Məhkəmə qərarları › İş №2(103)-307/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-307/2024

15.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-307/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: «borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1412/2023 saylı, 15 may 2023cü il tarixli qətnaməsindən Cavabdeh X3 verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Cavabdeh ilə İddiaçı arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir.

2. Abonentin saldosuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində fərdi yaşayış evi üzrə İddiaçı **********00030 nömrəli abonent hesabına qazdan istifadəyə görə qalıq və aktlar üzrə 2019-cu il üçün borcu 833.4 manat, 2020-ci il üçün 2.937,6 manat, 2021-ci il üçün 5.205,6 manat, 2022-ci il üçün 3.490.56 manat olmaqla ümumilikdə 12467,16 manat akt borcu hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu ildən 2022-ci ilin dekabr ayınadək tərtib olunmuş aktlara əsasən qanunsuz olaraq hesablanmış və ümumilikdə 12.465 manat borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, iddiaçı Zaqatala rayonu, Göyəm kəndində anadan olmuşdur. Hazırda ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Buna baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində fərdi yaşayış evi də onun mülkiyyətindədir. Mülkiyyətində olmasına baxmayaraq nə onlar, nədə bir başqa insan həmin ünvanda yaşamır. Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilən zaman 2019-cu ildən bugünə kimi onun iştirakı olmadan həmin evin qaz sayğacına baxış keçirilərək hər 3 aydan bir məzmunu eyni olan aktlar tərtib edilərək qaz sayğacı olmadan qazdan qeyri-qanuni istifadə edilməsinə görə aktlar tərtib edilmişdir. Bugünki gündə abonent saldosunda 2019-cu ildən bugünə kimi 2019-cu il üçün ümumi olaraq 833 manat, 2020-ci il üçün 2937 manat, 2021-ci il üçün 5205 manat və 2022-ci il üçün 3490 manat məbləğində cərimə tərtib edilmişdir. Bu cərimələrin ümumilikdə cəmi 12465 manat təşkil edir. “Azərqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən baxış keçirilən zaman onun iştirakı olmadan baxış keçirilərək qüsur barədə akt təşkil edilmişdir. Cərimə olunduğu həmin məbləğ həddindən artıq çox olmaqla yanaşı həmin qaz xəttindən istifadə edilməmiş və heç bir müdaxilə edilməmişdir. 2022-ci il 23 dekabr tarixində Cavabdeh Qazın Satış Departamentinin əməkdaşları ilə müqaviləyə əsasən abonent kodu **********00030 olan Zenner G4T Smart markalı qaz sayğacı quraşdırıldıqda bugünə kimi ümumilikdə 12465 manat borcu olduğundan xəbərdar olmuşdur. Fərdi yaşayış evində heç bir yaşayış olmadan bugünə kimi onun iştirakı olmadan tərtib edilmiş müxtəlif əsassız aktlar və hesablanmış cərimələr qanunsuzdur. Maddi imkanı normal deyil. Bundan başqa, özü hazırda şiş xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən qanunsuz və əsassız olaraq bugünə kimi ona qarşı tərtib edilmiş cərimələrin silinməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1412/2023 saylı, 15 may 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evinə hesablanmış (abonent kodu **********00030) 12.465 (on iki min dörd yüz altmış beş) manat borcun Cavabdeh X3 silinməsi, Cavabdehndən 127,4 (yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən 2019-2022-ci illərdə aktlar tərtib etmiş və həmin aktlara görə iddiaçıya ümumilikdə 12467,16 manat borc hesablamışdır. Lakin həmin aktların tərtib edilməsində iddiaçının iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda ilk dəfə qanunsuz qoşulma faktı aşkar olunduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən, habelə məhkəmədə iddia qaldırmadan davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Belə olan halda, cavabdeh tərəfindən tərtib edilmiş aktlar etibarlı olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) rəhbər tutaraq hesab edir ki, həmin akt əsasında iddiaçıya (Abonent kodu: **********00030) hesablanmış 12.465 manat məbləğində borc Cavabdeh X3 silinməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş edərək şikayətində göstərib ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar Birliyə vurulmuş zərəri sübut edir. Əməkdaşları tərəfindən akt tərtib olunarkən çəkilən fotoşəkillərdən (fotoşəkillərdə koordinat, tarix və saat öz əksini tapıb) də açıq-aşkar görünür ki, iddiaçıya məxsus ünvanda sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda, vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq düzgün olmayan qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirdi və təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun: Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

13. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:

Bənd 6.5 (25 iyun 2023-cü ilədək olan redaksiya). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından silinməli borcun məbləği hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmadığından silinməli borcun məbləği hissəsi istisna olmaqla iddia haqlı sayılır.

22. Belə ki, apellyasiya şikayətinin dəlillərinin yoxlanılması və iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4623/2023 saylı, 24 iyul 2023-cü il tarixli qərardadı ilə kompleks məhkəmə tikinti-texniki, trasoloji və mühasibatlıq ekspertizası təyin olunmuş və həmin ekspertizaya əsasən, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/1-3/224/2024 saylı, 28 mart 2024-cü il tarixli rəydə (məhkəmə-trasoloji) qeyd edilmişdir ki, tədqiqat təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.

23. Eyni zamanda, məhkəmə mühasibatlıq ekspertizasının 3-16-16/2-9/824/2024 saylı, 02 aprel 2024-cü il tarixli rəyində qeyd edilib ki, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evində tərtib olunmuş aktlara və abonentin saldosu cədvəlinə əsasən 12.465,00 manat məbləğində borc qalığı hesablanmışdır. Ekspert tərəfindən abonentin borc qalığı abonentin saldosu cədvəlində göstərilən borc qalığının yalnız sayğac göstəricilərinə uyğunluğu müəyyən edilir. Sayğac göstəricilərinə əsasən istifadə olunmuş təbii qazın miqdarı müəyyən edilməklə Tarif Şurası tərəfindən təsdiq olunmuş qiymət normaları tətbiq olunmaqla borc qalığı hesablanır. Bundan başqa, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evində İstifadə edilmiş təbii qazın (sayğacsız dövrdə) normativ hesabatları iş materiallarında olan aktlar üzrə Cavabdehnə vurulmuş ziyanın müəyyən edilməsi, eləcə də təbii qazdan istifadəyə görə hesablanmış təbii qazın həcminin düzgünlüyü məhkəmə mühasibat ekspertizasının predmetinə aid deyildir. Cavabdeh X3 məhkəməyə təqdim olunmuş abonentin saldosu cədvəlində Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadəyə görə hesablanmış borc qalığının qəbul ediiməsinə məhkəmə tərəfindən qiymət verilməlidir. Bundan başqa, ballistik və trasoloji ekspertizalar şöbəsinin eksperti tərəfindən gəlinmiş nəticəyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar (abonent kodu **********00030) qaz xəttinə hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilmədiyinə görə, “Azərqaz” İstehsalat Birliyinə dəymiş zərərin məbləği müəyyən olunmur.

24. Qeyd olunan rəylərə əsasən iş üzrə düzgün nəticəyə gəlinməsi mümkün olmadığından həqiqətin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərkibi 2(103)-307/2024 saylı, 13 may 2024-cü il tarixli qərardadı ilə iddiaçı X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00030) ilə bağlı sayğacsız qazdan istifadə etməsi nəzərə alınmaqla (aktlar 2019-2022-ci illəri əhatə edir, özünün deməsinə görə bir il istifadə edib) hesablanan borcun məbləğinin yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinin Nazirlər Kabinetinin yaxud Tarif Şurasının müəyyən etdiyi qaydalara uyğun hesablanmasının; həmçinin sayğacdan kənar qazdan istifadə etməsi nəzərə alınmaqla borcun (zərərin) məbləğini müəyyən etmək mümkün olmasa, analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq iddiaçının yaşayış evində olan qaz işlədicilərinin sayı, istifadə dövrü və ödədiyi məbləğlər nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının nə qədər təşkil etməsinin müəyyən edilməsi üçün bu sahədə xüsusi biliyə malik Energetika Nazirliyinin Enerji X1 ixtisaslaşmış mütəxəssis (ekspert) rəyinin alınması qərara alınmışdır.

25. Düzdü, iddiaçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydalarına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir.

26. Bu baxımdan idiaçının sayğacdan kənar qazdan istifadə etməsi aşkar edildiyindən (özünün etirafına görə bir il ərzində edib) analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq iddiaçının yaşayış evində olan qaz işlədicilərinin sayı, istifadə dövrü və ödədiyi məbləğlər nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarı hesablanmalıdır.

27. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının 3-15-2-1/2-1010/2024 saylı, 05 iyun 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yeriəşən fərdi yaşayış evinə (Abonent kodu: **********00030) sayğacsız qazdan istifadəyə görə 2019-2022-ci illər ərzində "Azəriqaz" İB tərəfindən hesabianan borcun məbləği, yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinin hesablanması məsəiələri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydalarına (bundan sonra - Qaydalar) dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan da, analogiya üzrə həmin Qaydaların 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq, iddiaçının yaşayış evində hal-hazırda istifadə olunan 1 ədəd PQ- 2 məişət tipli qaz plitəsinin maksimai saatlıq qaz sərfi 0,6 m3, işləmə rejimi 6 saat, 1 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3, işləmə rejimi 12 saat, 1 il istifadə dövrü nəzərə alınaraq sayğacsız təbii qazdan istifadə etməsi nəticəsində qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: PQ-2 qaz plitəsi üçün 0,6 m3 x 6 saat x 365 gün = 1314 m3; Dəmir soba üçün (qış mövsümü nəzərə alınmaqla) 1,4 m3x 12 saat x 150 gün = 2520 Ümumilikdə 1 il ərzində sayğacsız istehlak edilmiş təbii qazın həcmi 1314 m3 + 2520 m = 3834 m3 təşkil edə bilər. 3

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının hal-hazırda qüvvədə olan "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200- 2500 m3 olan hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq 1 ii ərzində hesablanan 3834 m3qaz həcminin dəyərinin 737,5 manat (1200 m3x 0,12 manat = 144 manat; 1300 m3x 0,20 manat = 260 manat; 1334 m3x 0,25 manat = 333,5 manat; ümumilikdə 144 + 260 + 333,5 = 737,5 manat) olması müəyyən edilə bilər. Toplanmış materiallardan müəyyən olunur ki, qeyd edilən ünvanda qaz sayğacı quraşdırıldığı tarixdən (xx.xx.2022-ci il) xx.xx.2024-cü il tarixədək dövr ərzində qazdan istifadəyə görə abonent tərəfindən kart vasitəsilə 802,32 manat məbləğində ödəniş edilmişdir ki, bu məbləğdən 401,16 manat (50 faiz) borca görə tutulmuşdur. Beləliklə, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində (Abonent kodu: **********00030) analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1 -ci və 6.5-3 bəndlərinə əsaslanaraq evdə olan qaz işlədicilərinin sayı, istifadə dövrü və ödədiyi məbləğlər nəzərə alınaraq 1 il ərzində sayğacsız qazdan istifadə halında qaz paylayıcısına vurulmuş zərərin miqdarı 336,34 manat (737,5 manat - 401,16 manat = 336,34 manat) müəyyən edilə bilər.

28. Beləliklə, **********00030 nömrəli abonent kodu üzrə iddiaçıya hesablanmış 12.465 manat borcun(zərərin) həqiqi və düzgün olması mütəxəssis (ekspert) tərəfindən aparılan araşdırma zamanı da öz təsdiqini tapmamışdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi silinməsi tələb edilən 12.465 manat məbləğdən 737,5 manat hissəsində zərərin olduğunu müəyyən etmədən 12.465 manat hissəsini əsassız hesablandığı üçün silmişdir. Cavabdeh silinən 12.465 (on iki min dörd yüz altmış beş) manat hissəni mübahisələndirir və dəlillərini şikayətində göstərib. Mütəxəssis (ekspert) rəyi ilə **********00030 nömrəli abonent kodu üzrə iddiaçıya sayğacdan kənar istifadə etməsinə görə bir il üçün 737,5 manat borcun olmasının müəyyən edilə bilməsi göstərilib. Ona görə də silinməsi tələb edilən 12465 manat məbləğdən 737,5 manat çıxılmaqla (12465-737,5 = 11.727,50) 11.727,50 manat silinməli idi. Lakin birinci instansiya məhkəməsinin bu hissədə qənaəti hər hansı bir mötəbər sübuta əsaslanmadığından düzgün olmamışdır.

29. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-1412/2023 saylı, 15 may 2023-cü il tarixli qətnaməsi silinməli borcun məbləği hissəsində dəyişdirilməli və məbləğ azaldılaraq 11.727,50 (on bir min, yeddi yüz iyirmi yeddi manat, əlli qəpik) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1412/2023 saylı, 15 may 2023-cü il tarixli qətnaməsi silinməli borcun məbləği hissəsində dəyişdirilsin və məbləğ azaldılaraq 11.727,50 (on bir min, yeddi yüz iyirmi yeddi manat, əlli qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri – 164 (yüz altmış dörd) manat Cavabdeh İB-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, Cavabdehnə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, İddiaçı tərəfindən isə kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar