Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3068/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (maddi və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(005)-295/2024 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Cavabdeh MMC-nin H.Aslanov mağazasından 253,05 manat məbləğində hamam üçün unitaz almışdır. İddiaçı aldığı əşyanı quraşdırdıqdan sonra əşyada çatların olduğunu müəyyən etmişdir. Bu barədə cavabdehə məlumat vermiş, cavabdehin əməkdaşları tərəfindən əşyaya baxış keçirilmiş və çatların istismar zamanı yaranmasına dair akt tərtib edilmişdir. 2.Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, əşyaya ödənilmiş pulun, həmçinin quraşdırılması üçün çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsini xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulumuş 303 manat maddi zərərin və mənəvi zərərə görə 500 manat pulun Cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin Məhəmməd Hadi küçəsində yerləşən mağazasından 253 manata Türkiyə istehsalı olan "xxxx" firmasına aid hamam üçün unitaz məhsulunu almışdır. Həmin unitazın quraşdırılmasına görə ustaya 30 manat əlmuzdu ödəmişdir. Aprel-may ayları ərzində aparılan təmir işlərindən sonra xx.xx.2023-cü il tarixdə həmin evə köçmüşlər. Sözügedən məhsuldan təyinatı üzrə istifadənin ilk həftəsində ciddi istehsal qüsurları müşahidə edilmişdir. Unitazın ön alt hissəsində çat müşahidə edilmişdir. Bir-neçə gündən sonra bu qusur daha da inkişaf etmiş, müxtəlif istiqamətdə (bir ufuqi, iki şaquli çat) 2-3 çat yaranmışdır. Sözügedən əmtəə məhsulunda qüsurun daha ciddi və istifadə üçün təhlükəli hal aldığını görmüş, mağazaya yaxınlaşaraq bu barədə məlumat vermişdir. Bir həftə istifadədən sonra yaranmış qüsura görə onların məsuliyyətinin də olduğunu və yaranmış halın birgə aradan qaldırılmasını təklif etmişdir. Lakin mağazanın rəsmi nümayəndəsi mərkəzi ofislə əlaqə saxladıqdan sonra mövcud qanunvericiliyə görə 14 gün müddətin keçməsi və məhsulun istifadə olunması nəzərə alınmaqla onların heç bir məsuliyyətinin olmadığını bildirmişdir. Növbəti addım kimi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlna Nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. Müraciətindən sonra xx.xx.2023cü il tarixdə OMİD-in bir nəfər nümayəndəsi tərəfindən məhsula yerində baxış keçirilmiş, ciddi qüsurun olduğu və istifadə üçün təhlükəli olduğu qeyd olunmuşdur. Həmin nümayəndə tərəfindən baxış zamanı heç bir akt tərtib olunmamışdır. Nümayəndənin özünün də etiraf etdiyinə görə rəhbərlikdən yerində baxış zamanı heç bir qüsurun qeydə alınmadığı barədə ailə üzvlərinin iştirakı ilə birgə akt tərtib olunması tapşırığı almışdır. Lakin təkzibolunmaz qüsur qeydə alındığı üçün onun belə bir aktı tərtib edə bilməyəcəyi vurğulanmışdır. Bununla bağlı müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-1/2-Nxx/xx/2023/1 nömrəli cavab məktubu ilə Cavabdeh MMC-nin məktubu və ona əlavə olunmuş saxta akta görə heç bir istehsal qüsuru qeydə alınmamış və məhsulun əmtəə görünüşü pozulduğu üçün qaytarılmasının mümkün olmadığı qeyd olunmuşdur. OMİD-in təyin etdiyi “ekspertlərin” iddiasına görə mövcud qüsurun məhsuldan təyinatı üzrə istifadə qaydalarına riayət edilməməsi nəticəsində yaranmışdır. Lakin təyinatdan kənar hansı qaydaların pozulması barədə məlumat verilməmişdir. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 103 nömrəli məktubunda yerində baxış zamanı heç bir istehsal qüsurunun aşkar edilmədiyi, məhsulun istifadə nəticəsində əmtəə görünüşünün pozulması qeyd olunsa da, həmin tarixli OMİDin iki əməkdaşının imzaladığı xx.xx.2023-cü il tarixli, 4 nömrəli saxta aktda isə məhsulda yaranan qüsurun istifadə qaydalarına riayət edilməməsi səbəbindən yarandığı qeyd olunur. Baxış tək nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilsə də, saxta aktda xx.xx.2023-cü il tarixi göstərilir. Bu səbəbdən də məktubla aktda qeyd olunanlar, birbirini təkzib edir. Cavabdeh MMC tərəfindən heç bir araşdırma aparılmadan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlna Nəzarət Dövlət Xidmətinə formal cavab məktubu göndərilmiş, sonradan Xidmət əməkdaşlarının sorğularını cavablandırmaq üçün “operativ” baxış və saxta akt tərtib olunmuş, lakin fakt nəzərə alınmamışdır. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 103 nömrəli məktubunda istinad olunan İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində “istehlakçı tərəfindən əldə olunmuş “lazımi keyfiyyətli mal” nəzərdə tutulur. Mübahisələndirilən halda isə “bir həftə istifadədən sonra ciddi istehsal qüsuru yaranan mal” qanunvericiliyin bu müddəasının təsir dairəsinə aid edilə bilməz. Sadalanan qanunvericilik tələblərinə əsasən Cavabdeh MMC tərəfindən satılmış lazimi keyfiyyətdə olmayan mala görə vurulmuş maddi və mənəvi zərərin tam dəyəri günahkar (satıcı) tərəfindən tutularaq ona ödənilməliddir. 5.Daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, ona vurulumuş 303 manat maddi zərərin və mənəvi zərərə görə 1000 manat pulun Cavabdeh MMC-dən alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 28 fevral 2024-cü il tarixli, 2(005)-295/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Ramin Quliyev) iddia qismən təmin edilərək Cavabdeh MMC-dən maddi ziyana görə 303 manat və mənəvi ziyana görə 200 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh MMC-dən 12,7 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 110 manat məbləğində pul Cavabdeh MMC-dən (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. İş materiallarında olan: 7.Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, “Nova unitaz sifonu telli 7012 Q/30/P/10-7012” və “Gülben unitaz ağ 5598(P) Q/1P/1-5598(P)” adlı əşyalara görə ümumilikdə 253,05 manat məbləğində pul ödənilmişdir. 8.xx.xx.2023-cü il tarixli Aktda qeyd edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin H.Aslanov mağazasından alınmış Türkiyə istehsalı olunmuş "xxxx" firmasına aid hamam üçün unitaz məhsuluna MMC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və məhsulda hər hansı istehsal qüsuru aşkar edilməmişdir. Müştərinin iddia etdiyi və məhsulda yaranan qüsur istehlakçı tərəfindən istifadə qaydalarına düzgün riayət edilməməsi nəticəsində meydana gəlmişdir; 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1737 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus Şıxlinski 42, mənzil 68 ünvanının hamamına quraşdırılmış unitazda olan zədə istismar zamanı yaranmasına uyğun gəlir. Həmin zədə istehsal qüsurlu olması nəticəsində yarana bilər. Eyni zamanda təqdim edilmiş unitazda olan zədə kənar şəxsin müdaxiləsi zamanı kənar predmetin təsiri nəticəsində yaranmasına uyğun gəlmir və hazırki vəziyyətdə istifadəyə yararsızdır. 10.Məhkəmə işin müəyyən edilmiş faktiki halları ilə bağlı qeyd etmişdir ki, İddiaçı Cavabdeh MMCnin H.Aslanov mağazasından 253,05 manat məbləğində hamam üçün unitaz almışdır. İddiaçı aldığı əşyanı quraşdırdıqdan sonra əşyada çatların olduğunu müəyyən etmişdir. Bu barədə cavabdehə məlumat vermiş, cavabdehin əməkdaşları tərəfindən əşyaya baxış keçirilmiş və çatların istismar zamanı yaranmasına dair akt tərtib edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, əşyaya ödənilmiş pulun, həmçinin quraşdırılması üçün çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsini xahiş edir. 11.Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini onunla əsaslandırımışdır ki, hazırki iş üzrə iddiaçıya lazımi keyfiyyətli olmayan, qüsurlu əşyanın verilməsi, qüsurun əşyanın verilməsindən əvvəl əmələ gəlməsi, yəni yeni keyfiyyətli və saz vəziyyətdə olan məhsul verilməli olduğu halda, qüsurlu, yəni üzərində çatlar olan əşyanı vermiş, bununla da cavabdehin müqavilə şərtlərinə, əşyanın keyfiyyəti barəsində məcburi tələblərə əməl etməməsi təqdim edilmiş sübut (ekspert rəyi) və iddiaçının izahatı ilə təsdiq olunur. 12.Belə ki, ekspert rəyində qeyd edilmişdir ki, “İddiaçı aldığı əşyada olan zədə istismar zamanı yaranmasına uyğun gəlir, həmin zədə istehsal qüsurlu olması nəticəsində yarana bilər, eyni zamanda təqdim edilmiş unitazda olan zədə kənar şəxsin müdaxiləsi zamanı kənar predmetin təsiri nəticəsində yaranmasına uyğun gəlmir və hazırki vəziyyətdə istifadəyə yararsızdır”. Göründüyü kimi iddiaçının aldığı əşyadakı qüsurun istehsal qüsurunun olması istisna edilmədiyi göstərilmişdir. Rəydə qüsurun istismar zamanı yaranmasına uyğun gəlməsi göstərilsə də, lakin zədə kənar şəxsin müdaxiləsi zamanı kənar predmetin təsiri nəticəsində yaranmadığı qeyd edilmişdir. Qüsurun istismar zamanı yaranmasına dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh MMC-nin əməkdaşları tərəfindən tərtib edildiyi aktda qüsurun istismar zamanı yarandığı qeyd edilsə də, lakin aktda istismarçı tərəfindən unitazın təyinatına uyğun gəlməyən hansı növ hərəkətlətin yerinə yetirildiyini əsaslandırmamışdır. 13.Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində 303 manat maddi ziyanın əvəzini tələb edir. Bu məbləğ 253 manat aldığı əşyanın dəyəri, 50 manatı isə əşyanın quraşdırılmasına çəkdiyi xərcdən ibarətdir. Məhkəmə iddia tələbinin əşyanın quraşdırılması üçün çəkilmiş 50 manat xərc hissəsində qeyd etmişdir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, əşyanın quraşdırılması üçün ustaya 30 manat, material üçün 10 manat və yol xərci olaraq 10 manat xərc çəkmişdir. Qeyd edilən məbləğlərə nəzər yetirdikdə həmin məbləğlərin ağlabat və şişirdilməmiş olduğu müəyyən edilir. Əşya lazımi keyfiyyətdə olmadığından və bunun nəticəsində iddiaçıya maddi ziyan dəydiyindən, həmin zərərdən irəli gələn xərclər də zərərvuran tərəfindən qarşılanmalıdır. 14.Məhkəmə iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçının malda qüsur aşkar etdiyi halda malın dəyişdirilməsi və ya qaytarıması və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququnun olmasına baxmayaraq, cavabdehin isə lazımi keyfiyyətli mal verməsi, mal haqqında kifayət qədər dolğun məlumat verməsi vəzifəsinin olmasına, lazımi keyfiyyətli mal verilmədikdə istehlakçıdan malı geri götürməyə borclu olmasına baxmayaraq bunlara əməl etməməsi istehlakçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, ilkin olaraq lazımi keyfiyyətli olmayan malın qaytarılmasından imtina olunmuşdur. İddiaçı unitazın quraşdırıldığı vaxtdan ondan istifadə edə bilməməsi və hamamdan istifadə etmək üçün qonşuya gətməli olması nəticəsində əsəb gərginliyi keçirdiyini bildirmişdir. Bu səbəbdən onda mənəvi narahatlıq hissinin yaranması, mənəvi zərər çəkməsi şübhəsizdir. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin tələblərini və işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 200 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab etmişdir. 15.Həmçinin iddia qismən təmin edildiyindən istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı iddia üzrə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 12,7 manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. 16.Məhkəmə qeyd etmişdir ki, iş üzrə aparılmış aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçiriməlidır. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1, 581.2, 587.1, 587.1.2, 587.1.3, 587.2, 587.2.1, 587.2.2, 587.3, 588.1, 589.1, 589.2, 21, 1115, 1096.1, 1096.2; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1, 13.1, 13.4, 12, 18.0.6 və 8-ci; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.11 və 18.8-ci bəndlərinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına; ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarına;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 18.Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki,iddiaçı xx.xx.2023-cüil tarixində CavabdehMMC-nin Məhəmməd Hadi küçəsində yerləşən mağazasından 253 manata Türkiyə istehsalı olan "xxxx" firmasına aid hamam üçün unitaz məhsulunu almışdır. İddiaçı 2 aydan çox müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixində məhsulu qaytarmaq məqsədilə mağazaya yaxınlaşmışdır. Mağaza əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində müştərinin evinə gedilərək məhsula baxış keçirilmiş, məhsulda heç bir istehsal qüsurunun olmadığı, müştərinin iddia etdiyi və məhsulda yaranan qüsurun istehlakçı tərəfindən istifadə qaydalarına düzgün riayət edilməməsi nəticəsində istismar zamanı meydana gəldiyi müəyyən edilmiş, məhsulun müştəri tərəfindən istifadə nəticəsində əmtəə görünüşünün pozulması halı aşkarlanaraq məhsulun qaytarılmasından imtina edilmişdir. Sözügedən baxışla əlaqəli akt tərtib edilmiş, lakin İddiaçı əməkdaşların mövqeyi ilə razı olmadığı üçün akta imza çəkməkdən imtina etmişdir. Daha sonra İddiaçı 11 avqust 2023-cü il tarixində maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə trasoloji ekspertizası təyin edilmiş və keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1737 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus Şıxlinski 42, mənzil 68 ünvanının hamamına quraşdırılmış unitazda olan zədə istismar zamanı yaranmasına uyğun gəlir. Həmin zədə istehsal qüsurlu olması nəticəsində yarana bilər. Eyni zamanda təqdim edilmiş unitazda olan zədə kənar şəxsin müdaxiləsi zamanı kənar predmetin təsiri nəticəsində yaranmasına uyğun gəlmir və hazırki vəziyyətdə istifadəyə yararsızdır. Göründüyü kimi, ekspert rəyində tədqiqata təqdim edilmiş unitazda olan zədənin “istismar zamanı yaranmasına uyğun gəlməsinin” qeyd edilməsi ilə yanaşı həmin zədənin “istehsal qüsurlu olması nəticəsində yarana bilməsi” də qeyd edilmişdir. Sözügedən qüsurun istehsal qüsuru hesab edilməsi ağlabatan deyil. Belə ki, "xxxx" firmasına aid hamam üçün unitaz məhsullarının istehsal prosesi mərhələli formada həyata keçirilir. Məhsulların xammalı isti halda müvafiq qəliblərə doldurulur, daha sonra boyama prosesi üçün göndərilir. Əgər məhsullarda hər hansı çatl və ya qüsur əmələ gələrsə, bu boyama prosesi zamanı aşkar edilir və həmin məhsullar geri qaytarılır. Bununla bağlı sözügedən rəyin kifayət qədər aydın olmaması səbəbindən Cavabdeh MMC tərəfindən 18 yanvar 2024-cü il tarixində əlavə ekspertizanın keçirilməsinə dair vəsatət ilə Nərimanov rayon məhkəməsinə müraciət edilmiş, lakin vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Eyni zamanda, məhkəmə iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini əsas gətirərək 200 manat məbləğində mənəvi zərərin Cavabdeh tərəfindən İddiaçıya ödənilməsini müəyyən etmişdir. Qeyd edir ki, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mövcud vəziyyətdə məhsulda heç bir istehsal qüsurunun olmaması, müştərinin iddia etdiyi və məhsulda yaranan qüsurun istehlakçı tərəfindən istifadə qaydalarına düzgün riayət edilməməsi nəticəsində istismar zamanı meydana gəlməsi və aydın olmayan ekspert rəyini nəzərə alaraq, iddiaçıya əmlak zərəri vurulmadığını, bu səbəbdən də mənəvi zərərin ödənilməsinin əsassız olduğunu hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına əsasən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvizərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvizərər arasında səbəbliəlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvizərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırki vəziyyət üzrə isə mənəvi zərərin vurulmasının əsasları sübuta yetirilməmişdir və ağlabatan hesab olunmur. Unitaz məhsulunun 2 aydan çox müddət ərzində müştəridə qaldığı halda, qüsurun məhsulun müştəriyə verilməzdən əvvəl və ya həmin məqamadək əmələ gəldiyi iddiaçı tərəfindən sübuta yetirilməlidir. Lakin, yuxarda əks olunan qeyri-dəqiq ekspert rəyini və əlavə ekspertizanın keçirilməsinə dair vəsatətin məhkəmə tərəfindən təmin olunmamasını nəzərə alaraq, qüsurun cavabdeh tərəfindən yarandığı tam olaraq sübuta yetirilməmişdir. İddiaçıya əmlak zərəri vurulması mövcud olmadığından məhkəmə tərəfindən mənəvi zərərin ödənilməsinin müəyyən edilməsi əsassızdır. Mənəvi zərərin vurulmasının əsasları sübuta yetirilməmişdir və ağlabatan hesab olunmur. Məhkəmə cavabdeh tərəfindən əlavə ekspertizanın təyin edilməsinə dair təqdim edilmiş vəsatəti təmin etməmiş, buna baxmayaraq vəsatətin təmin edilməməsi barədə hər hansı əsaslandırılmış qərardad qəbul etməmiş, məhkəməyə təqdim edilən sübutlar hərtərəfli araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar qiymətləndirilməmiş və mötəbərliyi şübhə doğuran sübutlar əsasında qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 22.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 23.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 24.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 25.Maddə 581.1.Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 26.Maddə 581.2.Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 27.Maddə 587.1.Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: -587.1.2.əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; -587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 28.Maddə 587.2.Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: -587.2.1.alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; -587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3-cü maddəsinə əsasən bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgərəşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 29.Maddə 588.1.Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 30.Maddə 589.1.Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 31.Maddə 589.2.Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğısatqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 32.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 33.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 34.Maddə 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 35.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.11 və 18.8-ci bəndlərinə görə, əgər satılan mal istifadədə olmuşdursa, istehlakçıya bu barədə düzgün məlumat verilməlidir. İstifadədə olmuş lazımi keyfiyyətdə olmayan qeyri-ərzaq malı satıldıqda, malda mövcud olan qüsurlar,çatışmazlıqlar barədə istehlakçıya məlumat verilmədikdə, istehlakçı öz seçimi ilə bu Qaydaların 5.52-5.59-cu bəndlərində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 36.”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuzhərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. 37.Ali Məhkəmənin Plenumu həmin Qərarın 10-cu bəndində qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 38.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 39.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 41.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 42.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 44.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərinin qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 45.Məhkəmə kollegiyasıiddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətitəmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(005)-295/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 46.Belə ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh MMC-nin H.Aslanov mağazasından 253,05 manat məbləğində hamam üçün unitaz almışdır. İddiaçı aldığı əşyanı quraşdırdıqdan sonra əşyada çatların olduğunu müəyyən etmişdir. Bu barədə cavabdehə məlumat vermiş, cavabdehin əməkdaşları tərəfindən əşyaya baxış keçirilmiş və çatların istismar zamanı yaranmasına dair akt tərtib edilmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, əşyaya ödənilmiş pulun, həmçinin quraşdırılması üçün çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsini xahiş etmişdir. 47.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinə əsasən istehlaklakçıların əsas hüquqlarından biri istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması və malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun, düzgün məlumat əldə etmək hüququdur. 48.Qanunun 5.1 və 13.1-ci maddələrinə görə, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. 49.Həmin Qanunun 8-ci maddəsində qüsurlu mal satılarkən istehlakçının hüquqları nəzərdə tutulmuşdur. Həmin maddənin 1 və 2-ci bəndlərinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: - lazımi keyfiyyətli mala dəyişdirməyi; - satış qiymətini uyğun məbləğdə azaltmağı; - malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; - malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; - müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. 50.Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. 51.Qanunvericiliyin istinad olunan normalarından görünür ki, alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya müqavilə şərtlərinə, o cümlədən əşyanın keyfiyyətinə dair şərtlərə, bu barədə mövcud olan məcburi tələblərə uyğun əşya verməlidir. 52.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən aldığı unitazın qüsurlu olması iş materialları ilə öz təsdiqini tapdığından o, hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 53.Belə ki, məhkəmə tərəfindən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1737 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus Şıxlinski 42, mənzil 68 ünvanının hamamına quraşdırılmış unitazda olan zədə istismar zamanı yaranmasına uyğun gəlir. Həmin zədə istehsal qüsurlu olması nəticəsində yarana bilər. Eyni zamanda təqdim edilmiş unitazda olan zədə kənar şəxsin müdaxiləsi zamanı kənar predmetin təsiri nəticəsində yaranmasına uyğun gəlmir və hazırki vəziyyətdə istifadəyə yararsızdır. 54.Ekspert rəyində qeyd edilmişdir ki, “İddiaçı aldığı əşyada olan zədə istismar zamanı yaranmasına uyğun gəlir, həmin zədə istehsal qüsurlu olması nəticəsində yarana bilər, eyni zamanda təqdim edilmiş unitazda olan zədə kənar şəxsin müdaxiləsi zamanı kənar predmetin təsiri nəticəsində yaranmasına uyğun gəlmir və hazırki vəziyyətdə istifadəyə yararsızdır”. 55.Kollegiya qeyd edir ki, rəydə qüsurun istismar zamanı yaranmasına uyğun gəlməsi göstərilsə də, lakin zədə kənar şəxsin müdaxiləsi zamanı kənar predmetin təsiri nəticəsində yaranmadığı qeyd edilmişdir. Qüsurun istismar zamanı yaranmasına dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh MMC-nin əməkdaşları tərəfindən tərtib edildiyi aktda qüsurun istismar zamanı yarandığı qeyd edilsə də, lakin aktda istismarçı tərəfindən unitazın təyinatına uyğun gəlməyən hansı növ hərəkətlərin yerinə yetirildiyini əsaslandırmamışdır. 56.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 57.Göründüyü kimi iddiaçıya lazımi keyfiyyətli olmayan, qüsurlu əşyanın verilməsi, qüsurun əşyanın verilməsindən əvvəl əmələ gəlməsi, yəni yeni keyfiyyətli və saz vəziyyətdə olan məhsul verilməli olduğu halda, qüsurlu, yəni üzərində çatlar olan əşyanı vermiş, bununla da cavabdehin müqavilə şərtlərinə, əşyanın keyfiyyəti barəsində məcburi tələblərə əməl etməməsi təqdim edilmiş sübut (ekspert rəyi) və iddiaçının izahatı ilə təsdiq olunur. 58.Məhkəmə kollegiyası apellyatorun ekspert rəyində qeyd olunan “zədə istismar zamanı yaranmasına uyğun gəlir” qeydinə istinad etməsini əsassız hesab edərək qeyd edir ki, cavabdeh MMC-nin əməkdaşları tərəfindən tərtib edildiyi aktda qüsurun istismar zamanı yarandığı qeyd edilsə də, aktda istismarçı tərəfindən unitazın təyinatına uyğun gəlməyən hansı növ hərəkətlətin yerinə yetirildiyini əsaslandırmamışdır. Cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. 59.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, maddi zərərlə bağlı hissədə məhkəmə iddianı təmin edərkən haqlı olmuş, işin faktiki halları qanunvericiliyin qeyd olunan müddəalarının dispozitiv şərtləri ilə uzlaşır. 60.Məhkəmə kollegiyası işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının malda qüsur aşkar etdiyi halda malın dəyişdirilməsi və ya qaytarıması və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququnun olmasına baxmayaraq, cavabdehin isə lazımi keyfiyyətli mal verməsi, mal haqqında kifayət qədər dolğun məlumat verməsi vəzifəsinin olmasına, lazımi keyfiyyətli mal verilmədikdə istehlakçıdan malı geri götürməyə borclu olmasına baxmayaraq bunlara əməl etməməsi istehlakçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, ilkin olaraq lazımi keyfiyyətli olmayan malın qaytarılmasından imtina olunmuşdur. İddiaçı unitazın quraşdırıldığı vaxtdan ondan istifadə edə bilməməsi və hamamdan istifadə etmək üçün qonşuya gətməli olması nəticəsində əsəb gərginliyi keçirdiyini bildirmişdir. Bu səbəbdən onda mənəvi narahatlıq hissinin yaranması, mənəvi zərər çəkməsi şübhəsizdir. 61.Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin tələblərini və işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 200 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab etmişdir. 62.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 63.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. 64.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 65.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 66.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 67.Kollegiya həmçinin qeyd edir ki, mübahisələndirilən hissədə məbləğ 503 manat olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 68.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(005)-295/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3068/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3068/2024
22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver