Məhkəmə qərarları › İş №2(103)-3066/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3066/2024

20.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3066/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X18 (sədrlik edən və məruzəçi), X13 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1993/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. AZ-İİ № 222085 saylı, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

2. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarında izahatı alınmış Cavabdeh göstərmişdir ki, 2020-ci ilin noyabr ayında anası X16 qohumu olan Əyyub adlı şəxsdən ev almaq üçün 11000 manat borc pul almışdır. Həmin ərəfədə anası Ərkinaz xəstələndiyi üçün pulun demək olarki hamısı onun müalicəsi üçün xərclənmişdir. Anası evi ala bilməmişdir. Anasının sağlığında İddiaçı 18000 manat pulu qaytarsa da, 92000 manat pulu qaytara bilməmişdir, Anası rəhmətə getdiyindən və o, da işsiz olduğuna görə qohumu Əyyubun pulunu qaytara bilməmişdir. Əyyub dəfələrlə ondan pulunu istəsədə, o, Əyyubdan vaxt istəmişdir ki, evi təmir edib yüksək qiymətə satıb, özünə ev alsın və ona da olan borcu qaytarsın. xx.xx.2023-cü ii tarixdə Əyyub onun yaşadığ ünvana gələrək ondan anası Ərkinaza vermiş olduğu pulun yerdə qalan 92000 manatını istəmişdir. O, Əyyuba narahat olmamasını, evi təmir edib satıb onun pulunu verəcəyini bildirsə də, buna baxmayaraq Əyyub onunla mübahisə etmişdir. 2020-ci ilin noyabr ayında hal-hazırda yaşadığı mənzildə Əyyub 110000 manat pulu anası Ərkinaza ev alması üçün borc vermişdir. Həmin vaxt evdə qonşusu Rəna, Əyyub, yoldaşı Zülfiyyə, Əyybunu tanışı Xanlar və özü olmuşdur.O, Əyyubu ölümlə hədələməyib, sadəcə sözlə aralarında müdahisə olmuşdur.Əyyubun pulunu evi satandan sonra verəcəkdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı borclu X8 ölümündən sonra ona olan 92000 manat borcu mirası qəbul etmiş vərəsəsi kimi oğlu Cavabdeh alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum X9 ona olan 110000 manat borcundan ödənilməmiş qalan 92000 manat hissəsinin və borcun qaytarılmasının gecikdirilməsinə görə illik 5% hesabı ilə 18000 manatı, cəmi 110000 manatın onun vərəsəsi olan Cavabdeh alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh həyat yoldaşının əmisi oğludur. 2020-ci ilin noyabr ayında həyat yoldaşı Zülfiyyənin əmisi arvadı X10 ev alması üçün 110 min manat pul verdi. Pul verilərkən Ərkinazın oğlu Cavabdeh, arvadı Zülfiyyə, qonşusu X17, tanışı X19 da orada olmuş və pulun verilməsini görmüşlər. Razılaşmaya əsasən Ərkinaz həmin pulu 6 ay ərzində geri qaytaracaqdı. Ərkinaz həmin pulun 18 min manatını oğlu Səməd vasitəsilə qaytardı, qalan pulu isə hissə-hissə qaytaracağı barədə vəd verdi. X3 09 oktyabr 2021-ci il tarixdə vəfat etdi və bu səbəbdən o pulun qaytrılması üçün onun miras əmlakını qəbul edən oğlu Cavabdeh müraciət etdi. O, isə maddi durumunun yaxşı olmadığını, evini yüksək qiymtə satacağını və pulu qaytaracağını vəd etdi. Lakin o, sonradan ondan qaçmağa və telefon zənglərinə cavab verməməyə başladı. Əlacsız qalıb 09 sentyabr 2023-cü il tarixdə onun yaşadığı Baki şəhəri, Binəqədi rayonu, Azadlıq pr-ti- 22, mənzil-2 ünvanına getmişdi. Pula ehtiyacı olduğunu bildirib borcu qaytarmasını tələb etdi. Səməd isə hədələyərək pulu verməyəciyini deyib onu qovmuşdu. O, Binəqədi rayon Polis idarəsinin 5-ci polis Bölməsinə müraciət etdi. Polis bölməsində araşdırma aparıldı və 14 sentyabr 2023-cü il tarixdə cinayət işi başlanması rədd edilməklə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməli olduğu izah edildi. X1 ona olan 110000 manat borcundan ödənilməmiş 92000 manat onun vərəsəsi kimi oğlu Cavabdeh alınaraq ona verilməlidir. Bundan başqa 110000 manat pulunu vaxtında qatarılmadığından 3 il ərzində 30000 manat gəlirdən məhrum olub. Həmin pulu X10 verməyib biznesə yönəldəydi, 3 il ərzində 18000 manatdan çox pul qazanardı. Pulunun vaxtında qatarılmaması nəticəsində 18000 manat gəlirdən məhrum olub. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1993/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, mərhum X9 İddiaçı olan 110000 manat borcundan ödənilməmiş qalan 92000 manat hissəsinin və borcun qaytarılmasının gecikdirilməsinə görə illik 5% hesabı ilə 18000 manatı, cəmi 110000 manat və 367 (üç yüz altmış yeddi) manat məbləğində dövlət rüsumu əvəzinin onun vərəsəsi olan Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən iddianın etiraf edildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, mərhum X9 İddiaçı olan 110000 manat borcundan ödənilməmiş qalan 92000 manat hissəsinin və borcun qaytarılmasının gecikdirilməsinə görə illik 5% hesabı ilə 18000 manatı, cəmi 110000 manatın onun vərəsəsi olan Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 191.1, 191.3, 217.4, 220.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Balı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli 2(001)-1993/2024 saylı qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətimin təmin edilməsi, mərhum anası X8 vərəsəsi olan ögey qardaşı X4 cavabdeh qismində cəlb edilməsi və 110000 manat pulun cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, mərhum anası X16 09 oktyabr 2021-ci ildə vəfat etmişdir. Anasının vəfatı ilə əlaqədar açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi kimi övladları yəni ögey qardaşı X14 və o X11 müəyyən olunmuşdur. Düzdür anasının borcu olduğunu etiraf edir. Lakin məhkəmə anasının borcunu onun və ögey qardaşı X11 arasında bölməli idi. Yəni məhkəmə ögey qardaşı X5 da cavabdeh qismində tanınmaqla 110000 manat pul hər ikisinin arasında bərabər şəkildə bölünməli idi. O və ögey qardaşı iddiaçı qarşısında birgə borclu kimi çıxış etməli idi. Lakin məhkəmə işi səthi araşdıraraq bütün borcu ona yükləmişdir. Hətta Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-249/2024 saylı qətnaməsi ilə mərhum anasına məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 81.02 m olan ½ payda ümumi mülkiyyət hüququ ilə iddiaçı X6 məxsus mənzilin naturada bölgüsü və bu mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin cavabdeh ilə iddiaçı arasında ½ nisbətdə bölünməsi haqqında qətnamə çıxarılmışdır. Yəni qətnamədən də görünür ki, ögey qardaşı anasına məxsus evdən özünü vərəsə hesab edib payını müəyyənləşdiribsə deməli, anasının borcuna da birgə borclu olmalıdır. Hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Binəqədi Rayon məhkəməsinin qətnaməsi ləğv edilməli və ögey qardaşı X11 cavabdeh qismində cəlb edilməli, iddia olunan məbləğ vərəsə olan cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirir ki, cavabdehlə qohumluq əlaqəsi var. Səməd bildirib ki, onun qardaşından da pul tutulmalıdır. Hər ikisindən pul tutulmasın xahiş edir. Çünki, cavabdehin maddi imkanı çatmayacaq. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdehlə qohumluq əlaqəsi var. Rayon məhkəməsində cavabdehin ərizəyə niyə imza etdiyini bilmir. Ola bilsin ki, cavabdeh qardaşı ilə əvvəl razılaşıb, amma sonra alınmayıb.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. İddiaçı hazrkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, X16 vəfat etdiyi üçün borcun oğlu Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş və ona istinad edilmişdir ki, cavabdeh tərəfindən borc etiraf edilmişdir.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X8 iddiaçıya borcunun olması Cavabdeh tərəfindən təsdiq edilmişdir.

21. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024cü il tarixli ərizədə qeyd edir ki, İddiaçı ona qarşı olan iddiasını tam qəbul edir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsində qeyd edilir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

23. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, borc həm ondan, həm də ögey qardaşından tutulmalıdır. Belə ki, 21 may 2022ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021ci il tarixdə vəfat etmiş – X9 vərəsəsi: ünvan 3 ünvanında qeydiyyatda olan oğlu – X7r və o miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: - ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X12 verilmiş **********79-05101-093019 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 81.02 kv.m olan mənzildən ibarətdir. Miras əmlakın ½ hissəsi açıq saxlanılmışdır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iddiaçının irəli sürdüyü iddia tələbi həcmində işə baxır. İddiaçının X2 borcun tutulması kimi tələbi olmamışdır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində qeyd edilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

26. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı pulun Cavabdeh tutulmasını xahiş etmişdir. Mülki qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının seçiminə görə borcun X8 vərəsələrindən biri olan Cavabdeh tutulması qanuna zidd deyil. Cavabdeh birinci instaniya məhkəməsində ərizə verərək iddianı tam olaraq qəbul etdiyini bildirmişdir.

27. Mülki Məcəllənin 501-ci maddəsində qeyd edilir ki, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.

28. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

29. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1993/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar