,8 kv. metrdən ibarət hissəsinin (yəni ümumi sahəsi 264,7 kv.metr olan zirzəmi, ümumi sahəsi 417,1 kv.metr olan ikinci mərtəbə, ümumi sahəsi 414,2 kv.metr olan üçüncü mərtəbə və ümumi sahəsi 420,8 kv. metr olan dördüncü mərtəbədən ibarət sahə olmaqla) gələcəkdə götürüləcək kredit qarşılığında təminat kimi xeyrinə ipotekaya qoyulacaq "xxxx" ASC-nin mülkiyyətinə tam və ya qismən keçdiyi təqdirdə, həmin əmlakın 400,48 kv.metr (İddiaçı aid hesab olunan hisssə) hissəsinin dəyəri, yəni 1 kv.metr 1500 ABŞ dolları hesablanmaqla, ümumilikdə 600.720 (altı yüz min yeddi yüz iyimi) ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı tərəfimdən ödəniləcəkdir. Bu qəbz imzalandığı gün-18 mart 2010-cu il tarixdən hüquqi qüvvəyə minir və bu qəbz üzərimə götürdüyüm bütün öhdəliklər tam icra olunanadək yəni (icra edilmə müddətindən asılı olmayaraq) qüvvədədir”.

15. 2 saylı Bakı yerli İqtisad Məhkəməsinin 19 mart 2010-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası 2 saylı Bakı yerli İqtisad Məhkəməsinin 07 noyabr 2007-ci il tarixli 1- 124/xx-xx/2002 saylı qərardadında dəyişiklik edilməsi, qərardadda “ünvan 2 ünvanda yerləşən 4 mərtəbəli“B” tikilisinin zirzəmisinin 264,7 kvm., 417,1 kvm. sahəsi olan ikinci mərtəbəsi, 414,2 kvm. sahəsi olan üçüncü mərtəbə, 420,8 kvm. sahəsi olan dördüncü mərtəbəyə dair "xxxx" firmasının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi Azərbaycan Respublikası DƏDRX Bakışəhər Ərazi İdarəsinə tapşırılsın” hissəsi dəyişdirilsin. “ ünvan 2 ünvanda yerləşən 4 mərtəbəli “B” tikilisinin zirzəmisinin 264,7 kvm, 417,1 kvm. sahəsi olan ikinci mərtəbəsi, 414,2 kvm. sahəsi olan üçüncü mərtəbə, 420,8 kvm. sahəsi olan dördüncü mərtəbəyə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin Azərbaycan Respublikası DƏDRX Bakı şəhər Ərazi İdarəsinə tapşırılması qərara alınmışdır. Həmin qərardadda eyni zaman qeyd edilir ki, məhkəmə iclasında "xxxx" firmasının digər təsisçisi İddiaçı firmanın borcunun Cavabdeh tərəfindən şəxsi vəsaiti hesabına ödənildiyi üçün ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi.

16. "xxxx" ASC-nin 1 saylı Xətai rayon filialı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 006 saylı kredit müqaviləsinə əsasən fəaliyyətin genişləndirilməsi və dövriyyə əməliyyatlarının artırılması məqsədi ilə bir il müddətinə illik 16 laiz ödəmək şərti ilə ******* (bir milyon beş yüz min) manat məbləğində kredit verilmişdir.

17. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavahdehlər "xxxx" MMC-yə və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2010-cu il tarixli 006 nömrəli kredit müqaviləsi üzrə cəmi 1815,780 (bir milyon səkkiz yüz on beş min yeddi yüz səksən) manat kredit borcunun – bundan ******* çamat əsas, 269848 manat faiz, 46038 manat cərimə borcunun cavabdeh "xxxx" MMC-dən habelə xx.xx.2012-ci il tarixdən etibarən öhdəliyin tam icra olunacağı günədək ******* (bir milyon dörd yüz doxsan doqquz min səkkiz yüz doxsan dörd) manat məbləğində əsas borca illik 16 faiz dərəcəsi ilə faizlərin hesablanaraq "xxxx" MMC-dən Bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən, 75 faizdən ibarət «B» tikilisinin 2-ci, 3-cü və 4cü mərtəbələri (ü/s-1252.1 kv.nı) və zirzəmisindən 264.7 kv.m ü/s paylı mülkiyyət hüququ üzrə Cavabdeh məxsus qeyri-yaşayış binasına yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması və "xxxx" MMC-nin 048 nömrəli xx.xx.2011-ci il tarixli lkredit müqaviləsi üzrə cəmi 354651 manat kredit borcunun, bundan 300000 əsas, 53067 manat faiz 1548 manat cərimə borcunun, həmçinin xx.xx.2012-ci il tarixdən etibarən öhdəliyin tam icra olunduğu günədək, 300000 manat məbləğində əsas borca illik 16 faiz dərəcəsi ilə faizlərin hesablanaraq "xxxx" MMC-dən Bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş 1.42255 ha torpaq sahəsində Bakı şəh., Xətai ray., Əhmədli qəsəbəsi, 2290cı məhəllə, Kazımağa Kərimov küç., 150b ünvaında yerləşən, ümumi sahəsi 4970,6 kv.m., tikinti sahəsi 45,48 kv.m. olan tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-ə məxsus əmlak kompleksinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması barədə iddia ərizəsi ilə Səbail Rayon məhkəməsinə müraciət etmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(009)-1909/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il, 2(103)-5190/2013 saylı qətnaməsi ilə X8 şikayəti təmin edilməmişdir.

18. Nəsimi rayon Məhkəməsinin 16 sentyabr 2002-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" Firmasının bütün əmlakının 25 faizinin naturada ayrılaraq X9 verilməsi, Bakı şəhəri Tİ və MHQİ tərəfindən "xxxx" firmasına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 25 faizinə ayrıca qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin həvalə olunması, "xxxx" firmasına məxsus bütün dəzgah və avadanlıqların təyinatına zərər vurulmadan bütün kommunal və digər xidmətlərdən istifadə qaydaları ilə bərabər mütənasib şəkildə bölünərək 25 faizinin X9 verilməsi qət edilmişdir.

19. Dövlət Vergi Xidmətinin 17 aprel 2023-cü il tarixli məktubunda qeyd edilir ki, "xxxx" Firması xx.xx.1994-cü ildə dövlət qeydiyyatına alınmışdır. Təsisçiləri 20 % pay hüququ ilə İddiaçı, 25 % pay hüququ ilə X11, 55 % pay hüququ ilə Cavabdeh olmuşdur.

20. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-4641/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-24/2025, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qətnamədən iddiaçı tərəfindən verilən şikayət təmin olunmamışdır.

21. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2349/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh ("xxxx" firması, X13 və X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmaqla) qarşı qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilərək, ünvan 5 ünvanda, 0.303 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 75%-dən “B” tikilisinin 2-ci, 3-cü, 4-cü mərtəbələrindən (ümumi sahəsi 1252.1 kv.m) və zirzəmisindən (264.7 kv.m) ibarət olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, ilkin hərrac qiyməti 1.500.000 manat olan ünvan 5 ünvanda, 0.303 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 75%-dən “B” tikilisinin 2-ci, 3-cü, 4-cü mərtəbələrindən (ümumi sahəsi 1252.1 kv.m) və zirzəmisindən (264.7 kv.m) ibarət olan qeyri-yaşayış binası keçirilmiş hərracda 956,250 manat qiymətə "xxxx" ASC tərəfindən əldə edilmişdir.

22. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 dekabr 2024-cü il tarixli rəyində qeyd edilir ki, 18 mart 2010-cu il tarixli qəbzdə mətnin sonunda yerləşən imza Cavabdeh tərəfindən icra olunmuşdur. Mərkəzin 28 dekabr 2024-cü il tarixli rəyində isə qeyd edilir ki, 18 mart 2010-cu il tarixli qəbzin üzərində olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur.

23. “X4”nin xx.xx.2025-ci il tarixli, 127 nömrəli mütəxəssis rəyinə əsasən 2(103)- 3060/2025 saylı mülki işin 1-ci cildinin 139-cu səhifəsində olan xx.xx.2010-cu il tarixli yazılı sənəddəki (qəbzdəki) imza Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən bənzədilmiş formada icra edilmişdir.

24. . İddiaçının sifarişi əsasında keçirilmiş və məhkəməyə təqdim edilmiş “X1” MMCnin xx.xx.2025-ci il tarixli, ETM-090/X/25 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş 18 mart 2010-cu il tarixli qəbzin sonundakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur, imzada oxşadılmaqla icra olunma əlamətləri müşahidə edilməmişdir.

25. “X5” MMC-nin xx.xx.2025-ci il tarixli , 313 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh adından, İddiaçı adına tərtib edilmiş xx.xx.2010-cu il tarixli qəbzin sonunda icra olunmuş imza Cavabdeh tərəfindən deyil, onun imzasına oxşadılmaqla, başqa şəxs tərəfindən icra olunmuşdur.

26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının xx.xx.2024-cü il tarixli Forma 027/U Arayışından görünür ki, Cavabdeh parkinskon xəstəsidir, son 4 ildir ki, ambulator müalicə alır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

28. 326-cı maddəsinə əsasən birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər.

29. 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır.

30. 328.6-cı maddəsinə əsasən əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır.

31. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

32. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

33. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

34. 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

35. 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

36. 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

37. 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.

38. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

39. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

40. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

41. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir:

42. 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə;

43. 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

46. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

47. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

50. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

51. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

52. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

53. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

54. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

56. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

57. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

58. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

59. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

60. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

61. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

63. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

64. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki iş materiallarını apellyasiya şikayətinin dəlillərinə əsasən araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

65. Belə ki, iddiaçı hazırkı tələbinin əsası kimi xx.xx.2010-cu il tarixli qəbzə istinad etmişdir. Həmin qəbz CONCERN İNTERTURAN şirkətinin blankında kompüter vasitəsi ilə çap olunmuş, qarşısında hər hansı şəxsə aid olduğu qeydi olmayan, lakin cavabdehə aid olduğu iddia edilən imzanın, eləcə də həmin şirkətin möhürü vurulmuş bir vərəqdən ibarətdir (qəbzdəki yazının mətni olduğu kimi yuxarıda qeyd edilmişdir). Qeyd olunduğu kimi, iddiaçı hazırkı tələbinin əsası kimi məhz həmin qəbzə istinad etmiş, başqa hər hansı sübut verməmişdir.

66. Cavabdeh tərəf iddiaya etiraz edərək onun əsassız olduğunu və iddiaçının istinad etdiyi yeganə sübutun - xx.xx.2010-cu il tarixli yazılı sənəd olan qəbzin saxtalaşdırılmaqla sonradan tərtib olunduğunu bildirir.

67. MPM-in 76-cı maddəsində sübutların anlayışı verilmişdir, yazılı məlumatları əks edirən sənəd və materiallar da sübut hesab edilir ( maddə 89.1.), yazılı sübutun əsli və ya lazımı qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir (maddə 89.3.).

68. MPM-in 77.1-ci maddəsində təsbit olunmuş tələb yazılı sübuta da aid edilir, yəni yazılı sənədi təqdim etmiş tərəf onun həqiqiliyini sübut etməlidir. Bu zaman yazılı sübuta dair dörd şərtin mövcudluğu tələb olunur: sənədin əsli mövcud olmalıdır; sənədin tarixi olmalıdır, sənəddə qaralamalar və düzəlişlər olmamalıdır; sənəd imzalı olmalıdır. Yalnız bu şərtlərin təmin edildiyi halda təqdim olunmuş yazılı sənəd və ya məlumatın sübut kimi qəbulu yolveriləndir.

69. Hazırkı halda iddiaçı tələbinin əsası kimi xx.xx.2010-cü il tarixli cavabdeh tərəfindən tərtib edilərək imzalanan yazılı sənədə - qəbzə istinad edir. Cavabdeh həmin yazılı sübutun həqiqiliyini- həm onun məzmunu, həm sənəddə göstərilən tarix, həm də sənəddəki imza baxımından mübahisələndirir.

70. İmzanın şəxsə məxsusluğu xüsusi bilik tələb edən məsələ olduğundan onun müəyyən edilməsi ekspert rəyi ilə həll edilməlidir. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi xx.xx.2010-cü il tarixli sənəddə - qəbzdə olan imzanın cavabdehə məxsusluğunun müəyyən olunması məqsədi ilə alınmış dörd rəy mövcuddur.

71. Rayon məhkəməsində işə baxılarkən əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 27 dekabr 2024-cü il tarixli rəyində qeyd edilir ki, 18 mart 2010-cu il tarixli qəbzdə mətnin sonunda yerləşən imza Cavabdeh tərəfindən icra olunmuşdur. Mərkəzin 28 dekabr 2024-cü il tarixli rəyində isə qeyd edilir ki, 18 mart 2010-cu il tarixli qəbzin üzərində olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur.

72. Apellyasiya icraatı zamanı əldə edilmiş “X4”nin xx.xx.2025-ci il tarixli, 127 nömrəli mütəxəssis rəyinə əsasən 2(103)-3060/2025 saylı mülki işin 1-ci cildinin 139-cu səhifəsində olan xx.xx.2010-cu il tarixli yazılı sənəddəki (qəbzdəki) imza Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən bənzədilmiş formada icra edilmişdir.

73. Apellyasiya icraatı zamanı əldə edilmiş ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçının sifarişi əsasında keçirilmiş və məhkəməyə təqdim edilmiş “X1” MMC-nin xx.xx.2025-ci il tarixli, ETM-090/X/25 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş 18 mart 2010-cu il tarixli qəbzin sonundakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur, imzada oxşadılmaqla icra olunma əlamətləri müşahidə edilməmişdir.

74. İddiaçının özünün şəxsi sifarişi əsasında əldə olunmuş rəy mülki işin materialları öyrənilmədən və tədqiqat obyekti olan sənədin və cavabdehə məxsus imza nümunələrinin əsli üzrə aparılmadığından (həmin ekspertiza tədiqiqatı yalnız sənədlərin kserosurəti üzrə aparılmışdır), apellyasiya icraatı zamanı növbəti ekspertiza təyin edilmişdir. “X5” MMC-nin xx.xx.2025-ci il tarixli, 313 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh adından, İddiaçı adına tərtib edilmiş xx.xx.2010-cu il tarixli qəbzin sonunda icra olunmuş imza Cavabdeh tərəfindən deyil, onun imzasına oxşadılmaqla, başqa şəxs tərəfindən icra olunmuşdur.

75. Apellyasiya icraatı zamanı sonuncu rəyi vermiş ekspert Ü.Mayılov məhkəmə iclasında dinlənilərkən ekspertiza rəyinə uyğun izahat verərək bildirdi ki, xx.xx.2010-cu il tarixli qəbzin sonunda icra olunmuş imza Cavabdeh tərəfindən deyil, onun imzasına oxşadılmaqla başqa şəxs tərəfindən imza edilmişdir. İş materiallarındakı ekspertiza rəylərində bir sıra ziddiyyətlər var. Məhkəmə Ekspertizası Mərkəzi bu imzaya 5 əlamətə əsasən rəy verib. Ekspertiza keçiriləndə bir sıra fərqli əlamətlər tapılıb, lakin qiymətləndirilməyib. Alternativ Ekspertizanın rəyi ilə bağlı iddiaçının vəsatətində qeyd edilən iradla razıdır. Verilmiş rəy ekspertiza metodikasına uyğun deyildir. Həmçinin rəydə titrəmələrlə bağlı hissə qeyd edilmişdir ki, bu hissə ilə də razı deyil. Titrəmə imzanın saxta olması üçün əsas deyil. Yoxlanan imza mürəkkəb olduğundan, onun əvvəlki mütəxəssislər tərəfindən beş əlamətə əsasən yoxlanılması xətt ekspertizası ilə bağlı nəzəri və təcrübi baxımdan düzgün sayılmır, özünün bu sahədə 40 ildən çox təcrübəsi var, hazırladığı rəydə imzanın mürəkkəmliyi nəzərə alınmaqla 9 əlamət üzrə tədqiqat aparmış və birmənalı olaraq imzanın sənəddə qeyd edilən şəxs tərəfindən deyil, oxşadılmaqla başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Ekspert eyni zamanda xətşünaslıq ekspertizası təcrübəsinə əsasən imza və sair yazıların oxşadılmasının üç fərqli üsulunun olduğunu və onların hər birinə dair tədqiqat metodları barədə məlumat verdi.

76. MPM-in 103.1-ci madəsinə əsasən ekspert rəyi məhkəmə üçün məcburi deyildir və həmin məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu baxımdan Məhkəmə, Cavabdeh adından, İddiaçı adına tərtib edilmiş xx.xx.2010-cu il tarixli qəbzin sonunda icra olunmuş imza Cavabdeh tərəfindən deyil, onun imzasına oxşadılmaqla, başqa şəxs tərəfindən icra olunması ilə bağlı “X5” MMC-nin xx.xx.2025-ci il tarixli, 313 nömrəli ekspert rəyini digər rəylərə münasibətdə daha müfəssəl və əsaslandırılmış olması səbəbindən, eləcə də ekspert Ü.Mayılovun məhkəmə iclasında verdiyi izahı nəzərə alaraq həmin rəyi mötəbər hesab edərək onunla razılaşır. Məhkəmə bu qənaətə gələrkən həm də iş üzrə tədqiq olunmuş digər sübutları da nəzərə alır.

77. Belə ki, araşdırmalarla müəyyən olunmuşdur ki, İddiaçı bundan iki il öncə Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə müraciəti "xxxx" firmasının təsis olunduğu vaxtdan keçən dövr ərzindəki fəaliyyətini təhlil edərək və firmanın fəaliyyəti ilə bağlı çoxsaylı sənədlərə istinad edərək hazırkı cavabdehdən böyük məbləğdə pul vəsaitinin ona ödənilməsiiə tələb etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4641/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-24/2025, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qətnamədən iddiaçı tərəfindən verilən şikayət təmin olunmamışdır. Maraqlı olan hal ondan ibarətdir ki, iddiaçı həmin iddiasında hazırda istinad etdiyi sənədə - qəbzə istinad etməmiş, həmin sənədin adını belə çəkməmişdir. Halbuki, peşəkar vəkil olan iddiaçı həmin ərizəsində bu sübutdan məharətlə bəhrələnə bilərdi, lakin o bunu etməmişdir ki, bu da inandırıcı görünmür.

78. Bundan başqa, müəyyən olunmuşdur ki, hazırkı tərəflər - qardaşlar arasında keçən əsrin 90-cı illərində təsis olunmuş "xxxx" firmasının təsisçiləri olan qardaşlar arasında firmadakı təsis payları və sairlə bağlı çoxsaylı məhkəmə mübahisələri olmuşdur. İddiaçının hazırkı tələbindən, eləcə də ərizəsində istinad etdiyi xx.xx.2010-cu il tarixli yazılı sənəd olan qəbzdən də məlum olur ki, hazırkı mübahisə də tərəflərin məhz "xxxx" firmasındakı payları ilə bağlıdır. Belə olan bir halda, iddiaçının istinad etdiyi sübut olan yazılı sənəd - qəbzin hansı səbəbdən başqa bir şirkətə aid blankda yazılması da əsaslı suallar doğurur, lakin bu məsələ iddiaçı tərəfindən ağlabatan və inandırıcı şəkildə izah edilməmişdir.

79. Bundan əlavə, iddiaçının istinad etdiyi yazılı sənəddə - qəbzdə onun tarixi xx.xx.2010-cu il kimi qeyd edilmişdir. Bununla belə, həmin sənəddə cavabdehin öhdəliyinin əsası kimi "xxxx" ilə bağlanacaq kredit müqaviləsi və onun təminatından bəhs olunur ki, həmin müqavilələr isə qeyd edilən sənədin tərtib olunduğu tarixdən 8 (səkkiz) ay sonra xx.xx.2010-cu il tarixində bağlanmışdır. Bu faktın özü iddiaçının istinad etdiyi yazılı sənədin - qəbzin həqiqiliyini istisna edir.

80. Demək ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halı - xx.xx.2010-cu il tarixli yazılı sənədin həqiqiliyini sübut edə bilməmişdir. İddiaçının hazırkı tələbinin əsaslarına dair başqa hər hansı sübutu olmamışdır.

81. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

82. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

83. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

84. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

85. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

86. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

87. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən hazırkı işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməmiş, prosessual hüquq normaları pozulmuş, eləcə də işin faktiki halları düzgün müəyyən olunmamış, nəticədə də düzgün olmayan qətnamə qəbul edilmişdir ki, buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

89. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.

90. Eyni zamanda iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiyasında keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinin ödənilməsi iddiaçıya aid edilməlidir.

91. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Səbail Rayon Məhkəməsinin 2(009)-126/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 205 (iki yüz beş) manat məbləğində pul X3, Kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına, 300 (üç yüz) manat ALTERNATİV EKSPERTİZA MARKAZİ MMC, VÖEN: **********, İBAN: AZ94BRES********************, Benefisiar alan bank: "xxxx" ASC-nin Nərimanov filialı, Kodu: 513489, Müxbir hesab: AZ80NABZ********************, SWİFT BİK: BRESAZ22 hesabına, 500 (beş yüz) manat “X5” MMC, Benefisiar alan bank: Kapital Bank ASC Sahil filialı, KOD: 201218, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, VÖEN: **********, HESAB: AZ64AİİB400900C**********208, SWİFT KOD: AİİBAZ2X hesabına İddiaçı tutularaq ödənilsin. Apellyasiya şikayətinin verilməsi iə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar