Məhkəmə qərarları › İş №2(103)-3065/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3065/2021

01.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3065/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(008)-2707/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulan 30000 manat maddi, 60000 manat mənəvi ziyan olmaqla, cəmi 90000 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı X6 cavabdehin oğlu X8 ilə xx xxxx 2010-cu ildə nikah bağlayaraq evlənmiş, birgə nikahlarından xx.xx.2011-ci il və xx.xx.2013-cü il təvəllüdlü iki övladları doğulmuşdur. Qızı ilə cavabdehin oğlu evləndikdən bir müddət sonra Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi 2595-ci məhəllə, bina 6, 139a (sonradan mənzilin nömrəsi dəyişdirilərək 165 olmuşdur) saylı mənzildə yaşamışlar. Qızı ailə qurduqdan sonra, yaşamaqları üçün yuxarıda qeyd olunan mənzilə köçməli idilər, lakin, həmin ərəfədə məlum olmuşdur ki, alınan mənzilin dəyəri tam ödənilməmişdir, çünki, cavabdeh tərəfin buna maddi imkanı çatmırdı. Qızının rahat yaşaması üçün həmin mənzilə cavabdehin borclu olduğu pulu ödənilməsinə köməklik etmişdir. Həmçinin, sözügedən yaşayış binası tamamlandıqdan və təmirə icazə verildikdən sonra, mənzili məhz özü təmir etdirmişdir. Mənzildə təmir işləri aparılması üçün "xxxx" ASC-dən razılığı o almış, buna görə də həmin sənədin əsli də ondadır. Lakin, mənzilə dair alqı-satqı müqaviləsi Cavabdeh1 adına olduğuna görə bütün sənədlər də onun adına rəsmiləşdirilmişdir. Təxminən 30000 manatdan artıq təmirə xərci çıxmışdır. Təmirlə əlaqədar bütün ustalarla özü danışmış, təmirə lazım olan materialların alınmasında iştirak etmiş, ustaların zəhmət haqqını ödəmişdir. Həmin ustalardan biri olan X3r. Usta E.Məmmədov mənzili tam təmir etməsi barədə ona notariusda təsdiq edilmiş ərizə də vermişdir. Bundan başqa, təmir üçün lazım olan tikinti materiallarının bir hissəsinin alındığı mağaza və topdansatış məntəqələrindən verilən qaimələrdə hazırda ondadır. Həmçinin, qızı mənzildə yaşadığı müddətdə mənzilin kommunal xərclərinin ödənilməsinə köməklik etmişdir. Bütün əziyyətlərinə və etdiyi köməkliklərə baxmayaraq qızının ailəsi dağılmışdır. Onların arasında nikah pozulduqdan sonra, cavabdeh məhkəmədə iddia qaldırmışdır ki, guya qızı Xalidə onun mənzilini zəbt etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(008)- 2707/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinə etirazı müdafiə edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh1 ilə "X10" MMC ilə arasında xx.xx.2007-ci il tarixdə 4207 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "X10" MMC Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvandakı mənzili Cavabdeh1 satmağı, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvandakı mənzil X5 tərəfindən tam təmir olunmuşdur (E.Məmmədovun xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində təsdiq olunmuş ərizəsi). İddiaçı hazırda mənzilin tərəfindən təmir olunduğunu iddia edərək, təmirə çəkdiyi xərc olaraq maddi zərəri və çəkdiyi əziyyətin, təmirə sərf etdiyi pulun hədər getməsi ilə keçirdiyi sarsıntıya görə mənəvi zərər tələb edir. Cavabdeh iddiaya etiraz edərək, bildirmişdir ki, mənzil ona məxsus olmaqla mülkiyyətindədir və iddiaçıya heç bir aidiyyəti yoxdur. Bu mənzil 2018-ci ildən iddiaçının qızı X6 tərəfindən qanunsuz zəbt edilmiş və onun bu mənzildən çıxarılmasına dair həm Sabunçu Rayon Məhkəməsinin, həm də Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələri olmasına baxmayaraq, iddiaçının qızı bu qətnaməni icra etməkdən imtina edir. Bu mənzilin nə iddiaçının qızına, nə də iddiaçıya heç bir aidiyyəti yoxdur, mənzil nağd pula deyil, ipoteka ilə tərəfindən 240 ay müddətinə hissə-hissə ödənişlərin edilməsi şərti ilə alınmışdır və bütün ödənişlər şəxsən özü tərəfindən və şəxsən öz pulu ilə ödənilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, cavabdeh X4 mübahisəli mənzildən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı mənzili öz vəsaiti hesabına təmir etməsi, bunun nəticəsində ona maddi və mənəvi ziyan vurulması ilə əlaqədar tələbinin əsası kimi istinad olunan halları sübut edə bilməmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Kollegiya qeyd edir ki, burada hər iki tərəf öz tələblərini və etirazını əsaslandırmağa borcludur. Cavabdeh tərəf öz hərəkətlərinin qanuniliyini sübuta yetirməli olduğu kimi, iddiaçı da öz tələbini kifayət qədər aydın əsaslandırmalıdır. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandırdığı və sübuta yetirə bildiyi halda onun tələbi keçərlidir. Bunun üçün ilk növbədə şərh olunan faktlar müəyyən edilməlidir. İddiaçı tərəf tələb etdikləri zərərin nəyə əsasən müəyyən edilməsini təsdiq edən dəlilləri təqdim etməmişlər. Qeyd etmək lazımdır ki, vurulmuş mənəvi ziyanın ödənilməsini təmin etmək üçün iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu zaman zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi və qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi şərtlər mövcud olmalıdır. Bu hallar isə müəyyən edilməmişdir. Bu hallar onu deməyə əsas verir ki, iddiaçının tələbi əsassızdır, iddiaçı tərəf öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2707/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar