Məhkəmə qərarları › İş №2(103)-3064/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3064/2024

07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3064/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2242/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus avtomobilə vurulmuş maddi zərərə görə 11.277,82 manat pulun, qiymətləndirmə ilə bağlı ödənilmiş 115 manat məbləğində pulun, vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 128 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2242/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh dəymiş zərərə görə 7.947 manat, qiymətləndirmə ilə bağlı ödənilmiş 115 manat, mənəvi zərərə görə 500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 105,63 manat, ümumilikdə 8.667,63 manat pulun alınaraq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pulun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən 2 dəfə verilmiş apellyasiya şikayətləri MPM-nin tələblərinə uyğun olmadığından Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərardadları ilə geri qaytarılmışdır. Növbəti dəfə cavabdeh qeyd edilən qətnamədən artıq xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə verərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin buraxılmasının səbəblərinin üzrlü hesab edilməsi və müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2242/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin Cavabdeh ərizəsi təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2242/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina edilmiş,apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək, qərardadının ləğv edilməsini, apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasını və qətnaməni ləğv edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2242/2023 saylı qətnaməsindən narazı olduğu üçün apellyasiya şikayəti vermişdir. Həmin qətnaməni vaxtında almadığı üçün iş icraya yönəldikdən sonra icra məmuru tərəfindən məlumatlandırıldıqdan sonra qətnaməni almış və qətnamədən apellyasiya şikayətini, eyni zamanda üzürlü səbəbdən buraxılmış prosessual müddətin bərpasına dair ərizəni elektron qaydada qətnamə çıxarmış məhkəməyə göndərmişdir. Prosessual müddətin bərpasına dair məhkəmə tərəfindən iclas keçirilmiş və məhkəmə ərizəni təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarının 6.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət yetirməlidir. Qətnamənin həmin hissəsində məhkəmələr tərəfindən müəyyən olunmuş hallar, məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, bu və ya digər sübutları rədd edən və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Qərarın 6.3-cü bəndində isə məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutların əlaqəli şəkildə şərh edilməsi, bu və ya digər sübutların qəbul edilibedilməməsi səbəbləri orada aydın izah edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iddia tələbinin qismən təmini nəticəsinə gəlsə də qətnamədə heç bir əsaslandırıcı sübut göstərməmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi işin faktiki hallarını və qanunvericiyin tələblərini nəzərə almadan qanunsuz və əsassız qətnamə və qərardad qəbul etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2242/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2242/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzinə imza edilməklə Cavabdeh təqdim edilmişdir. Bundan sonra cavabdeh xx.xx.2023-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayətini vermişdir. Lakin apellyasiya şikayəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2242/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Növbəti dəfə xx.xx.2023-cü il tarixdə verilmiş apellyasiya şikayəti isə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış və həmin qərardad xx.xx.2023-cü il tarixdə cavabdehin “Elektron” məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh yenidən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə müraciət etmiş və apellyasiya şikayətinin texniki səbəblərdən göndərilmədiyini qeyd etmişdir. Hüquqi nəticə etibarı ilə nəinki bu barədə hər hansı sübut təqdim edilməmiş, ümumiyyətlə müddətin ötürülməsinin üzürlü səbəblərinə hər hansı aydınlıq gətirilməmişdir. Halbuki, üzrlü səbəb dedikdə elə hallar nəzərdə tutulur ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun qarşısı alına bilməsin, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin cavabdeh hər hansı belə bir hala istinad etmir. Əksinə işin mövcud halları apellyasiya şikayətinin verilməsi müddətinin hər hansı üzürlü səbəb olmadan ötürüldüyünü təsdiq edir. Belə ki, ilk dəfə apellyasiya şikayətinin forma və məzmunla bağlı tələblərə riayət edilməməsi əsası ilə geri qaytarılması barədə qərardad xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirildikdən 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bu da öz növbəsində elektron sistemin, o cümlədən elektron kabinetin onun üçün əlçatan olduğunu, eyni zamanda qərardadda göstərilən nöqsanların qısa müddət ərzində onun tərəfindən aradan qaldırılmasının mümkün olduğunu təsdiq edir. Belə olan halda, apellyasiya şikayətini sonuncu qərardadın elektron kabinetə yerləşdirildiyi, yəni xx.xx.2023-cü il tarixdən 2 ay keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə verilməsinin konkret üzürlü səbəbi olmalıdır. Lakin artıq qeyd edildiyi kimi, hər hansı üzürlü səbəb göstərilməmişdir. Qeyd edilənlər öz növbəsində buraxılmış müddətin bərpa edilməsini qeyri-mümkün edir. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 2242/2023 saylı qətnaməsindən şikayət vermək üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti hər hansı üzürlü səbəb olmadan buraxmışdır. Birinci instansiya məhkəməsi də bu halı nəzərə alıb, haqlı olaraq həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2242/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2242/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar